Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Müsahibə / Yeni Azərbaycan Partiyası gənclərlə bağlı layihələrə böyük əhəmiyyət verir

Yeni Azərbaycan Partiyası gənclərlə bağlı layihələrə böyük əhəmiyyət verir

26.07.2014 [10:46]

Yeni Azərbaycan Partiyası (YAP) Siyasi Şurasının üzvü, partiyanın Gənclər Birliyinin sədr müavini Samirə Quliyeva www.yap.org.az saytına müsahibə verib:
- Samirə xanım, Yeni Azərbaycan Partiyasının Gənclər Birliyi maraqlı layihələrlə çıxış edir. Belə layihələrdən biri də “Yay məktəbi”dir. Sizcə, bu layihənin əhəmiyyəti nədən ibarətdir?
- Ölkəmizin ən güclü siyasi qüvvəsi olan Yeni Azərbaycan Partiyası uğurlu fəaliyyəti ilə ictimaiyyətin böyük dəstəyini qazanıb. Partiyanın həyata keçirdiyi bir sıra layihələr isə bu dəstəyi daha da gücləndirir. YAP-ın bir sıra sahələri özündə ehtiva edən müxtəlif səpkili layihələrində cəmiyyətin bütün təbəqələri əhatə olunub. Cəmiyyət üzvləri də Yeni Azərbaycan Partiyası tərəfindən atılan bu addımları həmişə yüksək qiymətləndirib, bu cür aksiyalarda böyük fəallıq nümayiş etdiriblər. Bütün bunlardan əlavə, ölkə gəncliyi, onlara olan diqqət və qayğı da YAP-ın fəaliyyətində əsas yerlərdən birini tutur. Təsadüfi deyil ki, məhz YAP Gənclər Birliyi tərəfindən bir neçə ildir ki, böyük uğurla davam etdirilən və bütün ölkəmizin bölgələrindən olan gəncləri əhatə edən “Yay məktəbi” layihəsi artıq ənənəyə çevrilib.
Hər il təşkil olunan layihə gənclər tərəfindən böyük maraqla qarşılanır. 2007-ci ildən həyata keçirilən “Yay məktəbi”nin bu il iştirakçılarının sayı ümumilikdə 800 nəfərdən çox olmalıdır.
Bu layihənin həyata keçirilməsində məqsəd Azərbaycan ərazisində yaşayan bütün gənclərin bir-birini daha yaxından tanımaları, onların arasında səmimi münasibətlərin yaradılması, ölkədə ictimai həyatın istənilən sahəsində dinamik inkişaf haqqında gənclərə dolğun məlumatların çatdırılması, tanınmış siyasətçilərlə görüşlərin təşkil edilməsi, gənclərin ictimai-siyasi fəallığının artırılması, asudə vaxtının səmərəli təşkili və gələcəkdə müxtəlif sahələrdə çalışacaq gənclərdə liderlik kimi mühüm xüsusiyyətlərin formalaşdırılmasıdır.
“Yay məktəbi”ndə YAP-ı təmsil edən millət vəkilləri, eləcə də, hökumət nümayəndələri gənclərin qonağı olurlar. Onlar müxtəlif mövzular ətrafında fikirlərini bölüşür, gəncləri maraqlandıran suallara cavab verirlər. Təbii ki, bütün bunlar gənclərdə böyük maraq oyadır və yaddaqalan xatirələrə çevrilir. Eyni zamanda, gənclərlə iş baxımından da, bu layihənin əhəmiyyəti xüsusi qiymətləndirilməlidir. Bu tədbirlər vasitəsilə bir daha əmin oluruq ki, belə layihələr gənclərin inkişafına nə dərəcədə müsbət təsir göstərir.
Yeri gəlmişkən, qeyd edim ki, builki “Yay məktəbi” layihəsində maraqlı seminarlar, təlimlər və digər tədbirlər təşkil olunur. Onlardan bir neçəsini diqqətinizə çatdırmaq istəyirəm. Belə ki, seminarlardan “Hüquqi dövlətin əsas prinsipləri”, “İKT və informasiya təhlükəsizliyi”, “Ulu öndər Heydər Əliyevin ideyaları və müasir dövlət quruculuğunda gənclərin rolu”, “Dağlıq Qarabağ münaqişəsi və aidiyyəti beynəlxalq təşkilatlar” mövzularını nümunə kimi göstərmək olar. Eləcə də, “YAP GB-nin beynəlxalq əlaqələri”, “Azərbaycan gəncliyi və dini tolerantlıq”, “Sağlam həyat, sağlam gənclik”, “Sən Gəncsən! Uğur Qazan”, “Gənclərin bələdiyyə seçkilərinə hazırlığı” və digər mövzularda keçirilən təlimlər gənclər tərəfindən böyük maraqla qarşılanır. Bundan əlavə, “Yeni Azərbaycan Partiyası və gənclik”, “Ümummilli lider Heydər Əliyevin Azərbaycan mətbuatının inkişafında rolu”, “Dünyanın müasir siyasi xəritəsində dövlətlərarası ziddiyyətlər”, “Xaricdə təhsil karyeranıza necə təsir edə bilər?” və s. mövzularda keçirilən diskussiyalarda da gənclərimiz fəal iştirak edirlər.
- Yeni Azərbaycan Partiyası gəncliyin inkişafına xüsusi diqqət yetirir və gənclərlə bağlı layihələr partiya tərəfindən daim dəstəklənir. Bütövlükdə, partiyanın gənclər siyasətini necə şərh edərdiniz?
- Azərbaycanın siyasi palitrasının ən güclü və nüfuzlu siyasi təşkilatı olan Yeni Azərbaycan Partiyası öz sıralarında cəmiyyətin bütün təbəqələrini təmsil edən insanları birləşdirir. Eyni zamanda, cəmiyyətin ən dinamik təbəqəsi kimi çıxış edən gənclərin əksəriyyəti YAP sıralarında təmsil olunur və ictimai-siyasi proseslərdə aktiv iştirak edirlər. Bunun başlıca səbəbi ölkəmizdə həyata keçirilən gənclər siyasətinə paralel olaraq YAP-ın Azərbaycan gəncliyinin inkişafına xüsusi diqqət yetirməsidir. Xüsusi olaraq qeyd etmək istəyirəm ki, özündə yüksək intellektual potensialı birləşdirən Yeni Azərbaycan Partiyasının sıralarında gənclər böyük üstünlük təşkil edirlər və partiya sıralarına yeni qoşulanların mütləq əksəriyyəti də gənclərdən ibarətdir. Bu gün YAP üzvlərinin 40 faizə qədərini gənclər təşkil edir.
Bilirsiniz ki, Yeni Azərbaycan Partiyası öz fəaliyyətində daim üzvlərinin rəy və təkliflərini nəzərə alır və demokratik idarəçilik prinsiplərini layiqincə tətbiq edir. Bu baxımdan, gənclərin düşüncə və ideyaları hər zaman diqqət mərkəzində saxlanılır. Gənclərin irəli sürdüyü layihələr mütəmadi olaraq öyrənilir, milli maraqlara uyğun olan və dövrümüzlə uzlaşan kreativ fikirlər praktikada uğurla reallaşdırılır. Bütün bunların həyata keçirilməsi üçün mütəmadi olaraq gənclərin fikirləri, təklif və tövsiyələri öyrənilir. Qeyd etmək istəyirəm ki, bu yaxınlarda da partiya işinin təkmilləşdirilməsi və səmərəliliyinin artırılmasını təmin etmək məqsədilə YAP GB gənclər arasında müxtəlif istiqamətləri əhatə edən sorğu keçirib. Bu sorğuda gənclərin YAP sıralarında fəaliyyətinin başlıca istiqamətlərini nələr şərtləndirir, gənclərimiz gənc liderlərin hazırlanması istiqamətində Yeni Azərbaycan Partiyasının hansı layihələrini daha səmərəli hesab edir, daha çox hansı istiqamətli layihələrin həyata keçirilməsinə üstünlük verirlər və s. kimi suallar qoyulmuşdu.
Sorğuda öz əksini tapan suallara gənclərin cavablarının təhlili nəticəsində bir daha belə bir qənaətə gəldik ki, gənclərimizin partiyaya axını onların Ulu öndər Heydər Əliyevin ideyalarına sədaqətlərini, Prezident İlham Əliyevin siyasətinə inamlarını ifadə etməklə yanaşı, bir daha bu reallığı da təsdiqləyir ki, YAP sıralarına qoşulmaqla gənclər öz potensiallarından səmərəli istifadə etmək, dövlətə, dövlətçiliyə xidmət göstərmək üçün böyük meydan görürlər. Bunun həyata keçirilməsi üçün isə YAP rəhbərliyi gənclərin siyasi fəallığının artırılmasına, beynəlxalq əlaqələrinin genişləndirilməsinə, ümumiyyətlə, ayrı-ayrı sahələr üzrə müxtəlif layihələrin keçirilməsinə xüsusi diqqət yetirir.
- Müasir gəncliyin YAP-a üz tutmasını, öz siyasi gələcəyini bu partiya ilə bağlamasını daha hansı amillərlə izah edərdiniz?
- Yeni Azərbaycan Partiyası öz sıralarında 600 mindən çox insanı birləşdirərək, nəinki Azərbaycanda, eyni zamanda, bölgədə böyük siyasi qüvvəyə çevrilə bilib. Öz fəaliyyətini xalqın iradəsi əsasında davam etdirən, iştirak etdiyi bütün seçkilərdə üstün qələbələr qazanan, siyasi palitranın avanqard siyasi təşkilatı olan Yeni Azərbaycan Partiyasında təmsil olunmaq isə çox böyük şərəf və məsuliyyətdir. Partiyamızın inkişafında ölkə əhalisinin ən fəal təbəqəsini təşkil edən gənclərin özünəməxsus yer tutması, eləcə də, diqqət və qayğı ilə əhatə olunmuş gənclərin YAP-ın qüdrətinin və gücünün əhəmiyyətli dayaqlarından birinə çevrilməsi Ümummilli lider Heydər Əliyevin dediyi “Gənclər bizim partiyamızın sıralarında xüsusi qayğıya malik olmalıdırlar” fikrinin gerçəkliyə çevrilməsinin təsdiqidir. Partiya sıralarında gənclərin sayının durmadan artması isə Yeni Azərbaycan Partiyasında gənclik enerjisini artırmaqla gələcək inkişafımıza etibarlı təminat yaradır.
Qeyd etdiyim kimi, Yeni Azərbaycan Partiyasının üzvlərinin 40 faizə qədəri gənclərdən ibarətdir. Heç şübhəsiz, gənclərin partiyamıza axınının sürətlənməsində Yeni Azərbaycan Partiyasının Sədri, ölkə Prezidenti cənab İlham Əliyevin həyata keçirdiyi dövlət gənclər siyasəti xüsusi əhəmiyyət kəsb edir. Nəticə etibarilə, Ümummilli lider Heydər Əliyevin ideyaları əsasında fəaliyyət göstərən Yeni Azərbaycan Partiyasının milli maraqlara əsaslanan siyasət həyata keçirməsi, gənclərə xüsusi diqqət və qayğı göstərməsi və digər pozitiv məqamlar gənclərin YAP-a üz tutmasını şərtləndirir.
Yeni Azərbaycan Partiyasının, o cümlədən, partiyamızın Gənclər Birliyinin özündə yüksək intellektual potensiala malik şəxsləri və bütün təbəqələrdən olan insanları birləşdirməsi ilə yanaşı, partiya strukturlarında gender bərabərliyinin təmin olunduğu da müşahidə edilir. Yüksək intellektual səviyyəyə sahib olan gənc xanımlar partiyamıza üz tutur, bir sıra hallarda onlara yüksək etimad göstərilməsinin nəticəsi olaraq, idarəetmə strukturlarında təmsil olunurlar. Bu isə digər siyasi partiyalar və təşkilatlar üçün əsl nümunə kimi çıxış edir.
- Samirə xanım, bu gün Azərbaycanda uğurlu gənclər siyasəti həyata keçirilir. Ölkəmizin dinamik inkişaf etdiyi bir şəraitdə bu siyasətin vacibliyini necə səciyyələndirərdiniz?
- Son illər ölkədə həyata keçirilən genişmiqyaslı islahatlar Azərbaycanı yalnız regionun deyil, həm də Avropanın siyasi cəhətdən ən stabil ölkəsinə çevirib, beynəlxalq aləmdə yüksək nüfuz qazanmasını, iqtisadi inkişaf tempinə görə dünyada lider ölkələr sırasına daxil olmasını təmin edib. Bununla yanaşı, ölkəmizin ictimai həyatın bütün sahələrində əldə etdiyi nailiyyətlər dövlət gənclər siyasətindən də yan ötməyib. Prezident İlham Əliyevin Fərman və sərəncamları ilə bir sıra sahələr üzrə gənc kadrların məsul dövlət vəzifələrinə təyin olunması, dövlət quruculuğunda gənclərin iştirakına geniş şərait yaradılması, gənc ailələrə kömək göstərilməsi, qaçqın və məcburi köçkün ailələrindən olan yeniyetmə və gənclərin hüquqlarının qorunması, sosial problemlərinin həlli, gənclərin hərbi vətənpərvərlik tərbiyəsi və digər strateji reallıqlar dövlət gənclər siyasətinin əsasını təşkil edir.
Azərbaycanda gənclər siyasəti, həqiqətən də, çox böyük əhəmiyyətə malikdir. Əsası Ümummilli liderimiz Heydər Əliyev tərəfindən qoyulan bu siyasət nəticəsində Azərbaycan gəncliyi yüksək inkişaf mərhələsini yaşayır. Ulu öndərimizin müəyyənləşdirdiyi gənclər siyasəti Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Bu siyasət, eyni zamanda, müasir dövrün tələblərinə və reallıqlarına uyğun olaraq mahiyyət və keyfiyyətcə yeni bir mərhələyə qədəm qoyub. Bu siyasətin başlıca istiqamətlərindən biri gənclərə dövlət dəstəyinin gücləndirilməsindən, onlara hərtərəfli diqqət göstərilməsindən ibarətdir. Son illər respublikamızda həyata keçirilən tədbirlər gənclərin hərtərəfli inkişafının təmin olunması üçün siyasi, sosial-iqtisadi, təşkilati-hüquqi şərait və təminatların yaradılmasını sürətləndirib, onların ictimai-siyasi fəallığının artmasına kömək edib. Bu gün ölkəmizdə gənclər siyasəti dövlət siyasətinin mühüm tərkib hissəsinə çevrilib. Azərbaycan gəncliyi ictimai həyatın bütün bölmələrində aktiv fəaliyyəti ilə seçilir, siyasi, iqtisadi, humanitar, sosial tədbirlərin həyata keçirilməsində mühüm rol oynayır.
Eyni zamanda, son bir neçə il ərzində bilavasitə gənclərlə bağlı xeyli sayda normativ sənədin qəbul olunması ölkəmizdə gənclərlə iş sahəsində gənclərin sosial-iqtisadi inkişafına yönəldilmiş mükəmməl qanunvericilik bazasının formalaşdırılmasından xəbər verir. Prezident İlham Əliyev tərəfindən ölkədə həyata keçirilən gənclər siyasəti gənclərin bütün təbəqələrinin hərtərəfli inkişafını, ölkənin ictimai-siyasi həyatında onların yaxından iştirakını təmin etməkdədir. Yeni mərhələdə dövlət başçısı tərəfindən gerçəkləşdirilən siyasət ən müxtəlif sahələri əhatə etməklə, geniş spektrlidir. Belə ki, bu siyasət gənclərin tərbiyəsi, sağlamlığı, təhsili, intellektual və mənəvi inkişafı, asudə vaxtının səmərəli təşkili, həmçinin, gənclərin cəmiyyət həyatının bütün sahələrində fəal iştirakı ilə bağlı məsələləri əhatə edir. Gənclərlə düzgün iş strategiyasının müəyyənləşdirilməsi və bu strategiyadan irəli gələn vəzifələrin dəqiqliklə yerinə yetirilməsi nəticəsində bu gün Azərbaycan gənci idman, elm, mədəniyyət, incəsənət və s. sahələrdə böyük nailiyyətlər əldə edir, dövlətçilik ənənələrini daim uca tutur, çoxşaxəli dövlət islahatlarının həyata keçirilməsində yaxından iştirak edir. Məhz Prezident İlham Əliyevin böyük əməyi və səyi nəticəsində Azərbaycan gəncliyi artıq cəmiyyətin inkişafında ciddi rolu olan fəal sosial təbəqəyə çevrilib. Bu, ondan irəli gəlir ki, Prezident İlham Əliyev gənclərə malik olduqları bilik və bacarıq potensialları müqabilində bütün sahələrdə geniş meydan verməyin tərəfdarıdır və bunun təmin edilməsi üçün diqqət və qayğısını əsirgəmir. Bu baxımdan hazırkı mərhələdə gənclər siyasətinin əsasını məhz ölkəmizin davamlı inkişafı prosesində gənclərin imkanlarından səmərəli istifadə edilməsi üçün hər cür şəraitin yaradılması təşkil edir.

Paylaş:
Baxılıb: 1008 dəfə

Xəbər lenti

Hamısına bax

İqtisadiyyat

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

İqtisadiyyat

YAP xəbərləri

Gündəm

Arxiv
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30