Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Müsahibə / Hadi Rəcəbli: Parlament seçkilərində Yeni Azərbaycan Partiyasının qələbəsi labüddür

Hadi Rəcəbli: Parlament seçkilərində Yeni Azərbaycan Partiyasının qələbəsi labüddür

19.10.2010 [09:16]

Milli Məclisin Sosial siyasət komitəsinin sədri, YAP-ın 74 saylı Lənkəran kənd seçki dairəsindən deputatlığa namizədi Hadi Rəcəbli www.yap.org.az saytına müsahibə verib
Hadi Rəcəbli 1947-ci ilin oktyabr ayında Lənkəranın Veravul kəndində anadan olmuşdur. Moskvada ali texniki, sonradan siyasi təhsil almışdır, siyasi elmlər doktorudur. Uzun illər dövlət orqanlarında rəhbər vəzifələrdə çalışmışdır. Hazırda Milli Məclisin Sosial siyasət komitəsinin sədridir.
Azərbaycan Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının professorudur. Səkkiz kitabın, iki yüzə yaxın elmi-publisistik məqalənin müəllifidir.
- Hadi müəllim, noyabrın 7-də keçiriləcək parlament seçkiləri ilə əlaqədar təşviqat prosesi davam edir. Artıq seçkidə iştirak edən bütün namizədlər öz platformalarını təqdim ediblər. Yeni Azərbaycan Partiyasının seçkilərdə iştirak səviyyəsini necə qiymətləndirmək olar? Bu baxımdan yerlərdə seçicilərlə görüş təəssüratlarınız necədir?
- Azərbaycanda çoxpartiyalılıq institutu yeni yaranıb. İlk dövrlərdə 35-40-a yaxın partiya yaranmışdı, hətta ailə partiyaları vardı. Bu gün də o patiyalar qalır. Amma sevindirici hal ondan ibarətdir ki, zaman və cəmiyyət partiyaları ayırdı. Baxırsan ki, siyasi partiyadır, nümayəndəsi mənasız danışır, heç nəyə nail ola bilmir, partiya isə insanların başını qatmaqla məşğuldur. Bir partiya var ki, xalqa işləyir, güclüdür, xalqın partiyasıdır-Yeni Azərbaycan Partiyası. YAP günü-gündən güclənir, sıraları genişlənir. Partiyamızın 500 mindən çox üzvü var, tərkibi keyfiyyət baxımından çox yüksəkdir, partiya strukturlaşıb, sistemləşib. Heç bir partiya YAP kimi sistemləşə, strukturlaşa bilmədi. Bu gün ölkəmizin bütün yerlərində bu partiyanın strukturları yüksək səviyyədə fəaliyyət göstərir. Bu, YAP-ın cəmiyyət tərəfindən qəbul olunmasından, cəmiyyətdə nüfuz qazanmasından irəli gəlir. Partiyanın son məqsədi hakimiyyət uğrunda mübarizədir və bu mübarizə xalqın seçiminə, inamına əsaslanır. Bu baxımdan, YAP-ın bu dəfəki seçki prosesində apardığı işlər çox çevik, müasir, mütəşəkkildir. Təsəvvür edin ki, məhz partiyanın proqramı əsasında YAP-ın namizədlərinin imzatoplama kampaniyası necə çevik və peşəkar səviyyədə həyata keçirildi. Əvvəlcədən hazırlanan, dislokasiyası məlum olan insanlar, qruplar vardı ki, onlar qısa bir müddətdə imzaları yüksək səviyyədə toplayıb seçki qərargahına təhvil verdilər. Partiyanın mərkəzi aparatı bütün proseslərə nəzarət edir, işlərin tənzimlənməsini təşkil edir. Bu keyfiyyətli işin nəticəsində, bizlər daha güclü oluruq. Bu baxımdan hesab edirəm ki, YAP-ın qələbəsi labüddür, bu qələbəyə heç bir şübhə yoxdur. Biz arzu edərdik ki, digər partiyalar da maraqlı konsepsiyalarla çıxış etsinlər, xalqın etimadını, məhəbbətini qazansınlar. Amma onlar populizmlə məşğuldur. Deyirlər ki, pensiyanı 6 dəfə artıracağıq. Bunu hansı əsasla edəcəklərini isə demirlər. Biz deyirik ki, pensiyanı bu miqdarda artıracağıq və dediyimizin arxasında arqumentlərimiz dayanır. Bizim digərlərindən fərqimiz budur ki, bizlər peşəkarlarıq. Ona görə də qələbə qazanacağıq.
- Təşviqat mərhələsi zamanı siyasi fəallıq da xeyli yüksəlib. Necə hesab edirsiniz, bu seçkilərdə sivil mübarizə qaydalarına nə dərəcədə əməl olunur?
- Seçki siyasi fəallığın artdığı bir dövrdür. Bütün cəmiyyətlərdə, bütün dövrlərdə həmişə seçkiqabağı siyasi fəallıq artır. Seçki Məcəlləsinə edilən son əlavə və dəyişikliklər çox önəmli və vacibdir. Bu dəyişikliklər bizə nə verdi? Bu dəyişikliklər modernləşən Azərbaycanın inkişafının növbəti mərhələsi idi. Bundan öncə seçkiqabağı 6 ay ərzində siyasi gərginlik yaşanırdı, insanlar bir-birinə qarışırdılar. O zaman siyasi mədəniyyət hələ o dərəcədə deyildi ki, insanlar siyasi debatlara girsinlər, müzakirələr aparsınlar. Son nəticədə isə seçim də düzgün olmurdu. İndiki mərhələdə isə insanların siyasi mədəniyyəti yüksəlib, insanların seçim imkanları var, dərk edirlər ki, siyasət bir peşədir. İnsanlar dərk edirlər ki, siyasi mübarizəni siyasi cəhətdən peşəkarlaşan insanlar aparmalıdırlar. Təbii ki, bu gün qanunvericiliyə əsasən vətəndaşların azad seçmək və seçilmək hüququ var, amma bu gün siyasi mübarizənin siyasi peşəkarlar arasında getməsi daha vacibdir. Təsəvvür edin ki, seçkiyə qatılmaq istəyənlərin arasında, imza vərəqələri götürənlərin arasında yarıbayarı insanların imzaları təsdiq olunmadı və onlar namizəd kimi qeydə alınmadılar. Bu gün bəzi beynəlxalq təşkilatlar fikir bildirirlər ki, namizədlərin sayı niyə azalıb? çünki ölkəmizdə siyasi mədəniyyət yüksəlib. çünki insanlarda dəqiqlik artıb, peşəkar insanlar mübarizə aparır, seçkiyə qatılmaq həvəsində olanların sayı azalıb. Seçki Məcəlləsinin əvvəlki formatında MSK tərəfindən namizədlərə müəyyən miqdarda vəsait ayrıldığı üçün hər kəs namizəd olmağa can atırdı. Artıq insanlar dərk edirlər ki, seçki professional bir işdir. Namizədlərin sayının azalması peşəkarların ortada olmasına rəvac verir. Azalanlar sadəcə təsadüfi şəxslərdir. Mən bir misal çəkim. Lənkəran rayonundan bir nəfər deputat olmaq istəyən adam seçki vərəqələrində oğlunun adını iki yerdə yazıb, hər iki yerdə də oğlunun əvəzinə başqa adam imza atıb. Bundan o tərəfə qanun pozuntusu varmı? Bunu bilməyən adam, bu prosesi yerinə yetirməyi bacarmayan adam necə deputat ola bilər? Əlbəttə ki, beləsi qeydə alınmayacaq.
- Partiyamızın vahid seçki proqramı, platforması ilə seçkilərə getməsinin üstünlüyü nədən ibarətdir?
- Bu gün YAP seçki plakatlarının hazırlanmasında korrektələr edir, yığcam, hərtərəfli bir seçki plakatı hazırlayır. çox gözəl oldu ki, bu işlər mərkəzləşdirilmiş qaydada həyata keçirildi. Bu, bir daha partiyamızın dəsti-xəttini göstərdi. Bu, bir daha YAP-ın gücünü nümayiş etdirdi. Mənim seçki platformam YAP-ın seçki platformasıdır. Partiyamız deyir ki, “Güclü dövlət-yüksək rifah”. Bildiyiniz kimi, mən ötən beş ildə Milli Məclisin Sosial siyasət komitəsinin sədri olmuşam, o baxımdan bu mənə yaxın bir şüardır. Yəni, qarşıdakı beşilliyin devizi məhz güclü dövlət-yüksək rifahdır. Bu, Prezident İlham Əliyevin dövlət quruculuğunun baş xəttidir. Mənim isə seçkidə öz devizim belədir: “Xalqın istəyi-YAP-ın dəstəyi”. Keçən dəfə də bu şüarla seçkidə qalib gəlmişəm, bu dəfə də bu şüarla seçkiyə qatılıram. Mən öz seçki bukletimi hazırlayarkən konkretliyə riayət etmişəm. Yazmışam ki, “min çıxışdan on fikir”. Mən peşəkar siyasətçi kimi minlərlə çıxış etmişəm və bunların sırasından yalnız on fikri ayırmışam. Bölgələrdə insanlarla sadə xalq dilində danışmaq lazımdır. Mənim həyatımın mənası nədir, mən həyatımı necə görürəm, necə dərk edirəm, nəyi istəyirəm və bu istəklərim hamısı seçki bukletimdə öz əksini tapıb. üstəlik, mənim yazdıqlarım da YAP-ın üzvü olaraq öz partiyamın platforması ilə üst-üstə düşür. çünki mənim həyatımın mənası da bu partiya ilə bağlıdır. Mən burada seçicilərə kiçik hesabat verirəm. Bu kiçik hesabatda rəqəmlər xeyli böyükdür. Mən parlamentə təkcə 121 qanun layihəsi təqdim etmişəm. Bu nə deməkdir? Mən 121 qanun layihəsinin içinə girmişəm, onu müdafiə etmişəm, arqumentlərlə əsaslandırmışam. 93 komitə iclası keçirmişəm, hər komitə iclasının keçirilməsinə hazırlaşmışam. Bu çox ciddi və böyük məsələdir. Mən parlamentin 161 iclasından 157-də iştirak etmişəm. Cəmi bu müddətdə 4 iclasda iştirak etməmişəm. Bu nümunəvi bir göstəricidir. Mən 4570 ərizə və şikayətə baxmışam, 3690 vətəndaş qəbul etmişəm.
- Hadi müəllim, bəs rəqibləriniz haqqında nə deyə bilərsiniz? Onları özünüzə ciddi opponent hesab edirsinizmi?
- Təəssüf ki, mənim opponentlərim elə də güclü siyasətçilər deyillər. çünki insan mübarizədə, mədəni və güclü siyasi polemikada potensialını nümayiş etdirməyi bacarır. Əlbəttə, mən bütün rəqiblərimi dəyərləndirirəm, amma mənə görə, onlar hələ siyasətə yeni qədəm qoyan insanlardır. Peşəkar siyasətçi ilə yeni başlayan siyasətçinin isə böyük fərqi var. Təbii ki, mən də onlara hörmətlə yanaşacam, çalışacam ki, seçki mübarizəsində mən tərəfdən bütün mədəni elementlər gözlənilsin. Hətta mən istərdim ki, namizəd olduğum dairədəki bütün opponentlər yığışıb seçki mübarizəsinin aparılma mexanizmləri ilə bağlı müzakirələr keçirək. İstərdim ki, sivil, mədəni seçki debatlarının keçirilməsi istiqamətində iş qura bilək. Düşünürəm ki, hörmət qarşılıqlı olacaq. Mənim gücüm partiyamın gücüdür və bu da ortadadır.
- Təbii ki, seçicilərlə görüşləriniz zamanı ötən beş ilin hesabatını da verirsiniz. Seçicilər fəaliyyətinizdən razıdırmı?
- Milli Məclisə ünvanlanan ərizə və şikayətlərdən yarıdan çoxu mənə gəlir. Bunun iki səbəbi var. Birinci səbəb obyektiv səbəbdir ki, sosial istiqamətli problemlərlə ilk növbədə müvafiq komitənin rəhbəri kimi mən məşğul oluram. İkincisi, subyektiv məsələlərdir. Təbii ki, bütün məsələləri də həll etmək olmur. Məsələn, biri çıxıb deyir ki, Hadi müəllim, mənim oğlumu tutmuşdular, 12 il iş vermişdilər, sən onu qurtarmadın. Hüquqi dövlətdə yaşayan adamların bəzilərində hələ də bu təfəkkür var. Axı mən necə edim ki, cinayətkar cinayət məsuliyyətindən azad olunsun? çünki hər şey qanunla tənzimlənir. Digəri iddia edə bilər ki, Hadi müəllim mənim oğulumu gömrüyə işə düzəltmədi. Axı dövlət qulluğu haqqında qanun var, mən bunu həmin adama necə başa salım? Əlbəttə ki, bu qism insanlar çox azdır. Təbii ki, həmin qeyd etdiyim insanlar da məni özlərinə arxa bildiklərini üçün məndən umurlar. Məncə, bu, həmin adamın da böyüklüyüdür ki, probleminin həlli ilə bağlı birinci mənə üz tutur, bilir ki, mən onun millət vəkiliyəm. Amma bunun da təhəri var axı...
- Siz parlamentin Sosial siyasət komitəsinin rəhbərisiniz. ötən beş il ərzində bu sahədə hansı ciddi sənədlər qəbul olunub? Eyni zamanda, yeni qanunlarla bağlı sosial sifarişlər varmı?
- ümumiyyətlə, sosial qanunlarda transformasiya prosesi çox ağrılı prosesdir. Başqa sahələrdə islahatlar aparmaq bəlkə də asandır. Amma sosial islahatların ünvanı bir başa insandır. Məsələn, təqaüdün azalması və ya artması insanların həyatına təsir göstərir. Allaha şükür ki, Ulu öndər Heydər Əliyev dühasının xarizması nəticəsində biz ilkin islahatları apara bildik. Bu islahatlar dünyanın bütün ölkələrində çox ağrılı, gərgin şəkildə keçmişdi. Azərbaycanda isə Heydər Əliyev şəxsiyyəti, xarizmasının gücü bu prosesin gərginliyini aradan qaldırdı. Xalqda Heydər Əliyevə olan inam buna əsas verdi. Xalqımız Heydər Əliyev ucalığına, peşəkarlığına inanır, etibar edirdi. Bu gün Prezident İlham Əliyevin apardığı dövlət quruculuğu siyasəti isə daha da modernləşməyə istiqamətlənib. Bu xətt çox incə, Avropaya inteqrasiya yönümlü və bütünlüklə siyasətin mahiyyətində insan faktoru yer alan siyasi xəttdir. Bu siyasətdə də biz çox maraqlı işlər gördük. Məsələn, pensiya islahatlarında birbaşa fərdi uçota keçdik, həmrəylik prinsipindən fərdi uçota. Bu nədir? Əvvəllər hamı pul verirdi, sonradan bu məbləğ bərabər bölünürdü. Bu gün isə pensiyanın baza hissəsi hamıya bir cür verilir, amma sonrakı isə fərdi uçot əsasında ödənilir. Yəni kim nə ödəyirsə, onu da alır. Cənab Prezident Sosial Müdafiə Fondunun vəsaitinin 35 faizini büdcədən ödəyir. Bu, insanların rifahına kömək etmək üçün edilir. Digər bir məsələyə diqqət yetirək. Bu, islahatlarda ciddi bir addım idi: Sığorta sistemindən müavinət sisteminin ayrılması. Uzun müddət idi ki, sığorta fondunda ahılların müavinəti orda otururdu. çünki bu pensiya deyil, bu, ahıllara dövlət tərəfindən humanizm baxımından verilən puldur. Yəni, 70 yaşına qədər olan insanın əmək pensiyası hüququ yaranmayıb və dövlət ona pul verir. Bu, sığorta sistemindən ayrıldı. İnsanlar öz verdiklərini sığorta sistemindən əldə edir, dövlətin verdiyini isə oraya qatmırıq. Bu çox ciddi addım idi. ünvanlı sosial yardıma keçildi, çox narahatedici uşaqpulu məfhumundan qaçıldı. Bu böyük bir addım idi. Sosial siyasətdə proqramlarla idarəetmə yeni bir sistem idi. Səhiyyə sahəsində xəstəliklərin proqramı qoyulur və atılan addımlar daha səmərəli olur.
Beləliklə, sosial islahatlarının ilkin, ağrılı tərəfləri yoluna qoyulub. İndi bu gün özəl pensiya sistemlərinin yaradılması istiqamətində iş gedir. Məsələn, özəl səhiyyəyə keçilib, artıq pasientin hüquqlarının müdafiə olunması vacibdir. özəl xəstəxanalarda yaxşı müalicə aparılmayanda atılacaq addımların hüquqi əsasları lazımi səviyyədə deyil. Bizim düşündüyümüz digər önəmli qanun layihələri var. Məsələn, Ailə Məcəlləsinə yenidən baxış tələb olunur. ünvanlı sosial müdafiə institutu yenidən dəyişməlidir. Biz ilkin olaraq bu prosesdə Polşa modelindən istifadə edirdik, artıq yenidən dəyişməlidir. Bu isə birmənalıdır ki, bütün dəyişikliklər xalqın rifahının yaxşılaşmasına istiqamətlənib. Sosial müdafiənin baş prinsipi nəticə ilə deyil, səbəblə mübarizə aparmaqdır. Bir misal deyim. Böyrək xəstəlikləri ilə bağlı xəstələrə hemodializ aparatı qoşulur. Ən bahalı əməliyyatdır. Bunu bəzilərinə həftədə bir dəfə, bəzilərinə isə ayda bir dəfə etmək lazımdır. Amma bu əməliyyatın səmərəsi yoxdur, bu sadəcə, mərhəmətə əsaslanır, xəstəyə isə xeyir etmir. Amma bu gün içməli suyun təmizlənməsi qurğularının quraşdırılması yerlərdə, rayonlarda böyrək xəstəliyinin qarşısını alır. Beləliklə, səbəbə qoyulan beş manat pul, nəticəyə xərclənən 500 manatdan daha böyük səmərə verir. İlham Əliyev dövlət quruculuğunda səbəbin aradan qaldırılmasının üstünlüyü prinsipi var. Xəstəliklərin qarşısının alınması, profilaktikası, sağlamlığın qorunması üçün idman komplekslərinin yaradılması bu siyasətdə yer alır. İnsanların sağlamlığı qorunur ki, sonradan xəstəliklər baş verməsin. Bundan başqa, uşaq evləri ilə bağlı görülən tədbirlər gələcək nəslin yetişməsində öz sözünü deyir. Ailələr dövlətin himayəsinə götürülüb. Ailənin himayəyə götürülməsi isə küçədə uşaqların sayının azalmasına gətirib çıxarıb. Mənbə nədir, ailə...Verilən ipoteka kreditləri, güzəştlər hamısı gənc ailələrin möhkəmlənməsinə xidmət göstərir. Son nəticədə isə əlbəttə ki, cəmiyyət təmizlənir. Məktəb binaları tikilir, maddi-texniki baza ilə möhkəmləndirilir, bunun nəticəsində isə savadlılıq artır.

Paylaş:
Baxılıb: 1089 dəfə

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

YAP xəbərləri

MEDİA

Siyasət

Gündəm

İqtisadiyyat

Arxiv
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30