Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Müsahibə / "Ekologiya ili" çərçivəsində Azərbaycanda mühüm layihələr həyata keçiriləcək

"Ekologiya ili" çərçivəsində Azərbaycanda mühüm layihələr həyata keçiriləcək

04.02.2010 [10:11]

Hüseyn Bağırov: Ulu öndər Heydər Əliyevin layiqli davamçısı, ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən də bu gün ölkəmizin ekoloji durumunun sağlamlaşdırılmasına xüsusi diqqət göstərilir
Azərbaycan Respublikasının ekologiya və təbii sərvətlər naziri Hüseyn Bağırov www.yap.org.az saytına müsahibə verib:
- Hüseyn müəllim, bildiyimiz kimi 2010-cu il Azərbaycanda “Ekologiya ili” elan edilib. İstərdik ki, bu il çərçivəsində həyata keçiriləcək layihələr haqqında məlumat verəsiniz.
- Unikal təbii şəraitə, zəngin təbii sərvətlərə və inkişaf etmiş sənaye sahələrinə malik olan Azərbaycanda ekoloji problemlərin həlli məsələləri daim diqqət mərkəzində olmuşdur. Bu ənənə xalqımızın ümummilli lideri Heydər Əliyev tərəfindən qoyulmuşdur. Ulu öndərimiz Heydər Əliyev ekoloji vəziyyətin yaxşılaşdırılması, ətraf mühitin mühafizəsi, eləcə də, təbii sərvətlərdən səmərəli istifadə məsələlərinə daim xüsusi qayğı ilə yanaşmışdır. Ulu öndər Heydər Əliyevin layiqli davamçısı, ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən də bu gün ölkəmizin ekoloji durumunun sağlamlaşdırılmasına xüsusi diqqət göstərilir. ölkə rəhbərinin bilavasitə sədrliyi ilə ekoloji problemlərin müzakirəsinə həsr olunmuş müşavirələrin keçirilməsi, ətraf mühitlə bağlı qəbul olunmuş dövlət proqramlarının icrasına diqqətin artırılması, mövcud ekoloji problemlərin daha səmərəli həll edilməsi məqsədilə müvafiq sərəncamların verilməsi, bu sahənin ölkəmizdə prioritet məsələlər sırasına qaldırılmasına parlaq nümunədir. 2010-cu ilin Azərbaycanda “Ekologiya ili” elan olunması da cənab Prezidentin bu məsələlərə necə diqqətlə yanaşdığını bir daha göstərir. Bundan başqa, bildiyimiz kimi ölkəmizdə ekoloji problemlərin aradan qaldırılması istiqamətində çoxsaylı proqramlar qəbul edilib və həmin proqramlar ardıcıllıqla icra olunmaqdadır. Ekoloji vəziyyətin sağlamlaşdırılması və ətraf mühitin mühafizəsi sahəsində son bir neçə ildə ölkə rəhbərliyinin prinsipial mövqeyi nəticəsində xeyli işlər görülmüş, uzun illər ərzində yaranmış və müstəqil Azərbaycana miras qalmış ekoloji problemlər təhlil edilərək, onların kompleks həllinə yönəldilən 5 Milli və Dövlət Proqramı təsdiq edilmiş, ekologiya və ətraf mühitin mühafizəsi sahəsində hüquqi baza təkmilləşdirilmişdir. ölkə Prezidenti cənab İlham Əliyevin Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında ekoloji vəziyyətin yaxşılaşdırılmasına dair 2006-2010-cu illər üçün Kompleks Tədbirlər Planı” da problemlərin həllinə yönəldilən mühüm və çox qiymətli sənəddir. Kompleks Tədbirlər Planının icrasını təmin etmək məqsədilə əsasən, Bakı şəhəri və Abşeron yarımadasının ətraf mühitinin sağlamlaşdırılması istiqamətində mühüm işlər həyata keçirilir. Xüsusi vurğulamaq istəyirəm ki, “Ekologiya ili” çərçivəsində bu tipli layihələr daha geniş vüsət alacaq.
- Əhalinin ekoloji cəhətdən təmiz içməli su ilə təmin olunması bu gün bütün dünya ictimaiyyətinin xüsusi diqqətlə yanaşdığı məsələlərdəndir. Sirr deyil ki, hətta bir sıra qabaqcıl ölkələrdə bu problem hələ də tam olaraq aradan qaldırılmayıb. Amma Azərbaycanda Prezident İlham Əliyevin rəhbərliyi ilə görülən işlər artıq ilkin nəticələrini verməkdədir. İstərdik, bu istiqamətdə görülən işlər haqqında məlumat verəsəniz.
- ölkə başçısının “Əhalinin ekoloji cəhətdən təmiz su ilə təminatının yaxşılaşdırılması ilə əlaqədar bəzi tədbirlər haqqında” 20.06.2007-ci il tarixli Sərəncamından irəli gələn məsələlərin həlli istiqamətində də əhəmiyyətli işlər görülüb. Bu layihə xüsusən Kür-Araz ovalığı ərazisində yaşayan insanların sağlamlığı üçün atılan mühüm bir addımdır. Əvvəllər Gürcüstan və Ermənistanda çirklənən sudan istifadə etmək məcburiyyətində qalırdıq. ölkə Prezidentinin tapşırığı ilə 18 ay ərzində 225 min insan, 120-dən çox yaşayış məntəqəsi ümumdünya Səhiyyə Təşkilatının standartlarına cavab verən içməli su ilə təmin edilib. İndi bu layihənin icrası daha sürətlə davam etdirilir və qısa zamanda 800 min insanı əhatə edəcək. Bununla da, Azərbaycanda emal olunmamış sudan istifadə edən əhalinin sayı sıfıra enəcək. Əslində, bu problemin 2015-ci ilə qədər həlli Cənubi Afrikada keçirilən ekoloji sammitin qarşıya qoyduğu vəzifədir. Biz isə bu məsələni maksimum 2012-ci ilə qədər tam həll edəcəyik. Bu sahədə həyata keçirilən tədbirlər, görülən işlər hansısa təşkilat qarşısında öhdəlik deyil, öz vətəndaşlarımıza qayğı göstərmək məqsədilə edilir.
- Artıq bir neçə ildir ki, Xəzər dənizinin sahil zolağında təmizlik işlərinin aparılması, ekoloji vəziyyətin yaxışılaşıdırılması ilə bağlı mühüm tədbirlər həyata keçirilir. Bu sahədə mövcud vəziyyəti necə qiymətləndirirsiniz?
- Xəzər dənizinin çirklənmədən qorunması istiqamətində də mühüm işlər görülür. Xəzəryanı dövlətlər içərisində Azərbaycan yeganə ölkədir ki, Xəzər dənizində ekoloji tarazlığın qorunub saxlanılmasında böyük layihələrlə çıxış edir. ölkə Prezidentinin müvafiq sərəncamlarından irəli gələn məsələlərin həlli istiqamətində gündə 6140 m3 sutəmizləmə gücünə malik, beynəlxalq standartlara cavab verən modul tipli çirkab sutəmizləyici qurğuların qurulması nəticəsində Abşeron yarımadasının Bilgəh, Buzovna, Mərdəkan, Pirşağı, Nardaran və Novxanı-Sumqayıt sahilboyu ərazilərində 17 stansiya istismara verilərək “Xəzər dənizinin ekoloji mühitinin mühafizəsi sistemi” yaradılmışdır. Prezidentin “Xəzər dənizinin çirklənmədən qorunması üzrə bəzi tədbirlər haqqında” 20.06.2007-ci il tarixli Sərəncamından irəli gələn məsələlərin həlli istiqamətində də mühüm işlər görülməkdədir. Bir neçə il öncə, Xəzər dənizindən götürülmüş su nümunələri üzərində aparılan təhlillər zamanı suyun tərkibinin çirkli olduğu müəyyən edilmişdirsə, görülən tədbirlər nəticəsində 25-30 ildə ilk dəfə, 2009-cu ilin yazında Abşeron yarımadasının ən çirkli olan şimal sahələri boyunca Xəzər dənizində aparılmış tədqiqatların nəticələrinə görə dəniz suyu nümunələrində komponentlərin miqdarının norma daxilində olduğu müəyyən edilib. İndi isə Sumqayıta qədər bu işlərin davam etdirilməsi nəzərdə tutulur.
- Xəzərin suyunun şirinləşdirilməsi ilə bağlı layihənin hazırlandığına dair müəyyən məlumatlar yayılmaqdadır. Bu barədə nə deyə bilərsiniz?
- Azərbaycan nəzəri cəhətdən su qıtlığına məruz qala bilən ölkədir. Bizim su ehtiyatlarımız yetərincədir. 36 kubmetr illik su ehtiyatımız var. Amma bunun 75 faizi xaricdə formalaşır. Kür və Araz çayları getdikcə çirklənir. Digər tərəfdən, başqa dövlətlər də bizi su ilə sınağa çəkməyi düşünə bilərlər. Buna görə də, kompleks tədbirlər görülür. O cümlədən, dağlarda su anbarları tikilir. Bütün bunlardan əlavə, Xəzər dənizinin suyunu şirinləşdirmək üçün texnologiyalar mövcuddur. Bir neçə kəndin suvarılmasında və içməli su ilə təmin olunmasında bu texnologiyadan istifadə olunacaq və bu su dünya standartlarına cavab verəcək.
- Neftlə çirklənmiş ərazilərin təmizlənməsi istiqamətində vəziyyət necədir?
- Sevindirici haldır ki, artıq bu sahədə görülən işlərin müsbət nəticəsini hiss edirik. Azərbaycan hökuməti tərəfindən ətraf mühitin qorunması və mövcud vəziyyətin bərpasına yönəldilmiş Bakı buxtasının, Bibiheybət zonasının, Heydər Əliyev adına Beynəlxalq Hava Limanının ətrafının, Abşeron yarımadasındakı göllərin, neftlə çirklənmiş torpaqların, lay suları altında qalmış sahələrin və digər istehsalat tullantıları ilə çirklənmiş ərazilərin ekoloji vəziyyətinin yaxşılaşdırılması, bərk məişət tullantılarının idarə olunması sxeminə uyğun Bakı və Sumqayıt şəhərlərində formalaşan tullantıların idarə olunmasının təkmilləşdirilməsi və s. tədbirlərin həyata keçirilməsi bu istiqamətdə müsbət dönüş yaratmağa imkan vermişdir. Onu da qeyd etmək istərdim ki, bu istiqamətdə görülən işlərdə digər dövlət strukturları ilə birgə fəaliyyət göstəririk. Abşeron yarımadasında 30-35 min hektar çirklənmiş torpaqlar var idi. 150 ildən çoxdur ki, ekoloji tələblər gözlənilmədən primitiv üsulla neft istehsal edilirdi. ARDNŞ-ın öz sərəncamında olan torpaqları çox böyük sürətlə təmizləməsinin şahidi oluruq. Həmçinin, ötən dövrlər ərzində, Bibiheybətdə təmizləmə işləri aparılıb, yaşıllıq salınıb. Bakıda nəqliyyatın fəaliyyəti tənzimlənəndən sonra atmosferin vəziyyəti xeyli yaxşılaşmalıdır. ümumiyyətlə, qaynar proses gedir. Binə bazarının yeri bərbad vəziyyətdə idi. 600-700 min kub metr tullantı yığılıb qalmışdı. Nazirlik öz imkanlarını səfərbər etdi, 86 hektar ərazidə bu tullantıları təmizlədi. İndi həmin ərazidə yaşıllıq salınıb. Bu tullantıların yerində gözəl yaşıl massiv görünür. Kürdəxanı ətrafında, Balaxanı poliqonunun ətrafı yaşıllaşdırılır, Zirə-Binə ətrafında işləri görmək üçün Maliyyə Nazirliyi ilə müzakirələr aparılıb və sürətlə bin neçə layihəni başlayıb, ilin sonuna qədər 20 layihənin həyata keçirilməsi nəzərdə tutulub.
- Azərbaycan Prezidenti İlham Əliyevin müvafiq tövsiyə və tapşırıqlarına uyğun olaraq nəinki paytaxtda, eyni zamanda, Azərbaycanın hər bir rayonunda yaşıllaşdırma işlərinin geniş vüsət aldığını görürük.
- Respublikanın paytaxtında və bölgələrində yaşıllaşdırma işlərinin geniş vüsət alması, magistral yolların mühafizə zolaqlarının yaşıllaşdırılması, onların külək və su eroziyasından mühafizəsi məqsədilə Bakı-Ələt-Hacıqabul istiqamətində magistral şose yolu ətrafında 172 min, Zığ-Aeroport yolu boyu ərazidə 230 min müxtəlif növ ağac və kol tingləri əkilmişdir. Zığ-Aeroport yolu boyu 196 hektar ərazidə yaşıllıqsalma işləri başa çatdırılmış, ağacların suvarılması üçün suvarma şəbəkəsi qurulmuşdur. Eyni zamanda, ölkədə mövcud olan meşə sahələri də genişləndirilir. ölkəmizdə odun yanacağına tələbat böyük olsa da, Azərbaycanın meşə əraziləri artmaqdadır. Son 8-9 ildə meşə sahələrində 60 -70 min hektar artım müşahidə olunub. “Ekologiya ili” çərçivəsində, 4 min hektar yaşıllıq salınacaq. Bu Azərbaycan meşələrinin nəzərəçarpan dərəcədə artması deməkdir. Yaxşı davamlı ağaclar yetişdirilir. Artıq Abşeron yarımadasında 400 hektardan çox yeni yaşıllıqlar salınıb. Bu proses sürətlə gedir. Atmosfer yaxşılaşdırılır, sənaye müasirləşdirilir. Amma atmosferin korlanmasında nəqliyyatın payı artır və bunun qarşısının alınması üçün də hökumət konkret tədbirlər həyata keçirməyi düşünür. Bilirsiniz ki, hazırda köhnə maşınların istifadəsinə qadağa qoyulması ilə bağlı müzakirələr aparılır. Eyni zamanda, Azərbaycanda yanacağın istehsalı müasir tələblərə, “Avro-5” standartlarına uyğunlaşdırılır.
- Son zamanlar, ölkəmizdə xüsusi mühafizə olunan ərazilərin yaradılması, mövcud olanların isə maddi - texniki bazasının möhkəmləndirilməsi istiqamətində bir sıra tədbirlər görülüb. Bu sahədə mövcud durum haqqında nə deyə bilərsiniz?
- Ulu öndər Heydər Əliyevin Sərəncamı ilə Ekologiya və Təbii Sərvətlər Nazirliyi yarananda Azərbaycanın 4,5 faiz ərazisi mühafizə olunurdu. Bu gün isə həmin ərazi 10,1 faizə çatıb. Bu, Avropa standartlarına uyğundur. ölkədə qısa zamanda 8 Milli Park yaradılıb. İkisinin yaradılması üzərində iş davam edir. Eləcə də, 11 dövlət təbiət qoruğu və 24 yasaqlıq fəaliyyət göstərir. Qafqazda Şimal Qafqaz qoruğundan sonra ikinci nəhəng qoruq: 135-140 min hektar ərazini əhatə edən Şahdağ Milli Parkı yaradılır. Onların hər birində müasir infrastruktur yaradılmışdır. Bu qoruqlarda insanlara öz vətəninin təbiəti ilə tanış olmaq üçün hər cür şərait mövcuddur. Yeganə çatışmamazlığımız kadrlarımızla bağlıdır. Bizə lazımdır ki, təbiəti sevən insanlar bu sahədə çalışsınlar. Məsələn, mən qoruq direktorunu qalstuk-kastyumda yox, rezin çəkmədə, sırıxlıda, səhərdən axşama kimi təbiətin qoynunda görmək istəyirəm.
- Bəs, Zooloji Parkın yaradılması istiqamətində vəziyyət necədir?
- ölkə Prezidentinin Sərəncamı ilə Azərbaycanda müasir dünyada şəbəkənin layiqli üzvü ola biləcək Zooloji Park yaradılacaq. Sərəncama uyğun olaraq tender keçirilib və hətta ilkin ibtidai layihə hazırlanıb. Tenderdə Türkiyə-Almaniya şirkəti qalib gəlib və 200 hektardan çox ərazidə park yaradılması nəzərdə tutulur. Canlılar yarısərbəst şəraitdə yaşayacaq və parkın hasarı hiss olunmayacaq. Yaxın Şərq, Qafqaz, Mərkəzi Asiyada beynəlxalq şəbəkədə belə ixtisaslaşmış zoopark yoxdur. ümid edirəm ki, bu, gələcəkdə ölkəmizə daha çox turistlərin gəlməsinə səbəb olacaq. Bu park eyni zamanda elmi mərkəz kimi də fəaliyyət göstərəcək. Qısa zamanda layihə işləri başlanacaq. Düşünürəm ki, 2-3 il ərzində müasir obyektin sahibi ola biləcəyik. Yeri gəlmişkən onu da qeyd etmək istəyirəm ki, xaricdən gələn ekspertlər müraciət edirlər ki, Bakıdakı zoopark ləğv edilsin. çünki bu heyvanlar üçün həbsxanadır.
- Hüseyn müəllim, siz eyni zamanda Hava və Ekstremal İdman Növləri Federasiyasının prezidentisiniz. Bu yaxınlarda sizin rəhbərliyiniz ilə Azərbaycan elmi-idman ekspedisiyası And dağlarına səfər edib. İstərdik, bu səfər və onun əhəmiyyəti ilə bağlı fikirlərinizi bildirəsiniz.
- İlk olaraq, Azərbaycan elmi-idman ekspedisiyası qarşıya qoyulmuş bütün tapşırıqları müvəffəqiyyətlə yerinə yetirərək And dağlarına (Argentina) ekspedisiyanı başa vurmuşdur. Ekspedisiya And dağlarının Akonkaqua massivinin unikal geologiyası üzrə elmi-geoloji proqram, həmçinin, Argentinanın dağlıq və dağətəyi rayonlarının timsalında Cənubi Amerikanın bioloji müxtəlifliyi üzrə proqramı da həyata keçirmişdir. Ekspedisiya zamanı elmi-populyar filmlər və nəşrlərin hazırlanmasında əsas rol oynayacaq unikal, zəngin video və foto materiallar çəkilmişdir. Akonkaqua zirvəsinə (6962 m) Azərbaycanın milli bayrağı, Azərbaycan Respublikasının qurucusu, ümummilli lider Heydər Əliyevin “Mən fəxr edirəm ki, mən azərbaycanlıyam” sözləri, həmçinin, üzərində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin şəkli və “Azərbaycan yeni zirvələrə doğru, İlhamla irəli” sözləri yazılmış vimpellər qaldırılmışdır. Həmçinin, zirvədə Azərbaycan və ingilis dillərində yazılan “2010 Azərbaycanda ekologiya ili - Yaşıl dünya naminə” transporantları açılmışdır. Onu da deyim ki, bu, Azərbaycan üçün yeni sahədir. Bu, bir növ xalqların təsəvvürünü formalaşdıran amillərdən biridir. 6-7 ölkə fəxrlə dağları gəzir. Uçuş aparatları icad edirlər, hava-idman növləri ilə məşğul olurlar. Hesab edirlər ki, bu xüsusi istedad tələb edir. çalışırıq ki, bu monopoliyanı sındıraq. Bu gün Azərbaycan dinamik inkişaf edir. Əhalinin sosial rifahının yüksəlməsi üçün ardıcıl olaraq addımlar atılır. And dağlarında iş belə gətirdi ki, orada 19 idmançı bizim ətrafımızda idi. 4 kanadalı, 2 amerikalı, 6 rus, Almaniya və Avstraliyadan olanlar çox çətinliklərlə rastlaşdılar. 1 rus 5500 yüksəklikdə olan düşərgədə oksigen çatışmazlığından ölümcül vəziyyətə düşdü, yuxudan oyanmadı, reanimasiya tədbirləri nəticəsində özünə gəldi. çox ağır şərait var idi. Həmin 6 rusdan biri yüksəkliyə qalxdı. Sonuncu gün ruslar düşərgəni tərk edəndə bizə yaxınlaşdılar və dedilər ki, siz azərbaycanlılar haqqında təsəvvürümüzü dəyişdirdiniz. Bu, Azərbaycanın imicinə xeyirdi. Kanadalıların da heç biri yüksəyə qalxa bilmədilər. Bizim sıralarımızda da çətinliklər oldu. Peşəkar idmançılarımızın oksigen çatışmazlığında vəziyyətlərinin ağırlaşdığını görəndə qərar verdim ki, irəli hərəkət etməsinlər. Son nəticədə, ekspedisiya öz vəzifəsini yerinə yetirdi. Bu işin öhdəsindən 19 idmançıdan bir neçəsi gəldi. Bunların heç biri məğlubiyyət deyil, təcrübə və sınaqdır. Bu sınaqdan keçmək lazım idi. Belə yürüşlərin heç birini uğursuz saymıram. Qarşıda duran vəzifələr yerinə yetirildi.
Amma çox təəssüf ki, Biləcəridən o tərəfə gedə bilməyən bəzi insanlar müəyyən saytlarda spekulyasiyalarla məşğuldurlar. Bəziləri deyir ki, 2-3 həftə ərzində nə elm etmək olar? Bu axmaqlar başa düşmür ki, hətta geoloqlar da dağlara gedəndə 2 həftə dağ işi aparır, sonra 8 ay təcrübə işi həyata keçirirlər. Laborotoriya analizləri aparır, ədəbiyyatı araşdırır, müqayisə edir, nəticələri təsdiq edir, kitab şəklinə salır və s. Məsələn, biz Antarktida yürüşünün nəticələrinə görə kitabı indi nəşr edirik. 700 səhifədən çox, iki cilddə Antarktidanın iqlimi və Antarktidanın geologiya kitabları nəşr edildi. Bu kitabların müəllifləri və redaktorları sırasında, həmin ərazilərdə olmasalar da, bu mövzunu gözəl bilən akademiyanın müxbir üzvü Vasif Babazadə, akademik Budaq Budaqov və başqaları da var. Bu kitablar indi rus və ingilis dillərinə tərcümə edilir. Bunu edirik ki, əcnəbilər də bizim nailiyyətlərimizdən, ortaya çıxardığımız elmi əsərlərdən istifadə etsin.
Eyni zamanda, bədxahlarımız da bütün bunları öyrənməlidirlər. Onlar elmi metodlara yiyələnməlidirlər. Onda hər şeyi görəcəklər. Hazırda Kilimancaro ilə bağlı yığılan materialların sürətlə ümumiləşdirilməsi gedir, təhlillər aparılır. İndi Azərbaycanın muzeyində Antarktidadan, Afrikadan, Cənubi Amerikadan kolleksiyası olacaq və bu faktı hamı çox yüksək qiymətləndirir. Dünya görəcək ki, Azərbaycan alimləri yalnız özlərinə qapılmayıb, dünya ilə maraqlanıblar, proseslərin bərabərhüquqlu iştirakçısı olublar. Belə bir şəraitdə isə yarımsavadlı manqurtların və ya onların heç cinsi də bilinməyən internet kölgələrinin dedikləri bizim işimizi, qarşıya qoyduğumuz vacib vəzifələrin yerinə yetirilməsi üçün heç bir əhəmiyyət daşımır.
- Federasiya bu il ərzində daha hansı tədbirləri həyata keçirməyi planlaşdırır?
- Bəli, 2010-cu ildə bir sıra mühüm tədbirlər keçirməyi nəzərdə tuturuq. Hava və Ekstremal İdman Növləri Federasiyasının təşkilatçılığı ilə buzadırmanma üzrə Azərbaycanın milli komandası tariximizdə ilk dəfə olaraq 2010 Dünya Kuboku yarışlarının birinci mərhələsində iştirak etmişdir. Rusiyanın Kirov şəhərində keçirilən yarışların birinci mərhələsində 16 ölkəni təmsil edən 68 idmançı yarışıb.
Dünya səviyyəli buzadırmananların da iştirak etdiyi 42 kişi və 26 qadın idmançıları arasında keçirilən yarışlarda sürət dırmanması üzrə kişi idmançılarımız 18-ci, qadın idmançımız isə 17-ci yeri tutublar. Yarışlar keçirilən dövrdə bu idman növü üzrə hakimlər üçün təşkil edilmiş seminarda Azərbaycan Hava və Ekstremal İdman Növləri Federasiyasının nümayəndələri də iştirak edərək Beynəlxalq Alpinizm Federasiyasının (UIAA) beynəlxalq hakimlik sertifikatlarını alıb.
Bu yarış idmançılarımız üçün təcrübə olub. İlk dəfə belə yüksək səviyyəli yarışlarda iştirak edən yığma komandamızın üzvləri ən güclü idmançılarla birgə yarışaraq, yaxşı təcrübə qazanıblar. Bu da, gələcəkdə idmançılarımızın buzadırmanma texnikasını yaxından öyrənməyə və bu idman növünün səviyyəsini yüksəltməyə şərait yaradacaq. Bu yarış buzadırmanma üzrə milli idmançıların hazırlanmasında mühüm əhəmiyyət kəsb etməklə yanaşı, beynəlxalq yarışların keçirilməsi təcrübəsinin əldə edilməsi imkanını da yaradıb. Belə ki, yaxın zamanlarda Azərbaycan Hava və Ekstremal İdman Növləri Federasiyası Azərbaycanda ilk dəfə buzadırmanma üzrə beynəlxalq turnir təşkil etməyi planlaşdırır. Bir neçə gündən sonra təbii buzlaqlarda bir neçə ölkənin iştirakı ilə ilk dəfə buzadırmanma üzrə “Open Azərbaycan” adı altında açıq çempionat keçiriləcək. Yarışda ən azı 30 idmançı iştirak edəcək.
Hava idman növlərinə də diqqət yetirməyi düşünürük. Artıq iki dəfə dünya çempionu Mixail Kuzmirin köməyi ilə 6-7 müstəqil uçuşlar keçirmiş paraplan üzrə idmançımız var. Həmçinin, bu yaxınlarda biz Azərbaycanda ilk dəfə uzun məsafəli paraplanla, yəni idarəolunan paraşütlə hava yürüşü keçirməyi planlaşdırırıq. Bir sözlə, riskli olsa da, belə idman növlərinin tətbiqinə diqqəti artıracağıq.

Paylaş:
Baxılıb: 1398 dəfə

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

YAP xəbərləri

MEDİA

Siyasət

Gündəm

İqtisadiyyat

MEDİA

44 günün dastanı...

08 Noyabr 09:34

Analitik

Siyasət

Ədəbiyyat

ZƏFƏR NƏĞMƏLƏRİ

08 Noyabr 08:28

Arxiv
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30