Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Müsahibə / Hazırda təşviqat kampaniyamız normal məcrada və uğurla davam edir

Hazırda təşviqat kampaniyamız normal məcrada və uğurla davam edir

28.10.2010 [09:18]

Mübariz Qurbanlı: Bizim proqramımız bütövlükdə Yeni Azərbaycan Partiyasının Sədri, Prezident İlham Əliyevin həyata keçirdiyi sosial-iqtisadi islahatlar və quruculuq proqramının tərkib hissəsidir
Yeni Azərbaycan Partiyasının 100 saylı Şəmkir-Daşkəsən Seçki Dairəsindən Milli Məclisə namizədi, partiyanın İcra katibinin müavini Mübariz Qurbanlının APA-ya müsahibəsi:
- Mübariz müəllim, YAP-ın seçkiqabağı təşviqat kampaniyası necə gedir?
- Partiyamız əvvəldən seçkiqabağı təşviqat kampaniyasına çox ciddi hazırlıq işləri görüb. Həmçinin, biz seçki kampaniyasını müəyyən mərhələlərə bölmüşük. ümumiyyətlə, bizim seçki ilə bağlı böyük təcrübəmiz var. Təsəvvür edin, YAP 1993-cü ildən müxtəlif xarakterli - prezident, parlament, bələdiyyə - seçkilərdə iştirak edib və qələbə qazanıb. Aydındır ki, seçkidə qələbə əldə etmək üçün, ilk növbədə, bu prosesə ciddi hazırlaşmaq lazımdır. İkincisi, seçkiyə qatılan siyasi təşkilat, yaxud şəxs xalqa demək üçün ciddi şəkildə təhlil olunmuş və elmi nəticələrə əsaslanan proqrama söykənməlidir. Bu baxımdan, YAP çox ciddi araşdırma və təhlillər aparıb, sonra isə seçki prosesini müəyyən mərhələlərə bölərək həmin mərhələlər üzrə hərəkət etməyə başlayıb. Bura təşviqata qədər və təşviqat başlayandan sonrakı tədbirlər daxildir. Ən başlıcası isə seçicilərin seçki günü məntəqələrə gələrək YAP-ın namizədlərinə səs verməsinə nail olmaq lazımdır. Təşviqat kampaniyamız geniş müzakirə olunaraq qəbul edilmiş geniş proqram əsasında həyata keçirilir. Təşviqat prosesində indiyə qədər mövcud olan təcrübəmizi ümumiləşdirərək bu təcrübədən yararlanmışıq. Bundan başqa, xarici ölkələrdə keçirilən seçkilərlə bağlı yenilikləri öyrənib onların tətbiqini həyata keçiririk. Bununla yanaşı, təşviqat kampaniyasında Azərbaycanın spesifik xüsusiyyətlərini, ayrı-ayrı bölgələrin xarakterik xüsusiyyətlərini də nəzərə alırıq. Biz təşviqatın ən müxtəlif formalarından, o cümlədən, KİV-in, internetin imkanlarından da geniş istifadə edirik. Bizim namizədlərimizin hər biri üçün bukletlər və digər çap məhsulları hazırlanaraq seçicilərə paylanılıb. Ancaq biz təşviqat mərhələsində ən çox seçicilərlə canlı təmas qurmağa üstünlük vermişik. Bütün hallarda təşviqatın ayrı-ayrı növləri məqbuldur. Ancaq seçici ilə canlı ünsiyyət bu prosesin ana xəttini, zirvəsini təşkil edir. Buna görə də, biz seçicilərlə canlı təmaslara daha çox üstünlük veririk. Qapı-qapı, ev-ev gəzərək seçicilərlə görüşür, onları dinləyir, partiyanın seçki proqramlarını onlara çatdırır, çap materiallarını təqdim edirik. Həmçinin, açıq və qapalı yerlərdə görüşlər keçiririk. Onu da deyim ki, bizim proqramımız bütövlükdə Yeni Azərbaycan Partiyasının sədri, cənab Prezident İlham Əliyevin həyata keçirdiyi sosial-iqtisadi islahatlar və quruculuq proqramının tərkib hissəsidir. Hazırda təşviqat kampaniyamız normal məcrada və uğurla davam edir.
- YAP-ın Milli Məclis üzvlüyünə namizədliyini irəli sürdüyü şəxslər əhali tərəfindən necə qarşılanır?
- Bu gün Azərbaycanda Prezident İlham Əliyevin rəhbərliyi ilə sosial-iqtisadi sahədə çox böyük irəliləyişlərə nail olunub. Əslində, hər bir seçki bir tərəfdən hesabatdırsa, digər tərəfdən perspektivdə olan məsələlərin xalqa çatdırılması və onun həlli yollarının göstərilməsidir. Biz seçicilərlə görüşlərimizdə istinad edə biləcəyimiz cəhətlər var ki, onları insanlara çatdırırıq. Hesab edirəm ki, hər seçkidən-seçkiyə bizim namizədlərə və bizim siyasətə qarşı münasibətdə böyük inam və irəliləyiş müşahidə olunur. Bu da təsadüfi deyil. çünki Ulu öndər Heydər Əliyevin başlatdığı həmin böyük yol bu gün cənab İlham Əliyev tərəfindən davam etdirilir. Bu böyük yol isə ümummilli maraqları özündə əks etdirir. Bir məsələni qeyd edim. Bir var ümummilli maraq, bir var qrup marağı, yaxud şəxsi maraq. Bizim siyasət ümummilli marağa söykənir. Böyük siyasəti böyük siyasətçilər, liderlər həyata keçirir. Məişət səviyyəsində düşünən və məişət problemlərini qabardaraq siyasi xal qazanmağa çalışanlar isə məişət səviyyəli siyasətçilərdir. Bugünkü müxalifətin liderləri əvvəla bir siyasətçi kimi geridə qalıblar. “AXCP-Müsavat” blokunun rəhbərləri, konkret olaraq Əli Kərimli-İsa Qəmbər tandemi əhalinin şüurundan, səviyyəsindən geridə qalıb. Ona görə də, onlar məişət səviyyəli problemləri qabartdıqlarından mən onlara məişət səviyyəli siyasətçilər deyərdim. Məişət səviyyəli siyasətçilər əhalinin dəstəyini qazana bilməz. Namizədliyim növbəti dəfə irəli sürülmüş 100 saylı Şəmkir-Daşkəsən seçki dairəsində keçirdiyim görüşlərdə insanların ümummilli məsələlərlə bağlı nə qədər həssas olduğunu görürəm. Xüsusilə sadə insanlar məişət problemlərini arxada buraxaraq Qarabağ probleminin həlli ilə bağlı məsələlərə daha çox diqqət yetirməyə üstünlük verirlər. Düzdür, bəzi hallarda neqativ hallar da müşahidə olunur. Ancaq həmin neqativ hallara qarşı Prezidentin rəhbərliyi altında çox ciddi mübarizə aparılır. Ancaq bəzi namizədlər çıxışlarında ağ yalanlar deyir. Məsələn, bəziləri neft amilini qabardır, neft pullarından danışır, gəlirləri hesabladıqlarını deyir və soruşurlar ki, bu pullar hara getdi və s. Əslində, neft pullarının xərclənməsi çox şəffafdır. Dövlət Neft Fondunun vəsaitləri haqqında rəqəmlər Azərbaycan əhalisinə və bütün dünyaya bəyan edilir. Azərbaycanın valyuta ehtiyatları ilin sonunadək 30 milyard dollara çatacaq. Bunlar hamısı xalqın gözü qarşısındadır. Əgər Neft Fondundan dövlət büdcəsinə transfertlər olunursa, yaxud başqa yerlərə vəsait ayrılırsa, bütün bunlar da şəffaf qaydada, xalqa açıqlanmaqla həyata keçirilir. Axı xalq bu populist çıxışlara inanmır. Bəzən dövlətin həyata keçirdiyi layihələri gözdən salmağa yönəlik fikirlər səsləndirilir. Məsələn, çıxışlarda deyilir ki, xarici ölkələrdə yolun çəkilişinə 1,5 milyon dollar xərclənir, bizdə isə guya 15 milyon dollar sərf olunur. Burada seçicini aldatmaq, illüziya yaratmaq metodologiyasından istifadə olunur. Bunu söyləyənlər özləri də bilir ki, həmin çəkilən yolların arasında fərqlər var. Məsələn, Almaniyada düz yerdə, heç bir mülkiyyətə zərər vermədən çəkilən yolun qiyməti ilə, Azərbaycanda xeyli məbləğdə kompensasiya ödənilməklə çəkilən aeroport yolunun qiyməti eyni ola bilməz. Azərbaycanda düz yerdə çəkilən yola xərclənən vəsaitin isə, hətta Almaniyada düz yol salınmasına xərclənən vəsaitdən az olması hallarına da rast gəlinib. Sadəcə, müxalifətin təşviqatında vətəndaşı aldatmağa istiqamətlənən cəhdlər görünür. Bunu utanmadan edir, utanmadan təkrar deyirlər. Bəzən iqtisadiyyatı, iqtisadi qanunları bilməyənlər elə fantastik rəqəmlər səsləndirir ki, adam təəccüblənir. Almaniyanı birləşdirmiş böyük tarixi şəxsiyyət Bismarka bir dəfə sual verirlər ki, nə zaman yalan demək olar? Cavab verir ki, üç halda yalan demək olar: ovdan qayıdanda, müharibə vaxtı, seçki zamanı. Əlbəttə, Bismark bunu ironik olaraq deyib. Ancaq görünür bizim bəzi müxaliflər Bismarkın dediklərini həqiqət kimi qəbul edərək seçicilərə yalan danışır, yalan vədlər verir, bununla da seçicilərin səsini qazanmaq istəyirlər.
- İTV-nin efirində yayımlanan namizədlərin debatına münasibətiniz necədir? Sizin fikrinizcə, həmin debatlarda YAP-ın namizədləri nə ilə fərqlənir?
- Bilirsiniz, bu debatlarda namizəd seçicilərə xitabən bu və ya digər fikirlərini qısa şəkildə çatdırmaq imkanı əldə edir. özü də bu debatlar seçki dairələri üzrə təşkil olunur. Əgər digər siyasi partiya və bloklar YAP kimi 60-dan çox dairədə namizədini qeydiyyatdan keçirə bilsəydi, onlar da pulsuz efir vaxtı alar, bu zaman biz həmin debatları siyasi partiyalar səpkisində keçirə bilərdik. Ancaq məlum olduğu kimi, müxalifət partiyalarının bəzi namizədləri seçki kampaniyasının gedişində lazımi qədər dəstək imzası ala bilmədiyindən, yaxud sənədlərini vaxtında təqdim etmədiklərindən bu mərhələni keçə bilmədi. Nəticədə, onlar pulsuz efir vaxtı ala bilmədilər. Bunun da səbəbi müxalifət partiyalarının seçkiyə lazımi səviyyədə hazırlaşmaması, təsadüfi namizədlərə üstünlük verməsidir. Onların bəziləri iddialarla çıxış etsələr də, əslində, heç kim onlara mane olmayıb. İTV-nin efirində yayımlanan debatlar lazımdır. Ancaq bu, seçkinin nəticələrini həll etmir. çünki debatlar seçiciyə 100 faiz təsir edə bilməz, bu prosesdə müəyyən dərəcədə rol oynayır. Debatlarda seçici onunla görüşlər keçirmiş namizədi bir daha gözdən keçirmək şansı əldə edir. Yaxud, namizədlə görüşmək, onu dinləmək imkanı olmayan seçici onu axşam evdə olduğu vaxtda televizorda görüb eşidir. Debatlarda sözsüz ki, səviyyə fərqi özünü göstərir. YAP-ın namizədləri bütövlükdə səviyyəli çıxışlar edirlər. Müxalifətin namizədləri məişət səviyyəsində problemləri qaldırıb qabartsa da, YAP-ın namizədləri bu məsələlərə səbirlə yanaşır, ümumilikdə bu problemləri də qabardaraq onların həlli yollarını göstərir, həmçinin, partiyamızın seçki proqramını və Prezidentin ümumi strategiyasını seçicilərə çatdırmağa çalışırlar. Mən hesab edirəm ki, bizim namizədlər daha üstün mövqedədirlər. Bunun da səbəbi namizədlərimizin tərkibi, onların səviyyəsi ilə bağlıdır.
- Müxalifət düşərgəsində belə bir iddialar var ki, 15 saylı Yasamal I seçki dairəsində namizədliyi irəli sürülmüş Əli Əliyev və Nemət Pənahlının “AXCP-Müsavat” blokunun namizədi İsa Qəmbərə qarşı çıxmasını iqtidar təşkil edib. Analoji sözlər AXCP sədri Əli Kərimlinin namizədliyini irəli sürdüyü 31 saylı Suraxanı II seçki dairəsi ilə bağlı da deyilir...
- YAP-ın namizədləri olan dairələrdə müxalifətin də müxtəlif namizədləri seçkiyə qatılıb. Həmin məntiqlə çıxış etsək, iddia etmək olar ki, müxalifət də namizədlərini qəsdən bizim namizədlərimiz olan dairələrə göndərib. Seçkidə dairəni hər kəs özü seçir. YAP-ın namizədlərinin irəli sürüldüyü dairələr seçilərkən onların şəxsi istəyi ilə bərabər, partiyanın qərarı da rol oynayıb. Müəyyən təhlillər, araşdırmalar nəticəsində konkret seçki dairələrindən təmsilçilərimizin namizədlikləri irəli sürülüb. Bizim bu və ya digər namizədimizin namizədliyi irəli sürülən dairədən çəkilməsi də bizim taktikamızdır. Bu, bizim daxili işimizdir. O ki qaldı ayrı-ayrı şəxslərin 15 və 31 saylı dairələrdə namizədliklərini irəli sürməklərinin səbəblərinə, bunu onların özlərindən soruşmaq lazımdır. Mən 15 saylı Yasamal I seçki dairəsindən olan teledebata baxmışam. Orada ayrı-ayrı namizədlər nə üçün bu dairədən namizədliklərini irəli sürdüklərinin səbəblərini açıqladılar. Məsələn, Nemət Pənahlı ilə İsa Qəmbər arasında uzun müddət mübarizə gedib. Onlar müxtəlif vaxtlarda üz-üzə gəliblər. 1992-ci ildə İsa Qəmbər hakimiyyətdə olarkən Nemət Pənahlı ona qarşı vuruşurdu. Nemət Pənahlı “Azadlıq” meydanında mitinq keçirmək istəyərkən AXC hakimiyyəti onu həbsxanaya atmışdı. özü də istintaqsız-filansız ən azı 3 ay həbsxanada saxladılar. Yəni, bu adamların arasında mübarizə hələ o vaxtdan olub. ümumiyyətlə, heç kim heç kimə deyə bilməz ki, niyə bu adamla siyasi mübarizə aparırsan? Mən yalnız YAP-ın namizədləri ilə bağlı danışa bilərəm, digər partiyaların namizədləri barədə onların özləri danışa bilər.
- YAP namizədlər siyahısını açıqladıqdan bir neçə gün sonra siyahıya dəyişiklik edildi. Gülər Əhmədova 15 saylı dairədən 34 saylı, Əhməd Vəliyev isə 31 saylı dairədən 107 saylı dairəyə keçirildi. Bu maraqlı dəyişikliklərin səbəbi nə idi?
- Bayaq dediyim kimi, namizədlərimiz müəyyən təhlillərdən sonra konkret dairələr üzrə irəli sürülüb. Seçki həm də taktikanın tətbiqindən də asılıdır. Namizədlərimizin yerinin dəyişməsi taktiki addımdır. Biz namizədlərimizi irəli sürərək müəyyən mərhələyə qədər onların orada qalmasını nəzərdə tutmuşduq. Sonra isə taktiki olaraq onları geri çəkmişik, yerlərini dəyişmişik. Bu məsələdə bizi heç kim qınaya bilməz. Təbii ki, bütün bunlar qanunvericiliyə uyğun olaraq həyata keçirilib. Bu, bir daha deyirəm bizim partiyanın daxili işidir, daha kiminsə qabağından qaçmaq deyil. Bu, texnologiyadır, həmin texnologiyanın nəticəsi gələcəkdə qazanacağımız uğurlarda özünü göstərəcək.
- Mübariz müəllim, 100 saylı Şəmkir-Daşkəsən seçki dairəsindən namizədliyi irəli sürülmüş şəxs kimi təşviqat kampaniyanız necə gedir?
- Mən seçicilərlə görüşlər keçirmişəm və bu görüşlər davam edir. Artıq təşviqatın birinci mərhələsini başa vurub ikinci mərhələyə başlamışam. Şəmkirdəki görüşlərim noyabrın 6-dək davam edəcək. Görüşlərin təşkilində YAP-ın Şəmkir rayon təşkilatının fəalları mühüm rol oynayır. Onlar imzatoplama kampaniyasının operativ şəkildə yekunlaşmasında da yaxından iştirak ediblər. Bu da təbiidir. Şəmkir və Daşkəsəndə seçicilərlə görüşürəm. Bu rayonlarda çox böyük abadlıq-quruculuq işləri həyata keçirilib. Sözsüz ki, bunlar Azərbaycan Prezidentinin bəyan etdiyi proqram həyatında gerçəkləşib. Aydındır ki, yerli əhali də görülən işlərdən tam razıdır. Məsələn, Şəmkirin elektrik enerjisi ilə təminatı tam həyata keçirilib, kəndlərin təxminən 70-80 faizi təbii qazla təmin edilib. Rayonda digər layihələr də həyata keçirilir. Rayondakı böyük layihələrdən biri də Şəmkir çayı üzərində Şəmkir su dəryaçasının tikilməsidir. Bu, Sovet dövründən qalma və reallaşmamış layihə idi. Ancaq Prezidentimizin birbaşa himayəsi ilə bu layihə reallaşır. Bu zaman çoxsaylı vətəndaşlarımız da işə cəlb olunub. Bu tikinti sürətlə davam edir, qarşıdakı bir neçə ildə başa çatacaq. Həmçinin, yollar çəkilir, təmir olunur, digər bütün lazımi işlər görülür. Bütövlükdə götürdükdə görüşlərim, təşviqat prosesim uğurla davam edir. 100 saylı Şəmkir-Daşkəsən seçki dairəsindən namizədliyi qeydə alınmış şəxslər də görüşlərini keçirir, onlar üçün də heç bir məhdudiyyət yoxdur. Əminəm ki, 100 saylı dairədə seçki normal məcrada keçiriləcək. Biz namizədlərin istinadgahı seçicilərdir. Hesab edirəm ki, seçicilər Prezident İlham Əliyevin siyasətinə dəstək verəcək, onun timsalında 100 saylı dairədə məni dəstəkləyəcəklər. Mənə etimad göstərsələr, qarşıdakı illərdə də onları layiqincə təmsil etməyə çalışacağam.

Paylaş:
Baxılıb: 1100 dəfə

Xəbər lenti

Hamısına bax

Analitik

Xəbər lenti

YAP xəbərləri

MEDİA

Siyasət

Gündəm

Arxiv
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30