Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Müsahibə / Azərbaycan sahibkarlığın inkişafı üçün münasib ölkədir

Azərbaycan sahibkarlığın inkişafı üçün münasib ölkədir

20.11.2014 [10:00]

Azərbaycan Respublikası Sahibkarlar (işəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının Prezidenti Məmməd Musayev www.yap.org.az saytına müsahibə verib:
- Məmməd müəllim, öncə Yeni Azərbaycan Partiyasının yaranmasının 22-ci ildönümü münasibətilə ürək sözlərinizi dinləmək istərdik.
- Bildiyiniz kimi, Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin banisi və qurucusu olduğu Yeni Azərbaycan Partiyası Azərbaycan tarixinin son dərəcə ağır və keşməkeşli günlərində, ölkənin ciddi sınaqlara məruz qaldığı bir dövrdə yaradılaraq Azərbaycanın mütərəqqi ziyalılarını bir yerə toplamış, onların təşkilatlanmasını təmin etmişdir.
Ulu öndərin rəhbərliyi ilə yaranmış partiya qısa zamanda xalqın inam və güvənc yerinə çevrildi, sabitliyin və tərəqqinin təminatçısı rolunda çıxış etdi.
Bu gün öz sıralarında 640 minə yaxın üzvü birləşdirən Yeni Azərbaycan Partiyası müstəqilliyimizin qorunması, dövlətçiliyimizin möhkəmləndirilməsi, iqtisadiyyatımızın və demokratiyanın bərqərar olunmasında və inkişafında mühüm rol oynayır.
Yeni Azərbaycan Partiyasının siyasi proseslərə təsir imkanları ildən-ilə genişlənir, sıralarına üzv olmaq istəyənlərin sayı, habelə ideyalarının cəlbedici gücü ilbəil artır.
Yeni Azərbaycan Partiyasının Sədri Prezident İlham Əliyevin qeyd etdiyi kimi “Yeni Azərbaycan Partiyasının tarixi ölkəmizin müstəqillik tarixi ilə üst-üstə düşür. Partiyanın əsas ideoloji dayaqları müstəqillikdir, azərbaycançılıqdır, müasirlikdir, inkişafdır, sosial rifahdır, iqtisadi və siyasi islahatlardır”.
Yeni Azərbaycan Partiyasının yaranmasının növbəti ildönümü münasibətilə bütün partiya fəallarını, Azərbaycan xalqını bir daha səmimi qəlbdən təbrik edirəm.
- Azərbaycanda müasir sahibkarlığın formalaşması və inkişafı barədə nə deyərdiniz?
- Azərbaycanda müasir milli sahibkarlığın inkişafı bilavasitə 1993-cü ilin ortalarından başlamışdır.
Həmin dövdə Ümummilli lider Heydər Əliyev demokratik həyat tərzinin diktə etdiyi gerçəklik kimi bazar iqtisadiyyatı prinsiplərinə sadiq qalaraq Azərbaycanın yeni dövr üçün prioritetlərini müəyyənləşdirmiş və ölkənin iqtisadi siyasətinin təməlini qoymuşdur.
Azərbaycanda ardıcıl həyata keçirilən islahatlar nəticəsində bütün istiqamətlərdə olduğu kimi sosial-iqtisadi sahədə də uğurlu nəticələr əldə edilmiş, sahibkarlığın inkişafı istiqamətində də bir sıra önəmli addımlar atılmış, bu da sağlam biznes mühitinin daha da əlverişli olmasına real şərait yaratmışdır. Son illərdə Azərbaycan iqtisadiyyatının neft sektorundan asılılığının azalması, yeni istehsal müəssisələrinin istifadəyə verilməsi, işsizliyin aradan qaldırılması və s. sosialyönümlü problemlərin həlli sahibkarlığın inkişafı ilə əhəmiyyətli dərəcədə bağlıdır.
Bu gün sahibkarlığın inkişafı ilə bağlı Azərbaycan dövləti öz iradəsini nümayiş etdirir. Sahibkarlara daim diqqət göstərilir, onlara güzəştli kreditlərin, texnikanın lizinq yolu ilə verilməsi, fermerlərə subsidiyaların ayrılması, bütövlükdə kənd təsərrüfatını, eləcə də sahibkarlığı stimullaşdıran Dövlət Ppoqramlarının qəbul olunması və onların müvəffəqiyyətlə icra olunması ölkədə sahibkarlığın inkişafına münbit şərait yaratmışdır.
- Hazırda respublikamızda sahibkarlığın inkişafı hansı səviyyədədir və konfederasiya prezidenti olaraq bu inkişafdan razısınızmı?
- İlk növbədə qeyd edək ki, Azərbaycan sahibkarlığın inkişafı üçün münasib ölkədir. Prezident İlham Əliyevin bu sahəyə göstərdiyi diqqət və qayğının fonunda sahibkarlar səmərəli fəaliyyət göstərmək imkanı əldə ediblər. Ölkədə həyata keçirilən iqtisadi siyasət sahibkarlığın inkişafının sürətləndirilməsinə, ölkənin sosial-iqtisadi problemlərinin həllində sahibkarlığın rolunun gücləndirilməsinə, bu istiqamətdə dövlət qayğısının artırılmasına və ən əsası mövcud potensialın reallaşdırılmasına yönəlmişdir. Bu məqsədlə qanunvericilik bazasının formalaşdırılması, bürokratik maneələrin aradan qaldırılması, maliyyə dəstəyinin göstərilməsi və digər sahələrdə mühüm əhəmiyyətli addımlar atılmışdır.
Son 20 il ərzində ölkədə sahibkarlıq fəaliyyətini tənzimləyən prosedur və qaydalar xeyli liberallaşdırılmış, sahibkarlığa dövlət maliyyə yardımı mexanizmi işə salınmış, ölkədə bəzi məhsullara ixrac rüsumları ləğv edilmiş, idxalda rüsumların 15 faizlik maksimal həddi müəyyənləşdirilmişdir. Eyni zamanda, respublikada tətbiq olunan vergi yükü azaldılmışdır.
Prezident İlham Əliyevin “Sahibkarlığın inkişafı ilə bağlı əlavə tədbirlər haqqında” 3 mart 2014-cü il tarixli Fərmanı sahibkarlığın inkişafına göstərilən diqqət və qayğının, bu sahəyə verilən böyük önəmin, özəl bölməyə dövlət dəstəyi tədbirlərinin ardıcıllığının göstəricisi, sahibkarlığın inkişafının yeni mərhələsinin hüquqi əsaslarını özündə əks etdirən mühüm konseptual sənəddir.
Dövlət başçısının bu Fərmanı Azərbaycanda biznes mühitinin daha da yaxşılaşdırılması, onun ən qabaqcıl təcrübələr əsasında təkmilləşdirilməsi istiqamətində mühüm tədbirlərin həyata keçirilməsi üçün əsas olmaqla, qarşıdakı illərdə sahibkarlığın inkişafı üçün geniş imkanlar açır. Fərmanla müəyyənləşdirilmiş vəzifələr aidiyyəti dövlət qurumları ilə birlikdə qabaqcıl beynəlxalq təcrübə nəzərə alınmaqla sahibkarlıq sahəsində 8 istiqamət üzrə geniş islahatların aparılmasını tələb edir.
Xatırlatmaq yerinə düşər ki, Prezident İlham Əliyevin daxili və xarici siyasəti nəticəsində son 10 ildə ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatın bütün sahələrində nailiyyətlər əldə olunmuşdur. 2004-2008-ci və 2009-2013-cü illəri əhatə edən regionların sosial-iqtisadi inkişafı Dövlət proqramlarının müvəffəqiyyətlə icra edilməsi və 2014-2018-ci illəri əhatə edən regionların sosial-iqtisadi inkişafı Dövlət proqramlarının qəbulu respublikamızın hərtərəfli tərəqqisinə və iqtisadi inkişafına güclü təkan vermişdir.
Görülmüş tədbirlərin nəticəsidir ki, 2013-cü ildə ölkə iqtisadiyyatına yönəldilmiş investisiyaların həcmi 28 milyard ABŞ dolları olmuş, bundan 17.5 milyardı daxili, 10.5 milyard dolları isə xarici investorların vəsaiti olmuşdur.
Müəyyənləşdirilmiş iqtisadi inkişaf strategiyası nəinki ölkəmizin inkişafında müstəsna rol oynayır, hətta bir model olaraq keçid iqtisadiyyatı ölkələrinin iqtisadi inkişafı baxımından nümunəyə çevrilməkdədir.
İqtisadiyyatın hərtərəfli inkişafının təmin edilməsi, o cümlədən yüksək texnologiyalar əsasında sənayenin dinamik şaxələndirilməsi, ölkədə rəqabətədavamlı sənaye məhsulları istehsalının daha da artırılması və regionlarda sahibkarlıq fəaliyyətinin genişləndirilməsi, son illər ərzində aparılan islahatlar, irəli sürülən mühüm təşəbbüslər əyani şəkildə ölkənin dinamik inkişafına təkan vermişdir.
Həyata keçirilən tədbirlər, ölkə Prezidenti tərəfindən təsdiq edilmiş “Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyasında müəyyən olunan hədəflər bir daha göstərir ki, bütün sahələri əhatə edən irimiqyaslı tədbirlərin həyata keçirilməsi bundan sonra da ölkəmizin davamlı inkişafını, onun dünyada mövqeyinin daha da möhkəmlənməsini və xalqımızın sosial-iqtisadi vəziyyətinin davamlı olaraq yaxşılaşmasını təmin edəcəkdir.
Ölkədə aparılan sosial-iqtisadi siyasətin strateji məqsədləri bazar münasibətlərinə və özünü inkişaf qabiliyyətinə malik olan sosialyönümlü, diversifikasiya olunmuş milli iqtisadiyyatın formalaşdırılması və dünya təcrübəsinə inteqrasiyanın təmin edilməsidir.
Həmçinin, regionlarda mövcud potensialdan səmərəli istifadə etməklə iqtisadiyyatın ayrı-ayrı sahələrinin inkişafı, istehsal müəssisələrinin fəaliyyətinin bərpası və daha da genişləndirilməsi, ixracyönümlü məhsul istehsalının stimullaşdırılması və sahibkarlıq fəaliyyətinin artırılması kimi vacib istiqamətdə də əməli işlər görülür.
Bildiyimiz kimi, konfederasiya ölkədə iş adamlarının maraqlarından çıxış edən və sahibkarlığın inkişafına dəstək verən ümumrespublika birliyidir. O, özündə minlərlə sahibkarlıq subyektini, o cümlədən 60-a qədər assosiasiya və birlikləri birləşdirir.
Konfederasiya Baş Kollektiv Sazişin tərəfdaşı kimi sosial dialoq məsələlərinə önəm verir. Biz yalnız sahibkarlara dəstək verməklə kifayətlənmirik, müvafiq dövlət qurumları, həmkarlar ittifaqları ilə əməkdaşlıq çərçivəsində ölkədə əmək münasibətlərinin tənzimlənməsində fəal iştirak edirik. Eyni zamanda, əmək hüquqlarının müdafiəsi, əməyin mühafizəsi, texniki və ekoloji təhlükəsizlik Azərbaycan hökuməti ilə əməkdaşlığın prioritet istiqamətlərindəndir.
Hazırda Azərbaycanda biznes mühitinin daha da yaxşılaşdırılması və ixrac potensialının artırılması məsələlərinə dövlət başçısı daha çox diqqət yetirir. Bu məqsədlə xaricdəki səfirliklərimiz, xarici dövlətlərin və beynəlxalq təşkilatların ölkəmizdə fəaliyyət göstərən diplomatik nümayəndəlikləri ilə geniş iş aparılır.
Azərbaycanın dünya bazarına ixrac olunan məhsullarına böyük maraq heç kəsə sirr deyil. Ona görə də, ölkədə istehsal edilən məhsulların rəqabət qabiliyyətinin artırılması və dünya miqyasında brendə çevrilməsi üçün iri investisiyaların ayrılmasına ciddi ehtiyac duyulur və bu istiqamətdə mühüm tədbirlər həyata keçirilir.
Bu işlərin görülməsi üçün digər tədbirlərlə yanaşı, işi günün tələbləri səviyyəsində qurmaq bacarığına malik olan kadrların hazırlanmasına ehtiyac vardır.
Bunu nəzərə alaraq, cari il oktyabrın 30-da Təhsil Nazirliyində özəl sektorun inkişaf etdirilməsi üçün yeni kadrların hazırlanması sahəsində əməkdaşlığın davam etdirilməsi məqsədilə Azərbaycan Sahibkarlar Konfederasiyası Təhsil Nazirliyi ilə Anlaşma memorandumu imzalamışdır.
Azərbaycan Sahibkarlar Konfederasiyası 2014-cü ildə İqtisadiyyat və Sənaye Nazirliyinin təşkilatçılığı ilə keçirilmiş tədbirlərdə, sərgilərdə, Vergilər Nazirliyinin keçirdiyi birgə seminarlarda, xarici ölkələrdən gəlmiş iş adamları ilə görüşlərdə, Azərbaycanın rayonlarında və iqtisadi zonalarında keçirilmiş tədbirlərdə, səfirliklərdə keçirilmiş qəbullarda, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin təşkil etdiyi elmi-praktiki konfranslarda, hüquqi məsələlərin müzakirəsində, videokonfranslarda, məzun yarmarkalarında və digər görüşlərdə yaxından iştirak etmişdir.
Azərbaycan Sahibkarlar Konfederasiyası zamanın tələblərini nəzərə alaraq, gündəlik fəaliyyətini durmadan təkmilləşdirir, müasir biliklər təcrübəsindən, modern idarəçilik üsullarından real şəkildə bəhrələnməyə çalışır. Əmin olduğumu bildirirəm ki, bütün bunlar öz real bəhrəsini verəcəkdir.
- Sahibkarlığın inkişafı ilə bağlı əsas problemlər nədir və bu problemlərə daha çox hansı bölgələrdə rast gəlinir?
- Sahibkarlığın inkişafı ilə əlaqədar ən mühüm məsələlərdən biri də budur ki, bütün regionlarda müasir dövrün tələblərinə uyğun olaraq mövcud potensialdan daha səmərəli istifadə etməklə qeyri-neft sektorunun davamlı inkişafı, infrastrukturun daha da yaxşılaşdırılması, müasir texnologiyalar tətbiq olunmaqla yeni istehsal və emal müəssisələrinin yaradılması, iqtisadiyyatın ənənəvi sahələrinin müasir üsullarla inkişafına nail olunması üzrə kompleks tədbirlər həyata keçirilsin. Təbii ki, bu tədbirlər davam etdirilir.
Azərbaycan iqtisadiyyatının neft sektorundan asılılığı sürətlə aradan qaldırılır və bu proses bu gün mühüm əhəmiyyət kəsb edir. Ölkədə kiçik və orta sahibkarlıq mühüm iqtisadi amilə çevrilir, yeni iş yerləri açılır, gələcəkdə də bu tendensiya sürətlə davam etdiriləcək.
Konfederasiya sahibkarların problemlərinin həll edilməsində, onların maariflənməsində daima maraqlıdır. Amma regionlarda sahibkarlığın inkişafının sürətləndirilməsi üçün onların təşkilatlanmasına ehtiyac var.
Bu gün aqrokimya laboratoriyalarının yenilərinin yaradılması, kənd təsərrüfatı məhsulları istehsalçılarına kreditlər verəcək kənd təsərrüfatı bankının yaradılması, drenaj- kollektor şəbəkələrinin təkmilləşdirilməsi, tədarük-satış məntəqələrinin yaradılması və digərləri həlli vacib məsələlərdən sayılmalıdır.
- Sahibkarlıqla bağlı qanunvericilikdə hansı dəyişikliklərin olmasını məqsədəuyğun hesab edirsiniz?
- Son illərdə ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən imzalanmış Fərman və sərəncamlar sahibkarlara dövlət tərəfindən xüsusi diqqət və qayğı göstərildiyini bir daha sübut edir. Bunun bariz nümunəsi kimi, 28 avqust 2013-cü il tarixdə ölkə Prezidentinin müvafiq Fərmanı ilə təsdiq edilmiş “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununu göstərmək olar.
Hal-hazırda isə Azərbaycan Respublikası Sahibkarlar (işəgötürənlər) Təşkilatları Milli Konfederasiyası Azərbaycan Respublikasının Rəqabət Məcəlləsinin və “İşəgötürənlər birlikləri haqqında” qanun layihələrinin qəbul olunması istiqamətində əməli iş aparır.
Sahibkarlıq fəaliyyətinin tənzimlənməsi ilə bağlı yeni dövrün tələblərinə cavab verən qanunvericilik bazasının yaradılması, təbii ki, zəruri məsələlərdən biridir. Bu sənədlərdə bazar münasibətləri əsasında iqtisadiyyatın inkişafına şərait yaradılması, sahibkarlığa hüquqi təminatın verilməsi, rəqabət mexanizminin formalaşması, həmçinin rəqabətin qorunması ilə bağlı müddəalar əksini tapmalıdır.
Sahibkarlığın inkişafının ən vacib komponentlərindən biri də sahibkarların maarifləndirilməsi, beynəlxalq təcrübənin öyrənilməsi, konsaltinq və innovasiya xidmətlərinin göstərilməsidir. Bu məqsədlə ötən il ərzində İqtisadiyyat və Sənaye Nazirliyinin dəstəyi ilə respublikada 144 tədbir keçirilmişdir ki, onlardan 80-i regionlarda yerli iş adamlarının iştirakı ilə təşkil edilmiş, sahibkarların və gənc menecerlərin bir qrupu bilik və bacarıqlarını artırmaq, inkişaf etmiş ölkələrdə mövcud texnologiya və işin qurulması mexanizmlərini mənimsəmək məqsədilə Almaniyada müvafiq müəssisələrdə təcrübə keçmək üçün göndərilmişlər.
Qeyd etmək lazımdır ki, hazırda ölkəmizdə 60-a yaxın dövlət proqramı, strategiya və konsepsiya fəaliyyətdədir. Bütün bu sənədlərin yeni konsepsiya ilə əsaslı şəkildə əlaqələndirilməsi əldə olunan nailiyyətlərin təminatçısına çevriləcəkdir.
Ölkə sahibkarlarının maarifləndirilməsi sahəsində bir çox seminar, konfrans və dəyirmi masalar keçirilmiş, kitabçalar dərc olunaraq sahibkarlara çatdırılması təmin edilmiş, onların ölkə daxilində və xaricdə keçirilən biznes forumlarında iştirak etmələrini imkan daxilində təmin etməyə çalışmışıq.
Konfederasiya sahibkarlığın inkişafı ilə bağlı qanunvericilik bazasının təkmilləşdirilməsi üzrə dövlət hakimiyyəti orqanlarına təkliflər verməklə (Əmək Məcəlləsinin 211-ci, “Əməyin mühafizəsinin normativ hüquqi tənzimlənməsi” və 241-ci, “Qadın əməyinin tətbiqi qadağan olunan iş yerləri və işlər” maddələrinə edilən dəyişikliklər barədə) qanun və digər normativ aktların, layihələrin hazırlanmasında və icrasında yaxından iştirak edir.
Konfederasiya Azərbaycan Respublikasının Rəqabət Məcəlləsinin qəbul olunmasının sürətləndirilməsi, Beynəlxalq Əmək Təşkilatının dəstəyini almış “İşəgötürənlər birlikləri haqqında” qanun layihələrinin qəbul olunması üçün səylər göstərir.
- Məmməd müəllim, Azərbaycan Respublikası Sahibkarlar (işəgötürənlər) Təşkilatları Milli Konfederasiyası ölkəmizdə sahibkarlığın inkişafı ilə bağlı daha hansı təklifləri irəli sürmək niyyətindədir?
- Cari ilin fevral ayında Bakı Biznes Mərkəzində Prezident İlham Əliyevin sədrliyi ilə keçən “Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının yekunlarına həsr olunmuş konfransda dövlət başçısı qeyd etdi ki, “Əvvəlki dövrdə başlanmış və hazırda davam edən layihələr öz bəhrəsini verir, qeyri-neft potensialımız daha da artır, sahibkarlığın inkişafı üçün bütün imkanlar vardır. Ümumiyyətlə, ümumi daxili məhsulumuz son 8 il ərzində 3 dəfə artmışdır. Bir daha demək istəyirəm ki, inkişaf etmiş ölkəyə çevrilmək üçün biz siyasətimizi davam etdirəcəyik”.
Ölkə Prezidenti tərəfindən təsdiq edilmiş “Azərbaycan -2020: gələcəyə baxış” inkişaf konsepsiyasında ölkəmizin əldə etdiyi nailiyyətlərin növbəti illərdə daha da möhkəmlənməsi, növbəti 10 ildə qeyri-neft sektoru hesabına ümumi daxili məhsulun 2 dəfə artırılması nəzərdə tutulur. Qarşıda duran hədəflərə nail olunması üçün Azərbaycan Sahibkarlar Konfederasiyası müvafiq tədbirlərin görülməsini nəzərdə tutmuşdur.
Nəzərdə tutulan strateji hədəflərə çatmaq üçün konkret icra mexanizmləri və maliyyə resursları olmaqla yanaşı, əlbəttə ki, peşəkarlıq da tələb olunur. Ardıcıl olaraq bu amillərə doğru gediş istənilən məsələni həll etməyə bizə imkan vərəcəkdir.
Nəzərə almalıyıq ki, özəl sektor keçən dövr ərzində artıq dayanıqlı, güclü bir sektora çevrilmişdir və görüləcək tədbirlər nəticəsində daha da güclənəcək, Azərbaycanın iqtisadi baxımdan daha da güclü ölkəyə çevrilməsində öz sözünü deyəcəkdir.
Ölkə Prezidenti tərəfindən qəbul edilmiş “2012-2020-ci illərdə Azərbaycan Respublikasında üzümçülüyün inkişafına dair Dövlət Proqramı” da kənd təsərrüfatının bir istiqaməti olan üzümçülük və şərabçılığın kompleks inkişafına yönəlmiş və sahibkarlar üçün bu istiqamətdə yol açılmışdır.
Haqqında qeyd etmək istədiyim məsələlərdən biri də nağdsız ödənişlərin həyata keçirilməsi ilə bağlıdır. Nağdsız ödənişlərin inkişafının ümumilikdə ölkə iqtisadiyyatında xüsusi yeri vardır.
Hazırda bu sahədə müəyyən işlər görülür. Lakin, hesab edirəm ki, bu gün ticarət, iaşə və başqa obyektlərdə bu işin təşkili məqsədilə postterminallar quraşdırılmalı və ödənişlərin inkişaf etmiş ölkələrdə olduğu kimi, plastik kartlar vasitəsilə aparılması təmin edilməlidir. Bu həm nağd pul kütləsinə tələbatı azaldar, vətəndaşların pulunun təhlükəsizliyinə imkan yaradar, həm də vergidən yayınma hallarının qarşısını almaqla korrupsiyaya qarşı mübarizə tədbirlərindən birinə çevrilə bilər.
Bu işdə dövlət qurumlarının, yerli idarəetmə təşkilatlarının, ictimaiyyətin və sahibkarların birgə fəaliyyəti zəruridir.
Biz “Sosial Partnyorluq” və “İşəgötürənlər birlikləri haqqında” qanunların qəbul edilməsini və sosial partnyorluq sistemini tənzimləyən Milli Sosial Şuranın yaradılmasını mümkün və vaxtı çatmış məsələ hesab edirik.
2014-cü il noyabrın 11-də Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və Beynəlxalq Əmək Təşkilatının birgə təşkilatçılığı, sosial tərəfdaşların iştirakı ilə “Milli üçtərəfli sosial dialoq üzrə institusional strukturun yaradılması” mövzusunda seminar keçirilib. Bu seminarın əsas məqsədi ölkədə Sosial və İqtisadi məsələlər üzrə Üçtərəfli Komissiyanın təşkili sahəsində görüləcək işlərin istiqamətlərini müəyyən etmək idi.
Məlum olduğu kimi, Azərbaycan Hökuməti, Həmkarlar Konfederasiyası və Azərbaycan Sahibkarlar Konfederasiyası arasında Baş Kollektiv Saziş imzalanmış və bu sazişlə tərəflərin vəzifələri müəyyən edilir. Lakin bu orqanlar arasında öhdəliklərin daha da uğurlu icrası üçün tərəflər arasında əlaqəli fəaliyyətin gücləndirilməsi vacibdir və Üçtərəfli Komissiyanın yaradılması bunun üçün mühüm vasitə olacaq. Komissiyanın yaradılmasında əsas məqsəd ölkədə sosial-iqtisadi siyasətin aparılmasında razılaşdırılmış ümumi prinsiplərin müəyyən olunması üçün təkliflər verilməsi, sosial-əmək münasibətlərinin tənzimlənməsi və sosial sabitliyin daha da möhkəmlənməsi üçün sosial dialoqun inkişafına dəstək verməkdir.
Sahibkarlığın inkişafına yaxından dəstək verilməsi məqsədilə sahə və ərazi assosiasiyalarının yaradılması bizim qarşımızda duran aktual məsələlərdəndir.
Qadın sahibkarlığının inkişaf etdirilməsi, texniki peşə təhsilinin daha da yaxşılaşdırılması, ixraca dəstək verilməsi sahəsində təkliflərimiz vardır.
Bununla bağlı ölkədə sahibkarlığı daha da inkişaf etdirmək üçün xüsusi razılıq (lisenziya) tələb olunan fəaliyyət növlərinin yenidən nəzərdən keçirilməsi və sayının azaldılması, çoxillik əkmələrin, o cümlədən üzüm bağlarının və çay plantasiyalarının salınması üçün investisiya yönümlü layihələrin maliyyələşdirilməsinə verilən kreditlərin güzəştli şərtlərlə ayrılması məqsədə müvafiq olardı.
Dövlətlə özəl sektor arasında yeni, çox sağlam münasibətlər formalaşır. Artıq sahibkarlar bunu yaxşı bilirlər ki, dövlət siyasətinin icrası nəticəsində sahibkarlar üçün yeni imkanlar yaranır. Cənab Prezident yeni müəssisələrin açılışında iştirak edərək, onlarda böyük ruh yüksəkliyi yaradır. Bu da gələcəkdə daha yaxşı işləmək əzmini artırır.
Çalışacağıq ki, ildə bir günün sahibkarlar günü kimi təsis edilməsi üçün hökumət qarşısında təkliflə çıxış edək. Arzu edirik ki, Ümummilli lider Heydər Əliyevin 25 aprel 2002-ci ildə Sahibkarlarla keçirdiyi görüş günü Sahibkarlar Günü kimi qəbul edilsin. Bundan irəli gələn tədbirlərin hər il keçirilməsi təmin olunsun, “İlin ən yaxşı sahibkarı”, “İlin ən yaxşı sosial layihəsi”, “Ən yaxşı kollektiv müqavilə”, “Ən yaxşı sosial məsuliyyətli müəssisə” və sairə müsabiqələrin keçirilməsi təşkil olunsun. Azərbaycan Sahibkarlar Konfederasiyası olaraq ölkədə özəl sektorun inkişafına dəstək olacaq yeni təşəbbüslərlə çıxış edəcəyik.
Təbii ki, Konfederasiya öz fəaliyyətini daha da canlandırmalı, müasir dövrün tələbləri ilə uyğunlaşan iş ahənginə malik olmalıdır.
Ölkəmizdə biznes mühitinin yaxşılaşdırılması və sahibkarlığın inkişafı da əsas fəaliyyət istiqamətlərindəndir. Konfederasiya bununla bağlı silsilə və ardıcıl tədbirlər həyata keçirir. Bu, istər qanunvericilik aktlarının təkmilləşdirilməsi, istər sahibkarlıq subyektlərinin problemlərinin öyrənilib əlaqədar təşkilatlar tərəfindən onların həllinə nail olunması, istərsə də sahibkarların maarifləndirilməsi işinin daha da dərinləşdirilməsi ilə bağlıdır.
Biz Azərbaycan Sahibkarlar Konfederasiyası olaraq cənab Prezident İlham Əliyevin apardığı iqtisadi siyasəti dəstəkləyirik, ölkənin dinamik inkişafına yönəlmiş bütün tədbirlərin həyata keçirilməsi prosesində yaxından iştirak etməklə öz töhfəmizi verməyə hazırıq.

Paylaş:
Baxılıb: 905 dəfə

Xəbər lenti

Hamısına bax

Analitik

Xəbər lenti

YAP xəbərləri

MEDİA

Siyasət

Arxiv
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30