Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Müsahibə / Siyavuş Novruzov: ATƏT öz mövqeyində qərəzlilik yolunu tutub

Siyavuş Novruzov: ATƏT öz mövqeyində qərəzlilik yolunu tutub

12.10.2013 [10:48]

Yeni Azərbaycan Partiyasının (YAP) İcra katibinin müavini, millət vəkili Siyavuş Novruzovun SƏS TV-yə müsahibəsi:
- Siyavuş müəllim, ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosu (ATƏT/ DTİHB) Azərbaycandakı prezident seçkisi ilə bağlı ilkin rəyini açıqladı. Lakin təəssüflər olsun ki, həmin hesabat qərəzli mövqeyi ilə seçildi. Bu məsələlərə sizin yanaşmanız necədir?
- İlk növbədə, Azərbaycan xalqını Prezident İlham Əliyevin qazandığı qələbə münasibətilə təbrik edirəm. İnsanlar həm seçkilərdə, həm də Yeni Azərbaycan Partiyasının keçirdiyi görüşlərdə cənab İlham Əliyevə səs verəcəklərini mütəmadi olaraq bəyan edirdilər. Prezident seçkilərinin 3 mərhələli təbliğat-təşviqat prosesində partiyamız 2 min 600-dən yuxarı görüş və 57 böyük zirvə tədbiri (rayon mərkəzlərində) keçirdi. Ümumilikdə isə 2 milyon 600 minə yaxın seçici bu prosesdə iştirak etdi. Təbii ki, onların hər birinə bu fəallığa görə minnətdarlığımızı bildiririk. Biz cənab Prezidentə növbəti 5 ildə də Azərbaycanın çiçəklənməsi, qüdrətinin daha da artması, möhkəmlənməsi, eləcə də beynəlxalq aləmdə ölkəmizin yerinin və nüfuzunun artması üçün uğurlar arzu edirik. Xalqımız Azərbaycanın inkişafına, tərəqqisinə səs verib ki, bu da YAP-ın əsas devizi idi. Biz istəyirdik ki, Ümummilli lider Heydər Əliyev siyasəti bundan sonra da uğurla davam etdirilsin.
ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun Azərbaycandakı prezident seçkiləri ilə bağlı rəyinə gəldikdə isə deyə bilərəm ki, bu dəfə Azərbaycanda beynəlxalq müşahidəçilərin sayı 1400-ə yaxın idi. O cümlədən 40 mindən artıq yerli müşahidəçi seçki prosesini izləyirdi. Müşahidəçilərin əksəriyyəti Azərbaycanda azad, ədalətli və demokratik seçkilərin keçirildiyini bildiriblər. Onlar istər qrup, istər parlament, istərsə də ayrı-ayrı beynəlxalq təşkilatlar çərçivəsində öz fikirlərini və rəylərini ifadə etdilər. Hətta biz ATƏT-in nümayəndələri ilə bir neçə dəfə görüşlər keçirmişik. Amma təəssüflər olsun ki, onların ilkin mərhələdə gəldikləri rəylər qərəzliliyə hesablanıb. Onlar üç mərhələdə seçkilərin nəticəsi ilə bağlı özlərinin açıqlamalarını yaydılar. İlk mərhələdə demək olar ki, ATƏT seçki prosesində qərəzliliyə söykənəcək neqativ hallar tapmadığı halda öz iradlarını səsləndirdilər. Belə ki, onlar hazırladıqları hesabata ötən illərdə ölkəmizdə keçirilən seçkilərlə bağlı (parlament) məlumatı əlavə etməklə bərabər, həm də qadın namizədin olmaması bəndini saldılar. Hər bir Azərbaycan vətəndaşı ölkə Konstitusiyasının 100-cü maddəsinin və Seçki Məcəlləsinin tələblərinə uyğun olaraq seçkilərdə öz namizədliyini irəli sürə bilər. Əgər kimsə bu seçkilərdə öz namizədliyini irəli sürməyibsə, onu zorla seçkilərə gətirmək olmaz. Bu mərhələdə onların qərəzli olması artıq özünü açıq-aşkar göstərdi. Biz dəfələrlə təşkil etdiyimiz görüşlərdə də onlara söylədik ki, ATƏT/ DTİHB bu qərəzliliyindən geri çəkilsin. Axı, bu qədər qərəzlilik kimə lazımdır? Diqqət yetirsək görərik ki, Ermənistanda çox biabırçı şəkildə prezident seçkiləri keçirildi. Amma ATƏT/ DTİHB səhəri gün azad, ədalətli, demokratik seçkilərin keçirilməsi haqqında bəyanat yaydı. Hansı ki, işğalçı ölkədə namizədlərdən birinə qarşı terror aktı həyata keçirildi, digər namizədlər sıxışdırıldı, ikili şəxsiyyət vəsiqəsi ilə səsvermə prosesi həyata keçirildi və s. Hətta Avropa Şurasında (AŞ) belə bu məsələ müzakirə olunmadı, əksinə bu, gizli şəkildə komitədə müzakirəyə çıxarıldı. Həmin komitədə də qeyd olundu ki, vətəndaşlar həm köhnə, həm də yeni şəxsiyyət vəsiqəsi ilə səs veriblər. Bu cür böyük qanun pozuntuları nəticəsində ATƏT/DTİHB azad və demokratik seçkilərin keçirildiyi haqda bəyanat verir. İkincisi, aralıq mərhələ idi ki, bu da ancaq Yeni Azərbaycan Partiyasına həsr edilmişdi. ATƏT YAP-ın keçirdiyi bütün görüşləri izləyirdi və müşahidə edirdi ki, qanunla müəyyən olunan yerlərdə kütləvi şəkildə insanlar gəlib tədbirlərdə iştirak edirdilər. Amma onlar bunun üzərinə qara kölgə salaraq, guya YAP-ın tədbirlərinə insanların güclə gətirildiyini bildirdilər. ATƏT ümumilikdə, 10 namizəd haqqında aralıq hesabat dərc etməli idi. Lakin burada ancaq YAP-ın namizədi seçilmişdi. Onlar öz hesabatlarında bir dəfə də olsun qeyd etmədilər ki, müxalifət indiyədək heç bir tədbir keçirməyib. Bununla belə, ATƏT nə birinci, nə də ikinci mərhələdə heç vaxt göstərməyib ki, dünyada seçkinin elan olunması müddəti var. Seçki elan olunan müddətə qədər hər bir siyasi partiya və yaxud namizəd müəyyənləşdirir ki, bu seçkidə iştirak edəcək. Lakin “Milli şura” imza toplama kampaniyasına 9 gün qalmış öz namizədini irəli sürüb. Əgər bu haqda istər Amerikada (ABŞ), istərsə də Avropada kiməsə desələr inanın ki, bunu çox gülməli şəkildə qarşılayar. Bununla belə, təbliğat-təşviqat prosesinə ayrılan 23 gün ərzində “Milli şura” cəmi 14 görüş keçirdi. Bəs, bu iki ay olsa idi nə olacaqdı? Yəni, bütün bunlar onu göstərir ki, ATƏT bu məqamlara qəti şəkildə fikir vermir. ATƏT “Azadlıq” və “Yeni Müsavat” qəzetlərinin yazdığını götürüb öz hesabatında dərc edir. Təbii ki, bu da onu göstərir ki, ATƏT burada tərəfli şəkildə çıxış edir, tərəfsiz yox. Onların növbəti hesabatları belə artıq bizə bəllidir. ATƏT öz hesabatını qabaqcadan hazırlayaraq Azərbaycana gəlib. Hətta Rusiya Federasiyasında prezident seçkiləri keçiriləndə rəsmi Moskva bu qərəzliliyinə görə, ATƏT-i Rusiyaya buraxmadı. Çünki onlar öncədən bilirdilər ki, ATƏT gəlib burada nə deyəcək. O cümlədən ABŞ-ın özündə də prezident seçkilərinə onlar dəvət olunmadı. Lakin Azərbaycan tərəfi onları ölkəmizə xüsusi olaraq dəvət etdi. Təbii ki, nöqsansız iş yoxdur. Amma bütün bunların fonunda seçkilərin guya ədalətsiz keçdiyini, şəffaf olmadığını söyləmək bizə onu deməyə əsas verir ki, ATƏT öz mövqeyində qərəzlilik yolunu tutub. Biz gələcəkdə ATƏT/DTİHB-lə əməkdaşlıq edib-etməyəcəyimizlə bağlı məsələlərə baxacağıq. Burada müxalifətlə yanaşı, erməni lobbisinin, o cümlədən Azərbaycanda marağı olan xüsusi dairələrin (biznes strukturları, böyük şirkətlər və s.) əli vardır.
- Axı necə ola bilər ki, ATƏT-in tərkibində olan Minsk qrupu 20 ildir ki, Ermənistan-Azərbayan, Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində heç bir iş görməyib, amma indi bu hesabatları yaymaqla özlərinə haqq qazandırmağa çalışırlar?
- Təbii ki, bu cür addımların hər biri bilavasitə həmin işə xidmət edir. Hesab edirəm ki, bu məsələnin özünə baxılmalıdır. Axı niyə ATƏT-in Minsk qrupu 20 ildir ki, Ermənistan-Azərbayan, Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində heç bir iş görməyib. Biz dəfələrlə ATƏT-in bu fəaliyyətini geniş şəkildə tənqid etmişik. Azərbaycan tərəfi Dağlıq Qarabağ məsələsini qaldıran kimi onlar dərhal seçkiləri araya qatırlar. Məhz buna görə də, ATƏT/DTİHB seçkilərdə özünün qərəzli rəyini bildirir və əllərində əsaslarının olmasına çalışır.
- Bəs, bundan sonra Azərbaycan tərəfi ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosu ilə öz əməkdaşlığını davam etdirəcək, ya yox?
- Biz neçə illərdir ki, ATƏT/DTİHB ilə əməkdaşlığımızı davam etdiririk. Eləcə də onların müxtəlif tövsiyyələri (seçki texnologiyalarının təkmilləşdirilməsi, seçki qanunvericiliyi ilə bağlı) nəzərə alınır. Lakin görürük ki, onlar biz tərəfdən aparılan məsləhətləşmələrin hər birindən təzyiq metodu kimi istifadə etməyə cəhd göstərirlər. Bu mənada hesab edirəm ki, onlarla əməkdaşlıq məsələlərinə yenidən baxılmalıdır. Onsuz da ATƏT bu qərəzliliyini bundan sonra da davam etdirəcək. Əgər belədirsə, bizim onlara heç bir ehtiyacımız yoxdur.
- ABŞ Dövlət Departamenti də qərəzli bəyanat verib. Həmin bəyanatda bildirilir ki, Azərbaycanda keçirilən prezident seçkiləri beynəlxalq standartlara cavab vermir və s. Xüsusilə burada qeyd edilib ki, seçkilərin nəticələri elan olunmadan YAP öz qələbəsini elan edib?
- Almaniyada seçkilər sona çatan kimi həmin ölkənin kansleri Angela Merkel özü seçki qərargahına gəldi. Beləcə, onlar bütün tərəfdarları ilə birgə burada böyük bayram keçirdi. Yəqin həmin vaxtda ABŞ Dövlət Departamenti yuxuya qərq olmuşdu. Bununla belə, Ermənistanda keçirilən qeyri, antidemokratik seçkidən bir gün sonra ABŞ prezidenti Barak Obama Ermənistan prezidentinə zəng edərək onu təbrik etdi. ABŞ Dövlət Departamenti gedib bunları araşdırsın. Məsələn, Rusiyada keçirilən seçkilərdə Putin və Medvedev seçicilərin qarşısına çıxaraq onları təbrik etdi. Onların tərəfdarları isə gecədən səhərədək öz qələbələrini bayram etdilər. Hesab edirəm ki, bu da həmin o qərəzin bir hissəsidir.
- Oktyabrın 12-də Demokratik Qüvvələrin “Milli şura”sı (DQMŞ) növbəti mitinqini keçirəcək. Hər dəfə təşkil etdikləri mitinqlərdə iqtidarın ünvanına şər, böhtan atan bu qüvvələr bu səfər cəmiyyətə hansı yalan mesajlar verəcəklər?
- İlk növbədə, deyə bilərəm ki, “Milli şura”nın sabah (yəni oktyabrın 12-də - red.) keçirəcəyi mitinqə heç kim gəlməyəcək. Bunlar indiyədək paytaxt Bakıda üç mitinq keçiriblər. Hər birimiz də şahidi olduq ki, həmin mitinqlər insanların sayının az olması ilə sona çatdı. Apardığım müşahidələr də onu deməyə əsas verdi ki, həmin mitinqlərdə insanların sayı sadəcə olaraq 700-800 nəfər idi. Onlar stadionun tutumunun yalnız 20 faizi qədər insan cəlb edə bilmişdilər. “Milli şura”nın növbəti mitinqinə isə heç 10 faiz insan belə gəlməyəcək. İkincisi isə, bunların strukturları - “Milli şura” deyilən qurum, bir-birlərinə qarşı nifrət bəsləyən siyasi partiyaların və təşkilatların toplumudur. Onlar gözləyirdilər ki, həmin mitinqlər zamanı hansısa xarici təşkilatlardan nəsə alsınlar ki, maddi vəziyyətləri bir qədər yaxşılaşsın. Təbii ki, onu da əldə etdikdən sonra müxalifət üçün mitinq keçirməyə heç bir maraq olmadı. Onların son mitinqlərinə nəzər salsaq görərik ki, siyasi partiyaların rəhbərlərindən (AXCP, Müsavat Partiyasından başqa) burada heç kim təmsil olunmurdu. Bu da sönük, məzmunsuz, mənasız “Yusif Sərrac”ın bir mitinqi olacaq.
- Siyavuş müəllim, bundan sonra “Milli şura”nın atacağı son addım nə ola bilər?
- Artıq “Milli şura” dağılıb və yox vəziyyətindədir. Belə ki, qurumun sədri Rüstəm İbrahimbəyov Azərbaycanda olmamaqla yanaşı, heç dünya-aləm belə onun vecinə deyil. Bu insan sadəcə olaraq, öz işi, pul qazanması ilə məşğuldur. “Milli şura”nın aparıcı nümayəndələri Eldar Namazov və digərləri yalnız Cəmil Həsənlinin bir görüşündə iştirak ediblər. Eləcə də orada olan partiyaların bir çoxu (Açıq Cəmiyyət Partiyası, Klassik Xalq Cəbhəsi Partiyası, Liberallar Partiyası) Cəmil Həsənlini prezident kimi qəbul etmədilər. Onlar inanmırdılar ki, Cəmil Həsənli 3-4 faiz səs toplaya bilər, ya yox. Bu baxımdan hesab edirəm ki, artıq “Milli şura” tamamilə dağılıb. Onlar Cəmil Həsənlini irəli verərək özləri onun kölgəsinə sığındılar. Məqsəd isə növbəti seçkilərə özlərini saxlamaq idi. Mən təklif edirəm ki, onlar bələdiyyə seçkilərinə hazırlaşsınlar və öz namizədliklərini versinlər ki, heç olmasa hansısa bir bələdiyyəyə seçilə bilərlər.

Paylaş:
Baxılıb: 1004 dəfə

Xəbər lenti

Hamısına bax

Gündəm

Analitik

Xəbər lenti

YAP xəbərləri

Arxiv
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30