Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Müsahibə / Belə bir mötəbər tədbirin ölkəmizin paytaxtında keçirilməsi xüsusi əhəmiyyət kəsb edir

Belə bir mötəbər tədbirin ölkəmizin paytaxtında keçirilməsi xüsusi əhəmiyyət kəsb edir

27.10.2010 [10:08]

Elnur Aslanov: Bu gün Azərbaycan dünya elminin gələcək inkişaf istiqamətlərinin təyin edilməsində konkret təşəbbüslə çıxış edir
Məlum olduğu kimi, oktyabrın 22-23-də Bakıda beynəlxalq münasibətlər üzrə alimlərin “Dəyişən dünyada Cənubi Qafqaz” mövzusunda birinci illik simpoziumu keçirilib. Azərbaycan  Respublikasının Gənclər və İdman, Rabitə və İnformasiya Texnologiyaları nazirlikləri, Azərbaycan Respublikasının Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzi, Azərbaycan Dillər, Qafqaz və Xəzər universitetləri, Londonun Münaqişələr və Dövlət Quruculuğu üzrə Məlumat Şəbəkəsi, Almaniya Texniki Əməkdaşlıq Cəmiyyəti və “İrəli” İctimai Birliyinin təşkilatçılığı ilə keçirilən simpoziumda 150-dən artıq xarici və yerli mütəxəssis iştirak edib. Simpoziumun sonunda Bakı Bəyannaməsi qəbul edilib. Sənəddə qeyd olunur ki, tədbirin bundan sonra Bakı Simpoziumu adlandırılması ilə bağlı razılığa gəlinib. Növbəti simpoziumun 2011-ci ilin oktyabrında keçirilməsi qərara alınıb. Azərbaycan Respublikası Prezidentinin Adminstrasiyasının Siyasi təhlil və informasiya təminatı şöbəsinin müdiri Elnur Aslanov qəzetimizə müsahibəsində sözügedən tədbirin əhəmiyyəti və nəticələri barədə danışıb.
- Elnur müəllim, 22-23 oktyabr 2010-cu il tarixində beynəlxalq münasibətlər sahəsində elmi mütəxəssislərin “Dəyişən dünyada Cənubi Qafqaz” mövzusunda illik simpoziumunun Bakıda keçirilməsi haqqında nə deyə bilərsiniz?
- Regional sistemin konfiqurasiyasının strukturunu təyin edən və regionda əsas aktora çevrilən Azərbaycanda müşahidə olunan iqtisadi tərəqqi digər sahələrin, o cümlədən, elmin inkişafının yeni mərhələyə qədəm qoymasını şərtləndirib. Əlbəttə, belə bir mötəbər tədbirin ölkəmizin paytaxtında keçirilməsi xüsusi əhəmiyyət kəsb edir. Bu, bir tərəfdən, regionun qloballaşan dünyaya inteqrasiyası baxımından mövcud fikir və baxışların yeni formalaşan münasibətlər və reallıqlar müstəvisində mübadiləsini təşkil edir, digər tərəfdən isə Azərbaycanın intellektual potensialının dünya siyasi elminin inkişafına töhfəsidir. Azərbaycan siyasi, iqtisadi, texnoloji və s. sahələrdə olduğu kimi, siyasi elmlər sahəsində də nəzəri biliklərlə praktiki fəaliyyət arasında yeni elmi konsepsiyaların hazırlanması, nəzəri paradiqmaların inkişaf etdirilməsi üçün aparıcı mühərrik rolunu davam etdirir.
- Tədbiri necə qiymətləndirirsiniz?
- Tədbir Cənubi Qafqazda gedən siyasi, iqtisadi və təhlükəsizlik məsələlərinin dəyişən və qloballaşan dünya kontekstində yenidən nəzərdən keçirilməsinə həsr edilmişdi. Əsas diqqət Cənubi Qafqazın bir regional konsepsiya kimi qloballaşan dünyanın çağırışlarına adekvat cavab vermək imkanlarına, xüsusilə də, region dövlətləri arasında əməkdaşlığın və inteqrasiyanın inkişaf etdirilməsi məsələlərinə yönəldilmişdi. Belə bir nöqteyi-nəzər həm siyasi, həm də iqtisadi baxımdan mühüm məna kəsb edir. İlk növbədə, müasir dövrün əsas xüsusiyyəti ondan ibarətdir ki, heç bir dövlət təcrid edilmiş halda iqtisadi tərəqqiyə nail ola bilməz. Əməkdaşlıq ümumi rifahın əsasını təşkil edir. Əlbəttə, bunun üçün əsas diqqət yaxşı qonşuluq münasibətlərinin formalaşmasına yönəldilməlidir. Bu məsələnin siyasi sonluğu ondan ibarətdir ki, hər bir dövlətin uğurlu inkişafı, onun öz milli maraqlarına uyğun olaraq münaqişəli vəziyyətin tənzimlənməsinə meyil etməsinə, mahiyyətcə yeni qarşılıqlı münasibətlərin formalaşmasına töhfə verməsinə bağlıdır.
Digər tərəfdən, bu nöqteyi-nəzər Azərbaycanın regionda lider dövlət kimi, əhəmiyyətini ortaya qoyub və onun gələcəkdə, regionda əsas aktor kimi ümumi inkişaf tendensiyasının aparıcı elementi qismində çıxış etməsini təsdiq edib. Azərbaycan bu gün öz təbii resurslarını dünya bazarına nəql etməklə yanaşı, mərkəzi Asiya ölkələri üçün yeni alternativ nəqliyyat dəhlizinə çevrilib. Təsadüfi deyil ki, Avropanın enerji təhlükəsizliyi strategiyasında Azərbaycan Qərb-Şərq dəhlizinin inkişaf etdirilməsində xüsusi əhəmiyyətə malikdir. Bu baxımdan, regionda sabitliyin qorunması, mövcud münaqişələrin beynəlxalq hüququn prinsip və normalarına uyğun həll edilməsi həm regionun gələcəyi, həm də beynəlxalq təhlükəsizlik üçün mühüm amildir. Simpoziumun iştirakçıları bu məsələyə xüsusi həssaslıqla yanaşırlar. Ermənistan mövcud vəziyyəti yenidən dəyərləndirməli və Azərbaycanın bu xoşməramlı siyasətinə adekvat cavab verməlidir. Bu baxımdan düşünürəm ki, simpoziumun qəbul etdiyi tövsiyələr Ermənistan rəhbərliyinin öz məsuliyyətini dərk etməsinə yardımçı olacaq.
- Sizcə, simpozium iştirakçılarının qazancı nə oldu?
- Qeyd etdiyim kimi, iştirak edən hər bir tərəf nəzəri və praktik biliklər ətrafında yeni konsepsiyaların hazırlanması üçün geniş fikir mübadiləsi apardı. Bu, eyni zamanda, Azərbaycana imkan verdi ki, bəzi məsələləri, xüsusilə, Dağlıq Qarabağ münaqişəsini geniş elmi potensiala malik olan mütəxəssislərlə birgə müzakirəyə çıxarsın, həm onları, həm də onlar vasitəsilə dünya ictimaiyyətini düzgün və ətraflı məlumatlandırsın. Biz bununla, eyni zamanda, hüquqi müstəvidə mövcud prinsip və normaların obyektiv interpretasiyasına, onların doktrinada ümumi bir baxış ətrafında öz əksini tapmasına töhfə vermiş oluruq. Bu məsələlərin beynəlxalq arenada, xüsusilə, baş verən proses və hadisələr ətrafında müəyyən siyasi və hüquqi mövqenin formalaşmasındakı rolunu nəzərə alsaq, qeyd edə bilərik ki, bu gün Azərbaycan dünya elminin gələcək inkişaf istiqamətlərinin təyin edilməsində konkret təşəbbüslə çıxış edir. Bakıda keçirilən simpoziumda bir daha şahid olduq ki, mütəxəssisləri, tədqiqatçıları narahat edən əsas məsələ hüquqi prinsiplərin mahiyyətinin deformasiya edilməsi və qloballaşan dünya kontekstində ümumi qarşılıqlı anlaşma və mənfəət istiqamətində fəaliyyəti gücləndirmək əvəzinə ənənəvi metodlara istinadın nümayiş etdirməsidir. Bunlar bir-biri ilə bağlı məsələlər olduğuna görə, beynəlxalq birliyin üzərinə xüsusi öhdəlik düşür. Simpozium iştirakçıları da bunu dərk edir və öz mövqelərini ortaya qoymaqla bu işə yardımçı olmaq istəyirlər.
Bu tədbirin digər bir əhəmiyyəti, müxtəlif elmi yanaşma və baxışların ümumi müddəalarından irəli gələn elmi konstruksiyalar vasitəsilə regional müstəvidə sülh və təhlükəsizliyin təmin edilməsinin ən optimal yollarının araşdırılması və Cənubi Qafqazın inkişaf perspektivlərinin təyin edilməsidir. Tədbirin sonunda qəbul edilən Bakı Bəyannaməsində bütün bu məsələlər öz əksini tapıb.
Biz Azərbaycanın timsalında, onun sülhsevər balanslaşdırılmış xarici siyasəti, regional inteqrasiyaya töhfəsini müzakirə edərək xalqın gələcəyini hər zaman diqqətdə saxlayan rasional seçimin ümumi əməkdaşlığın inkişafı üçün son dərəcə zəruri bir element olduğunu təsdiq etdik. Əgər hər bir dövlət öz xalqını, milli maraqlarını və ümumi rifah naminə qarşılıqlı əməkdaşlığı düşünsə, xarici dövlətlərin maraqlarının daşıyıcısına çevrilməsə, sülhün təmin edilməsi, onun qorunub saxlanılması və mövcud problemlərin  aradan qaldırılması siyasi liderlərin əsas fəaliyyət məqsədini təşkil edər. Bu baxımdan düşünürəm ki, hər bir tərəf bu simpoziumdan səmərəli şəkildə faydalandı.
- Sizcə bu tədbir davamlı olacaqmı?
- Əlbəttə, iştirakçılar bu tədbirin əhəmiyyətini dərk edirlər və onun davamlı olması üçün konkret qərarlar qəbul etdilər. Bu konfransın əhəmiyyəti, onun davamlılığına, yeni konsepsiya və baxışların inkişaf etdirilməsinə bağlıdır. Beynəlxalq səviyyəli mütəxəssisləri öz ətrafında birləşdirən və yeni nəsil mütəxəssisləri öz işinə cəlb edən simpozium, tədqiq edilən nəzəriyyələrin və xüsusi aktuallığa malik olan təhlükəsizlik məsələlərinin geniş oxucu və tədqiqatçı auditoriyasının diqqətinə çatdırmağa və onların bu istiqamətdə apardığı elmi fəaliyyətlərinə yardımçı olmağa çalışacaq.
Simpoziumun digər mühüm bir xüsusiyyəti, xüsusilə, yeni tədqiqatçılar nəslinin estafeti əlinə alması ilə əlaqədar, onların hazırkı və gələcək elmi işlərinin nəzəri əsasları haqqında yaşlı nəslin geniş təcrübəyə malik olan tədqiqatçıları ilə fikir mübadiləsi aparmaq, onlardan dəyərli məsləhətlər almaq üçün əvəzedilməz bir müstəviyə çevrilməsidir.
Tədbirin davamlılığını və iştirakçılar arasında koordinasiyanı təmin etmək məqsədilə, Bakı şəhərində yeni bir qərargahın yaradılması ideyası da bəyənilib. Bu çox əhəmiyyətli bir məsələdir və simpoziumun gələcək təşkilatlanması istiqamətində atılan yeni bir addım da hesab oluna bilər. İştirakçıların arzusu və iradəsi tədbirin silsilə xarakter daşıması haqqında yekdil rəyə gəlməsində öz ifadəsini tapır. Buna görə də, tədbirin Bakı Simpoziumu adlandırılması qərara alınıb. Bu, bizim üçün ikiqat əhəmiyyətə malikdir, çünki Bakı, son dövrlər müxtəlif sahələrdə olduğu kimi, yenə də öz adını tarixə yazır. Amma bu dəfə elm sahəsində, elmi nəzəriyyələrin tədqiqi və inkişafı sahəsində. Bu, Cənubi Qafqazda təhlükəsizliyin təmin edilməsi, onun qloballaşan dünyaya inteqrasiyasının möhkəm elmi əsaslarının hazırlanması istiqamətində ümumi səylərin vahid müstəvidə birləşdirilməsinə imkan verən yeni bir addımdır.   
- Simpoziumun gələcək fəaliyyət istiqamətləri barədə nə deyə bilərsiniz?
- Simpoziumun sonunda qəbul edilən Bakı Bəyannaməsinə diqqət yetirsək görərik ki, iştirakçılar öz qarşılarında geniş və ambisiyalı məqsədlər təyin ediblər. Bu da təbiidir. Belə bir mötəbər tədbirin hədəfləri də qlobal xarakter daşımalı və dünya elminin inkişafına öz töhfəsini verməlidir. Bunun üçün ilk növbədə mütəxəssislərin, tədqiqatçıların məqalələrini geniş oxucu kütləsinə çatdırmaq üçün ingilis dilində elmi jurnalın nəşr edilməsi qərara alınıb. Simpoziumda iştirak edənlərin coğrafi məkan baxımdan müxtəlifliyi, onların qloballaşma prosesinə baxışlarında, yanaşma və konsepsiyalarında da müxtəlifliyi özündə əks etdirir. Bu, bir tərəfdən, simpoziumun həqiqətən tolerant bir mühitdə işləyəcəyini təmin edir, digər tərəfdən isə onların vahid, yekun rəyləri məhz fərqli baxışların ümumu konsensusu kimi yeni ünsiyyət mədəniyyətinin formalaşmasına töhfə verəcəkdir. Bu da Azərbaycanın xarici siyasət prioritetlərinə uyğun olaraq tədbirin yeni bir xüsusiyyətini, onun sivilizasiyalararsı dialoq üçün əlverişli müstəvi olduğunu önə çəkir.
İştirakçıların bütün fikirlərinin tam ifadəsi üçün ildə 4 nömrə ingilis dilində elmi jurnal nəşr ediləcəkdir. Eyni zamanda, əlaqələndirmə işini yüksək səviyyədə təmin etmək üçün veb və mail portallarının yaradılması nəzərdə tutulub. Artıq 2011-ci ilin oktyabr ayında növbəti simpoziumun hazırlanması məqsədilə təşkilat komitəsi yaradılıb.
NADİR
Paylaş:
Baxılıb: 1168 dəfə

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

YAP xəbərləri

MEDİA

Siyasət

Gündəm

İqtisadiyyat

MEDİA

44 günün dastanı...

08 Noyabr 09:34

Analitik

Siyasət

Ədəbiyyat

ZƏFƏR NƏĞMƏLƏRİ

08 Noyabr 08:28

Arxiv
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30