Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Müsahibə / Azərbaycanla Türkiyə strateji müttəfiq ölkələrdir

Azərbaycanla Türkiyə strateji müttəfiq ölkələrdir

21.08.2014 [09:46]

Seymur Orucov: YAP Gənclər Birliyi ilə AKP-nin Gənclik Qolları arasında yaxşı münasibətlər mövcuddur
Müsahibimiz Yeni Azərbaycan Partiyası (YAP) Gənclər Birliyinin sədri, partiyanın Siyasi Şurasının üzvü Seymur Orucovdur:
- Seymur müəllim, bu yaxınlarda YAP Gənclər Birliyinin nümayəndə heyəti Türkiyədə səfərdə oldu. Səfər haqqında məlumat verməyinizi xahiş edirik...
- Yeni Azərbaycan Partiyası (YAP) ilə Türkiyənin Ədalət və İnkişaf Partiyasının (AKP) çox sıx münasibətləri var. Bu da səbəbsiz deyil. Bu, ilk olaraq iki dost və qardaş ölkənin bir-birinə olan münasibətinin təzahürüdür. Eyni zamanda, partiya sədrləri cənab İlham Əliyevlə cənab Rəcəb Tayyib Ərdoğanın dostluq münasibətləri də partiyalarımızın arasında əlaqələrin inkişafına öz töhfələrini verir. Bir millət, iki dövlət olaraq bütün məsələlərdə Azərbaycan və Türkiyə bir-birini dəstəkləyir. Biz strateji müttəfiq ölkələrik. Bu mənada hər iki ölkənin gənclərinin də sıx dostluq münasibətlərində olması təbii qanunauyğunluqdur. O cümlədən də, YAP Gənclər Birliyi ilə AKP-nin Gənclik Qolları arasında da yaxşı münasibətlər mövcuddur.
Bilirsiniz ki, hər iki partiyanın gəncləri vaxtaşırı qarşılıqlı səfərlər edir və bu səfərlər zamanı müxtəlif layihələrlə bağlı razılaşmalar əldə olunur. AKP Gənclik Qollarının nümayəndə heyətinin ölkəmizə son səfəri zamanı da əməkdaşlığa dair müəyyən sənədlər imzaladıq. Bunlardan biri də seçki prosesi ilə əlaqədar təcrübə mübadiləsi həyata keçirməkdir. Səhv etmirəmsə, AKP artıq 9-cu seçkidir ki, qalib gəlir. YAP Gənclər Birliyi olaraq, təcrübə mübadiləsi proqramı çərçivəsində ilk dəfə bu ilin mart ayında Türkiyədə keçirilən bələdiyyə seçkiləri ilə bağlı təbliğat-təşviqat prosesində iştirak etdik. Bu dəfə isə 6-11 avqust tarixlərində “Prezident seçkilərində Ədalət və İnkişaf Partiyasının Gənclik Qollarının Təcrübə Mübadiləsi Proqramı” çərçivəsində Türkiyədə səfərdə olduq. Bu səfərdə mən, YAP Gənclər Birliyi İdarə Heyətinin üzvü Həsən Daşdəmirov və YAP Gənclər Birliyi Ofisinin rəhbəri Əli Pənahov iştirak etdik. Səfər zamanı biz İstanbul və Ankara şəhərlərində AKP-nin seçki mitinqlərində iştirak etdik, AKP-çi gənclərin təbliğat prosesində necə fəaliyyət göstərdiyi, hansı seçki texnologiyalarından istifadə etdiklərini izlədik. Qeyd edim ki, biz Türkiyəyə müşahidəçi qismində getməmişdik, sadəcə, yuxarıda adını çəkdiyim proqram çərçivəsində təbliğat prosesini izlədik. Paytaxt Ankarada AKP-nin lideri Rəcəb Tayyib Ərdoğan mitinqdən sonra nümayəndə heyətləri ilə görüşərkən YAP-ın nümayəndə heyəti ilə də salamlaşdı, hörmət və ehtiramını bildirdi. Həqiqətən də, dar vaxt çərçivəsində bizə yüksək diqqət göstərildi.
- Sizcə, seçkilərin nəticələri Azərbaycan-Türkiyə münasibətlərinin gələcək inkişafına necə təsir edəcək?
- Azərbaycan-Türkiyə münasibətlərini ən gözəl xarakterizə edən Ümummilli lider Heydər Əliyevin “Bir millət, iki dövlət” kəlamıdır. Tarix göstərir ki, hər zaman xalqlarımız və cəmiyyətimiz bu mövqedən çıxış edərək bir-birinin köməyinə çatıblar. Ümumiyyətlə, ölkələr arasında qarşılıqlı faydalı əməkdaşlığa əsaslanan tərəfdaşlıq münasibətləri mütəmadi surətdə inkişaf etməkdə və yeni keyfiyyət çalarları ilə zənginləşməkdədir. Hər iki ölkəni bir-birinə bağlayan strateji əsaslar xalqlararası dərin inteqrasiya, ortaq milli keçmişə və dəyərlərə malik olmaq, eyni zamanda, milli maraqların uzlaşdırılmasıdır.
Azərbaycanla Türkiyənin qarşılıqlı faydalı əməkdaşlığını uğurlu edən başlıca strateji əsaslar məhz hər iki ölkənin beynəlxalq müstəvidə bir-birinə dəstək olması, eyni zamanda, Ankara ilə Bakının dünya siyasətində mövqelərinin sürətlə güclənməsidir. Məhz bu faktor beynəlxalq münasibətlər sistemində hər iki ölkənin qarşılıqlı faydalı əməkdaşlığını şərtləndirməkdədir. Bu kontekstdə Türkiyənin Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı tutduğu mövqe xüsusilə təqdir olunur. Ermənistan tərəfindən Azərbaycan torpaqlarının işğalına etiraz əlaməti olaraq, 1993-cü ildən etibarən Türkiyə işğalçı ölkə ilə əlaqələrə son qoyaraq sərhədləri bağlayıb. Eyni zamanda, Türkiyə dövləti beynəlxalq təşkilatların Azərbaycanın işğala məruz qalması faktını təsdiqləyən və beynəlxalq hüquqa zidd əməlin dayandırılmasını tələb edən qərarlarının qəbul olunmasında ölkəmizi hər zaman dəstəkləyib.
Şübhəsiz, dünyanın aparıcı dövlətləri kimi, Türkiyə də Cənubi Qafqazı özünün maraq dairəsi hesab edir və bölgədə aktiv siyasət yeridir. Ona görə də Cənubi Qafqazın köklü problemlərinin özünün və strateji tərəfdaşlarının milli maraqlarına müvafiq qaydada həll edilməsi vəzifəsi Ankaranın strateji kursunun əsasında dayanır. Cənab Rəcəb Tayyib Ərdoğanın timsalında dəfələrlə elan edilib ki, Cənubi Qafqazda uzunmüddətli sülh, sabitlik və təhlükəsizlik mühitinin yaranması üçün Dağlıq Qarabağ münaqişəsinin ədalətli şəkildə həll edilməsi lazımdır. Azərbaycan və Türkiyə daim beynəlxalq arenada bir-birlərinə xüsusi dəstək verir. İstər BMT çərçivəsində, istər çoxtərəfli münasibətlər formatında, istərsə də qlobal miqyaslı digər münasibətlər fonunda Bakı və Ankaranın qarşılıqlı faydalı münasibətləri müşahidə edilir.
Mühüm strateji məqamlardan biri də budur ki, Azərbaycan-Türkiyə əməkdaşlığı regional və beynəlxalq təhlükəsizliyə müstəsna töhfələr verir. Bu, xüsusilə də, hər iki dövlətin iştirakı ilə reallaşdırılan enerji layihələrinin fonunda müşahidə olunur. Bu layihələr bütövlükdə Avropanın enerji təhlükəsizliyində mühüm rol oynamaqla yanaşı, Azərbaycanla Türkiyənin beynəlxalq müstəvidə mövqeyi və nüfuzunu xeyli dərəcədə gücləndirir. Hər iki ölkənin birgə iştirakçılığı və əməkdaşlığı əsasında icra olunan layihələr regional çərçivədən çıxaraq qlobal xarakter kəsb edir. Uğurla reallaşan Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum neft və qaz kəmərləri, tikilməkdə olan Bakı-Tbilisi-Qars dəmir yolu Avropa ilə Asiyanı birləşdirən dəhliz funksiyasını yerinə yetirən Azərbaycanın enerji və coğrafi imkanlarından səmərəli istifadə etməyə imkan verir. İcrası planlaşdırılan Transanadolu qaz kəməri (TANAP) və Transadriatik qaz kəməri (TAP) layihələri iki ölkə arasında təkcə iqtisadi deyil, təhlükəsizlik əlaqələrini də daha da gücləndirəcək.
Bir sözlə, görünən odur ki, Azərbaycan-Türkiyə strateji münasibətləri ən yüksək səviyyədə inkişaf edir. Fikrimcə, cənab Ərdoğanın Türkiyənin prezidenti seçilməsi mövcud əlaqələrimizin inkişafında öz sözünü deyəcək. Bu iki qardaş ölkə arasında əməkdaşlıq isə bütövlükdə regionun inkişafına və türkdilli dövlətlər arasında əlaqələrin genişlənməsinə stimuldur.
- Təcrübə mübadiləsi proqramı nə kimi nəticələr verir? Türkiyədəki seçki kampaniyası ilə bağlı təəssüratlarınız necədir?
- Türkiyə demokratik ölkədir və seçki prosesi çox rəngarəng, maraqlı layihələrlə həyata keçirilirdi. Biz şahidi olduq ki, AKP nə qədər müasir seçki texnologiyalarından istifadə edir. YAP Gənclər Birliyi olaraq, ölkəmizdə keçirilən seçki kampaniyalarında yaxından iştirak edirik və gələcək seçkilərdə AKP gənclərinin təcrübəsindən də yararlanmaq bizim üçün faydalı olacaq. Qeyd edim ki, əhali AKP-nin təbliğat mitinqlərində fəal iştirak edirdi və böyük əksəriyyət cənab Ərdoğanı dəstəkləyirdi. Bu, seçki günü özünü bir daha təsdiqlədi. İnsanlar hesab edirdilər ki, AKP liderinin prezident seçilməsi Türkiyə dövlətinə yalnız fayda verəcək. AKP-nin seçki şüarı belə idi ki, “İnkişafa, istiqrara davam deyirik”. Hazırda bu ölkədə böyük layihələr həyata keçirilir. İstanbulda yeni hava limanı, eləcə də, üçüncü körpü tikilir. Eyni zamanda, “Marmara ray” layihəsinin icrası davam edir. Bu layihələrin həyata keçirilməsi üçün Türkiyəyə sabitlik lazımdır. Tez-tez baş verən hakimiyyət dəyişikliyi, sabitliyin pozulması ölkələrə böyük ziyan vurur. Seçkilərin nəticəsi göstərdi ki, Türkiyədə xalqını sevən lider var və qalib gəldi. Səsvermə günü Türkiyə xalqı öz iradəsini ifadə etdi.
- Bəs səfər zamanı hansı görüşləriniz oldu?
- Səfər çərçivəsində bizim Türkiyənin Avropa İttifaqı üzrə naziri Mövlud Çavuşoğlu ilə görüşümüz oldu. Azərbaycan ictimaiyyəti onu yaxşı tanıyır. Cənab Çavuşoğulunun nüfuzlu beynəlxalq tribunalardan Qarabağ həqiqətlərini bəyan etməsi, Azərbaycanın ədalətli mövqeyini dəstəkləməsi cəmiyyətimiz tərəfindən rəğbətlə qarşılanır. Bundan əlavə, nümayəndə heyətimiz Baş nazirin müavini Bəşir Atalay, çevrə və şəhərçilik naziri İdris Güllücə, AKP-nin sədr müavini, xarici işlər üzrə sədr Yasin Aktay, AKP Gənclik Qollarının sədri Zafer Çubuqçu, Türkiyə Nazirlər Kabineti Xalq Diplomatiyasının direktoru Cemalettin Haşimi, eləcə də, bu ölkədə səfərdə olan Makedoniyanın dövlət naziri Furkan Çako ilə görüşlər keçirib, fikir mübadiləsi apardıq.
- YAP Gənclər Birliyi ilə AKP-nin Gənclik Qolları arasında perspektiv əməkdaşlığı haqqında nə deyə bilərsiniz? Gələcək yeni ortaq layihələriniz nəzərdə tutulurmu?
- Əlbəttə ki, AKP-nin gəncləri ilə əməkdaşlığımızı daha da gücləndirməyi nəzərdə tuturuq. Yaxın vaxtlarda AKP-nin növbəti qurultayı olacaq. Bu ölkənin konstitusiyasına görə prezident partiya sədri ola bilməz. 27 avqustda qurultay keçirilməsi nəzərdə tutulur. Yeni seçiləcək heyət müəyyənləşəndən sonra onlarla əməkdaşlığı daha da genişləndirəcəyik. AKP iqtidar partiyasıdır, 10 idən çoxdur ki, yaxşı əlaqələrimiz var. Biz AKP Gənclik Qollarının rəhbərliyini ölkəmizə səfərə dəvət etmişik. Səfər zamanı perspektiv əməkdaşlıq barədə fikir mübadiləsi aparacağıq.
Biz Türkiyədə olarkən təklif edildi ki, Balkanlarda yaşayan türklərlə əlaqələri genişləndirək. Çünki buna böyük ehtiyac var. Hər iki partiyanın gəncləri bu məsələ ilə bağlı ortaq layihələr həyata keçirməyi düşünür. Eyni zamanda, qərara gəldik ki, yaxın gələcəkdə böyük forum keçirək. Asiya, Afrika regionunda və başqa yerlərdə əməkdaşlıq etdiyimiz partiyaların gənclərini Bakı şəhərində toplayaq və bu ilin sonuna qədər Bakıda 1-ci Avrasiya Gənclər Forumu keçirək. Bu yöndə ilkin danışıqlara başlamışıq. Ümid edirəm ki, bu təşəbbüsümüz uğurlu alınacaq.
AKP Gənclik Qollarının rəhbərliyi ilə belə razılığa gəlmişik ki, Azərbaycanda da seçkilər ərəfəsində onlar da bizim təbliğat-təşviqat işlərimizi izləmək üçün ölkəmizə səfər etsinlər. Həmçinin, nəzərdə tuturuq ki, qarşı tərəfin ölkəmizə səfəri zamanı ölkəmizdə gənclər üçün ortaq “Qış məktəbi” layihəsini həyata keçirmək məsələlərini müzakirə edək. Hesab edirik ki, bu çərçivədə də qarşılıqlı təcrübə mübadiləsi hər iki partiyanın gəncləri üçün faydalı olacaq. Ona görə də, belə bir layihənin reallaşdırılması yönündə müzakirələr aparılacaq.
- Seymur müəllim, Azərbaycanla Türkiyə arasında təhsil sahəsində də yaxşı əməkdaşlıq var. Minlərlə azərbaycanlı gənc bu ölkədə təhsil alır. Sizcə, bu amil dövlətlərarası əlaqələrin inkişafına necə təsir edir?
- Bəli, hər iki ölkə təhsil sahəsində də sıx əməkdaşlıq edir. Bu il Türkiyədə təhsil alan gənclərimizin sayı 10 minə yaxınlaşacaq. Bu ölkədə Azərbaycan Türkiyə Kültür və Eyitim Dayanışma Dərnəyi fəaliyyət göstərir ki, tələbə-gənclərimizlə işlərini qurur. Biz bu təşkilatla əməkdaşlığa başlamışıq. Təşkilat QHT olaraq fəaliyyətə başlayıb və Türkiyənin 40-a qədər regionunda təmsilçiliyi açılıb. Biz onlara dəstəklə bağlı əlimizdən gələni etməyə çalışırıq. Onlar bizim tələbələrlə görüşlər keçirirlər, yataqxanalar tikmək istəyirlər. Bütövlükdə, hesab edirəm ki, bu, Azərbaycanın təbliği ilə bağlı vacib təşkilatdır. Həmin qurum azərbaycanlı tələbələri xaricə staj proqramlarına da göndərir. Məqsəd tələbələrin daha yaxşı biliklər qazanmasıdır. Fikrimcə, görülən bu işlər dövlətimiz üçün də çox faydalı olacaq. Ümumilikdə isə, təhsil sahəsində əməkdaşlıq hər iki ölkənin münasibətlərində vacib yer tutur.

Paylaş:
Baxılıb: 878 dəfə

Xəbər lenti

Hamısına bax

Analitik

Xəbər lenti

YAP xəbərləri

MEDİA

Siyasət

Arxiv
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30