/ / Prezident İlham Əliyevin rəhbərliyi ilə daim inkişafa və rifaha hesablanan düşünülmüş, məqsədyönlü siyasət həyata keçirilir
Prezident İlham Əliyevin rəhbərliyi ilə daim inkişafa və rifaha hesablanan düşünülmüş, məqsədyönlü siyasət həyata keçirilir
27.12.2017 [10:10]
Milli Məclisin deputatı Tahir Süleymanov www.yap.org.az saytına müsahibə verib:
- Tahir müəllim, 2017-ci il başa çatır. Bu il Azərbaycan üçün hansı uğurlarla yadda qaldı?
- Ümumiyyətlə, ölkəmizdə həyata keçirilən davamlı və məqsədyönlü siyasət sayəsində Azərbaycanın sosial-iqtisadi inkişafı o səviyyəyə çatıb ki, artıq ölkəmizin müsbət reallıqları beynəlxalq səviyyədə də etiraf edilir və yüksək qiymətləndirilir. Nüfuzlu Davos İqtisadi Forumunun bir müddət əvvəl yaydığı “2017-2018 Qlobal Rəqabətlilik Hesabatı”nda ölkəmiz daha iki pillə irəliləyərək 35-ci yerdə qərarlaşıb. Eyni zamanda, Dünya Bankının “Doing Business 2018” hesabatında da Azərbaycan yüksək qiymətə layiq görülüb. Belə ki, hesabatda respublikamız əvvəlki 65-ci pillədən 57-ci pilləyə yüksəlib.
Azərbaycanın uğurlarını şərtləndirən əsas amil ondan ibarətdir ki, ölkəmizdə Prezident İlham Əliyevin rəhbərliyi ilə daim gələcək inkişafa və rifaha hesablanan düşünülmüş, məqsədyönlü siyasət həyata keçirilir. Bu baxımdan, son 14 ildə dövlət başçısının siyasi iradəsi əsasında neft gəlirlərindən səmərəli istifadə edilməsinin və prioritet istiqamətlərə yönəldilməsinin önəmini xüsusi qeyd etmək lazımdır. Zamanında müvafiq siyasi və maddi dəstək tədbirləri hesabına qeyri-neft sektorunun inkişafı üçün fundamental əsaslar yaradılması yeni şəraitdə milli iqtisadiyyatımızın qlobal şoklara müqavimət gücünü artırır.
Eyni zamanda, xarici mənfi amillərin təsiri nəticəsində yaranan şəraitdə respublikanın yeni inkişaf hədəfləri müəyyənləşdirilib. Neftin aşağı qiymətləri dönəmində milli iqtisadiyyatımızda böhran meyillərinin uğurla dəf olunması və neftdənkənar sahələrin üstün inkişafının təmin edilməsi baxımından Prezident İlham Əliyevin yaranan yeni çağırışlara və ölkənin reallıqlarına uyğun qəbul etdiyi mühüm qərarlar, imzaladığı müvafiq Fərman və sərəncamlara əsasən ayrı-ayrı istiqamətlər üzrə həyata keçirilən islahatlar böyük aktuallıq daşıyır. İnstitusional sahə, biznes mühitinin daha da optimallaşdırılması, şəffaflığın artırılması, daxili istehsalın qorunması, ixracın və investisiyaların təşviqi də daxil olmaqla müxtəlif istiqamətləri əhatə edən islahatlar, o cümlədən Prezident İlham Əliyevin 2016-cı il 6 dekabr tarixində imzaladığı Fərmanla təsdiqlənən milli iqtisadiyyat perspektivi və onun 11 sektoru üzrə strateji yol xəritələri yaxın, orta və uzunmüddətli dövrlərdə ölkəmizin hərtərəfli inkişafına hesablanıb. Bütövlükdə, ölkədə həyata keçirilən islahatlar perspektiv inkişaf üçün fundamental əsaslar yaradıb.
- Hazırda qeyri-neft sektorunda istehsal imkanları genişlənir. Bu amilin üstünlükləri nədən ibarətdir?
- Hər bir ölkənin uğurlu inkişafı ilk növbədə aparılan siyasətin məqsədyönlülüyündən və hədəflərin düzgün müəyyənləşdirilməsindən asılıdır. Bu gün ölkəmizin iqtisadiyyatı şaxələndirilir. Ötən illərdə möhkəm daxili sabitliyi ilə fərqlənən Azərbaycanda ölkəyə gələn böyük həcmlərdə neft gəlirləri məqsədyönlü şəkildə milli mənafe baxımından strateji mahiyyət kəsb edən irimiqyaslı infrastruktur layihələrinin, neftdənkənar iqtisadiyyat üzrə yeni proqramların reallaşdırılmasına yönəldilib. Ümumiyyətlə, respublikamız Prezident İlham Əliyevin möhkəm siyasi qətiyyəti sayəsində elə bir uğurlu iqtisadi inkişaf modeli seçib ki, burada neft amili heç də həlledici, dominant rol oynamır, əksinə, ağırlıq mərkəzi, çəkici qüvvə tədricən qeyri-neft sektoruna keçir.
Yeni iqtisadi şəraitdə Azərbaycan iqtisadiyyatının qlobal mənfi təsirlərə yüksək dayanıqlılıq nümayiş etdirməsi də ilk növbədə ölkəmizdə zamanında neftdənkənar sahələrin inkişafına münbit zəmin formalaşdırılması ilə bağlıdır. Məlumdur ki, müstəqillik illərində respublikamızda böyükhəcmli dövlət investisiyaları hesabına irimiqyaslı su, yol-nəqliyyat və digər layihələr reallaşdırılıb. Təkcə cari ildə dövlət vəsaiti hesabına 150 min hektardan çox ərazinin meliorativ vəziyyətinin yaxşılaşdırılması nəzərdə tutulub və bu proqram 2018-ci ildə də eyni intensivliklə davam etdiriləcək.
Son 14 ildə ölkə boyu 11 min kilometrdən çox yol çəkilməsi, 2400 meqavoltdan artıq istehsal imkanlarına malik 26 elektrik stansiyasının inşası, respublika miqyasında qazlaşdırmanın 93 faizə çatdırılması Azərbaycanın yüksək səviyyəli infrastruktur quruculuğuna göstərdiyi böyük diqqətin əlamətidir. Dövlət vəsaiti hesabına qurulan belə müasir infrastruktur öz növbəsində respublikada iqtisadi inkişafa, qeyri-neft sektorunda aktivliyin artmasına müsbət təsir göstərir. Zamanında belə güclü infrastruktur yaradılmasa idi, bu gün ölkənin uğurlu iqtisadi inkişafından bəhs etmək mümkün olmazdı.
Azərbaycanda qeyri-neft sektorunun mühüm bir qolu kimi, sahibkarlığın inkişafı həm siyasi, həm də maddi cəhətdən dəstəklənir. 2004-cü ildən bəri respublikamızda çoxlu sayda sahibkarlıq subyektinə təxminən 2 milyard manat həcmində kreditlər ayrılıb ki, onların da böyük qismi regionların payına düşür. Belə davamlı dəstək tədbirləri sayəsində Azərbaycanın hərtərəfli və davamlı inkişafında özəl bölmənin xüsusi çəkisi getdikcə artır. Hazırda respublika üzrə ümumi daxili məhsul istehsalının təxminən 80 faizi özəl bölmənin payına düşür. Davamlı dövlət dəstəyi sayəsində ölkədə məşğulluqda və vergi daxilolmalarında özəl bölmənin çəkisi 70 faizi ötüb. Ümumiyyətlə, ölkədə sahibkarlar yeni layihələrin həyata keçirilməsində fəal iştirak edirlər.
Hazırda respublikamızda neftdənkənar iqtisadiyyatda mühüm yer tutan aqrar sektor yeni yanaşmalar əsasında inkişaf etdirilir. İndiyədək dövlət başçısının tapşırığına uyğun olaraq ölkəmizin 20 rayonunda 44 min hektardan çox sahədə 22 sahibkarlıq subyekti tərəfindən 32 iri fermer təsərrüfatı yaradılıb.
Əlamətdar haldır ki, ölkəmizdə sənayeləşmə siyasəti ildən-ilə daha geniş vüsət alır. Ötən il bu istiqamətdə işlər intensiv şəkildə davam etdirilib, neftdənkənar iqtisadiyyat üzrə 410 sənaye müəssisəsi açılıb. Hazırda Bakıda, Sumqayıtda, Mingəçevirdə və digər bölgələrdə yeni sənaye obyektlərinin tikintisi uğurla davam etdirilir, bir neçə bölgədə isə sənaye məhəllələri yaradılır.
Azərbaycanın qarşıya qoyduğu əsas məqsədlərdən biri neftdənkənar iqtisadiyyatın üstün inkişafını təmin etməklə bu sektordan ixracın həcmini artırmaqdır. Qeyd edək ki, ölkəmizdə aparılan islahatlar çərçivəsində həmçinin ixracın genişləndirilməsini hədəfləyən müvafiq tədbirlər həyata keçirilir. Ötən ildən ölkəmizdə beynəlxalq təcrübə əsas götürülməklə ixracın səmərəli təşviq mexanizmi işə salınıb ki, bu da ixracın stimullaşdırılması baxımından böyük önəm daşıyır. İxracın stimullaşdırılması ilə bağlı imzalanan sənədlərə uyğun olaraq, “İxrac təşviqinin ödənilməsi” qaydası”, “İxrac təşviqi şamil olunacaq məhsulların siyahısı” və “İxrac təşviqi üzrə tətbiq olunacaq əmsallar” təsdiq edilib.
Ölkəmizin xarici ticarət dövriyyəsində müsbət saldonun yaranmasında qeyri-neft məhsulları ixracının artması da mühüm rol oynayıb. Bu ilin ötən dövründə respublikamızdan qızıl ixracı 56 faiz, elektrik enerjisi ixracı 4,1 dəfə, alüminium ixracı 28 faiz, kimya sənayesi məhsulları ixracı 25 faiz, plastiklər ixracı 14 faiz, mis-filiz konsentratları ixracı 94 faiz, avadanlıqlar, mexaniki qurğular ixracı 48 faiz, mis və ondan hazırlanan məmulatların ixracı 54 faiz, toxuculuq məmulatlarının ixracı 92 faiz, elektrik avadanlıqları və hissələrinin ixracı 75 faiz, daş, gips, sement ixracı 34 dəfə artıb.
- Tahir müəllim, hazırda Azərbaycanın ixrac potensialının artırılması istiqamətində də sistemli tədbirlər həyata keçirilir. Bu yöndə görülən işləri necə dəyərləndirirsiniz?
- Son illərdə həm regionların sosial-iqtisadi inkişafına dair müvafiq Dövlət proqramları, həm də yeni nəsil iqtisadi islahatlar çərçivəsində həyata keçirilən tədbirlərin nəticəsi olaraq ölkəmizin bölgələrində ixracyönümlü məhsul istehsalına maraq əhəmiyyətli dərəcədə artıb. Hərtərəfli dövlət dəstəyindən, o cümlədən güzəştli kreditlərdən, subsidiyalardan, ixracın təşviqi mexanizmindən, daxili istehsalın dəstəklənməsindən bəhrələnən fermerlər onlara məxsus torpaq sahələrindən daha səmərəli istifadə etməyə, məhsuldarlığı artırmağa və xarici bazarlara daha böyük həcmlərdə rəqabətqabiliyyətli məhsul çıxartmağa çalışırlar.
Azərbaycanın yeni ixrac hədəfləri müəyyənləşdirilərkən ölkənin reallıqları əsas götürülüb. Bir tərəfdən respublikamızın coğrafi-iqlim xüsusiyyətləri elədir ki, burada yüksək rəqabət qabiliyyətinə malik məhsul yetişdirmək üçün hər cür imkan vardır. Digər tərəfdən, geniş ixrac bazarları ilə əhatə olunması ölkəmizin böyük üstünlüyüdür. Bu bazarlarda Azərbaycanın keyfiyyətli meyvə-tərəvəz məhsullarını yaxşı tanıyır və yüksək qiymətləndirirlər. Respublikamızın qarşıya qoyduğu məqsəd isə həm ənənəvi satış bazarlarında mövqelərini daha da möhkəmləndirməkdən, həm də yeni bazarlara çıxmaqdan ibarətdir. Son vaxtlar Azərbaycandan uzaq xarici ölkələrə göndərilən ixrac missiyaları həmin ölkələrin bazarlarını araşdırır, eyni zamanda meyvə-tərəvəz, emal sənayesi məhsullarımızı tanıdırlar. Yerli sahibkarların da qatıldıqları belə missiyalar son olaraq Dubaya və Ciddəyə təşkil olunub. Bütövlükdə, “Made in Azerbaijan” brendinin təşviqi məqsədi ilə vacib tədbirlər həyata keçirilir. Bütün bunlar gələcəkdə ixrac imkanlarını daha da genişləndirəcək.
- Tahir müəllim, son illər ölkəmizdə aqrar sahənin inkişafı yönündə vacib tədbirlər həyata keçirilir. Bu tədbirlərin fonunda əldə olunan nəticələr haqqında da fikirlərinizi bilmək istərdik...
- Respublikamızda aqrar sektorun inkişafı ilə bağlı qarşıya qoyulan məqsədlərə çatmaq üçün genişmiqyaslı tədbirlər həyata keçirilir.
Məlumdur ki, hazırda dünyanın əksər inkişaf etmiş ölkələrində kənd təsərrüfatı innovativ əsaslarla inkişaf etdirilir və yüksək məhsuldarlığa nail olunur. Meydana çıxan yeni çağırışlar Azərbaycanda da aqrar sektorun yeni yanaşmalarla inkişaf etdirilməsinin aktuallığını artırıb. Bilirsiniz ki, respublikamızın ərazisinin yalnız 54,9 faizi kənd təsərrüfatına yararlıdır. Bu ərazilərin də əksəriyyəti - 2915,4 min hektarı daimi bitkilər, otlaqlar və biçənəklər altında olan torpaqlardır. Respublikanın regionlarında cəmi 1,8 milyon hektar sahə şum əkinçiliyi üçün istifadə olunur. Suvarılan torpaqlar ölkənin kənd təsərrüfatına yararlı torpaq sahələrinin üçdəbirini təşkil edir. Respublikada istehsal olunan kənd təsərrüfatı məhsullarının 90-95 faizi də məhz bu torpaqların payına düşür. Mütəxəssislərin qənaətinə görə, torpaq-iqlim şəraiti Azərbaycanda suvarılan torpaq sahələrini 3,0-3,5 mln. hektara qədər artırmağa imkan verir. Son 14 ildə Prezident İlham Əliyevin siyasi iradəsi əsasında ölkənin regionlarında meliorativ tədbirlərin həyata keçirilməsinə əsaslı kapital qoyuluşu dəfələrlə artıb, sahənin maddi-texniki bazası xeyli yaxşılaşdırılıb, minlərlə kilometr suvarma kanallarının və kollektor-drenaj şəbəkələrinin bərpası, yenidən qurulması və tikintisi həyata keçirilib. Respublikanın içməli və suvarma su təminatının yaxşılaşdırılması baxımından Taxtakörpü, Şəmkirçay, Tovuzçay su anbarlarının inşası tarixi nailiyyətdir. Bu anbarların istifadəyə verilməsi regionlarda minlərlə hektar suvarılan torpaqların su təminatının yaxşılaşmasına, eyni zamanda, dövriyyəyə yeni torpaqların cəlb edilməsinə münbit zəmin yaradıb.
- Ölkəmizdə müasir təsərrüfatların yaradılması geniş təşviq olunur. Belə təsərrüfatların yaradılmasının əhəmiyyəti nədən ibarətdir?
- Son illərdə regionlarda müasir təsərrüfat subyektlərinin yaradılması ölkəmizdə aqrar sektorun yeni yanaşmalar əsasında inkişaf etdirilməsinə yaxşı nümunədir. Hazırda iri fermer təsərrüfatlarının yaradılması uğurla həyata keçirilir. İndiyədək dövlət başçısının tapşırığına uyğun olaraq ölkəmizin 20 rayonunda 44 min hektardan çox sahədə 22 sahibkarlıq subyekti tərəfindən 32 iri fermer təsərrüfatı yaradılıb.
Regionlarda istixanaların salınması da çox geniş vüsət alıb. Hazırda 400 hektardan çox sahədə yeni, müasir istixana kompleksləri yaradılır. Artıq bir sıra bölgələrdə fəaliyyətə başlayan istixanalarda yüksək məhsuldarlığa nail olunur.
Ölkəmizdə Prezident İlham Əliyevin aqrar sahədə intensiv texnologiyaların tətbiqi ilə bağlı tapşırığına uyğun olaraq həmçinin aqroparkların yaradılmasına başlanılıb. Bu məqsədlə aqroparklarda müasir istehsal, emal və infrastruktur müəssisələrinin yaradılmasına 40 milyon manatdan artıq güzəştli kredit verilib. İndiyədək regionlarda 10 min hektar ərazidə 2 aqropark yaradılıb. Perspektivdə Azərbaycanın bölgələrində aqroparkların sayı daha da artacaq. Hazırda ölkə ərazisində aqroparkların yaradılması güclü şəkildə təşviq olunur. Yeni yaradılan aqroparklar həm bitkiçilik, həm də heyvandarlıq istiqamətlidir. Bu aqroparklarda 10 min yeni iş yerinin açılması nəzərdə tutulur.
Aqroparklar tam fəaliyyətə başladıqdan sonra il ərzində təxminən 500 milyon manat dəyərində kənd təsərrüfatı məhsulları istehsal olunacaq. Görülən bu işlər aqrar sahənin dinamik inkişafında mühüm rol oynayır.
Xəbər lenti
Hamısına baxDünya
11 Noyabr 11:25
Hadisə
11 Noyabr 10:59
İdman
11 Noyabr 10:21
Hadisə
11 Noyabr 09:42
İdman
11 Noyabr 09:17
Dünya
11 Noyabr 08:55
Hadisə
10 Noyabr 23:20
Hadisə
10 Noyabr 22:19
COP29
10 Noyabr 21:32
Dünya
10 Noyabr 20:21
Hadisə
10 Noyabr 19:40
Sosial
10 Noyabr 18:37
Analitik
10 Noyabr 18:11
Dünya
10 Noyabr 17:45
Xəbər lenti
10 Noyabr 16:39
İqtisadiyyat
10 Noyabr 15:28
Dünya
10 Noyabr 14:41
Maraqlı
10 Noyabr 13:24
Dünya
10 Noyabr 12:30
Dünya
10 Noyabr 11:18
Siyasət
10 Noyabr 10:44
Formula 1
10 Noyabr 10:25
Hadisə
10 Noyabr 09:58
Dünya
10 Noyabr 09:32
Sosial
10 Noyabr 08:19
Diaspor
09 Noyabr 23:21
İdman
09 Noyabr 22:19
Siyasət
09 Noyabr 21:31
Siyasət
09 Noyabr 20:31
Gündəm
09 Noyabr 18:56
İqtisadiyyat
09 Noyabr 18:41
Xəbər lenti
09 Noyabr 18:14
YAP xəbərləri
09 Noyabr 17:56
Siyasət
09 Noyabr 17:20
Sosial
09 Noyabr 16:32
YAP xəbərləri
09 Noyabr 15:58
Dünya
09 Noyabr 15:18
YAP xəbərləri
09 Noyabr 14:58
Xəbər lenti
09 Noyabr 14:52
Siyasət
09 Noyabr 13:25
Gündəm
09 Noyabr 13:22
YAP xəbərləri
09 Noyabr 12:48
YAP xəbərləri
09 Noyabr 11:55
YAP xəbərləri
09 Noyabr 11:37
İdman
09 Noyabr 11:14
Gündəm
09 Noyabr 10:35
Siyasət
09 Noyabr 10:13
Siyasət
09 Noyabr 10:12
Gündəm
09 Noyabr 09:56
MEDİA
09 Noyabr 09:29
Sosial
08 Noyabr 23:19
Sosial
08 Noyabr 22:54
Hərbi
08 Noyabr 22:16
İqtisadiyyat
08 Noyabr 21:31
Siyasət
08 Noyabr 20:55
Dünya
08 Noyabr 20:32
Sosial
08 Noyabr 19:20
Siyasət
08 Noyabr 19:19
Siyasət
08 Noyabr 19:18
Sosial
08 Noyabr 19:17
Xəbər lenti
08 Noyabr 19:16
Gündəm
08 Noyabr 18:49
Dünya
08 Noyabr 18:25
Xəbər lenti
08 Noyabr 18:02
Dünya
08 Noyabr 17:42
Gündəm
08 Noyabr 17:24
Gündəm
08 Noyabr 17:13
Dünya
08 Noyabr 16:30
Dünya
08 Noyabr 15:26
Dünya
08 Noyabr 14:51

