Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Müsahibə / Əminəm ki, seçicilərimiz Azərbaycanın firavan sabahını düşünərək YAP-ın namizədlərinə - uğur təmsilçilərinə səs verəcəklər

Əminəm ki, seçicilərimiz Azərbaycanın firavan sabahını düşünərək YAP-ın namizədlərinə - uğur təmsilçilərinə səs verəcəklər

23.10.2010 [10:59]

Yeni Azərbaycan Partiyasının 119 saylı Ağdam kənd seçki dairəsindən Milli Məclis deputatlığına namizədi, “Azərbaycan” qəzetinin baş redaktoru Bəxtiyar Sadıqov www.yap.org.az saytına müsahibə verib
- Bəxtiyar müəllim, parlament seçkiləri kampaniyasının təşviqat prosesinin gedişinə münasibətiniz necədir? Nəzərdə tutulmuş seçki hərəkətləri nə dərəcədə həyata keçirilir?
- Əvvəla onu bildirim ki, Azərbaycanın son illərdə demokratiya sahəsində böyük inkişaf yolu keçməsi özünü həm də seçki prosesinin təkmilləşdirilməsində, müasir beynəlxalq standartlara uyğunlaşdırılmasında göstərir. Yəni bu gün Azərbaycanda tamamilə xalqın rəyini əks etdirən, şəffaf, azad, demokratik seçkilərin keçirilməsi üçün zəruri olan siyasi iradə və mükəmməl seçki qanunvericiliyi mövcuddur. Qısaca xatırladım ki, 1995-ci ildə qəbul olunmuş Azərbaycan Respublikası Konstitusiyası ölkədə demokratik standartlara cavab verən azad, ədalətli, obyektiv seçkilərin keçirilməsi üçün əsas prioritetləri müəyyənləşdirir. Əsas Qanunda təsbit olunmuş müddəalara istinadən Azərbaycanda ümumi, bərabər və birbaşa seçki hüququ əsasında gizli və şəxsi səsvermə yolu ilə azad və mütəmadi keçirilən seçkilərin hüquqi bazası formalaşdırılıb.
1993-cü ildən ölkəmizdə keçirilmiş üç referendum, dörd prezident, üç parlament, üç bələdiyyə seçkiləri Azərbaycanda seçki praktikasının təkmilləşdirilməsi baxımından böyük uğurlarla yadda qalıb. Bu sahədə qazandığımız nailiyyətlər əməkdaşlıq münasibətlərini getdikcə inkişaf etdirdiyimiz aparıcı dövlətlər və nüfuzlu beynəlxalq təşkilatlar tərəfindən də rəğbətlə qarşılanır. Hər seçkinin əvvəlki ilə müqayisədə seçkilərin beynəlxalq standartlara çatdırılması yolunda irəliyə doğru atılmış bir addım olduğu həmin təşkilatların rəylərində də qeyd olunur. Son illərdə keçirilmiş parlament, prezident və bələdiyyə seçkilərinin, habelə ümumxalq referendumunun da demokratikliyinə xələl gətirən heç bir ciddi fakt qeydə alınmayıb. Bütün bunlarla yanaşı, hakimiyyət siyasi iradə nümayiş etdirərək hər dəfə seçkilər ərəfəsində Seçki Məcəlləsinə mütərəqqi ruhlu dəyişikliklərin edilməsi təkliflərinə həssaslıqla yanaşır. Seçki prosesinin demokratikliyinə xidmət edən, hansısa siyasi qrupun mənafeyinə xidmət etməyən bütün səmərəli təkliflər nəzərə alınır.
İndiyə qədər seçki prosesi təqvim planına uyğun aparılır və hansısa problem müşahidə olunmayıb. Seçki Məcəlləsinə müvafiq olaraq həmin gündən etibarən ayrı-ayrı vətəndaşlar, siyasi partiyalar və təşəbbüs qrupları namizədlərin irəli sürülməsi prosesinə başlayıblar. Deputatlığa namizədlərin irəli sürülməsi və qeydiyyatı mərhələsi tamamilə azad, şəffaf və demokratik şəraitdə keçib.
Hesab edirəm ki, hakimiyyət təşviqat mərhələsinin lazımi səviyyədə aparılması üçün bütün deputatlığa namizədlərə bərabər və əlverişli imkanlar yaradıb. Əvvəlcədən namizədlərin seçicilərlə görüş keçirəcəyi yerlər dəqiqliklə müəyyənləşdirilib. Eyni zamanda onların öz təşviqat materiallarını yerləşdirməsi üçün əvvəlcədən müvafiq yerlər ayrılıb. Bundan başqa, MSK-nın qərarı ilə hər bir deputatlığa namizədə İctimai Televiziyada müvafiq efir vaxtı, “Azərbaycan” qəzetində isə təşviqat materialının yerləşdirilməsi üçün yer ayrılıb. Müşahidələr də göstərir ki, hər bir deputatlığa namizəd təşviqat mərhələsində də qanunvericiliyin yaratdığı imkanlardan maksimum dərəcədə yararlanır, öz təbliğatını aparır.
- Bu prosesdə Yeni Azərbaycan Partiyasının seçki proqramının üstünlükləri özünü hansı səviyyədə göstərir?
- Seçki prosesi nəticə etibarilə hər bir siyasi komandanın fəaliyyətinə verilən ictimai qiymətdir. Xalq üçün çalışan, fəaliyyətində hər bir vətəndaşın mənafeyini uca tutan, cəmiyyətə daim açıq olan qüvvənin uğur qazanması isə qaçılmaz olur. Bu mənada, Yeni Azərbaycan Partiyasının indiyə qədər keçirilmiş seçkilərdə birmənalı qələbə və uğur qazanmasını şərtləndirən amillərə diqqət yetirmək vacibdir. Məsələ bundadır ki, YAP iqtidarda olan partiya kimi ötən 17 ildə cəmiyyətin ölkəmizi xaos və anarxiya burulğanından davamlı inkişaf yoluna çıxarıb. Bu müddətdə Azərbaycan çox böyük inkişaf yolu keçib, demokratikləşmə və iqtisadi inkişaf sahəsində böyük uğurlara imza atılıb. ölkədə iqtisadi islahatlarla hüquqi-siyasi islahatlar bir-birini tamamlayır. İnsanların rifah halı əhəmiyyətli dərəcədə yaxşılaşıb, daha gözəl, güvənli, etibarlı gələcəyə inamı artıb. Azərbaycan Cənubi Qafqazın qüdrətli, sabit, demokratik, sürətlə inkişaf edən dövləti kimi həm də bütövlükdə Avropanın enerji təhlükəsizliyində aparıcı mövqeyini təmin edib. Bütün bunların nəticəsidir ki, partiyanın Ulu öndər Heydər Əliyev tərəfindən müəyyənləşdirilmiş siyasi kursu cəmiyyətdə alternatisiz inkişaf yolu kimi qəbul edilir.
Xüsusi vurğulamaq istərdim ki, bu siyasi kursu layiqincə davam etdirən möhtərəm Prezidentimiz İlham Əliyev ötən 7 ildə ictimaiyyət qarşısında verdiyi hər bir vədi uğurla həyata keçirib. ötən illərdə Azərbaycan qarşıya qoyduğu bütün strateji hədəflərə doğru inamla addımlayıb. Ən ümumi şəkildə desək, Azərbaycanın dövlət büdcəsi, hərbi xərcləri 10 dəfədən çox artıb, regionların siması əsaslı şəkildə dəyişib. Qeyri-neft sektoru sürətlə inkişaf edib, 900 mindən artıq yeni iş yeri açılıb, sahibkarlar sinfi güclənib. Azərbaycanın hər bir bölgəsində həyata keçirilən sosial infrastruktur layihələri vətəndaşların firavanlığını, rahat yaşayışını təmin edib.
Bir sözlə, hakim komandanın bütün fəaliyyəti “Güclü dövlət, yüksək rifah” devizinin tam mənası ilə reallaşmasına yönəlib. Təsadüfi deyildir ki, YAP qarşıdakı seçkilərə də məhz bu şüarla gedir. Partiyanın seçki proqramı həmişəki kimi özünün orijinallığı, reallığa adekvatlığı, pafosdan, ritorikadan uzaq olması, real həyat həqiqətlərinə - ən başlıcası, hər bir vətəndaşın mənafeyinə əsaslanması ilə diqqəti çəkir. Seçki platformasında da vurğulandığı kimi, “qarşıda böyük vəzifələr durur. Biz Azərbaycanı inkişafın yeni mərhələsinə çatdırmaq, dövlətimizi daha güclü etmək, insanların rifahını daha da yüksəltmək niyyətindəyik. Yeni Azərbaycan Partiyasının seçki proqramının əsasını məhz bu amal təşkil edir”.
Deyə bilərəm ki, proqram çox mükəmməl şəkildə hazırlanıb və ictimai həyatın bütün sahələrini tam ehtiva edir. Əlbəttə, onun ayrı-ayrı tezislərini şərh etmək üçün saatlarla vaxt lazımdır. Möhtərəm Prezidentimiz İlham Əliyev hələ 2003-cü ilin prezident seçkiləri ərəfəsində bəyan etmişdi ki, “Əsl siyasət konkret real iş görməkdən ibarətdir”. YAP-ın deputatlığa namizədləri də növbəti seçkilərə məhz konkret, real iş görmək, insanların etimadını doğrultmaq, problemlərinin həllinə daim həssaslıqla, diqqətlə yanaşmaq istəyi ilə gedir. Şübhə etmirəm ki, Azərbaycanın hazırkı uğurlarını gündəlik həyatında qabarıq hiss edən ölkə vətəndaşları noyabrın 7-də məhz YAP-ın namizədlərinə səs verəcəklər.
- Bəxtiyar müəllim, müxalifət partiyalarının namizədləri tərəfindən seçki qanunvericiliyinin pozulması hallarına da rast gəlinir. Bu fakt seçki kampaniyasının normal gedişinə maneçilik törətmir ki?
- çox təəssüf ki, Azərbaycandakı aqressiv müxalifət partiyaları anormal “seçki mübarizələrindən” - şər-böhtan və iftira kampaniyasından, ifrat radikalizmdən əl çəkə bilmirlər. Bu da ilk növbədə onların ötən illərdə siyasi cəhətdən tam yetkinləşmədiyini, sivil və müasir mübarizə metodlarını əxz edə bilmədiyini göstərir. Aqressiv müxalifətin ayrı-ayrı deputatlığa namizədləri öz platformalarını açıqlamaq əvəzinə, iqtidarın fəaliyyətinə xələl gətirmək yolu tutublar. Əslində, xalqın etimadını itirmiş, siyasi proseslərə təsir imkanları olmayan ifrat radikal müxalifət partiyalarının bu mövqedən çıxış etməsinə də təbii saymaq lazımdır.
Seçki bütün demokratik cəmiyyətlərdə sivil siyasi mübarizə forması olsa da, Azərbaycan müxalifətinin bu mübarizəyə hazır olmadığı son 17 ilin reallıqları fonunda öz təsdiqini birmənalı şəkildə tapıb. İndiyə qədərki fəaliyyətində heç bir ciddi uğura imza atmayan bu nihilist qüvvələr siyasi səhnədəki mövcudluqlarına “haqq qazandırmaq” üçün çıxış yolunu ölkədə keçirilən bütün seçkilərin demokratikliyini şübhə altına almaqda görürlər. Bu qüvvələr hər dəfə seçkilər ərəfəsində “öngörənlik” etməklə, seçkilərin guya demokratik keçirilməyəcəyini bildirir, cəmiyyəti və beynəlxalq ictimaiyyəti çaşdırmağa çalışırlar. Azərbaycanda keçirilən heç bir seçkinin nəticəsini qəbul etməməklə, cəmiyyətdə özlərinin cığal və destruktiv obrazlarını yaradıblar. Radikalların gülünc “məntiqi” bundan ibarət olub ki, guya onların qalib gəlmədiyi seçki demokratik hesab oluna bilməz. Rəqibin üstünlüyünü, gücünü görməzliyə vurmaq, nailiyyətlərinə qısqanclıqla yanaşmaq, bunu etiraf etməmək radikal müxalifət partiyalarının sivil və intellektual mübarizədən uzaq qaragüruh yığnağı olduğunu bir daha təsdiqləyir.
- Bəxtiyar müəllim, parlament seçkiləri ərəfəsində media öz funksiyasını lazımi səviyyədə həyata keçirə bilirmi?
- Şübhəsiz, seçkilər ərəfəsində mətbuatın rolu və ictimai rəyə təsir imkanları ciddi müzakirə mövzusuna çevrilir. Və bu da təbiidir. çünki demokratik seçkilərin keçirilməsi üçün əsas şərtlərdən biri də məhz söz və mətbuat azadlığının maksimum səviyyədə təmin olunmasıdır. Kütləvi informasiya vasitələri cəmiyyət həyatının bütün sahələrinə təsir göstərən qüdrətli vasitələrdən biri kimi ictimai rəyin formalaşmasında, habelə ictimai-siyasi proseslərin inkişaf istiqamətlərinin müəyyənləşməsində mühüm rol oynayır. Hər bir ölkədə, ümumilikdə, dünyada baş verən mühüm ictimai-siyasi proseslərin qiymətləndirilməsi və ictimaiyyət tərəfindən dərk edilib dəyərləndirilməsi, əsasən, kütləvi informasiya vasitələrinin obyektiv və çevik fəaliyyəti nəticəsində mümkün olur.
Azərbaycanda iqtisadi proseslərlə siyasi islahatların bir-birini tamamlaması zərurətini realist siyasətçi kimi daim önə çəkən cənab Prezident İlham Əliyev söz və mətbuat azadlığının yüksək səviyyədə təminatı üçün bütün zəruri tədbirləri həyata keçirir. Dövlətin birinci şəxsi səviyyəsində nümayiş etdirilən qətiyyət və siyasi iradənin nəticəsidir ki, bu gün kütləvi informasiya vasitələri istənilən məsələ ilə bağlı mövqeyini açıq ifadə edə bilir, xüsusən də müstəqil fəaliyyət göstərən qəzetlərin bu sahədə hansısa problemi yoxdur. ölkədə azad fikrə, tənqidi mövqeyə dözümlü münasibət mövcuddur. Jurnalistlər istənilən dövlət orqanını, yüksək vəzifəli məmuru tənqid edə bilirlər. Peşə etikasını, mənəvi-əxlaqi dəyərləri aşmayan tənqid bəzən hətta qərəzli olsa belə, bütün səviyyələrdə dözümlü münasibətlə qarşılanır. Prezident İlham Əliyevin dəfələrlə vurğuladığı kimi, bu gün siyasi əqidə və baxışlarından asılı olmayaraq hər bir jurnalist və mətbuat işçisinin hüquqlarına dövlət tərəfindən təminat verilir.
Təkcə 2010-cu ildə - Milli mətbuatın 135 illik yubileyi çərçivəsində həyata keçirilən tədbirlər ilk növbədə onu göstərdi ki, dövlət başçısı İlham Əliyev ölkədə demokratik proseslərin, siyasi plüralizmin dərinləşdirilməsi prosesində KİV-in həlledici rolunu xüsusi önə çəkir. Azərbaycan milli mətbuatının 135 illik yubileyinin yüksək səviyyədə qeyd olunması, milli jurnalistikanın inkişafında rolu olmuş qələm sahiblərinin mükafatlandırılması, 30-dək qəzetə və informasiya agentliyinə birdəfəlik yardımların verilməsi, Mətbuat Şurasının yeni binasının təntənəli açılış mərasiminin keçirilməsi, jurnalistlərin mənzil probleminin həlli üçün Azərbaycan Respublikası Prezidentinin Ehtiyat Fondundan 5 milyon manat vəsaitin ayrılması bu diqqət və qayğının bariz təcəssümüdür.
Mətbuat Şurasının yeni müasir binasında şuranın İdarə Heyətinin üzvləri ilə görüşdə dövlət başçısı hazırkı inkişaf mərhələsində mətbuatın müstəqilləşməsi, obyektivlik və tərəfsizlik nümayiş etdirməsi, siyasiləşmə meyillərindən, qərəzdən, böhtandan uzaq olması, milli-mənəvi dəyərlərə hörmətlə yanaşması, ümummilli məsələlərdə vətəndaşlıq mövqeyi nümayiş etdirməsi ilə bağlı dəyərli tövsiyələrini verib.
Sevindirici haldır ki, 2003, 2005-ci illərdə keçirilmiş seçkilərə nisbətən mətbuat nümayəndələrinin kəskin qarşıdurması, ifrat siyasiləşməsi qabarıq duyulmur. Eyni zamanda, ayrı-ayrı qəzetlər, televiziyalar seçki prosesi ilə bağlı informasiyaları, məlumatları operativ şəkildə cəmiyyətə çatdırırlar. Təşviqat mərhələsində isə televiziya və mətbuatın rolu bir qədər də güclənib. MSK-ya əvvəlcədən müraciət etmiş KİV-lər ödənişli əsaslarla təşviqat materialları yerləşdirirlər. Bu da onların iqtisadi vəziyyətinin nisbətən yaxşılaşmasına kömək edir. Bununla belə, bir qədər də əvvəl qeyd etdiyim kimi, müxalifət qəzetlərinin rəqiblərinə qarşı apardıqları şər-böhtan və iftira kampaniyası pislənilməli və ictimai səviyyədə qınanmalıdır.
- Seçicilərlə görüşləriniz necə keçir?
- İlk növbədə, namizədliyimin 119 saylı Ağdam kənd seçki dairəsindən irəli sürülməsinə qərar vermiş Yeni Azərbaycan Partiyasının rəhbərliyinə - möhtərəm Prezidentimiz cənab İlham Əliyevə, eləcə də İdarə Heyətinin dəyərli üzvlərinə dərin minnətdarlığımı bildirmək istərdim. Belə bir qərarın verilməsi bir daha göstərir ki, deputat kimi fəaliyyətim YAP rəhbərliyini də qane edir. Bunu siyasi fəaliyyətimdə ən böyük uğurlarımdan biri hesab etməklə yanaşı, mənə göstərilmiş yüksək etimadı doğrultmaq barədə ciddi şəkildə düşünür və səylə çalışıram.
YAP-ın vəziyyəti təhlil edərək həmin dairədən təkrarən namizədliyimi irəli sürməsi də bu və digər reallıqlardan qaynaqlanır. Ağdamda doğulub boya-başa çatmış insan kimi jurnalist fəaliyyətimin müəyyən illəri, ümumən taleyim bu rayonla sıx şəkildə bağlıdır. 119 saylı Ağdam kənd dairəsindən II və III çağırış Milli Məclisə seçkilərdə YAP-ın namizədi olmuşam. Yəni seçki təcrübəm çoxdur. Adətən, kampaniya dövründə şanslı namizəd olduğumdan rəqiblərim əsas güclərini mənə qarşı yönəldirlər. Bu, mənim işimi xeyli asanlaşdırır. çünki mən bütün diqqətimi seçicilərimə, onların səsini toplamağa verirəm. Nəticə uğurlu olur. Bu dəfə hələ ki belə hal müşahidə etmirəm. Seçicilərim isə məni daha isti, mehriban və gülərüzlə qarşılayırlar.
10 illik deputatlıq fəaliyyətimdə həmişə YAP-ın siyasi proqramını əsas tutaraq seçicilərimin problemlərinin həllində fəal iştirak etməyə çalışmışam. Ağdam seçicilərinin qayğı və problemlərini, gözləntilərini də çox yaxşı bilirəm. Bu baxımdan seçicilərlə görüşlərim də çox uğurlu keçir. YAP-ın rəsmi namizədi kimi təbii olaraq seçkiqabağı təşviqat mərhələsində də partiyamızın ümumi seçki strategiyasından, maraq və mənafeyindən çıxış edirəm. Əminəm ki, Azərbaycan Prezidenti cənab İlham Əliyevin rəhbərliyi altında ölkədə qazanılan böyük uğur və nailiyyətlər fonunda dəyərli seçicilərimiz də məhz Azərbaycanın firavan sabahını düşünərək YAP-ın namizədlərinə - uğur təmsilçilərinə səs verəcəklər.   

Paylaş:
Baxılıb: 1047 dəfə

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

YAP xəbərləri

MEDİA

Siyasət

Gündəm

İqtisadiyyat

MEDİA

44 günün dastanı...

08 Noyabr 09:34

Analitik

Siyasət

Ədəbiyyat

ZƏFƏR NƏĞMƏLƏRİ

08 Noyabr 08:28

Arxiv
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30