Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Müsahibə / Üçüncü sektorun nümayəndələri daim dövlətin yanında olublar

Üçüncü sektorun nümayəndələri daim dövlətin yanında olublar

02.04.2011 [12:06]

Rauf Zeyni: Bu gün vətəndaş cəmiyyətinin istənilən nümayəndəsi milli maraqlarımızı, müstəqilliyimizi və dövlətçiliyimizi qorumaq haqqında düşünməlidir
Hazırda bütün sivil, demokratik ölkələrdə olduğu kimi, Azərbaycanda da vətəndaş cəmiyyətinin inkişafı üçün lazımi şərait yaradılıb. Daha doğrusu, ölkəmizdə bütün sahələrdə əldə edilən inkişaf və tərəqqi özünü “üçüncü sektor” adlandırılan qeyri-hökumət təşkilatlarının fəaliyyətində də göstərməkdədir. Bu da səbəbsiz deyil. Məsələ burasındadır ki, Azərbaycanda sözügedən sektorun inkişafı istiqamətində dövlət, şəxsən Prezident İlham Əliyev tərəfindən önəmli addımlar atılır. Məlum olduğu kimi, Prezident İlham Əliyevin  27 iyul 2007-ci il tarixli Fərmanı ilə Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Konsepsiyası təsdiq edilib. Dövlət başçısının 13 dekabr 2007-ci il tarixli Fərmanı əsasında isə Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası yaradılıb və Şuranın Əsasnaməsi təsdiq edilib. Onu da qeyd edək ki, bu fərmanlarla yanaşı, QHT sektorunun fəaliyyətinə dəstək olmaq məqsədilə dövlət büdcəsindən maliyyə vəsaiti ayrılıb. Bir sözlə, görünən odur ki, dövlət üçüncü sektorun inkişafı üçün lazımi şərait yaradıb. Bəs, üçüncü sektorun təmsilçiləri bu şəraitdən necə yararlanır, dövlətin inkişafı prosesini necə dəyərləndirir və həmin prosesdə hansı rolu oynayırlar? Bu gündən etibarən start verdiyimiz “üçüncü sektor” rubrikasının qonaqları ilə söhbətlərimizdə bu və ya digər suallara cavab tapmağa çalışacağıq. Rubrikamızın ilk qonağı isə Milli Qeyri-Hökumət Təşkilatları Forumunun prezidenti Rauf Zeynidir.
- Azərbaycanın son illərdə əldə etdiyi inkişaf barədə nə deyə bilərsiniz?
- Mən əvvəla “üçüncü sektor” rubrikasını açmağınız münasibətilə “Yeni Azərbaycan” qəzetinə minnətdarlığımı bildirirəm və bu layihəyə uğurlar arzulayıram. Təbii ki, bu rubrika ölkəmizdə vətəndaş cəmiyyəti üçün olduqca vacibdir. Sualınıza cavab olaraq isə onu bildirirəm ki, bu gün beynəlxalq təşkilatlar, xarici mütəxəssislər bütün hesabatlarında xüsusilə son on ildə, yəni, Azərbaycanın müstəqilliyinin ikinci onilliyində ölkəmizin çox böyük dirçəliş əldə etdiyini qeyd edirlər. Yəni, bu artıq danılmaz bir gerçəklikdir ki, Azərbaycan regionda həqiqətən də inamlı və güclü lider dövlətə çevrilib. ölkəmizin iqtisadi yüksəlişi haqqında statistik rəqəmlər bütün beynəlxalq təşkilatların hesabatlarında öz əksini tapıb. Dünya dövlətləri Azərbaycanla hesablaşmağa başlayıblar. Azərbaycan müstəqil siyasət yeridən bir ölkədir. Eyni zamanda, Prezident İlham Əliyev də bu gün Azərbaycan Respublikasının milli dövlətçilik maraqlarına uyğun siyasi xətti heç kimdən çəkinmədən, müstəqil şəkildə həyata keçirir. Təbii ki, bu amillər bizi istəməyənləri bərk narahat edir. Bu məsələnin bir tərəfidir. İkinci bir tərəfdən, əldə etdiyimiz uğurlar təkcə siyasətdə, iqtisadiyyatda, yaxud da quruculuqda deyil, eyni zamanda, vətəndaş cəmiyyətinin inkişafı istiqamətində atılan dəqiq və gələcəyə hesablanmış addımlarda da özünü göstərir. Məlum olduğu kimi, 2007-ci il iyulun 27-də ölkə Prezidenti Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Konsepsiyasını imzalayıb. Vurğulamaq yerinə düşər ki, Azərbaycandan başqa keçmiş Sovet respublikalarının heç birində dövlət vətəndaş cəmiyyəti ilə əlaqədar olaraq belə bir sənəd imzalanmayıb. Məhz bu konsepsiyanın imzalanmasının nəticəsi olaraq Azərbaycan Respublikası Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası yarandı, yüzlərlə layihələr həyata keçirildi və hazırda da keçirilməkdədir. Dövlət bu müddətdə həmin layihələrin həyata keçirilməsi üçün illik 5,3 milyon dollar vəsait ayırıb.
- Yəni, dediyinizdən də belə aydın olur ki, dövlətin bu inkişafından QHT-lərə, üçüncü sektora lazımi  şəkildə pay düşüb...
- Tamamilə doğrudur. Mən keçən ilin noyabrında Berlində keçirilən “Avropa İttifaqı vətəndaş cəmiyyəti forumu”nda dövlətin QHT-lərin inkişafı üçün il ərzində 5,3 milyon, KİVDF-yə 3 milyon, eyni zamanda, jurnalistlərə fərdi ev tikilməsi üçün 5 milyon və Frankfurtda Dünya Azərbaycanlı Gənclərinin Birinci Forumunun keçirilməsi üçün 1 milyon manat vəsait (təbii ki, oradakı çıxışım zamanı mən bu rəqəmlərin avro ilə ekvivalentini deyirdim) ayırdığını deyəndə, Avropa İttifaqına üzv olan QHT nümayəndələri çox təəccübləndilər. Bəziləri isə, hətta “sizin belə imkanlarınız varsa, o zaman Avropa İttifaqını neynirsiniz”-deyə, soruşdular. Yəni, bu gün avropalı ekspertlər də təsdiq edirlər ki, Azərbaycanda vətəndaş cəmiyyəti istiqamətində çox ciddi addımlar atılır.  
- Bir sözlə, dövlətin inkişafından QHT-lərə pay ayrılıb. Bəs, QHT-lərimizin dövlətin inkişafında rolu necədir?
- Təbii ki, Azərbaycanda dövətin inkişafı istiqamətində QHT-lər tərəfindən də lazımi işlər görülür. Yəni, beynəlxalq problemlərdən tutmuş, ekoloji, ətraf mühit, iqlim dəyişikliyi, narkomaniya, soyqırımların dünya ictimaiyyətinə çatdırılması, milli-mənəvi dəyərlərimiz, torpaqlarımızın ermənilər tərəfindən işğal edilməsinə dair məlumatların dünya ictimaiyyətinə çatdırılması və s. bu kimi məsələlər dövlət siyasətində öz əksini necə yüksək səviyyədə tapırsa, QHT-lər də öz növbəsində bütün istiqamətlərdə dövlət siyasətinin həyata keçirilməsinə yardımçı olurlar. Yeri gəlmişkən, məlum olduğu kimi, Prezident İlham Əliyevin tapşırıq və göstərişlərinə əsasən ölkəmizdə korrupsiya və rüşvətxorluq hallarına qarşı ciddi addımlar atılır. Biz QHT-lər də həmin istiqamətdə atılan addımları dəstəkləyir, eyni zamanda, bu istiqamətdə üzərimizə düşən vəzifələrin öhdəsindən layiqincə gəlməyə çalışırıq. Eyni zamanda, ölkəmizdə hər hansı bir fövqəladə hal yarananda, təbii fəlakətlər baş verəndə də QHT-lər dövlətin yanında olub.
- Bəzən xaricdə belə bir fikir formalaşdırılmağa çalışılır ki, guya QHT-lər milli və tarixi məsələlərdə bir qədər loyal mövqe sərgiləməlidirlər...
- Kimin harada, necə düşünməsindən, hansı “məsələhətlər” verməsindən asılı olmayaraq, bizim ölkənin QHT-ləri haqqında bunu demək mümkün deyil. Azərbaycan QHT-ləri son iki əsrdə başımıza gətirilən faciələr, torpaqlarımızın işğal olunması, 1813-1828-ci illərdə imzalanmış “Gülüstan” və “Türkmənçay” müqavilələrindən sonra ermənilərin tarixi torpaqlarımıza köçürülməsi və ermənilər tərəfindən Azərbaycanda soyqırımların, terrorların həyata keçirilməsi, həmçinin, ölkəmizlə bağlı digər məsələlərə dair əsl gerçəkliklərin dünya ictimaiyyətinə çatdırılması istiqamətində dövlətin apardığı siyasətə dəstək olmağı özlərinin başlıca qayəsi hesab edirlər. Bir sözlə, yuxarıda da qeyd etdiyim kimi, vətəndaş cəmiyyətinin nümayəndələri daim dövlətin yanında olub və bundan sonra da olacaqlar.
- Bu gün istər dünyada, istərsə də Azərbaycanda cərəyan edən proseslər bir məqamı da ortaya çıxarıb. Bu da ondan ibarətdir ki, bəzi qeyri-hökumət təşkilatları müəyyən hallarda vətəndaş cəmiyyətinin arzu etmədiyi proseslərin baş verməsinə cəhd göstərir, yaxud da bu proseslərdə vasitəçi olmağa çalışırlar. Bununla bağlı nə deyə bilərsiniz?    
- ümumiyyətlə, bu niyyət məsələsidir. Kimin niyyəti nədirsə, o niyyətinə uyğun da vətəndaş cəmiyyəti subyekti yaradır. Qaranlıq niyyətlərə xidmət edən təşkilatlar isə təbii ki, ölkəmizin inkişafından narahat olan, Azərbaycanda gedən müsbət proseslərə mane olmağa çalışan, müəyyən məsələlərlə manipulyasiya edərək, daima Azərbaycanın başı üzərində “Domokl qılıncı”nı saxlamaq məqsədini güdən xarici qüvvələrin sifarişini yerinə yetirirlər. Onlardan fərqli olaraq doğrudan da dövlətinə, xalqına, cəmiyyətinə xidmət etmək niyyəti ilə yaranan təşkilatlar öz proqramı, nizamnaməsi çərçivəsində sağlam fəaliyyət göstərir. Və mən tam məsuliyyətimlə deyirəm ki, Azərbaycandakı əksər qeyri-hökumət təşkilatları fəaliyyətlərini məhz bu istiqamətdə qururlar. Amma əlbəttə ki, heç bir dövlətdə bu istisna deyil və bizim dövlətimizdə də belə bir problem var ki, müəyyən təşkilatlar öz maraqlarına və onları maliyyələşdirənlərin, müəyyən bir xarici qüvvələrin maraqlarına xidmət edirlər. Bu gün xüsusilə müəyyən fəallaşmaların da motivləri məlumdur. Mən tam cəsarətlə demək istəyirəm ki, bu gün vətəndaş cəmiyyətinin istənilən nümayəndəsi milli dövlətçiliyimizi, milli maraqlarımızı, xüsusilə müstəqilliyimizi və dövlətçiliyimizi qorumaq haqqında düşünməlidir. çünki bizim torpaqlarımızın bir hissəsi hələ də düşmən işğalı altındadır. Ona görə də, bütün məqamlarda biz yalnız və yalnız sabitliyimizi, stabilliyimizi və gələcək inkişafımızı təmin edən birliyimizi qoruyub, saxlamalıyıq. Mən bu cür düşünürəm və hesab edirəm ki, dövlətimizin də, vətəndaş cəmiyyətinin də gələcəyi yalnız bununla bağlıdır.
Nadir AZƏRİ

Paylaş:
Baxılıb: 1020 dəfə

Xəbər lenti

Hamısına bax

Analitik

Xəbər lenti

YAP xəbərləri

MEDİA

Siyasət

Gündəm

Arxiv
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30