Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Müsahibə / Hazırda əsas hədəfimiz Azərbaycanı yaxın vaxtlarda inkişaf etmiş ölkələr sırasına çıxarmaqdır

Hazırda əsas hədəfimiz Azərbaycanı yaxın vaxtlarda inkişaf etmiş ölkələr sırasına çıxarmaqdır

22.02.2011 [10:18]

Milli Məclisin Sosial siyasət komitəsinin sədr müavini, YAP Siyasi Şurasının üzvü Musa Quliyev www.yap.org.az saytına müsahibə verib:
- Musa müəllim, hazırda ölkəmizdə həyata keçirilən sosial siyasətin əhəmiyyəti haqqında nə deyə bilərsiniz? Sosial siyasətin nəticələri cəmiyyətdə necə qarşılanır?
- Azərbaycanda əsası Ulu öndər Heydər Əliyev tərəfindən qoyulan sosial siyasət bu gün ölkə Prezidenti İlham Əliyevin rəhbərlik etdiyi modern dövlət sisteminin və müasir dövrün tələblərinə uyğun olaraq yeniləşdirilir, inkişaf etdirilir. Sosial siyasətin mühüm bir sahəsi olan əhalinin sosial müdafiəsi məsələsində, konkret olaraq pensiya, sığorta, əlillərin sosial müdafiəsi, aztəminatlı insanlara ünvanlı yardım verilməsi sahəsində kifayət qədər zəngin və möhkəm hüquqi baza yaradılıb. Bu yöndə islahatlar demək olar ki, başa çatdırılıb. 2006-cı ildə əmək pensiyaları haqda, dövlət müavinətləri haqda, daha sonra 2007-ci ildə ünvanlı sosial yardım haqda qanunların qəbul edilməsi ilə aztəminatlı insanların sosial təminatının hüquqi əsasları formalaşdırıldı. Bütün bunlar nəticəsində Azərbaycan uzun illər sovet sistemində tətbiq etdiyi pensiya ödənilməsində həmrəylik prinsipindən imtina etdi və bazar iqtisadiyyatına uyğun olaraq pensiya ödənilməsinin sığorta sisteminə keçdi. Görülən bu işlərin hamısı insanların maraqlarına xidmət edir və təbii ki, belə olan təqdirdə də həyata keçirilən sosial siyasət cəmiyyət tərəfindən dəstəklənir.
- Pensiyaların sığorta hissəsi ilə bağlı aparılan təkmilləşdirmə işləri hansı üstünlüklərə malikdir?
- Sığorta sisteminin inkişafı ilə bağlı bir sıra qanunvericilik aktları qəbul edilib. Bu isə ölkəmizdə sığorta sisteminin möhkəmlənməsi istiqamətində mühüm əhəmiyyətə malik oldu. Bu sistemin üstünlüyü ondan ibarətdir ki, hər bir işçi artıq işlədiyi müddət ərzində öz pensiyasını təmin etmiş olur. Yəni, Sovet sisteminin əksinə olaraq, burada maaşın həcmi mühüm rola malikdir. Bu baxımdan hər bir kəs yüksək maaşlı işdə işləməyə üstünlük verəcək. Bu, bir tərəfdən işçinin öz üzərində işləməsi, peşəkarlığını artırması, daha yüksək karyera əldə etmək üçün çalışmasına yol açır. Digər tərəfdən, daha yüksək əməkhaqqı üçün çalışan insan öz sosial vəziyyətini də yaxşılaşdırır. Bununla yanaşı, bu, bizim əmək bazarında bir sıra neqativ halların da qarşısını almağa kömək göstərir. Neqativ hal dedikdə isə, ən çox bir sıra sahibkarların işçilərlə əmək müqaviləsi bağlamaması hallarını nəzərdə tuturam. Bu isə həmin işçinin sonradan pensiya sığortasından məhrum olmasına gətirib çıxarır. Artıq əmək müqaviləsinin bağlanması ilə əlaqədar Əmək Məcəlləsinə müvafiq əlavə və dəyişikliklərin edilməsi işçinin daha çox hüquqi əsaslarla işləməyə marağını artırır. Bu da işçinin sosial müdafiəsinin gücləndirilməsinə yol açdı.
- Dövlət başçısının bu günlərdə imzaladığı “Əmək pensiyalarının sığorta hissəsinin indeksləşdirilməsi haqqında” Sərəncam da bu baxımdan əhəmiyyətlidir...
- Qeyd etdiyim kimi, Azərbaycanda əhalinin sosial müdafiəsinin gücləndirilməsi istiqamətində uğurlu dövlət siyasəti həyata keçirilir. Bu baxımdan pensiya sistemində aparılan islahatlar da böyük əhəmiyyətə malikdir. ölkəmizdə qurulmuş yeni sığorta-pensiya sistemində pensiyaların artırılması mexanizminin bazar iqtisadiyyatının tələblərinə uyğun şəkildə dəyişdirilməsi mövcud maliyyə imkanlarının bütün pensiyaçılar arasında ədalətli, şəffaf şəkildə bölgüsünə imkan verir. Dövlət Sosial Müdafiə Fondunun açıqladığı məlumatlarda da bildirilir ki, sığorta-pensiya sistemində informasiya-kommunikasiya texnologiyalarının uğurlu tətbiqi nəticəsində ölkə Prezidentinin əmək pensiyalarının istər baza hissəsinin artırılması, istərsə də sığorta hissəsinin indeksləşdirilməsi barədə sərəncamlarının icrası avtomatlaşdırılmış qaydada həyata keçirilməkdədir. Prezident İlham Əliyevin “Əmək pensiyalarının sığorta hissəsinin indeksləşdirilməsi haqqında” sonuncu Sərəncamı ilə 617347 nəfərin əmək pensiyasının sığorta hissəsinə indeksləşdirilmə tətbiq olunacaq. ümumilikdə isə, artımlar fərqli olacaq, yəni, kimin əmək pensiyasının sığorta hissəsi daha yüksəkdirsə, onun pensiyasının artımı da daha yuxarı olacaq.
- Pensiya sahəsində aparılan siyasət Avropa Sosial Xartiyasının tələblərinə nə dərəcədə cavab verir?
- Azərbaycanda pensiyaların ilbəil artırılmasının şahidi oluruq. Davamlı olaraq pensiyaların baza hissəsi artırılır və artıq ötən il bu rəqəm 85 manata çatdı. Azərbaycan Avropa Sosial Xartiyasına qoşulub və bu xartiyanın tələblərindən biri də orta aylıq pensiyanın orta məbləğinin ölkə üzrə orta aylıq əməkhaqqının 40 faizi həcminə çatdırmaqdan ibarətdir. Artıq Azərbaycanda bu rəqəm 34 faizə gəlib çatıb. Dövlət başçısının bu günlərdə imzaladığı Sərəncamdan sonra bu rəqəm bir az da artacaq. Düşünürəm ki, Azərbaycanın sosial-iqtisadi vəziyyəti xartiyanın tələblərinə uyğun olaraq pensiyanın orta aylıq əməkhaqqının 40 faizinə çatdırılmasına imkan verir. Bu da Azərbaycanda həyat səviyyəsinin yüksəldilməsi indekslərinin göstəricisi sayıla bilər. Digər tərəfdən, pensiyalarla yanaşı, ardıcıl olaraq sosial müavinətlərin də məbləği artırılır. Yəqin ki, biz pensiya indekslərinin ardınca sosial müavinətlərin indekslərinin də artırılmasının şahidi olacayıq.
Digər sosial müdafiə istiqaməti Azərbaycanda yeni olan və özünü uğurla təsdiqləmiş ünvanlı sosial yardımların verilməsidir. Bu yardım o insanlara verilir ki, onların aylıq gəliri 75 manatdan aşağı olsun. Qeyd edək ki, ünvanlı sosial yardım da 75 manat həcmindədir. Bizim hədəfimiz isə ondan ibarətdir ki, ünvanlı sosial yardım minimum əməkhaqqı ilə bərabər olsun. Amma bu da cənab Prezidentin sosial müdafiənin gücləndirilməsi ilə bağlı müvafiq icra orqanlarının qarşısına qoyduğu son hədd deyil. ölkə Prezidentinin qarşıya qoyduğu prioritet məsələ ölkəmizdə yoxsulluğun tam şəkildə aradan qaldırılması ilə bağlıdır. Cənab Prezident bir neçə gün öncə bölgələrə səfəri zamanı insanlarla keçirdiyi görüşdə bildirdi ki, 2001-ci ildən indiyə kimi ölkəmizdə yoxsulluq həddi 49 faizdən 9 faizə enib. Yəni, dünyada ikinci bir ölkə yoxdur ki, 10 il ərzində bu qədər yoxsulluq fazinin aşağı düşməsinə nail olsun. Cənab Prezident bildirdi ki, bizim son məqsədimiz ölkəmizdə bir nəfər də olsun yoxsul adamın qalmamasıdır. Onu da deyim, artıq uzun müddətdir ki, Azərbaycanda mütləq yoxsul yoxdur. BMT-nin müəyyən etdiyi kriteriyaya görə, mütləq yoxsul gündəlik gəliri 2 dollardan aşağı olanlar sayılır. Azərbaycanda bu gün 75 manat sosial yardımın verilməsi, ölkədə mütləq yoxsulun olmamasını deməyə əsas verir. Söhbət yalnız nisbi yoxsulluqdan gedə bilər ki, onu da artıq tam aradan qaldırmaq üzrəyik. Bu istiqamətdə lazımi işlər görülür və 2003-cü ildən bu yana ölkəmizdə 900 min iş yeri açılıb ki, onun da 700 mindən çoxu daimidir. Əməkhaqları da artırılır və hazırda Azərbaycanda orta aylıq əməkhaqqının məbləği 350 manata çatıb. Bu, çox böyük bir rəqəm və göstəricidir. Azərbaycan hökuməti üçün artıq Avropa İttifaqına üzvlük məsələsi hədəf kimi seçilə bilər. Bu, son illərdə Azərbaycan Prezidentinin rəhbərliyi altında uğurlu sosial-iqtisadi siyasi islahatların əyani bir nəticəsidir. Nəzərə alsaq ki, Azərbaycanda inflyasiya həddi də bu sosial-iqtisadi artım fonunda o qədər yuxarı deyil və birrəqəmli həddədir, ölkəmizdə əməkhaqqının artım tempi inflyasiya tempini iki dəfə üstələyir. Bu, bir daha Azərbaycanın yüksək templə inkişafını təsdiqləyir.
- Musa müəllim, bəs qarşıdakı hədəflər nədən ibarətdir?
- Dövlət olaraq bizim başlıca hədəfimiz yaxın vaxtlarda Azərbaycanı artıq inkişaf etmiş ölkələr sırasına çıxarmaqdır. Bundan ötrü də bir sıra vacib tədbirlər görülür. Son vaxtlar Azərbaycan Prezidentinin sahibkarlara daha geniş imkanlar yaradılması, xüsusən orta və kiçik sahibkarlığın inkişafı ilə bağlı verdiyi tapşırıqlar, eləcə də, Nazirlər Kabinetinin 2010-cu ilin sosial-iqtisadi yekunlarına həsr olunan iclasında irəli sürdüyü vəzifələrin yerinə yetirilməsi gələcək hədəflərin əsas istiqamətləri sayıla bilər.

Paylaş:
Baxılıb: 1078 dəfə

Xəbər lenti

Hamısına bax

Analitik

Xəbər lenti

YAP xəbərləri

MEDİA

Siyasət

Gündəm

Arxiv
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30