Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Müsahibə / “Anar Məmmədlini seçkinin qurbanı kimi təqdim edənlər səhvə yol verirlər”

“Anar Məmmədlini seçkinin qurbanı kimi təqdim edənlər səhvə yol verirlər”

20.12.2013 [09:38]

Yeni Azərbaycan Partiyası İcra katibinin müavini, Milli Məclisin deputatı Siyavuş Novruzov “Media forum” saytına müsahibə verib.
- “Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzi”nin sədri Anar Məmmədli həbs olunub, iş üzrə daha iki şəxsə cinayət işi açılıb. Bır sıra siyasi partiyalar, QHT-lər, hüquq müdafiəçiləri hesab edir ki, o, siyasi sifariş əsasında həbs olunub. ABŞ-ın Bakıdakı səfiri Riçard Morninqstar Azərbaycan hakimiyyətini Anar Məmmədlini dərhal azadlığa buraxmağa çağırıb. Həbsin siyasi sifarişli olması haqda deyilənlərlə razısınızmı və səfirin çağırışını necə qiymətləndirirsiniz?
- Vəzifəsindən, sosial durumundan, peşəsindən, hansı partiyanın üzvü, hansı QHT-nin rəhbəri olmasından asılı olmayaraq bütün insanlar qanun qarşısında bərabərdir. Siyasi partiya üzvü, QHT rəhbəri, müəllim, həkim, jurnalist arasında fərq qoyulmamalıdır və qanun da bunu tələb edir. Bərabər hüquqlu insanlardan kiminsə haqqında qanuni ölçü götürülürsə, buna ciddi əsaslar olur. Heç kimi durduğu yerdə həbs etmirlər. Hüquq mühafizə orqanları qanunun pozulduğu haqda məlumat alır, bunu dərindən araşdırır və addım atır. Sonra da işə məhkəmədə baxılır. Əgər kimsə özünü günahsız sayırsa, əlində faktı, sübutu varsa, buyursun bunu məhkəmədə sübut etsin. Bütün məhkəmə prosesləri açıq keçirilir.
Hansısa təşkilat, şəxs məsələnin mahiyyətini, həbsin səbəbini bilmədən, araşdırmadan bəyanat verirsə, bunun heç bir hüquqi əsası yoxdur. Azərbaycanda 50-dən artıq ölkənin səfirliyi, onlarla beynəlxalq təşkilatın nümayəndəliyi fəaliyyət göstərir. Hansısa səfirlik bir nəfər haqda bəyanat verə, çağırış edə bilər. Belə bəyanatlar Azərbaycan qanunvericiliyi, hüquq sistemi üçün əsas deyil. Hər bir şəxs törətdiyi cinayətə görə məsuliyyətə cəlb olunur. Əgər həmin cinayət istintaq araşdırmasında, məhkəmə prosesində sübut olunmursa, həmin şəxs haqda qərar dəyişdirilir. Vətəndaş da sonradan məhkəməyə müraciət edib qanunsuz həbs olunduğuna görə təzminat tələb edə bilər. Bütün dünyada, o cümlədən Azərbaycanda belə hallar olub.
Anar Məmmədli qanunsuz kommersiya fəaliyyəti ilə məşğul olmaqda, vergidən yayınmaqda ittiham olunur. Azərbaycanda xeyli insan belə əməllərə görə məsuliyyətə cəlb edilib. Amma indi açıqlamalar verən təşkilatlar onların müdafiəsinə qalxmayıblar, bəyanat verməyiblər. Niyə bir nəfər haqda bəyanat verirlər? Bu da qanunsuz kommersiya ilə məşğul olub, vergidən yayınıb, o biri də. Bunun müəllimdən, həkimdən, biznesmendən fərqi nədir? Fərqi ondan ibarətdir ki, bu onların tapşırıqlarını yerinə yetirir. Ona görə də onlar bunun qarşısında gözükölgəli olmamaq üçün müdafiəsinə qalxırlar. İstənilən şəxsin müdafiəsi üçün vəkillik institutu var, fəaliyyət göstərir. Onun təqsiri olmadığını qanunla sübut etmək olar, siyasi bəyanatlarla yox.
- “Anar Məmmədli onların tapşırıqlarını yerinə yetirir” deyəndə kimləri nəzərdə tutursunuz? ABŞ səfirliyini, ATƏT-i?
- Müəyyən qurumlar var və onlara elə gəlir ki, kimsə hansısa partiyanın üzvüdürsə, bununla məsələ bitib. Azərbaycana münasibətdə belə yanaşma formalaşdırılıb. Bundan əvvəl də belə olmuşdu. İsmayıllı hadisələrinə görə tutulan iki nəfər haqda bu xarakterli bəyanatlar verirdilər. İsmayıllı hadisələrində həbs olunanlardan biri siyasi partiyanın sədr müavini, digəri isə QHT rəhbəridir. Hadisə baş verib. Bunu törədən və araşdıran tərəf var. Onlar üçüncü tərəf kimi prosesə birbaşa müdaxilə edirlər, qanunsuzluğa yol verirlər. Əgər onlar buna müdaxilə edirlərsə, ya hadisəni törədən, ya da araşdıran tərəf olmalıdırlar. Hadisəni törədənlər iğtişaşçılar, araşdıran isə hüquq mühafizə orqanlarıdır. Burada üçüncü tərəf yalnız prosesi işıqlandıran jurnalistlər ola bilər. Amma siyasi partiyanın sədr müavini, QHT rəhbəri üçüncü tərəf ola bilməz. Onlar yalnız iğtişaşın iştirakçısı ola bilərlər. Deyirlər ki, iğtişaşın iştirakçısı olmamışıq. Üstəlik də araşdırma aparmaq hüquqları yoxdur. Onda həmin vətəndaşa sual oluna bilər ki, bəs sənin orada nə işin vardı? Nə gəzirdin orada?
Bəzi təşkilatlar da belə halları şişirdirlər və təzyiq metodu kimi Azərbaycana qarşı istifadə etməyə çalışırlar. Belə məsələləri bizə irad tutmağa çalışanlar öz ölkələrində necə edirlər? ABŞ-da, başqa dövlətlərdə elə hadisələr baş verəndə əraziyə bir nəfəri də yaxın buraxmırlar. Yaxud kiminsə haqında həbs qərarı seçilirsə, deyirlər ki, məhkəmə var, orada işə baxılacaq. Tutaq ki, ABŞ-da bir nəfəri tuturlar və Azərbaycanın Vaşinqtondakı səfiri bəyanat verir ki, onu dərhal azadlığa buraxmalısınız. ABŞ bunu necə qarşılayar?
- Anar Məmmədlinin azadlığa buraxılması haqda bəyanat verənlər hansı prosesin iştirakçılarıdır?
- Onlar qeyri-qanuni bəyanatlar verirlər, səlahiyyət çərçivələrini aşırlar. Bu məsələ Azərbaycanın daxili işidir və onlara heç bir aidiyyəti yoxdur. Bizim daxili işlərimizə qarışmağa heç kimin ixtiyarı çatmır. Qanunu pozan şəxsin şikayəti varsa, məhkəməyə müraciət edə bilər. Bir məhkəmə şikayətini təmin etmədisə, yuxarı instansiyaya üz tutsun. Əgər yenə narazı qalsa, Avropa İnsan Hüquqları Məhkəməsinə şikayət etsin. Bunun yolu, mexanizmi bundan ibarətdir. Yoxsa hansısa ölkə, səfir, QHT bəyanat verirsə, buna görə kiminsə törətdiyi cinayətə göz yummaq, onu dərhal azadlığa buraxmaq olmaz. Dövlətdə belə halların olması mümkün deyil. Ölkə qanunlarla idarə olunur və hər kəs buna hörmətlə yanaşmalıdır.
- Anar Məmmədlinin rəhbərlik etdiyi “Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzi” 2013-cü ilin oktyabrında keçirilən prezident seçkisinin nəticələrini tənqid edən hesabat yaymışdı. Onun seçki dövründəki fəaliyyəti ilə həbsi arasında bir bağlılıq varmı?
- Qətiyyən bağlılıq yoxdur. Onu seçkinin qurbanı kimi təqdim edənlər böyük səhvə yol verirlər. Seçki haqda qeyri-obyektiv hesabatlar dərc edən, məlumatlar yayan yalnız onlar deyil. Belə təşkilatlar o qədərdir ki... Bəzi siyasi partiyalar da seçkinin nəticələri haqda obyektivlikdən, reallıqdan uzaq hesabatlar dərc edib. Elə adamlar və təşkilatlar var ki, hər hansı müşahidə, təhlil aparmadan, hüquqi cəhətdən əsaslandırmadan məlumatlar yayıblar. Onların nəinki müşahidəçiləri olmayıb, hətta özləri də seçkiyə gəlməyiblər.
Seçki qanunla tənzimlənən bir prosesdir. Seçki dövründə qanunun hər hansı tələbi pozulmayıb. İki nəfəri çıxmaqla namizəd olmaq istəyən bütün şəxslərə imza vərəqi verilmişdi. Kim imza yığa bildisə, qeydiyyata alındı, lazımi sənədləri təqdim edə bilməyənlər isə alınmadı. Bununla bağlı heç bir şikayət olmayıb. Təbliğat-təşviqat dövründə hamıya bərabər şərait yaradıldı. Prosesi izləmək istəyən müşahidəçilərin hamısı qeydiyyata alındı. Mərkəzi Seçki Komissiyası hər bir məntəqə üzrə müşahidəçilərin siyahısını hazırlayıb. Hansı məntəqədə neçə müşahidəçinin olması, hansı partiyanı, beynəlxalq təşkilatı, QHT-ni təmsil etməsi adbaad göstərilib. Həmin siyahı bizdə də var. YAP-ı çıxsaq, seçkidə iştirak edən digər partiyaların hamısı Azərbaycandakı seçki məntəqələrinin yalnız 10 faizində müşahidə aparıblar. Məntəqələrin 90 faizində müxalifətin bir nəfər də olsun müşahidəçisi olmayıb. Yalnız Bakı və Bakı ətrafında müəyyən qədər müşahidə aparıblar. Ölkənin digər yerlərində müşahidəçiləri olmayıb. Onlar seçkiyə necə obyektiv rəy verə bilərlər? Bu, beynəlxalq müşahidəçilərə də aiddir.
Seçki dövründə Anar Məmmədlinin cəmi üç nəfər işçisi olub. Üç işçisi olan adam Azərbaycanda keçirilən seçkiyə necə rəy verə, hesabat hazırlaya bilər? Anar Məmmədli oturub otağında, qəzetlərdə, saytlarda yazılan böhtanı, şəri köçürüb kağıza və bunu hesabat adı ilə yayıb, müxtəlif təşkilatlara göndərib. Guya ki, bu rəydir. Bunun sayəsində də həmin təşkilatlardan qrant formasında yaxşı pul alıb, maliyyələşib. Yəqin həmin pulu da verənlərlə bölüb. Xarici təşkilatların qrantları hansı formada verdiyi məlumdur. Anar Məmmədli də bunun qarşılığı olaraq qrant verənlərin tələb etdiyi rəyi yazaraq onlara göndərib. Seçkiyə rəy yazmaq, hesabat hazırlamaq üçün bütün məntəqələrdə müşahidəçilər olmalıdır, prosesin başlanğıcından sonunadək monitorinq aparılmalıdır. Bunun üçün də savadlı, seçki texnologiyalarını, müşahidəçilik sistemini bilən insanlar olmalıdır. Bunların heç biri yoxdur. Səndə bunların heç biri yoxdursa, necə mərkəz yarada, hesabat yaza, rəy verə bilərsən? Amma bunun Anar Məmmədlinin həbsinə aidiyyəti yoxdur. Onun həbsi sırf qanunsuz kommersiya fəaliyyəti, vergidən yayınma ilə bağlıdır.

Paylaş:
Baxılıb: 1021 dəfə

Xəbər lenti

Hamısına bax

Analitik

Xəbər lenti

YAP xəbərləri

MEDİA

Siyasət

Arxiv
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30