Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Müsahibə / Azərbaycan dünyada öz prinsipial mövqeyi ilə seçilir və etibarlı tərəfdaş kimi tanınır

Azərbaycan dünyada öz prinsipial mövqeyi ilə seçilir və etibarlı tərəfdaş kimi tanınır

31.10.2013 [09:40]

Milli Məclisin üzvü, Bakı Slavyan Universitetinin prorektoru, professor Sahibə Qafarova www.yap.org.az saytına müsahibə verib:
- Sahibə xanım, məlum olduğu kimi, 9 oktyabrda Azərbaycanda növbəti prezident seçkiləri keçirildi. Bu seçkilərə kifayət qədər böyük beynəlxalq maraq var idi və 1400-dən artıq müşahidəçi seçkiləri izlədi. Siz, beynəlxalq ictimaiyyətin Azərbaycanda keçirilən prezident seçkilərinə münasibətini necə dəyərləndirirsiniz? Ümumən, bu münasibət ölkəmiz üçün qənaətbəxşdirmi?
- Bəli, qeyd etdiyiniz kimi, 9 oktyabrda Azərbaycanda növbəti prezident seçkiləri keçirildi və dövlətimizin başçısı İlham Əliyev səslərin 84,54 faizini qazanaraq qalib gəldi. Bu, Azərbaycan xalqının ötən 10 ildə həyata keçirilən siyasi kursa və cənab İlham Əliyevin rəhbərliyi ilə qazanılan uğurlara münasibətinin açıq ifadəsi və xalqımızın iradəsinin nümayişi idi. Əlbəttə ki, seçkilər müxtəlif müsbət məqamları ilə yadda qaldı. Hər şeydən əvvəl seçicilərin yüksək fəallıq göstərməsi xalqımızın bu böyük əhəmiyyət kəsb edən kampaniyaya münasibətinin ifadəsidir. Eyni zamanda, Azərbaycan dövlətinin seçkilərin şəffaf, ədalətli keçirilməsi və xalqımızın iradəsini tam əks etdirməsi üçün gördüyü tədbirlər seçkilərin yüksək səviyyədə təşkilinə şərait yaratmaqla ölkəmizin demokratik dəyərlərə sadiqliyini ortaya qoydu. Təbiidir ki, nüfuzlu beynəlxalq təşkilatlar, çoxsaylı xarici müşahidə missiyaları, ekspertlər, yerli və xarici QHT-lər 2013-cü il oktyabrın 9-da Azərbaycanda keçirilmiş prezident seçkilərini müsbət qiymətləndirdilər. Avropa Şurası Parlament Assambleyası, ATƏT Parlament Assambleyası, Müstəqil Dövlətlər Birliyi, Asiya Siyasi Partiyalarının Beynəlxalq Konfransı, İslam Əməkdaşlıq Təşkilatı və digər nüfuzlu beynəlxalq təşkilatlardan, o cümlədən, xarici dövlətlərdən olan 1400-dən artıq müşahidəçinin vahid rəyi ondan ibarət oldu ki, seçkilər demokratik, şəffaf, ədalətli və obyektiv keçirilib. Amma çox təəssüf ki, ATƏT-in qısamüddətli müşahidə missiyasının, bu qurumun Parlament Assambleyasının müşahidə qrupunun, habelə AŞPA-nın rəyinin əksinə olaraq ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun müşahidəçiləri Azərbaycana qarşı müəyyən maraqlı dairələrin mövqeyini ifadə edən qərəzli “hesabatla” çıxış etdilər. Amma düşünürəm ki, bu, nəlbəkidə fırtına yaratmaq cəhdindən başqa bir şey deyil. Azərbaycan xalqı artıq öz sözünü deyib, iradəsini nümayiş etdirib və bu iradə ilə barışmaq hər kəsin məsuliyyəti və borcudur.
- Sahibə xanım, Azərbaycan Prezidenti İlham Əliyev 19 oktyabrda keçirilən andiçmə mərasimində çıxışı zamanı qarşıdakı illərdə görüləcək işlərlə bağlı fikirlərini bildirdi. Dövlətimizin başçısı ötən 10 ildə Azərbaycanın uğurlu xarici siyasət həyata keçirdiyini vurğulayaraq qarşıdakı 5 ildə də bu kursun davam etdiriləcəyini söylədi. Siz necə hesab edirsiniz, bu xarici siyasət kursu Azərbaycana nə qazandırıb və qarşıdakı illərdə bu kursun davam etməsi ölkəmizə nə vəd edir?
- Düşünürəm ki, cənab Prezidentin andiçmə mərasimində söylədiyi dərin və məzmunlu nitqi xalqımız qarşısında ötən 10 ildə görülmüş və qarşıdakı 5 ildə görüləcək işlərin hesabatı idi. Bu nitqdə Azərbaycanın inkişaf yolu, hədəfləri, prioritetləri, məqsədləri çox açıq və aydın şəkildə ifadə olundu. Xarici siyasətə gəlincə, cənab Prezident İlham Əliyev də vurğuladı ki, son 10 il ərzində bizim beynəlxalq əlaqələrimiz böyük dərəcədə güclənmişdir, genişləndirilmişdir. Azərbaycan son 10 il ərzində 39 ölkədə səfirlik açmışdır və hazırda səfirliklərin sayı 57-yə çatmışdır. 10 ildə 28 ölkə Azərbaycanda öz səfirliyini açmış və beləliklə, Azərbaycanda xarici ölkələrin səfirliklərinin sayı 53-ə çatmışdır. Beynəlxalq təşkilatlarla münasibətlərdə Azərbaycan öz prinsipial mövqeyini daim müdafiə edir və qoruyur. Eyni zamanda, dövlətimizin başçısı bildirdi ki, ikitərəfli formatda aparılan xarici siyasət uğurlu olmuşdur. Bizim dostlarımızın sayı artır. Azərbaycan ilə əməkdaşlıq etmək istəyənlərin sayı artır. Azərbaycan dünyada öz prinsipial mövqeyi ilə seçilir. Azərbaycan etibarlı tərəfdaş kimi tanınır. Əlbəttə ki, prezident seçkilərində cənab İlham Əliyevin inamlı və böyük səs çoxluğu ilə qələbəsi Azərbaycan xalqının ötən 10 ildə görülmüş işlərə və qazanılmış nailiyyətlərə verdiyi qiymət və dəstəkdir. Həmin işlər isə növbəti 5 ildə görüləcək işlərin ştrixləridir. Artıq hamıya tam bəllidir ki, qarşıdakı 5 ildə həm daxili, həm də xarici siyasətdə əsası Ulu öndər Heydər Əliyev tərəfindən qoyulmuş kurs davam etdiriləcək. O cümlədən, xarici siyasətdə də balanslı kurs davam etdiriləcək. Eyni zamanda, qonşu dövlətlərlə çoxtərəfli və ikitərəfli əməkdaşlıq daha da genişləndiriləcək, Azərbaycanın aparıcı dövlətlərlə qarşılıqlı əməkdaşlıq əlaqələri inkişaf etdiriləcək, beynəlxalq siyasi və iqtisadi qurumlarla əməkdaşlıq daha da gücləndiriləcək. Təbii ki, bütün bunlar respublikamızın beynəlxalq dayaqlarının möhkəmləndirilməsinə və ölkəmizin qarşısına çıxan problemlərin həllinə xidmət edir.
- Sahibə xanım, Azərbaycanın xarici siyasət kursunda beynəlxalq təşkilatlarla əməkdaşlığın inkişaf etdirilməsi mühüm yer tutur. Siz Avropa Şurası Parlament Assambleyasında Azərbaycan nümayəndə heyətinin üzvü kimi, ölkəmizin Avropa Şurası ilə əlaqələrini necə qiymətləndirirsiniz?
- Ümumiyyətlə, Azərbaycanın beynəlxalq təşkilatlarda mövqeyinin möhkəmləndirilməsi, rolunun artırılması, həmin təşkilatların tribunasından səmərəli istifadə edilməsi ölkəmizin xarici siyasət doktrinasında ən önəmli istiqamətlərdən biridir. Uzun illər ərzində formalaşdırılmış bu münasibətlər artıq konkret, praktik nəticələrə gətirib çıxarır. Azərbaycan dünyanın siyasi taleyini həll edən və bu kontekstdə çox vacib paya sahib olan qurumlarda ölkəmizin taleyüklü məsələlərinin qaldırılmasına və onun həllinə nail olmaq üçün ciddi ideoloji iş aparır. Növbəti 5 ildə də bu iş davam etdiriləcək, Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinin diqqətinə çatdırılması üçün praktik addımlar atılacaq.
Avropa Şurası ilə münasibətlərə gəlincə, bu qurumla əməkdaşlıq ölkəmizdə demokratik islahatların daha da dərinləşməsi, demokratik təsisatların inkişaf etdirilməsi, Avropa dəyərlərinin möhkəmlənməsi, insan hüquqlarının daha effektiv şəkildə qorunması prosesinə yardım edib. Azərbaycan Respublikası bu gün Avropa Şurası ilə ən müxtəlif sahələrdə qarşılıqlı-faydalı münasibətlər quraraq səmərəli əməkdaşlıq həyata keçirir. Təşkilata üzv dövlətlərlə əlaqələrin genişləndirilməsi ölkələrimizin bir-birinə daha da yaxınlaşmasına və qarşıya çıxa biləcək problemlərin aradan qaldırılmasına əlverişli zəmin yaradır. Avropa Şurası Azərbaycanın problemlərinin həllinə həssas yanaşır, ölkəmizin əsas problemi olan Dağlıq Qarabağ münaqişəsini mütəmadi olaraq gündəmdə saxlayır. Azərbaycan bu quruma üzv olan digər ölkələrlə də əməkdaşlığın daha geniş spektrlərini əhatə etməsi, genişlənməsi üçün əməli addımlar atır. Eyni zamanda, Azərbaycan da öz tarixi, mədəni dəyərləri ilə, Avropa ailəsinin zənginləşməsinə öz töhfəsini verməkdədir.
Əlbəttə ki, biz iki tərəf arasında səmərəli əməkdaşlığın nəticələrini oktyabrın 9-da keçirilən seçkilərə münasibətdə də aydın şəkildə gördük. Hesab edirəm ki, Azərbaycanla AŞ PA arasında münasibətləri yüksək qiymətləndirmək olar və bu əlaqələrin daha da inkişafı hər iki tərəfin marağına tam cavab verir.
- Təbii ki, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli Azərbaycanın xarici siyasətində prioritet məsələdir və Azərbaycan Prezidenti andçimə mərasimində bir daha bəyan etdi ki, qarşıdakı dövrdə bu məsələ prioritet olacaq...
- Ümumiyyətlə, son 10 ildə ölkə rəhbərliyi bu istiqamətdə çoxşaxəli fəaliyyətini fasiləsiz olaraq davam etdirib. Lakin əlbəttə ki, konfliktin həllini tapması üçün tərəflərdən yalnız birinin iradə nümayiş etdirməsi yetərli deyil. Bunun üçün qarşı tərəf və münaqişənin nizamlanmasında müəyyən funksiyaları üzərinə götürən vasitəçi tərəflər də səmimiyyət ortaya qoymalıdırlar, əks təqdirdə, problemin ədalətli həlli üçün imkanlar xeyli məhdud olur. Status-kvonu formalaşdıran səbəblərə nəzər saldıqda, Ermənistanın işğal etdiyi Azərbaycan torpaqları olan Dağlıq Qarabağ və 7 ətraf rayondan qoşunlarını çıxarmaq istəməməsi, münaqişənin sülh yolu ilə ədalətli həllinə yardım etmək öhdəliyini üzərinə götürən ATƏT-in Minsk qrupunun həmsədr dövlətlərinin səmərəli iş ortaya qoya bilməməsi, beynəlxalq birliyin digər aktorlarının bu məsələdə passivliyi özünü qabarıq göstərir. Bu baxımdan təsadüfi deyil ki, Prezident İlham Əliyev andiçmə mərasimindəki nitqində bu məsələyə ayrıca toxunub, münaqişənin indiyədək həllini tapmamasının başlıca səbəbləri kimi Ermənistanın riyakar siyasətini, qeyri-konstruktiv mövqeyini, eləcə də, beynəlxalq birliyin, bu məsələ ilə bilavasitə məşğul olan tərəflərin biganəliyini vuğulayıb.
Əlbəttə ki, ərazi bütövlüyünün bərpası yönündə fəaliyyət təkcə işğalçıya qarşı birbaşa atılan addımlarla məhdudlaşmır. Azərbaycan həm də bu illər ərzində özünün sosial-iqtisadi və hərbi qüdrətini dəfələrlə artıraraq düşmən üzərində hərtərəfli üstünlüyə nail olub. Bu gün Azərbaycan büdcəsi Ermənistan büdcəsindən 10 dəfə böyükdür, hərbi xərclər 10 dəfə çoxdur, əhali isə 5 dəfə artıqdır.
Bununla Azərbaycan istər Ermənistana, istərsə də onun havadarlarına göstərir ki, ərazi bütövlüyü məsələlərində heç bir güzəştdən söhbət gedə bilməz və Azərbaycan heç vaxt öz ərazisində ikinci erməni dövlətinin yaradılmasına imkan verməyəcək.

Paylaş:
Baxılıb: 1135 dəfə

Xəbər lenti

Hamısına bax

İqtisadiyyat

Siyasət

Siyasət

Mədəniyyət

MEDİA

Analitik

Ədəbiyyat

Sosial

İqtisadiyyat

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

İqtisadiyyat

Arxiv
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30