Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Müsahibə / Ulu öndər Heydər Əliyevin irsi yüzillər boyu xalqımız üçün əsas inkişaf mənbəyi olaraq qalacaq

Ulu öndər Heydər Əliyevin irsi yüzillər boyu xalqımız üçün əsas inkişaf mənbəyi olaraq qalacaq

10.04.2013 [16:41]

Azərbaycan Respublikası Məcburi Köçkünlərin Sosial İnkişaf Fondunun direktoru, Milli Məclisin deputatı Ayaz Orucov www.yap.org.az saytına müsahibə verib: 
- Ayaz müəllim, Ulu öndər Heydər Əliyevin Azərbaycanın dövlətçilik tarixində yeri və rolu barədə nə deyə bilərsiniz?
- Azərbaycan dövləti minilliklər tarixinə malikdir və bu dövrlər ərzində sözügedən coğrafiyada müxtəlif imperiyaların, ölkələrin mövcudluğu olub. Məhz, həmin dövlətlərin tərkibinə daxil olmuş Azərbaycan yalnız 1918-ci ildə 23 aylıq müstəqillik əldə edə bilib. Lakin daşnaklar və bolşeviklərin hücumları, torpaq iddiaları və çoxsaylı qətliamları ilə 1920-ci ildə Azərbaycanın müstəqilliyinin itirilməsinə səbəb olublar.
70 il keçmiş Sovet imperiyası tərkibində yaşayan Azərbaycan yalnız 1991-ci ildə müstəqilliyinə yenidən qovuşa bilib. Lakin bu dəfə də Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü sual altına düşmüşdü.
Xoşbəxtlikdən 1993-cü ildə xalqın təkidli tələbilə hakimiyyətə gələn Ümummilli lider Heydər Əliyev dövlətçilik qabiliyyəti və bacarığı ilə Azərbaycanı düşdüyü uçurumdan xilas edə bildi. Bir məqamı, xüsusilə, bildirmək istəyirəm ki, Heydər Əliyev kimi şəxsiyyətlər min ildən bir yetişir və bu cür fenomen insan Azərbaycan xalqının qismətinə düşmüşdür. 15 iyun 1993-cü ildə siyasi hakimiyyətə gələn Ulu öndərimiz Azərbaycanı vətəndaş qırğınından qurtardı və ölkəni yenidən dirçəltdi, inkişaf yoluna çıxartdı.
“Mən fəxr edirəm ki, azərbaycanlıyam” - deyən Ümummilli lider Heydər Əliyev daim Azərbaycanın milli əsaslar üzərində inkişaf etməsinə çalışdı və xalqı qarşısında vətəndaşlıq borcunu lazımınca yerinə yetirdi. O, həyatının böyük bir hissəsini Azərbaycan dövlətinin və xalqının maraqlarının reallaşdırılmasına sərf etdi. Ona görə də, nə qədər müstəqil Azərbaycan dövləti var, Ulu öndərimizin də xatirəsi daim ehtiramla anılacaq.
- Ümummilli lider Heydər Əliyevin dövlətçilik məktəbinin ənənələrinin, ideyalarının və siyasi kursunun davam etdirilməsi haqqında hansı fikirləri söyləmək olar?
- Danılmaz faktdır ki, Azərbaycanın müasir tarixində əlahiddə xidmətləri ilə yadda qalan Ümummilli liderin mənalı həyat yolu, zəngin və çoxşaxəli irsi tükənməz ibrət məktəbidir. Qısa zaman kəsiyində Ümummilli lider Heydər Əliyev xalqının əsrlər boyunca uğrunda çarpışdığı ən ümdə haqqını reallığa çevirdi. Bizləri ən yüksək məqama - müstəqilliyə qovuşdurdu. Dünyanın döşünə döyən xalqlarına millətimizin layiqli mövqeyini qətiyyətlə nümayiş etdirdi.
1969-cu il iyulun 14-də Azərbaycanın siyasi səhnəsində sözün böyük mənasında günəş doğdu. Ulu öndər Heydər Əliyev Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi seçildi, ilk dəfə ölkəmizdə hakimiyyət sükanına xalqının taleyinə tam yiyə durmaq iqtidarına yetişən soydaşımız yüksəldi. 1969-cu ildə keçirilən məşhur avqust plenumu isə Azərbaycanın həyatında mühüm və şərəfli bir mərhələnin başlanğıcını qoydu. 1969-1982-ci illər respublikamızda quruculuq salnaməsinin parlaq dövrü kimi tarixə düşdü. Ümummilli lider hələ Sovet İttifaqı dövründə böyük uzaqgörənliklə və müdrikliklə Azərbaycanın gələcək müstəqilliyinə hərtərəfli zəmin yaratdı.
1993-2003-cü illər də Ulu öndərin planetin nadir şəxsiyyətlərindən, dövlət və ictimai xadimlərindən biri olduğunu növbəti dəfə sübuta yetirdi. Ümummilli liderin mükəmməl idarəçilik məktəbi sayəsində Azərbaycan keçid dövrünün mürəkkəb labirintlərindən uğurla çıxdı. 1996-cı ildən respublikamız yenidən dirçəliş mərhələsinə qədəm qoydu. 1996-2003-cü illərdə Azərbaycanda bütün makroiqtisadi göstəricilər iki-üç dəfə artdı. Ölkədə üç min yeni sənaye müəssisəsi yaradılaraq onların sayı 5202-yə çatdırıldı. 1993-2003-cü illərdə Azərbaycan iqtisadiyyatına 20 milyard ABŞ dolları məbləğində investisiya qoyuldu. Bu müddətdə ümumi daxili məhsul 22,3 dəfə artdı. Bütün sahələrdə islahatlar vüsət götürdü. Respublikamızın beynəlxalq nüfuzu durmadan yüksəldi.
Ulu öndərin xatirəsini daim əziz tutan xalqımız Azərbaycan Prezidenti İlham Əliyevin ətrafında sıx birləşərək Heydər Əliyev ideyalarının reallığa çevrilməsi üçün səyini əsirgəmir. Hazırda başda cənab Prezident İlham Əliyev olmaqla, bütün Azərbaycan xalqı Heydər Əliyev ənənələrini, ideyalarını yaşadır, onun reallaşdırılması işində böyük əmək sərf edir və dünya birliyini ölkəmizlə hesablaşmağa, maraqların uzlaşdırılmasına nail olur.
Düşünürəm ki, Heydər Əliyev irsini biz daha da dərindən mənimsəməli və gələcək nəsillərə ötürməliyik. Çünki bizi Ulu öndərin yoxluğundan böyük zaman fərqi ayırdıqca, bir daha Onun dahiliyini, əzəmətini, sədaqətliliyini anlamış oluruq və ondan dərs alırıq.
- Ümummilli lider Heydər Əliyev və bu gün Prezident İlham Əliyev tərəfindən Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsilə bağlı qəti mövqe ortaya qoyulub, qaçqın və məcburi köçkünlərə xüsusi diqqət ayrılıb...
- Həqiqətən də, bu gün Azərbaycan xalqının bir nömrəli problemi Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsidir. Münaqişənin kökləri dərindir və ermənilərin Azərbaycana qarşı ərazi iddialarının tarixi hələ XIX əsrə gedib çıxır. Türkmənçay müqaviləsinin imzalanmasından sonra Rusiya imperiyasının dəstəyilə İrandan, Türkiyədən və digər ərazilərdən İrəvan xanlığının - Azərbaycanın tarixi torpaqlarına ermənilərin köçürülməsindən sonra düşmənlərimizin çirkin planlarının reallaşdırılması baş tutdu. Ermənilər qədim Azərbaycan torpaqları üzərində özünə dövlət qurmaq məqsədilə 1905-1907, 1918-1920, 1947-1953, 1988-1992-ci illərdə Azərbaycan xalqına qarşı deportasiya, soyqırımı aktları həyata keçirdi və Dağlıq Qarabağı işğal etdi. Əlbəttə ki, erməni lobbisi, Ermənistanın xüsusi xidmət orqanları ilə birgə işləyən terrorçu təşkilatlar, xarici havadarlar ümumi “erməni işinə” dəstək veriblər. Amma məlum olduğu kimi, hakimiyyətə gələn Ümummilli lider Heydər Əliyevin qətiyyəti sayəsində 1994-cü ildə “Atəşkəs” haqqında müqavilə imzalandı və o gündən başlayaraq, Azərbaycan torpaqlarının geri qaytarılması üçün bütün resurslarını, imkanlarını səfərbər etdi.
O dövrdən başlayaraq, qaçqınların və məcburi köçkünlərin sosial vəziyyətinin yaxşılaşdırılmasına xüsusi diqqət göstərən Azərbaycan hökuməti bu sahədə beynəlxalq və yerli qurumlarla yaxından əməkdaşlıq etməyə başladı.
“İşğal olunmuş bütün regionlardan didərgin düşmüş, indi qaçqın vəziyyətində, köçkün vəziyyətində yaşayan vətəndaşların problemləri bizim üçün və şəxsən mənim üçün bir nömrəli problemdir”, - deyən Ulu öndər öz yurd-yuvalarından didərgin düşən soydaşlarımızın sosial müdafiəsinin gücləndirilməsinə, onların yaşayış səviyyəsinin yaxşılaşdırılmasına həmişə xüsusi diqqət yetirirdi. Məhz, bu diqqət və qayğının nəticəsi olaraq qaçqın və məcburi köçkünlərin həyat səviyyəsi, yaşayış şəraiti getdikcə yaxşılaşdırıldı. Çadır şəhərcikləri tədricən ləğv edilərək hər cür infrastruktura malik yeni qəsəbələr salınmağa başlandı. Azərbaycan Prezidentinin 17 sentyabr 1998-ci il tarixli Sərəncamına əsasən, “Qaçqınların və məcburi köçkünlərin problemlərinin həlli üzrə uzunmüddətli Dövlət Proqramı” təsdiq edildi. Ümumilikdə isə, 1993-2003-cü illərdə qaçqınların və məcburi köçkünlərin sosial müdafiəsi ilə əlaqədar beynəlxalq normalara uyğun tam hüquqi baza yaradıldı. Ölkə Prezidenti tərəfindən fərmanlar və sərəncamlar imzalandı. Ümummilli liderimizin bu sahədəki siyasətini uğurla davam etdirən cənab Prezident İlham Əliyevin 2004-cü il 1 iyul tarixli Sərəncamı ilə “Qaçqınların və məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması və məşğulluğunun artırılması üzrə Dövlət Proqramı” təsdiq edildikdən sonra məcburi köçkünlər üçün nəzərdə tutulmuş yeni qəsəbələrin layihələndirilməsinə və tikintisinə start verildi. Dövlət Proqramına əsasən, 2005-2007-ci illərdə Ağdam, Ağcabədi, Biləsuvar, Füzuli və Sabirabad rayonlarının ərazilərində 26 qəsəbə salındı və bu qəsəbələrdə 8 mindən artıq ev tikilib istifadəyə verildi. 2007-ci ilin sonunda ölkəmizdə son çadır düşərgələri tamamilə ləğv olundu və beləliklə, Dövlət Proqramı ilə nəzərdə tutulmuş tədbirlər həyata keçirildi. Və bu günə qədər də Prezident İlham Əliyevin fəaliyyəti nəticəsində bu sahədə çox ciddi nəticələr əldə edilir, eyni zamanda, Azərbaycan torpaqlarının azad edilməsi istiqamətində fəal addımlar atılır.
Bu gün biz Azərbaycan Prezidenti cənab İlham Əliyevin timsalında görürük ki, Azərbaycan ortaya ciddi və hüquqa söykənən mövqe qoyub. Cənab Prezident İlham Əliyevin dediyi kimi, Azərbaycan bir qarış torpağını da Ermənistana verməyəcək və imkan verilməyəcək ki, bizim torpaqlarımızda ikinci erməni dövləti yaradılsın.
Bildiyiniz kimi, ötən gün Abşeron rayonu, Masazır qəsəbəsində məcburi köçkünlər üçün salınmış yeni məhəllənin açılış mərasimində çıxış edən Azərbaycan Prezidenti cənab İlham Əliyev bir daha bildirdi ki, bütün beynəlxalq təşkilatlar Azərbaycanın ərazi bütövlüyünü tanıyır. Heç bir ölkə Dağlıq Qarabağı müstəqil qurum kimi tanımır və tanımayacaq. Azərbaycanın ərazi bütövlüyü bərpa edilməlidir və bütün beynəlxalq təşkilatlarda qəbul edilmiş qətnamələr bunu göstərir.
Dövlətimizin başçısı əminliklə dedi ki, biz doğma torpaqlarımıza, o cümlədən, Zəngilana da, Qarabağa da, Şuşaya da qayıdacağıq və Azərbaycan bayrağı bütün şəhərlərimizdə dalğalanacaq.
Bu gün Azərbaycan xalqı da cənab Prezidentin yürütdüyü siyasətə dəstək verir və istənilən həll variantında hakimiyyəti dəstəkləməyə hazırdır. Əlbəttə ki, torpaqlarımız azad olunandan sonra tarixi ərazilərimizdə bərpa işləri aparacağıq və doğma yurdumuza qayıdacağıq.

Paylaş:
Baxılıb: 1061 dəfə

Xəbər lenti

Hamısına bax

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

İqtisadiyyat

YAP xəbərləri

Gündəm

Analitik

Arxiv
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30