Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Müsahibə / Azərbaycanda minimum enerji sərf etməklə ən keyfiyyətli sement istehsal ediləcək

Azərbaycanda minimum enerji sərf etməklə ən keyfiyyətli sement istehsal ediləcək

02.03.2011 [14:13]

İsmail Erkovan: “Qızıldaş Sement” zavodu Qafqazın ən iri sənaye müəssisəsi olaraq, istehsal gücü gündə 5 000 ton klinker, ildə 2 000 000 ton sement təşkil edəcək ki, bu da zavoda Cənubi Qafqaz və Xəzər regionu ölkələrinin sement bazarında özünəməxsus yer tutmaq imkanı verəcək
“Norm MMC”nin baş direktoru İsmail Erkovan “Yeni Azərbaycan” qəzetinə eksklüziv müsahibə verib:
- İsmail bəy, müasir Azərbaycan Respublikasının inkişafını, ölkəmizdə həyata keçirilən sosial-iqtisadi islahatları necə qiymətləndirirsiniz?
- Dahi şəxsiyyət Heydər Əliyevin əsasını qoyduğu neft strategiyasının uğurla davam etdirilməsi ölkənizin müstəqilliyinin möhkəmlənməsi, təhlükəsizliyinin etibarlı şəkildə təmin olunması, Azərbaycanın zəngin və qüdrətli dövlətə çevrilməsi, dünya dövlətləri arasında nüfuzunun artması ilə nəticələnib. Beynəlxalq miqyaslı tədbirlər, konfranslar, simpoziumlar, mahnı və idman yarışlarının, həmçinin, sərgilərin keçirilməsi buna bariz nümunədir və ölkənin daha çox tanınmasına, Azərbaycana marağın artmasına səbəb olur.
Müstəqillik qazandıqdan sonra Azərbaycanın, həmçinin, xarici ölkələrlə və şirkətlərlə yaxından əməkdaşlıq etməsi ölkənin dinamik inkişafını təmin etdi, milli iqtisadiyyatı bütün dünyanı bürüyən böhrandan qorudu və müstəqil Azərbaycan Respublikasının davamlı sosial-iqtisadi inkişafına təkan verdi. Hazırda Azərbaycanın iştirakı olmadan regionda qlobal layihələrin həyata keçirilməsi qeyri-mümkündür. Azərbaycan Respublikasının coğrafi mövqeyindən irəli gələn bu imkanları ölkədə həyata keçirilən uğurlu iqtisadi islahatlar daha da artırır. Aparılan islahatlar nəticəsində son illər Azərbaycan iqtisadiyyatı dünyada analoqu olmayan sürətlə artmaqda davam edir. İnkişaf dinamikası nəticəsində sənayenin qeyri-neft sektoru, eləcə də, tikinti və s. kimi sahələr sürətlə inkişaf edib ki, bu da bizim “Qızıldaş Sement” layihəsinin həyata keçməsinə zərurət və imkan yaradıb.
- Azərbaycanda investorlar üçün yaradılmış şəraiti necə dəyərləndirirsiniz?
- Prezident İlham Əliyev müxtəlif ölkələrə səfərlər edir, ölkəniz dünyanın bütün dövlətlərilə siyasi-iqtisadi əlaqələr qurur, əməkdaşlıq münasibətləri yaradır. Azərbaycanın dünyadakı rolu artır, ölkəniz getdikcə daha çox tanınır. Azərbaycanın təbii sərvətləri, coğrafi vəziyyəti, artan önəmi, siyasi potensialı, əlbəttə ki, onu əhəmiyyətli ölkəyə çevirir. Nüfuzlu beynəlxalq təşkilatlarla, maliyyə institutları ilə yaxından əməkdaşlıq edilir. ölkədə investorların maraqları qorunur, müdafiə edilir. ölkə iqtisadiyyatına investisiyaların cəlb olunması məqsədilə hökumət tərəfindən “açıq qapı” siyasəti həyata keçirilir. Azərbaycan hökuməti ölkədə iqtisadi islahatların davam etdirilməsi, biznes mühitinin daha da yaxşılaşdırılması, neft sektoru ilə bərabər, qeyri-neft sektorunun inkişaf etdirilməsi ilə bağlı tədbirlər həyata keçirir. İnvestorların hüquq və mənafelərinin qorunması, mülkiyyətin toxunulmazlığı, yerli və xarici sahibkarlara bərabər şəraitin yaradılması Azərbaycan Respublikasının qanunları və bir sıra normativ sənədlərlə tənzimlənir. ölkədə sahibkarlığın inkişafının sürətləndirilməsi, biznes mühitinin əlverişliliyinin daha da artırılması və biznesə başlama prosedurlarının sadələşdirilməsi üçün zəruri tədbirlərin görülməsi məqsədilə “bir pəncərə” prinsipi tətbiq edilir. Hazırda Azərbaycanda biznesə başlamaq üçün cəmi 3 gün vaxt tələb olunur...
- Şirkətiniz və onun həyata keçirdiyi mühüm layihə haqqında məlumat verərdiniz. Bəs, inşa edəcəyiniz zavod nə zaman istismara veriləcək?
- Məlum olduğu kimi, “Norm” şirkəti 2006-cı il may ayının 4-də sement müəssisəsinin tikintisi və daha sonra hazır məhsulun (sement və klinker) əsas etibarilə Azərbaycan bazarında satışı məqsədilə yaradılıb. Şirkətin inşa edəcəyi “Qızıldaş Sement” zavodu Bakı şəhərinin Qaradağ ərazisində, iqtisadi baxımdan ölkə üçün ən strateji məkanlardan birində yerləşəcək. Zavod Qafqazın ən iri sənaye müəssisəsi olaraq, istehsal gücü gündə 5 000 ton klinker, ildə 2 000 000 ton sement təşkil edəcək ki, bu da zavoda Cənubi Qafqaz və Xəzər regionu ölkələrinin sement bazarında özünəməxsus yer tutmaq imkanı verəcək.
Bu məqsədlə “Norm MMC” 2008-ci ildə layihə üzrə konsultant xidmətlərinin yerinə yetirilməsinə dair tender keçirib. Sement istehsalı sahəsində dünyanın 10 ən tanınmış konsultant şirkətlərindən biri olan və dünyanın 73 ölkəsində 600-dən artıq layihə həyata keçirmiş Holtec Consulting Private Limited (Hindistan) konsultant şirkəti tenderdə qalib gəlib və “Norm MMC”nin Texniki Konsultantı vəzifəsini yerinə yetirir.
“Qızıldaş Sement” zavodunun tikintisi üzrə Ətraf Mühitə və Sosial Sahəyə Təsirin Qiymətləndirilməsi sənədi də hazırlanıb. Bu sənəd 2010-cu il aprel ayının 12-də Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən təsdiqlənib və nəzərdə tutulan tədbirlər mütəxəssislər tərəfindən təqdir edilib.
Zavodun bütün xətlərində nəzərdə tutulan səs boğucuları, toz filtrləri və digər ətraf mühiti mühafizə avadanlıqları zavodun ən sərt ekoloji standartlara uyğun istismarını təmin edir. Qeyd etmək lazımdır ki, “Qızıldaş Sement” zavodunda qurulacaq avadanlıqlar və tətbiq olunacaq texnologiyalar Avropanın ən müasir ekoloji standartlarına cavab verəcək.
Son 3 il ərzində 10 min hektar ərazidə geoloji axtarış, təxminən min hektar sahədə qazıntı yolu ilə geoloji-kəşfiyyat işləri aparılıb, 2 minə yaxın xammal nümunəsi respublikanın müxtəlif yerlərindən toplanaraq, Almaniyanın, Fransanın, Hindistanın, çXR və Türkiyənin ixtisaslaşdırılmış laboratoriyalarında sınaqdan keçirilib.
“Qızıldaş Sement” zavodunun tikintisi və xammal təchizatı üçün tələb olunan ərazilər “Norm MMC” tərəfindən müəyyənləşdirilib. ötən iki il ərzində genişmiqyaslı hazırlıq işləri həyata keçirilib, zəruri topoqrafik və geoloji-kəşfiyyat işləri aparılıb, xammal ehtiyatları hesablanıb, habelə, zavodun konsepsiyası işlənib hazırlanıb. Eyni zamanda, mühəndis-layihələndirmə işləri nəticəsində zavodun iqtisadi səmərəliliyi təsdiqlənib.
2009-cu ilin fevral ayının 16-da zavodun “Açar Təslimi” əsasında tikintisi üçün tender elan edilib. Tenderə Yaponiya, Almaniya, çexiya, çin, Koreya və Türkiyəni təmsil edən və sement zavodların qurulmasında ixtisaslaşdırılmış və geniş təcrübəyə sahib olan 26 şirkət dəvət olunub. Son iki il ərzində tender komissiyası beynəlxalq konsultantlarla birgə təklifləri nəzərdən keçirib. Siyahıda olan şirkətlərin istehsal sahələrinə baxış keçirilib, habelə, həyata keçirdikləri bənzər layihələr öyrənilərək onların güclü və zəif tərəfləri müəyyənləşdirilib. Nəticədə, çin Xalq Respublikasının “China Triumph International Engineering Co., Ltd” (CTIEC) şirkəti tenderdə qalib gəlib.
Bildiyiniz kimi, bu il mart ayının 1-də “Norm MMC” və çin Xalq Respublikasının “China Triumph International Engineering Co., Ltd” (CTIEC) şirkətləri arasında “Qızıldaş Sement” zavodunun “Açar Təslimi” əsasında tikinti Müqaviləsi imzalanıb.
Zavod 2013-cü ilin sonunda istismara veriləcək. Şirkət rəhbərliyinə inşaat və sement sektorunda uzun illər ərzində çalışmış, təcrübəli mütəxəssislər cəlb ediliblər. Qeyri-neft sektorunda həcminə görə, ən iri layihələr sırasında olan zavodun inşası təxminən 400 milyon ABŞ dollarına başa gələcək.
- İnşası nəzərdə tutulan “Qızıldaş Sement” zavodu hansı üstünlüklərə malik olacaq? Bu layihənin tam icrası Azərbaycan üçün hansı perspektivlər vəd edir?
- ümumiyyətlə, bu layihə xalqın rifah halının yaxşılaşdırılmasına və ölkə iqtisadiyyatının inkişafına öz töhfələrini verəcək. çünki layihədə sənaye obyektlərinin tikintisilə yanaşı, zavod ərazisinin və ətrafın abadlaşdırılmasına, yaşıllaşdırılmasına, xammal yataqlarının təhlükəsiz istismarına və rekultivasiyasına, yerli infrastrukturun inkişafına, ətraf qəsəbələrdə yaşayan insanların həyat standartlarının yaxşılaşdırılmasına xüsusi diqqət yetirilir.
Zavodun fəaliyyətilə bağlı illik xammalın və hazır məhsulun nəqliyyat dövriyyəsi 5,5 milyon ton təşkil edəcək ki, bu da öz növbəsində nəqliyyat sahəsində yeni perspektivlər açacaq. ölkədə ildə 150 milyon dollar məbləğində valyutanın xaricə getməsinin qarşısının alınması təmin ediləcək.
Həmçinin, bu günə qədər Xəzər bölgəsində istehsal edilməyən, API standartlarına uyğun quyu sementinin istehsalı Azərbaycanı bölgənin neft hasilatçıları üçün sement ixracatçısına çevirəcək. 10 min hektar ərazi illər boyu Qaradağ rayonunda tikinti materialı kimi çıxarılan əhəngdaşı tullantılarından təmizlənəcək.
“Qızıldaş Sement” layihəsi sıfırdan qurulduğundan ərazilərdə əsaslı infrastruktur yaradılacaq. Hal-hazırda yarımsəhra tipli torpaqlarda yaşıllaşdırma, abadlaşdırma işləri aparılır. Əlbəttə ki, müxtəlif yardımçı kommunikasiyaların çəkilməsi ətrafdakı yaşayış məntəqələrinə də xidmət etməklə əhalinin həyat səviyyəsinin yüksəlməsinə gətirib çıxaracaq.
Beləliklə də, Azərbaycanda minimum enerji sərf etməklə ən keyfiyyətli sement istehsal ediləcək. Azərbaycanda həyata keçirilən digər layihələrdən fərqli olaraq, bizim layihənin konsepsiyası hazırlanarkən, xammaldan başlayaraq istehsaladək, istifadəçinin gələcək ehtiyacları da daxil olmaqla bütün məqamlar nəzərə alınaraq ən münasib və müasir avadanlıqlar seçilib. Bu isə ölkəmizə yeni keyfiyyət səviyyəsi, müasir mühəndislik və idarəetmə standartları, istehsal mədəniyyəti gətirəcək və gələcəkdə Azərbaycan mütəxəssislərini sement sənayesində dünya miqyasında ön sıralara çıxaracaq.
Qeyd edim ki, zavodda bilavasitə 400 nəfər, xammal mədənlərində isə 100-150 nəfər fəaliyyət göstərəcək. İldə 3.500.000 ton xammal və 2.000.000 ton sement yük maşınları və dəmir yolu ilə nəql ediləcək. Bu həcmdə xammalın və sementin nəqli, habelə, 2 000 000 ton sementin satışı nəticəsində ən azı 3000 nəfər üçün yeni iş yerləri yaradılacaq ki, bu da ən azı 14.000 nəfərin faydalanması deməkdir.
Uzun illər ərzində Qaradağ rayonunda tikinti materialı kimi çıxarılan əhəngdaşı tullantılarından istehsalda istifadə ediləcək. Beləliklə, minlərlə hektar ərazidə ətraf mühit bərpa olunacaq və bu ərazilər otlaq kimi istifadə üçün yararlı hala gətiriləcək.
Zavodun fəaliyyətinin ilk 10 ilində Azərbaycan büdcəsinə təxminən 200 milyon manat vergi ödənəcək. Bununla da, Türkiyə Sement və Hazır Beton İstehsalçıları Birliyinə və CEMBUERAU Avropa Sement Birliyinə üzv olmaq, Azərbaycan Sement və Hazır Beton İstehsalçıları Birliyini yaradaraq Keyfiyyət standartları təsis etmək imkanı əldə edə bilərik.
Beləliklə, Azərbaycanda istehsal edilən sementin və hazır betonun keyfiyyəti daha da yüksələcək. Digər tərəfdən, hər il istehsal edəcəyimiz 100.000 ton həcmində quyu sementi həm Azərbaycanın, həm də qonşu ölkələrin neft sənayelərində quyu sementinə olan ehtiyacları ödəmiş olacaq.
Ramil VƏLİBƏYOV
Paylaş:
Baxılıb: 1177 dəfə

Xəbər lenti

Hamısına bax

Analitik

Xəbər lenti

YAP xəbərləri

MEDİA

Siyasət

Arxiv
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30