Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Müsahibə / Yeni Azərbaycan Partiyası bu seçkilərdə də yeni, müasir və qabaqcıl seçki texnologiyalarını tətbiq edəcək

Yeni Azərbaycan Partiyası bu seçkilərdə də yeni, müasir və qabaqcıl seçki texnologiyalarını tətbiq edəcək

01.08.2013 [09:39]

Aydın Hüseynov: Ölkəmizdə tətbiq olunan mütərəqqi seçki texnologiyaları bütün parametrləri ilə demokratiyanın inkişafına, azad seçki mühitinin təmin olunmasına və prosesin təkmilləşməsinə xidmət edir
Müsahibimiz Yeni Azərbaycan Partiyasının (YAP) Siyasi Şurasının üzvü, YAP Qaradağ rayon təşkilatının sədri Aydın Hüseynovdur:
- Aydın müəllim, qarşıdan növbəti prezident seçkiləri gəlir. Ümumilikdə cəmiyyətin prosesə hazırlığını necə qiymətləndirirsiniz?
- Azərbaycanda demokratik mühit, açıq cəmiyyət, şəffaf münasibətlər sistemi mövcuddur. Xalqımızın Ümummilli lideri Heydər Əliyevin əsasını qoyduğu demokratik prinsiplər ölkəmizdə açıq cəmiyyətin formalaşmasını təmin edib. Əsası Ulu öndər tərəfindən qoyulan demokratik islahatlar cəmiyyətimizin inkişafına, vətəndaş inistitutlarının formalaşmasına xidmət edirdi və Ümummilli liderin uğurlu islahatlarını böyük əzmlə davam etdirən cənab Prezident İlham Əliyev Azərbaycanda inkişaf etmiş, demokratik norma və prinsipləri mənimsəmiş cəmiyyətin formalaşmasına nail oldu. Bu gün cəmiyyətimiz öz istək və arzularını açıq şəkildə ifadə edə bilir və bunun üçün bütün təsisatlar mövcuddur. Ölkəmizdə 1993-cü ildən indiyə qədər keçirilmiş seçki proseslərində Azərbaycan cəmiyyəti heç bir maneə olmadan öz iradəsini ortaya qoyub. Bu gün cəmiyyətin iradəsindən kənarda hər hansı bir prosesin baş verməsi qeyri-mümkündür. Bu mənada Azərbaycanda növbəti prezident seçkiləri də istisna olmayacaq. Seçki öncəsi əhval-ruhiyyəyə gəldikdə isə qeyd etməliyik ki, hazırda ölkəmizdə ictimai-siyasi durum sabit, əhval-ruhiyyə yüksəkdir. Ötən seçkilərdə olduğu kimi qarşıdan gələn növbəti prezident seçkilərində də, şəffaflığın, demokratik prinsiplərin təmin olunması üçün bütün zəruri addımlar atılıb. Cəmiyyətimizdə yüksək seçki əhval-ruhiyyəsi mövcuddur ki, bu da insanlarımızın proses haqqında məlumatlı olması və fəal iştirak etməsi faktını ortaya qoyur. Ona görə də, tam məsuliyyətlə demək olar ki, qarşıdan gələn növbəti prezident seçkiləri tam normal və açıq şəraitdə keçirilməklə, vətəndaşlarımızın istək və arzularına xidmət edəcək, Azərbaycanın növbəti illərdə demokratik inkişafına töhfə verəcək və ölkəmizin bu tarixi sınaqdan da uğurlu çıxmasını şərtləndirəcək.
- Yeni Azərbaycan Partiyasının seçkilərlə bağlı hazırlıqları davam edir. Bu günə qədər keçirilən seçkilərdə partiyamızın müxtəlif seçki texnologiyalarını tətbiq etdiyini müşahidə etmişik. YAP-ın seçkiyə hansı yeniliklərlə qatılacağı gözlənilir?
- Ölkəmizdə demokratik prinsiplərə və beynəlxalq təcrübəyə əsaslanan seçki təcrübəsi mövcuddur. Ölkəmizdə tətbiq olunan mütərəqqi seçki texnologiyaları bütün parametrləri ilə demokratiyanın inkişafına, azad seçki mühitinin təmin olunmasına və prosesin təkmilləşməsinə xidmət edir. Bilirsiniz ki, Yeni Azərbaycan Partiyası prezident seçkilərinə çox ciddi hazırlaşır. Oktyabr ayında keçiriləcək prezident seçkiləri ilə əlaqədar Yeni Azərbaycan Partiyası müəyyənləşdirdiyi seçki planına uyğun olaraq tədbirlərini həyata keçirməkdədir. Təbii ki, ölkənin və regionun ən güclü siyasi təşkilatı olan Yeni Azərbaycan Partiyasının qarşıdan gələn prezident seçkiləri ilə bağlı öz konsepsiyası və proqramları mövcuddur. YAP 1993-cü ildən indiyə qədər qatılmış olduğu bütün seçki proseslərində cəmiyyətin böyük dəstəyini qazanıb. Çünki YAP məhz Azərbaycan dövlətçiliyinin xilaskarı və banisi Ulu öndər Heydər Əliyev tərəfindən yaradılıb və Onun ideyalarının daşıyıcısıdır. Eyni zamanda, müasir Azərbaycan dövlətinin inkişafını təmin edən, Azərbaycanı güclü, qüdrətli dövlətə çevirən Prezident İlham Əliyevin bu gün partiyamıza rəhbərlik etməsi cəmiyyətin mütləq əksəriyyətinin YAP-a böyük sevgi və ehtiramını şərtləndirir.
Bildiyiniz kimi, Yeni Azərbaycan Partiyası iyun ayının 7-də V Qurultayını keçirdi və xalqımızın arzu-istəklərinə, dəyişməz mövqeyinə söykənərək Prezident İlham Əliyevin oktyabr ayında keçiriləcək seçkilərdə namizədliyinin irəli sürülməsi ilə bağlı qərar qəbul etdi. Sonrakı mərhələdə partiyamızın rəhbər orqanları və İcra Katibliyi tərəfindən fəaliyyət proqramı tərtib olundu və hal-hazırda proqrama uyğun olaraq ardıcıl tədbirlər görülür. Təbii ki, nəzərdə tutulan işlərin həyata keçirilməsində partiyamızın rayon və şəhər təşkilatlarının üzərinə böyük məsuliyyət düşür və partiyanın hər bir şəhər və rayon təşkilatında bununla bağlı mühüm işlər görülür. Qarşıda dayanan vəzifələrin həyata keçirilməsi və digər zəruri məsələlərin həlli baxımından demək olar ki, bütövlükdə partiya seçkiyə hazırdır. Eyni zamanda, YAP təkcə seçki ilində deyil, hər seçki prosesindən sonra növbəti seçkilərə hazırlıq işləri aparır. YAP seçkilərə cəmiyyətin maraqlarının ifadəçisi və tərənnümçüsü olaraq qatılır. Yeni Azərbaycan Partiyası bu seçkilərdə də yeni, müasir və qabaqcıl seçki texnologiyalarını tətbiq edəcək.
- YAP Qaradağ rayon təşkilatı seçkilərə hazırlıq məqsədilə hansı işləri görür?
- Artıq Azərbaycanın digər şəhər və rayonlarında olduğu kimi, Qaradağda da seçki ilə bağlı zəruri olan bütün işlər görülür. YAP Qaradağ rayon təşkilatının seçki qərargahı formalaşıb və bu prosesdə iştirak edəcək şəxslər müəyyənləşib. Eyni zamanda, partiyanın İcra Katibliyi tərəfindən verilmiş tapşırıqların icrasına uyğun olaraq həm üzvlərimizlə, həmçinin də, təəssübkeşlərlə mütəmadi görüşlər keçirilir. YAP Qaradağ rayon təşkilatının 11 mindən artıq üzvü var ki, onların hər biri ilə iş aparılır. Həmçinin, təşkilatımızın ərazi ilk partiya təşkilatlarında seçki mühiti yaradılıb. Onu da əlavə edim ki, Qaradağ rayonu özünün spesifikasına görə digər yerlərdən fərqlənir ki, burada da seçicilərlə işləmək onlara daha yaxın olmaq, sıx təmaslar qurmaq əsas amillərdən hesab olunur. Bütün bu sadaladıqlarımız onu göstərir ki, qarşıdan gələn seçki prosesinə hazırlıq işləri yüksək səviyyədə həyata keçirilir. Məhz bu kontekstdən tam əminiklə deyə bilərik ki, payızda keçiriləcək prezident seçkilərində də Azərbaycan xalqının istək və arzularının yeganə tərənnümçüsü olan Yeni Azərbaycan Partiyası cəmiyyətin mütləq əksəriyyətinin dəstəyi ilə növbəti parlaq qələbəsini qazanacaq. Çünki YAP-ın namizədi bütün Azərbaycan xalqının namizədidir. Cənab Prezident İlham Əliyev ölkəmizə rəhbərliyi dövründə görmüş olduğu misilsiz işlər nəticəsində Azərbaycan cəmiyyətinin mütləq əksəriyyətinin rəğbətini və sevgisini qazanıb.
- Aydın müəllim, siz Yeni Azərbaycan Partiyasının namizədinin mütləq şəkildə qalib gələcəyini söylədiniz. İstərdik, bu inamı yaradan, onun kökündə dayan əsaslardan danışaq...
- Bu gün Cənubi Qafqaz regionunda Yeni Azərbaycan Partiyası ilə siyasi rəqabət apara biləcək ikinci bir quruma rast gəlmək qeyri-mümkündür. YAP sıralarında Azərbaycan cəmiyyətinin 600 yüz mindən çox üzvü birləşir. Bu isə cəmiyyətimizin mühüm bir hissəsini təşkil edir. Eyni zamanda, Partiyamızın Sədri, cənab Prezident İlham Əliyevin çoxşaxəli fəaliyyətinin nəticələri də hamının gözü qarşısındadır. Bu mənada biz əminik və cəmiyyətimizin istəyini də açıq şəkildə görürük ki, qarşıdan gələn prezident seçkiləri öz demokratikliyi və şəffaflığı ilə yanaşı, Yeni Azərbaycan Partiyasının namizədi cənab Prezident İlham Əliyevin növbəti möhtəşəm qələbəsi ilə tarixə düşəcək. Cənab Prezident İlham Əliyev son on ildə və ondan əvvəlki müddətdəki fəaliyyəti ilə bütövlükdə cəmiyyətin istək və ehtiramını qazanıb. Məhz bu səbədən də Azərbaycan cəmiyyətinin mütləq əksəriyyəti bu gün cənab Prezident İlham Əliyevi dəstəkləyir. Cəmiyyətin iradəsi bu yönədir ki, qarşıdakı 5 ildə də Azərbaycana Prezident İlham Əliyev rəhbərlik etsin.
- Aydın müəllim bu gün, eyni zamanda, cəmiyyətin dəstəyindən məhrum olan və yalnız xarici antimilli dairələrə bel bağlayan radikal siyasi təşkilatlar mövcuddur ki, onlar Yeni Azərbaycan Partiyasına opponentlik etmək iddiasındadırlar. Radikalların seçkilərdə şansını necə qiymətləndirmək olar?
- Bu gün müxalifət düşərgəsində təmsil olunan partiyaların böyük əksəriyyəti cəmiyyətin marağında olmayan, vətəndaşların müdafiə etmədikləri partiyalardır. Müxalifət nümayəndələrinin özləri də bunu dəqiq bilirlər. Onlar məhz bu səbəbdən də, xarici donor təşkilatların himayəsinə sığınırlar. İstənilən siyasi təşkilatın və hakimiyyətə iddiası olan qurumun arxasında cəmiyyətin maraqları dayanmalıdır. Etiraf etmək lazımdır ki, bu gün müasir Azərbaycan cəmiyyətində Yeni Azərbaycan Partiyasından başqa güclü elektorata, sosial bazaya malik olan siyasi təşkilat mövcud deyil. Müxalifət partiyalarının xarici donorlara arxalanaraq özlərinin mövcudluqlarını saxlaması, onların müəyyən öhdəliklər qarşılığındakı fəaliyyətlərinə dəlalət edir. Bu gün müxalifət partiyalarının əksəriyyətinin xarici donorlar qarşısında öhdəlikləri mövcuddur. Düşünürlər ki, hansısa sehirli qüvvə onları düşmüş olduqları acınacaqlı durumdan çıxaracaq. Məhz bu səbəbdən də xarici antimilli qüvvələrin himayəsinə daha çox üstünlük verirlər. Eyni zamanda, cəmiyyətin müxalifətə qarşı münasibəti də birmənalı olaraq bəllidir. Xalqımız onlara birdəfəlik “yox” deyib. Çünki müxalifətin riyakarlığı, burada təmsil olunan şəxslərin müəyyən bir dövr hakimiyyətdə olanda Azərbaycan xalqına xəyanət etməsi onları cəmiyyətin dəstəyindən birmənalı şəkildə məhrum edib. Ona görə də, bu seçkilər də radikallar üçün növbəti məğlubiyyət olacaq. Son zamanlar müxalifət düşərgəsində baş verənlərə bir qədər nəzər salaraq proseslərin məhz proqnozlaşdırıldığı kimi getməsini müşahidə etmək olar. Çünki seçki ili başlamazdan müxalif düşərgədə onların birlik görüntüsünü nümayiş etdirmək üçün bir neçə qrup yarandı. Onlardan biri də, müxalifətin qondarma “Milli şura”sı idi ki, bu təşkilat kənar qütblərin diktəsi ilə yarandığı üçün fəaliyyət istiqamətləri də xarici ölkələrdə həyata keçirilir. Məhz ötən gün müxalifət təmsilçilərinin Tbilisidə qondarma “Milli şura”nın “vahid namizəd”i ilə görüşləri də sırf xarici antimilli maraqları müstəvisində atılmış növbəti addım idi. Təbii ki, müasir Azərbaycan cəmiyyəti müxalifətin bu cür fəaliyyətinə ikrah hissi ilə yanaşır. Bu da sözsüz ki, qarşıdan gələn seçkidə müxalifətin növbəti biabırçı məğlubiyyətini qaçılmaz edən faktorlardan biri olacaq.

Paylaş:
Baxılıb: 1096 dəfə

Xəbər lenti

Hamısına bax

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

İqtisadiyyat

YAP xəbərləri

Gündəm

Analitik

Arxiv
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30