Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Müsahibə / Yeni Azərbaycan Partiyası böyük, şanlı yol keçib, üzərinə düşən missiyanı ləyaqətlə yerinə yetirir

Yeni Azərbaycan Partiyası böyük, şanlı yol keçib, üzərinə düşən missiyanı ləyaqətlə yerinə yetirir

19.11.2016 [10:07]

YAP Siyasi Şurasının üzvü, partiyanın Qaradağ rayon təşkilatının sədri, Milli Məclisin deputatı Aydın Hüseynov www.yap.org.az saytına müsahibə verib:
- Aydın müəllim, Ulu öndər Heydər Əliyevin yaradıcısı olduğu, hazırda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərlik etdiyi Yeni Azərbaycan Partiyasının yaranmasının 24 illiyi qeyd olunur. Partiyanın yaradılması ərəfəsində ölkəmizin ictimai-siyasi mənzərəsini necə şərh edərdiniz və sizcə, hansı amillər YAP-ın yaranmasını zərurətə çevirmişdi?
- İlk başdan qeyd etmək istərdim ki, Ulu öndər Heydər Əliyevin zəkası ilə yaranan, məhz Onun şəxsiyyəti ətrafında formalaşan Yeni Azərbaycan Partiyası müasir dövrdə beynəlxalq arenada tanınan, qəbul edilən nüfuzlu partiyalar sırasında öz mövqeyini saxlayan siyasi təşkilatdır. Sözsüz ki, partiyanın yüksək nüfuzu bilavasitə onun yaradıcısı Heydər Əliyev şəxsiyyəti ilə, eyni zamanda, partiyamızın Sədri, Prezident İlham Əliyevin həyata keçirdiyi praqmatik siyasətlə bağlıdır.
Partiyanın yaranma tarixinə gəlincə, bunu zəruri edən səbəb ötən əsrin 90-cı illərinin əvvəllərində ölkədəki ictimai-siyasi vəziyyət idi. Yenicə müstəqillik qazanan Azərbaycan həmin vaxtlar siyasi tənəzzül dövrünü yaşayırdı və burada obyektiv səbəblərdən daha çox subyektiv amillər var idi. Bu, birbaşa müstəqilliyimizin ilk illərində ölkəyə rəhbərlik edənlərin səriştəsizliyinin, təcrübəsizliyinin, qorxaqlıqlarının təzahürləri idi. Bütün mənada ölkədə özbaşınalıq, xaos hökm sürürdü. Əhalinin güzəranı kəskin şəkildə pisləşmişdi. Bir tərəfdən də, torpaqlarımız erməni işğalçıları tərəfindən zəbt edilirdi. Hətta proseslər o həddə gəlib çatmışdı ki, artıq Azərbaycan dövlətçiliyi məhv olmaq ərəfəsində idi. Və elə bu dövrdə Azərbaycanın bu gününü, sabahını düşünən insanlar nicat yolunu Heydər Əliyevdə görürdülər. Əlbəttə ki, bu heç də təsadüfi sayıla bilməzdi. Çünki Heydər Əliyev uzun müddət sovetlər dönəmində Azərbaycana rəhbərlik etmiş və həmin illərdə ölkəmizi aqrar ölkədən iri bir sənaye ölkəsinə çevirmişdi. Həmin dövrdə respublika əhalisinin həyat səviyyəsi yüksək göstəricilərlə müşayiət olunurdu. Yəni insanlar Heydər Əliyevin böyük dövlətçilik təcrübəsinə və insanlara olan qayğısına bələd idilər.
Fakt budur ki, Heydər Əliyev Azərbaycandan kənarda yaşadığı illərdə belə xalqın, ölkənin problemlərinə heç vaxt biganə qalmayıb. Azərbaycan xalqının, dövlətinin maraqlarına uyğun olaraq Öz sözünü və qəti mövqeyini bildirib.
1991-ci ildə Azərbaycana qayıdan Heydər Əliyev Naxçıvanda Ali Məclisin Sədri seçildi. O dövrlərdə Naxçıvan blokada şəraitində idi, hətta Azərbaycandan belə təcrid olunmuşdu. Bununla belə, Ulu öndər Naxçıvanı qoruyub-saxlaya bilməklə yanaşı, Bakı, ümumilikdə Azərbaycan üçün bir mənəvi dayaq idi. Bu dövrlərdə Azərbaycanın ümumi maraqları ilə bağlı konsepsiyalar ortaya qoyulur, çıxışlar edilirdi. O dövrdə Heydər Əliyevin çıxışları və Ulu öndərə qarşı olan qısqanclıqlar indi də yaddaşlardadır. Heydər Əliyevin qətiyyətli çıxışları Ona olan ümidi və inamı daha da artırmışdı. İnsanlar artıq Naxçıvana, Heydər Əliyevə üz tuturdular.
1992-ci ilin ortalarında bir qrup ziyalı Azərbaycan xalqının istəyini, arzusunu, inamını ifadə edərək Heydər Əliyevə müraciət etdi ki, Azərbaycanı düçar olduğu bəlalardan qurtarsın. Əlbəttə, Ulu öndərimiz Heydər Əliyev Azərbaycanın düşdüyü bu böhranlı vəziyyətə heç cür biganə qala bilməzdi. Ona görə də həmin ərəfədə partiyanın yaradılması üçün Öz tarixi müraciəti ilə razılığını bildirdi və 1992-ci ilin noyabr ayının 21-də Yeni Azərbaycan Partiyası yaradıldı.
Qeyd etdiyim kimi, partiyamızın yaradılması dövrü ölkədə böyük iqtisadi böhranla yanaşı, həm də siyasi böhran yaşanırdı. Yeni Azərbaycan Partiyasının yaranması zamanı bəyan edilmiş şüar da xalqa bir ümid qığılcımı verdi. Bu, Heydər Əliyevin rəhbərliyi ilə “Yeni, müstəqil Azərbaycan uğrunda” şüarı idi və partiya da məhz bu tarixi şüarla fəaliyyətə başladı.
Ancaq bu, başlanğıc idi və Azərbaycan müstəqil olsa da, onun müstəqilliyi formal xarakter daşıyırdı. Hətta deyərdim ki, Azərbaycanın müstəqilliyi kağız üzərində idi. Çünki konkret daxili və xarici siyasəti yox idi. Ona görə də Heydər Əliyevin adı ilə bağlı möhtəşəm siyasi bir təşkilatın yaranması insanlarda böyük inam hissi yaratmışdı.
Digər tərəfdən, o dövrdə ölkədə çox sayda siyasi partiyaların olmasına baxmayaraq, xalqın, dövlətin maraqlarını düşünməyən “liderlər” isti kabinetlərində oturaraq, kimlərinsə xüsusi istəkləri, təlimatları ilə fəaliyyət göstərirdilər.
Onlardan fərqli olaraq, Yeni Azərbaycan Partiyasının yaradılması birbaşa xalqın sosial sifarişinin məntiqi nəticəsi idi. Nəticədə xalqın inamını ifadə edən Yeni Azərbaycan Partiyası ölkə tarixində yeni səhifə açaraq, qətiyyətlilik simvoluna çevrilməyə doğru istiqamət alıb, şanlı salnamələrə imza atmağa başladı.
- Dünya təcrübəsində siyasi partiyanın yarandığı vaxtdan qısa müddət ərzində hakimiyyətə gəlməsi çox nadir hallarda rast gəlinir. Yeni Azərbaycan Partiyasının yarandıqdan cəmi 6 ay sonra iqtidara gəlməsini necə şərh edərdiniz?
- Bayaq da qeyd etdiyim kimi, 1992-ci ilin sonu, 1993-cü ilin əvvəllərində ölkədə siyasi proseslərin daha da gərginləşməyə başlaması dövründə Azərbaycan bir dövlət olaraq öz müstəqilliyini itirmək təhlükəsi ilə üzbəüz qalmışdı. Ölkəni parçalayacaq separatçılar artıq bir qüvvəyə çevrilmişdilər. Çünki ölkə, eyni zamanda, Azərbaycanın müstəqilliyini istəməyən qüvvələr üçün bir siyasi poliqona çevrilmişdi. Hakimiyyətdə olan AXC-”Müsavat” cütlüyünün səriştəsizliyindən istifadə edən daxili və xarici separatçılar, demək olar ki, Azərbaycanın vilayətlərə bölünmə planını artıq hazırlamışdılar. Hətta separatçı xarakterli xəritələr belə hazırlanaraq ölkəyə gətirilmişdi. Hərbi müxalifətin özbaşınalığı isə ölkədə vətəndaş müharibəsinə və qardaş qırğınına gətirib çıxarmışdı.
Ölkəni idarə edən AXC-”Müsavat” cütlüyü artıq tükənmişdi. Onlar ölkəni idarə etmək iqtidarında deyildilər. Bununla yanaşı, ölkə çox ciddi iqtisadi böhran dövrünü yaşayırdı. Elə ölkələr olur ki, orada siyasi böhran baş verir, ancaq onun iqtisadi dayaqları tarazlı şəkildə olur. Ancaq Azərbaycanda 1993-cü ilin əvvəllərində həm siyasi, eyni zamanda, iqtisadi böhran baş vermişdi. Ölkədə inflyasiyanın həcmi 1700 faiz təşkil edirdi. Əmək haqları aylarla ödənilmirdi. Dövlət büdcəsinin gəlir hissəsi, ümumiyyətlə, formalaşmamışdı. Bütün bunlarla yanaşı, valyuta ehtiyatlarımız, ümumiyyətlə, yox idi. Ümumi daxili məhsulun həcmi sürətlə aşağı düşürdü. Həmin dövrdə səriştəsiz rəhbərlər, sözün birbaşa mənasında, əhalini çörəklə təmin edə bilmirdilər.
Müstəqilliyin itirilməsi təhlükəsi də məhz bu faktorlardan qaynaqlanırdı. Və yenidən Azərbaycan xalqı öz iradəsini ortaya qoydu və qədirbilən xalqımız Heydər Əliyevi siyasi hakimiyyətə dəvət etdi. Az müddətdən sonra ölkədə prezident seçkiləri keçirildi, Azərbaycan xalqı Heydər Əliyevi özünə rəhbər seçdi. Bu, insanların, Azərbaycan vətəndaşlarının Heydər Əliyevə olan böyük ehtiramının, inamının, Yeni Azərbaycan Partiyasına olan sonsuz inamının təntənəsi idi. Bununla da Yeni Azərbaycan Partiyası Azərbaycanda hakimiyyətin ən yuxarı pilləsində təmsil olundu.
Ona görə də yeni yaranan partiyanın qısa müddət ərzində hakimiyyətə gəlməsi məsələsinə gəlincə, bu faktorlar hər zaman önə çəkilir və sözsüz ki, burada Ulu öndər Heydər Əliyev amili başlıca rol oynayır.
- Sizcə, Yeni Azərbaycan Partiyasının şərəfli, eyni zamanda, mübarizə, qələbə və uğurlarla zəngin yolunun təhlili hansı ümumiləşdirməni aparmağa əsas yaradır?
- Yeni Azərbaycan Partiyasının fəaliyyətindən danışdıqda ilk olaraq onu qeyd etməliyik ki, partiyanın yaranması, formalaşması Heydər Əliyevin şəxsiyyəti və fəaliyyəti ilə bağlıdır. Eyni zamanda, YAP-ın formalaşmasında, təşkilatlanmasında, nüfuz qazanmasında Prezident İlham Əliyev o dövrlərdə bilavasitə Ulu öndərlə birgə fəaliyyət göstərib. Onlar ata-oğul münasibətləri ilə yanaşı, eyni zamanda, siyasi proseslərdə silahdaş kimi birgə, çiyin-çiyinə çalışıblar.
Partiyanın digər bir uğuru isə ondan ibarət idi ki, Heydər Əliyev Öz mükəmməl siyasi rəhbərliyi ilə Azərbaycanda gedən bütün prosesləri qısa zaman kəsimində Öz üzərinə götürə bildi.
Digər tərəfdən, 1995-ci ildə YAP parlament seçkilərində iştirak edərək, xalqın dəstəyini aldı və səs çoxluğu ilə iqtidar partiyası statusunu qazandı. O dövrdən indiyə qədər Yeni Azərbaycan Partiyası böyük şanlı yol keçib və üzərinə düşən missiyanı da ləyaqətlə yerinə yetirir. 1995-ci ildən bu günə qədər olan bütün seçkilərdə YAP xalqın etimadını qazanaraq uğurlar əldə edib. Bu isə onu sübut edir ki, Yeni Azərbaycan Partiyası xalqın taleyüklü məsələlərində, ölkədə gedən bütün proseslərdə yaxından iştirak edir.
- Hazırda Yeni Azərbaycan Partiyası ölkədə siyasi sistemin aparıcı, avanqard qüvvəsi kimi çıxış edir və öz sıralarında cəmiyyətin bütün təbəqələrinin nümayəndələrini birləşdirir. Bütövlükdə, partiyanın yüksək nüfuzunu, ciddi sosial dəstəyini şərtləndirən faktorlar haqqında nə deyə bilərsiniz?
- YAP yarandığı vaxtdan etibarən partiyanın tərkibində bütün təbəqələrdən, zümrələrdən olan insanlar təmsil olunurdular. Bu gün də Ümummilli liderə olan sevgi, etimad, Onun ideyalarına olan sədaqət, eləcə də cənab Prezident, partiyamızın Sədri İlham Əliyevə olan inam və etimad davam etməkdədir. Partiyamızın yüz minlərlə üzvü ilə yanaşı, ondan qat-qat çox təəssübkeşləri və tərəfdarları Ulu öndərin yaratdığı partiyanın ətrafında birləşiblər. Partiyamızın tərkibində çoxlu sayda görkəmli elm və mədəniyyət xadimləri, respublikanın nüfuzlu ağsaqqalları, iş adamları, dövlət xadimləri, gənclər və s. müxtəlif peşə sahibləri sosial baza olaraq təşkilatlanıblar. Vurğulamaq yerinə düşərdi ki, belə bir sosial bazaya malik partiyanın mövcudluğu, inkişaf və tərəqqi yolunu tutması onun bütün seçkilərdə əldə etdiyi parlaq qələbələrinin aşkar təzahürü və bariz nümunəsidir. Ona görə də bu gün Yeni Azərbaycan Partiyası ümumxalq partiyasına çevrilib.
Əlbəttə, bunun başlıca səbəblərindən biri də birbaşa dövlət başçımız, partiyamızın Sədri İlham Əliyevin xalq arasındakı böyük nüfuzudur. Çünki partiyamızın Sədrinin şəxsi keyfiyyəti, Onun Heydər Əliyev ideyalarına sonsuz sədaqəti, Azərbaycan dövlətinin siyasi və iqtisadi nüfuzunun artmasına yönələn fəaliyyəti partiyamızın xalq qarşısındakı hörmət və inamını artırır. Bizi sevindirən, fərəhləndirən amil də budur ki, artıq hər bir YAP üzvü bilavasitə Heydər Əliyev ideyalarına, bu ideyaların inkişaf etməsinə sədaqətlə xidmət edir. Bu sədaqət hazırda Prezident İlham Əliyev siyasəti kontekstində bütün məziyyətləri ilə sübuta yetirilməkdədir.
Bu arada daha bir əhəmiyyətli faktoru da qeyd etmək istərdim. Ulu öndərimizin adını daşıyan Heydər Əliyev Fondu və onun prezidenti, millət vəkili, ölkənin birinci xanımı Mehriban Əliyevanın Yeni Azərbaycan Partiyasının Sədr müavini kimi təmsil olunması təşkilatımıza xüsusilə dividend gətirən önəmli faktor kimi dəyərləndirilməkdədir.
- Yeni Azərbaycan Partiyasına gənclərin böyük axını hər zaman müşahidə olunub. Sizcə, gənc nəslin partiyaya axını hansı məqamlara söykənir?
- Bu suala cavab vermək üçün biz bir faktoru xüsusilə qeyd etməliyik. O dövrdə Prezident İlham Əliyevin bir gənc olaraq partiyada aparıcı şəxslərdən biri olması, xüsusilə partiyanın I qurultayında Sədr müavini seçilməsi çoxsaylı gənclərin partiya sıralarına qoşulmasına səbəb oldu. O dövrdən başlayaraq partiyaya gənclərin axını geniş vüsət aldı. Gənclərin partiyada üstünlük təşkil etməsinin səbəblərindən biri də odur ki, Yeni Azərbaycan Partiyası getdikcə ideya baxımından gəncləşir. Öz fəaliyyətində yeni-yeni ideyalar ortaya qoyur. Partiyada bugünkü gənclərin siyasi maraqlarını, yaxşı mənada, təmin edəcək faktorlar var. Burada gənclərə xüsusi diqqət göstərilir. İstər Ulu öndərin rəhbərliyi zamanında, istərsə də Prezident İlham Əliyevin partiyaya sədrliyi dövründə gənclərə çox böyük qayğı göstərilib və bu gün də bu diqqət davam edir. Onların yaxşı təhsil alması, məşğulluq probleminin həlli ilə bağlı çox böyük işlər görülür. Xüsusilə ideoloji baxımdan qazanılan bilgilər, dəyərlər gəncləri qane edir. Yəni bu gün Yeni Azərbaycan Partiyasının Gənclər Birliyi ölkəmizin ictimai-siyasi həyatında özünü kifayət qədər təsdiq edib.
- Necə düşünürsünüz, YAP-ın beynəlxalq arenada fəaliyyəti bütövlükdə Azərbaycanın beynəlxalq münasibətlərdə iştirakı ilə adekvatdırmı? Partiyanın gündən-günə genişlənən beynəlxalq əlaqələri ölkəmizin dünya birliyində mövqeyinin güclənməsinə hansı töhfəni verir?
- Yuxarıda qeyd etdiyimiz kimi, Yeni Azərbaycan Partiyası artıq beynəlxalq arenada özünün yeri, mövqeyi və nüfuzu olan partiyalardan biridir. Partiya beynəlxalq əlaqələrini getdikcə genişləndirir. Ölkəmizin ən güclü siyasi qüvvəsi olan Yeni Azərbaycan Partiyasının beynəlxalq əlaqələri yüksələn xətlə inkişaf edir. Partiyanın beynəlxalq əməkdaşlığının coğrafiyası genişlənərək keyfiyyətcə yeni mərhələyə qədəm qoyub. YAP-ın müxtəlif ölkələrin siyasi partiyaları və demokratik təsisatları ilə qurduğu işgüzar və səmimi münasibətlər ardıcıl olaraq inkişaf edir. YAP-ın beynəlxalq əlaqələrində dost və qardaş Türkiyənin, MDB üzvü olan ölkələrin, Avropa və Asiyanın bir sıra aparıcı siyasi partiyaları və qurumları ilə münasibətləri prioritet istiqamət kimi əsas götürülüb. Yeni Azərbaycan Partiyası Türkiyə, Rusiya, Rumıniya, Gürcüstan, Qazaxıstan, Kanada, Çin, Cənubi Koreya, Pakistan, Tacikistan və digər ölkələrin aparıcı siyasi partiyaları ilə uzun müddətdir sıx və qarşılıqlı münasibətlərə malikdir, partiyalar arasında intensiv görüşlər keçirilir, fikir və təcrübə mübadilələri aparılır.
Digər tərəfdən, YAP Avroatlantik məkanda siyasi təşkilatlarla əməkdaşlığını genişləndirib. Bu mənada, Avropa Parlamentində çoxluğa sahib olan Avropa Xalqları Partiyası (EPP) ilə münasibətlər də inkişaf etməkdədir. YAP Asiya Siyasi Partiyalarının Beynəlxalq Konfransı çərçivəsində də aktiv fəaliyyət göstərir. Eyni zamanda, Latın Amerikası Siyasi Partiyalarının Təşkilatı (COPPAL) ilə də əməkdaşlığımız mövcuddur.

Paylaş:
Baxılıb: 1063 dəfə

Xəbər lenti

Hamısına bax

Analitik

Xəbər lenti

YAP xəbərləri

MEDİA

Siyasət

Gündəm

Arxiv
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30