Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Müsahibə / Beynəlxalq “qara piar” şəbəkəsi tamamilə ifşa olundu

Beynəlxalq “qara piar” şəbəkəsi tamamilə ifşa olundu

01.09.2015 [10:19]

Vüqar Bayramov: Özlərindən “fikirlər” uyduraraq ölkəmizə qarşı “qara piar” aparan OCCRP üzr istəməli, ictimai təkzib verməli və qərəzli araşdırmalarını saytlarından yığışdırmalıdır
Xəbər verdiyimiz kimi, 2015-ci il avqustun 25-də “Meydan TV”nin veb səhifəsində rus dilində “Tainstvennaə kompaniə za korotkiy srok vıiqrala bolee 120 tenderov” (“Gizli şirkət 120-dən artıq tenderdə qalib gəlib”) sərlövhəli məqalə çap edilib. Eyni tarixdə eyni məzmun və başlıq altında, amma məqalənin ingilis dilli versiyası “the Organized Crime and Corruption Reporting Project (OCCRP)” veb səhifəsində çap olunmuşdur. Həmin məqalədə iqtisadçı alim Vüqar Bayramovun onlara müsahibə verdiyi bildirilirdi. Azərbaycanlı alim OCCRP tərəfindən onunla bu müsahibə ilə bağlı əlaqənin saxlanılmadığını bildirmişdi. Bəlli olub ki, OCCRP Vüqar Bayramovun 8 ay öncə “Üç nöqtə” qəzetinə müsahibəsinin səs yazısındakı fikirlərini tamamən kontekstdən çıxararaq və özlərindən Azərbaycanın əleyhinə fikirlər uydurub əlavə edərək qərəzli məqalə hazırlayıblar. Vüqar Bayramovun OCCRP və “Meydan TV”nin necə ifşa edilməsi haqda SİA-ya verdiyi müsahibəni təqdim edirik.
- Vüqar müəllim, nələr baş verir? Mətbuatda gedən məlumatlara görə, OCCRP-nin Azərbaycana qarşı fəaliyyətlərini ifşa etdiyinizə görə onlar tərəfindən sizə təhdidlər olub?
- Tamamilə doğrudur, avqustun 29-da OCCRP-nin redaktoru Drev Sullivandan təhdidedici məktub aldıq. Elektron məktubda İqtisadi və Sosial İnkişaf Mərkəzi (İSİM) və sözügedən mərkəz rəhbərliyinin maraqlı personaj olmaları, bu təşkilatın hökumətlə əlaqələrinin araşdırılacağı və bunun ictimailəşdiriləcəyi qeyd olunurdu. Həmçinin, e-maildə qeyd olunur ki, bu istiqamətdə xüsusi araşdırmaçı da artıq fəaliyyət göstərir. Sözügedən təhdid məktubunda həm də, mənim sosial şəbəkədə yaydığım statusun yığışdırılması “tələb edilirdi”. Nə qədər qəribə görsənsə də, o hətta məni jurnalistləri təhdid etməkdə ittiham etdi. Göründüyü kimi, özünün, guya, ədalətin yanında olduğunu bəyan edən təşkilat ifşa olunduğunu hiss edəndən sonra hətta təzyiq dili ilə bizimlə danışmağa cəhd göstərdi. Biz isə, təbii ki, cavab olaraq həmin layihənin redaktoruna bildirdik ki, bizimlə heç kim təhdid dilində danışa bilməz və biz heç bir rəyimizdən geri çəkilməyəcəyik. Onlar bizə bazarlıq təklif etdilər ki, biz rəylərimizi silək və onlar da mənim məqalədəki “fikirlərimi” silsinlər və köhnə müsahibəni yaymasınlar. Təbii ki, biz həmin müsahibənin yayımlanmasında onlardan daha çox maraqlı olduğumuzdan bildirdik ki, “Üç nöqtə” qəzetinə verilən müsahibəmi yayın. Çünki bu artıq onların tam ifşası idi. Müsahibədə onların mənim adımdan uydurduqları “fikirlər” yox idi.
- Bundan sonra sizin 8 ay öncə yerli mətbuata verdiyiniz ümumi tenderlər ilə bağlı müsahibənizin həmin təhrif olunmuş variantını “Meydan TV” yaydı və əslində, bununla da tam ifşa olundular...
- Düzdür. Qeyd etdim ki, biz bu köhnə müsahibənin yayılmasında maraqlıydıq - baxmayaraq ki, bu, başqa qəzet üçün verilib. Çünki OCCRP-nin təqdim etdiyi yazıda olan, ancaq müsahibənin səs yazısında olmayan, Azərbaycana qarşı kəskin fikirlərin məhz “qara piar”da maraqlı olan layihə əməkdaşları tərəfindən öz təxəyyüllərinə münasib olaraq yazılmasını bir daha göstərir. Azərbaycan üçün “qara piar” məqsədi daşıyan cümlələrin yazıda uydurulması onu göstərir ki, OCCRP belə tədqiqatlarda səmimi deyil və əsas məqsədi necə gəldi ölkəmizə qara yaxmaqdır. Lap öncədən qeyd etdiyimiz kimi, bu layihə adından heç kimsə mənimlə əlaqə saxlamayıb, müsahibə götürməyib. Məlum yazıda istifadə olunan fikirlər bu ilin yanvar ayında mənim “Üç nöqtə”yə verilmiş müsahibəm tamamilə kontekstdən çıxarılaraq və demədiyim cümlələr əlavə edilərək yazıya daxil edilib. Maraqlıdır ki, jurnalist mənə zəng edən zaman yazının “Üç nöqtə” qəzeti üçün hazırlandığını desə də, 8 ay sonra OCCRP-yə tamamilə kontekstdən çıxarılaraq və demədiyim cümlələr əlavələr edilərək verilib. “Meydan TV” sudan quru çıxmaq üçün müsahibənin bir ay öncə götürüldüyünü və guya yerli qəzetin adının qeyd edilmədiyini uydurmasına baxmayaraq, müsahibəni hazırlayan jurnalist etiraf edir ki, müsahibə “Üç nöqtə” qəzeti üçün bu ilin əvvəlində götürülüb. Bu da “Meydan TV”nin qərəzini açıq şəkildə ortaya qoyur. Amma ən ciddi qərəz, təbii ki, mənim adımdan “cümlələr” uydurulmaqla ölkəmizə qarşı “qara piar” kampaniyası aparmaqdır.
- Vüqar müəllim, köhnə müsahibə yayımlanandan sonra “Meydan TV” tələm-tələsik yazıdakı uydurma abzaslardan birini çıxartdı. Amma məqalədə başqa “fikirlər” də var ki, sizin köhnə müsahibənizdə yoxdur. Bu onu göstərmirmi, bu təşkilatın fəaliyyəti tamamilə ölkəmizə qarşı qərəz üzərində qurulub?
- Əvvəla, “Üç nöqtə” qəzetinin əməkdaşı ilə söhbət zamanı mənə bildirdi ki, həmin uydurma abzası mənim fikirlərim kimi o təqdim etməyib. Deməli, OCCRP “qara piar” mexanizmini işə salaraq özündən cümlələr uydurub. Məsələnin maraqlı tərəfi ondan ibarətdir ki, yerli mətbuat üçün götürülən müsahibə tamamilə dəyişdirilərək, xeyli müddət sonra fərqli bir ünvana göndərilib. Məsələn, yazıda qeyd olunur ki, guya, mən demişəm ki, “Azərbaycanda keçirilən tenderlərin böyük əksəriyyəti rəsmi xarakter daşıyır, ona görə ki, iştirak edən şirkətlərin əksəriyyəti bir-biri ilə sıx əlaqədədirlər. O, dövlət orqanlarının tenderin digər iştirakçılarının adlarını açıqlamamasının səbəbini də bunda görür”. Belə bir fikir olmayıb. Həmçinin, müsahibəyə qulaq asaraq müəyyənləşdirmək olar ki, söhbət zamanı Azərbaycanda tenderlərin formal keçirilməsi və hökumətin tenderlərə münasibəti ilə bağlı bir dənə olsun söz də işlədilməyib. Hətta jurnalist də bəyan edir ki, bu cümlələr OCCRP tərəfindən əlavə edilib. Bu fakt onu göstərir ki, OCCRP “araşdırma” aparan zaman istədikləri və arzuladıqları son nəticəni əldə etmək, öz fikirlərini gücləndirmək üçün mənim fikirlərimin belə təhrifləri ilə məşğul olublar. Bu, bir daha təsdiq edir ki, OCCRP-nin məqsədi doğru və qərəzsiz araşdırma aparmaq deyil, sadəcə, hər addımbaşı Azərbaycanı tənqid etməkdir. Bu ifşa olununca isə “Meydan TV” tələm-tələsik həmin abzası saytdan yığışdırdı. Bu, məqalədə yeganə uydurma fakt deyil. Məqaləyə havadan götürülən cümlələr əlavə edilməklə yanaşı, eyni zamanda, fikirlər kontekstdən çıxarılaraq təqdim olunur. Məsələn, yerli mətbuatla söhbət zamanı mən tenderin nəticələrini veb səhifələrində yerləşdirməklə effektivliyin artırılmasını təklif etdiyim halda, bu, kontekstdən çıxardılaraq, prosesin effektivliyi deyil, “prosesin şəffaflığından danışmağa imkan verməməsi” haqqında ifadə kimi təqdim olunub. Və ya mənim adımdan uydurulub ki, guya, mən demişəm “100 min dollardan artıq tender verilməməlidir”, amma mənim tərəfimdən heç bir rəqəm səsləndirilməyib. Mənim adımdan “fikirlər” haradan götürülüb? Kim uydurub? OCCRP əməkdaşları “qara piar” ustalarına çevriliblər artıq. Başqalarının adından “fikirlər” uydurmaqla dövlətə qarşı “qara piar” kampaniyası aparmağa öyrəşiblər. Təbii ki, bu bir daha təsdiq edir ki, OCCRP-nin məqsədi obyektiv araşdırma deyil, daha çox qərəzli “qara piar” kampaniyası aparmaqdır.
- OCCRP ifşa olunduğunu görüncə sizə qarşı xaricdə kampaniyaya başlayıb. Bu, təşkilatın primitiv metodlardan istifadə edərək qərəzli “qara piar” kampaniyası apardığını göstərmirmi?
- OCCRP ifşa edilib. Bu birmənalı şəkildə hamı tərəfindən qəbul edilir. İfşa olunduğunu gördüyü üçün tələsik və deyərdim, çaşqın addımlar atırlar. Guya, mənə qarşı kampaniyaya başlayıblar. Təbii ki, biz beynəlxalq arenada da əsaslandırılmış şəkildə cavablarını verib, fikirlərimizi tamamən arqumentləşdiririk. Çünki son hadisə onların ölkəmizə qarşı qərəzini ifşa edib. Cavab verə bilmirlər ki, “araşdırmaya” mənim adımdan uydurma fikirlər necə daxil edilib. Məqsəd bəllidir: ölkəyə qarşı qərəzli “qara piar” aparmaq. Amma bu dəfə, yumşaq desək, ilişdilər. Son hadisədən sonra OCCRP nüfuzuna ciddi zərbə dəydiyini başa düşür, amma artıq gecdir. Azərbaycana qarşı aparılan qərəzli siyasət nə zamansa ifşa edilməli idi. İSİM və mən hər zaman Azərbaycana qarşı “qara piar” kampaniyaları aparanlara qarşı ciddi mübarizə aparmışıq. Belə qurumların təhdidlərinə baxmayaraq, bu fəaliyyətimiz beynəlxalq arenada da hər zaman davam etdiriləcək.
- Vüqar müəllim, bu fakt sözügedən qurumun əvvəlki araşdırmalarını şübhə altına almağa əsas yaradırmı?
- Sözügedən şəbəkənin Azərbaycanla bağlı öncələr də “araşdırmalar”ı olub. Bu insident real durumu və marağı ortalığa qoydu. Məqalədə mənə aid sitat kimi təqdim edilən fikir və cümlələr jurnalist təxəyyülü məhsulundan başqa bir şey deyil. Jurnalist-araşdırmaçı öz təxəyyülünün gücünə qüvvət verərək fərqli müsahibəni əsas gətirərək, İSİM və onun rəhbəri adından istədiyi məzmunu öz “araşdırmasına” əlavə edir, ictimailəşdirir. Araşdırma zamanı edilən belə səhvlər ümumilikdə “Organized Crime and Corruption Reporting Project (OCCRP)” əməkdaşlarının araşdırma aparmaq qabiliyyətlərinin və onların əvvəlki araşdırmalarının keyfiyyətini ciddi şübhə altına almağa imkan verir. Bütün bunlardan əlavə, məqalənin orijinal ünvanı kimi göstərilən OCCRP veb səhifəsində müəllifin kim olması barəsində heç bir qeyd yoxdur. Müəllifin olmaması beynəlxalq araşdırma üçün çox ciddi bir qüsurdur. Jurnalistikanın, xüsusilə də araşdırmaçı jurnalistikanın əsas prinsiplərindən biri də şəffaflıqdır. Müəllifin göstərilməməsi bu prinsipin ciddi olaraq pozulması deməkdir. İctimaiyyət nümayəndəsi olaraq, biz ifadə edilən fikirlərin kimə məxsus olmasını bilməyə borcluyuq. Həmçinin, məqalənin altında müəllifin adının olması ümumilikdə bu sirli araşdırmaçı jurnalistin məsuliyyətini artırardı. Həmin qurum buna ciddi fikir verməli idi. Təkrar edirik, belə səhvlər ümumilikdə bu təşkilatın bütün araşdırmalarının düzgünlüyünü və dəqiqliyini şübhə altına alır. Belə “araşdırmalar” nəticəsində əldə edilən “faktlar”a necə inanmaq olar?
- Artıq ifşa edilən “qara piar”çıların ölkəmizə qarşı qərəzli kampaniyaları və son olaylar fonunda növbəti addımlarınız nədən ibarət olacaq?
- Biz etik jurnalistika və araşdırma prinsiplərini nəzərə alaraq OCCRP qarşısında 5 şərt irəli sürmüşük. Şərtlər yerinə yetirilmədiyi halda məhkəməyə müraciət edəcəyik. Mənim adımdan uydurulan, heç bir yerdə söyləmədiyim və 4 gün saytlarda saxlanılan və hətta yazılı mətbuatda çap edilən, Azərbaycanın əleyhinə “qara piar” olan böyük abzas OCCRP-nin yalanları üzə çıxandan sonra tələm-tələsik özünün və “Meydan TV”nin saytlarından yığışdırılsa da, adımdan istifadə edildiyi üçün rəsmi üzr istənilməlidir. Mənim hətta 8 ay öncə “Üç nöqtə” qəzeti adından götürülən müsahibədə heç bir rəqəm səsləndirmədiyim halda “100 min dollar” ifadəli uydurma cümlə “araşdırmadan” çıxarılmalı və ictimai təkzib verilməlidir. Tenderlərin elektron qeydiyyatı ilə bağlı mənim adımdan uydurulan və İSİM rəhbərinin dilindən heç zaman səslənməyən “əks halda şəffaflıqdan söhbət gedə bilməz” cümləsi “araşdırma”dan çıxarılmalı və ictimai təkzib verilməlidir. “Araşdırma”da tamamilə dəyişdirilərək, uydurma “qara piar” cümlələri ilə bəzədilmiş müsahibənin bir ay öncə deyil, məhz bu ilin əvvəlində özünü “ Üç nöqtə” qəzetinin əməkdaşı kimi təqdim edən jurnalist tərəfindən götürüldüyü ictimai qeyd edilməlidir. İSİM və onun rəhbərinə qarşı sosial şəbəkələrdə, xüsusən də “Twitter”də aparılan qərəzli “qara piar” kampaniyasına dərhal son qoyulmalıdır. Jurnalistika, etik və hüquqi prinsiplərə uyğun olaraq OCCRP-nin təkzibindən sonra həmin “araşdırma”nı yayan yerli mətbuat orqanlarında da oxşar təkziblərin verilməsi təmin edilməlidir. Şərtlər yerinə yetirilmədiyi halda İSİM beynəlxalq məhkəməyə müraciət edərək əsassız “qara piar araşdırması”nın yığışdırılması və ictimai təkzibin verilməsinə çalışacaq.

Paylaş:
Baxılıb: 917 dəfə

Xəbər lenti

Hamısına bax

Gündəm

Analitik

Xəbər lenti

YAP xəbərləri

Arxiv
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30