Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Müsahibə / "Kimsə atalıq, böyük qardaşlıq etmək istəyirsə, başa düşməlidir ki, bu, Azərbaycanda keçməz"

"Kimsə atalıq, böyük qardaşlıq etmək istəyirsə, başa düşməlidir ki, bu, Azərbaycanda keçməz"

21.05.2011 [09:19]

Siyavuş Novruzov: Niyə müəllimin, kəndlinin, kasıbın övladı cinayət məsuliyyətinə cəlb olunmalıdır, amma kimsə haradasa oxuyub deyə ona güzəşt edilməlidir? Harada oxuyur-oxusun, hər kəs hərbi xidmətini yerinə yetirməlidir, vəssalam
Hakim Yeni Azərbaycan Partiyası İcra katibinin müavini, millət vəkili Siyavuş Novruzov mayın 20-də “Media forum” saytına müsahibə verib:
- 2011-ci ildə müxtəlif siyasi partiya və ictimai təşkilatın üzvü olan, sosial şəbəkələrdə fəallıq göstərən 43 nəfər haqda cinayət işi açılıb. Onlardan 3 nəfərini məhkəmə azadlıqdan məhrum edib, digərləri də yaxın zamanlarda məhkəməyə çıxarılacaqlar. Son illər Azərbaycanda belə kütləvi həbslər olmamışdı. Bu həbslər baş verdiyi dövrdə paralel olaraq nüfuzlu beynəlxalq təşkilatlar, ABŞ və Avropa ölkələri buna etiraz olaraq sərt bəyanatlar verirlər, qətnamələr qəbul edirlər, beynəlxalq aləmdə Azərbaycanın avtoritar dövlət olmasına dair geniş fikir və mənfi imic formalaşır. Bu vəziyyəti dəyişmək üçün Azərbaycan hakimiyyətinin hansısa addımlar atması mümkündürmü?
- Hansı partiyanın üzvü olmasından asılı olmayaraq, hamı qanun qarşısında bərabərdir. Şəxs hər hansı cinayət hadisəsi törədirsə, onun hansı partiyanın üzvü olması, peşəsi heç bir əhəmiyyət kəsb etmir. çünki insan və qanun var. Hər bir insan qanun qarşısında bərabər olmalıdır. Ona görə də kimisə hansısa təbəqəyə aid edib ona güzəşt olunması başqalarına ədalətsizlik olar.
Bir vaxtlar Azərbaycanda jurnalistlər kimisə təhqir edirdi, ailə, məişət məsələlərindən tutmuş hər şey haqda nə istəsələr yazırdılar. Həmin dövrdə arxayın idilər ki, buna görə həbs və cərimə olunsalar, haradasa bir bəyanat veriləcək, dərhal həbsdən azad olunacaqlar, cərimələri bağışlanacaq. Ona görə də, şirniklənib yenə də yazırdılar, bir qədər də dərinə gedirdilər, qanunu pozurdular. Amma hazırda Azərbaycanda belə hallar yoxdur. çünki qanun qarşısında hamının bərabər olduğunu jurnalistlər də başa düşdülər. Hansısa ölkənin, təşkilatın bəyanat verməsi heç nəyi həll etmir. Başda ABŞ olmaqla dünyanın müxtəlif ölkələrində jurnalistlər, siyasi fəaliyyətlə məşğul olanlar, keçmiş baş nazirlər, nazirlər törətdikləri əməllərə görə cinayət məsuliyyətinə cəlb olunublar. Lakin heç kim demir ki, bunlar siyasi baxışına, sosial şəbəkələrdə nəsə yazdıqlarına görə həbs olunublar.
2011-ci ildə Azərbaycanda həbs olunanların hər birinin işinə ayrılıqda qiymət verilməlidir. Əvvəla, onlardan biri olan Bəxtiyar Hacıyev hərbi xidmətdən yayınıb. Mən Azərbaycanda hərbi xidmətdən yayınanların siyahısını sizə verə bilərəm. Yüzlərlə insan buna görə məsuliyyətə cəlb olunub. Amma onlardan heç birinin adı bəyanatlara salınmır, məsələsi araşdırılmır, ancaq bir nəfərin həbsi müzakirəyə çıxarılır. Niyə müəllimin, kəndlinin, kasıbın övladı cinayət məsuliyyətinə cəlb olunmalıdır, amma kimsə haradasa oxuyub deyə ona güzəşt edilməlidir? Harada oxuyur-oxusun, hər kəs hərbi xidmətini yerinə yetirməlidir, vəssalam.
Həbs olunanların hamısı qanunu pozub. Əgər kimsə dərsə getməyibsə, universitetdən qovulmalıdır. Hələ sovet dövründə bir kəsiri olan tələbəni növbəti kursa buraxmırdılar. İndi də belədir. Dərsə getməyənin hansı partiyanın üzvü olmasının məsələyə nə dəxli var? Dərs buraxma, kitabını oxu, imtahana hazırlaş, kəsirini ödə. Dərsə getməyəni heç bir partiya xilas edə bilməz. Şou düzəltməyin də mənası yoxdur.
- Milli Məclisdə bir neçə dəfə “Hərbi xidmət haqqında” qanuna dəyişiklik edilməsi məsələsini qaldırmısınız və qeyd etmisiniz ki, dövlət milyonlarla vəsait xərcləyib xaricdə təhsil almaq üçün tələbə göndərir, yaxud da gənclər öz hesabına gedib dünyanın nüfuzlu ali təhsil ocaqlarında oxuyurlar, qayıdıb gələn kimi onları əsgərliyə aparırlar. Siz bunun doğru olmadığını hesab edirsiniz, həmin gənclərin mülki həyatda işlərini davam etdirmələrinin orduda verdikləri xeyirdən çox olacağını düşünürsünüz. Bəxtiyar Hacıyev də Harvardda təhsil alıb. İndi isə xaricdə təhsil almış gəncin hərbi xidmətə getməməsinə görə cinayət məsuliyyətinə cəlb olunmasına haqq qazandırırsınız...
- Mən magistratura və doktoranturaya daxil olan gənclərə hərbi xidmətdən möhlət hüququnun verilməsindən danışmışam. Vətəndaş ali məktəbin bakalavr pilləsini bitirəndən sonra magistraturaya qəbul olunmaq istəyir. Amma həmin vaxt ali məktəbi bitirən gəncin hərbi xidmətə çağırış məsələsi ortaya çıxır. Ona görə də qanunda dəyişiklik edilməsini, magistratura və doktoranturaya qəbul olunmaq istəyənlərə möhlət hüququnun verilməsini təklif etmişəm. Həmin gəncin doktoranturanı bitirəndən sonra hərbi xidmətə aparılması daha məqsədəuyğundur və mən də bunu təklif etmişəm. Sözsüz ki, belə gənclər hərbi xidmətə aparılanda da onlara adi qaydada yanaşılmır. İngilis dilini, yeni texnologiyaları bilən xeyli gəncimiz gedib Əfqanıstanda sülhyaratma əməliyyatlarında iştirak edir, tibbi ixtisasını bitirənlər hospitallarda həkim kimi xidmət edirlər və sair. Amma bu gün qanun xəstəliyi olmayan hər bir gəncin hərbi xidmətə aparılmasını tələb edir və ayrı-seçkilik olmaz.
- Bloqçular Emin Milli və Adnan Hacızadə həbsdə olduqları müddətdə onların məsələsi Qərbin nüfuzlu beynəlxalq təşkilatları, ABŞ, Avropa ölkələri ilə Azərbaycan arasında sanki bir nömrəli məsələyə çevrilmişdi. Hətta, Azərbaycan və ABŞ prezidentləri İlham Əliyevlə Barak Obamanın görüşündə də bloqçuların məsələsi müzakirə olunmuşdu. İndi də yeni bir həbs dalğası və buna reaksiyalar gəlir. Bu qədər problem olduğu halda həbslər həyata keçirib bunu Qərblə Azərbaycan arasında bir nömrəli məsələyə çevirmək Azərbaycanın maraqlarına nə qədər uyğundur?
- Sualın cavabını qismən verdiniz. Həqiqətən də Azərbaycanın bu boyda Dağlıq Qarabağ münaqişəsi var. Amma ABŞ, Qərb dövlətləri, beynəlxalq təşkilatlar bir dəfə də olsun hüquqları pozulmuş qaçqınları, məcburi köçkünləri düşünüb onlar haqda bəyanat verməyib. Niyə haqlarında bəyanatlar verdikləri insanlar onlar üçün bu qədər maraqlıdır? Lap tutaq ki, onlardan birinin hüququ pozulub, polis ona bir şillə vurub. Halbuki heç belə bir şey də yoxdur. Ancaq qaçqınlar, məcburi köçkünlər bütün hüquqlarından məhrum olunublar. Niyə onlar haqda bir dəfə bəyanat vermirlər, fikir bildirmirlər? Əgər ədalətlidirlərsə, onu da desinlər, bunu da. Amma onların yanaşmaları ədalətli deyil. öz agentlərinin hüquqlarını müdafiə etməyə hazırdırlar. Mərifətli, vətənə sədaqətli, qabiliyyətli azərbaycanlının hüquqları müdafiə olunmur. Niyə? Onlar bunu dərk etməlidirlər.
Biz kimin hansı təşkilatın üzvü olduğunu, kimin hansı fəaliyyətlə məşğul olduğunu, nə məqsəd güddüyünü yaxşı bilirik. Onlara deyirlər ki, gedin bizim tapşırıqlarımızı yerinə yetirin, qanunu pozun, qorxmayın, sizə heç kim toxuna bilməz. Belə şey heç bir dövlətdə keçmir. ABŞ Quantanamoda insanların başına hansı oyunları gətirdi? Ora yığdıqları insanları bütün hüquqlarından məhrum ediblər, onlara işgəncə veriblər. Bütün beynəlxalq təşkilatlar, o cümlədən ATƏT bunu qeyd etdi. Heç dünya veclərinə də olmadı.Amma durub başqa ölkələrdən insan hüquqlarının qorunmasını tələb edirlər, özlərini nümunə göstərirlər. O cümlədən Avropa dövlətləri. Bir vaxtlar Səddam Hüseyni ittiham edirdilər ki, 182 nəfərin öldürülməsinə əmr verib. Bu gün İraqda bir milyon insan qətlə yetirilib, təxminən beş milyon adam şikəst edilib. Onların hüquqlarını kim müdafiə edəcək? Heç kimin vecinə deyil. İnsan hüquqlarından dəm vuranlar bundan danışsınlar. Gəlsinlər Əfqanıstandan danışaq. ABŞ Əfqanıstana girəndən sonra narkotik maddələrin dövriyyəsi 40 dəfə artıb. Bəs bundan kim danışmalıdır?
- Məhkəmələr həbs olunanların zaminə buraxılması, girov müqabilində azadlığa buraxılması üçün edilən müraciətləri təmin etmir. Hazırda aksiyalar keçirilmir. Beynəlxalq tənqidlərdən yayınmaq, həmçinin humanizm baxımından həbs olunanları məhkəməyədək azadlığa buraxmaq daha doğru olmazdımı?
- Nəyi təmin edib-etməmək məhkəmənin hüququdur. Əgər məhkəmə kimisə zaminə verməyi mümkün hesab edirsə bunu edir, kimisə azadlığa buraxmağı mümkün hesab etmirsə, onda bunu etmir. çünki məsuliyyət zaminə götürənlə qərarı verənin üzərində olur. Onların azadlıqda olub-olmamasına Azərbaycanın idarəçilik sisteminə, münasibətlər sisteminə heç bir aidiyyəti yoxdur.
- Niyə hakimiyyət mitinqlərə yer ayrılmamasında belə inadkarlıq edir? Müxalifət hakimiyyətə təklif edir ki, gəl məsələni müzakirə edək. Yaxın vaxtlarda müzakirələr mümkündürmü?
- Bu məsələdə konkret mövqe bildirilib. Mitinqlər üçün yerlər ayrılıb. Əgər müxalifətin tərəfdarları varsa, gedib mitinqini keçirsin. Mitinqin harada keçirilməsinin nə fərqi var? Tərəfdar olarsa, lap Ərdəbildə keçirmək olar. Mitinqlərə əlavə yerlərin ayrılması müzakirə mövzusu deyil.
- 2011-ci ilin ilk aylarında Azərbaycan rəsmiləri, YAP təmsilçiləri ABŞ əleyhinə sərt bəyanatlar səsləndirirdilər. İndi münasibətlərdə bir dəyişiklik varmı?
- Azərbaycanın xarici siyasətinin əsas prioriteti hər bir ölkə ilə qarşılıqlı və barabər əsaslarla tərəfdaşlıq qurmaqdır. Ermənistan istisna olmaqla biz istər Azərbaycanın qonşusu olsun, istərsə də böyük dövlətlər və beynəlxalq təşkilatlar olsun, onlarla yalnız qarşılıqlı və bərabər əsaslarla münasibətlər qururuq. Kimsə atalıq, böyük qardaşlıq etmək istəyirsə, başa düşməlidir ki, bu, Azərbaycanda keçməz. Azərbaycan öz xarici siyasətinin istiqamətini müəyyənləşdirib və indiki istiqamətdə fəaliyyətini davam etdirir. Böyük dövlətlərin hər birinin öz maraqları var. Əgər bu maraqlar Azərbaycan xalqının maraqlarının üstündədirsə, onda Azərbaycan dövləti xalqın maraqlarına üstünlük verməlidir, başqa maraqlara yox. Ona görə də böyük dövlətlər başa düşməlidir ki, Azərbaycanla yalnız bərabərhüquqlu münasibətlər qura bilərlər.
- Hansı ölkələri nəzərdə tutursuz?
- Məsələn, Ermənistanla sərhədlərin açılması üçün Türkiyədə keçirilən görüşü götürək. Azərbaycan həmin görüşdə iştirak etməkdən imtina etdi və bunu açıq formada bildirdi. Bunun nəticəsi olaraq bəzi böyük dövlətlərdən Azərbaycana təzyiqlər başladı. Onlarla belə misal göstərmək olar. Siyasi, iqtisadi məsələlərdə, ərazi bütövlüyü, hərbi əməkdaşlıq məsələlərində təzyiqlər var. Biri deyir ki, Azərbaycan ərazisində hərbi baza yerləşdirməliyəm və bundan istifadə etməliyəm. Azərbaycan da deyir ki, bu bazadan qonşu dövlətlərə qarşı istifadə oluna bilməz. Bu məsələdə problemlər yaranır. Azərbaycan haqda verilən bəyanatların kökündə duran məsələlər var. Bu xırım-xırda şeylərdən də bəhanə kimi istifadə edirlər. Krılovun hekayəsində qurd quzunu suyu bulandırmaqda günahlandırır, quzu cavab verir ki, axı mən səndən aşağıda durmuşam. Qurd da deyir ki, fərqi yoxdur, suyu bulandırmısan, vəssalam. İndi bunlarınkı həmin məsələdir.
- Azərbaycan ərazisində hərbi baza yerləşdirmək istəyən kimdir, ABŞ və NATO?
- Onlar da, digər qonşular da var. Amma Azərbaycanda heç bir dövlətin və təşkilatın bir əsgəri də ola bilməz.
- Azərbaycan xalqı daha çox İran və Rusiyadan ehtiyat edir. Sizə elə gəlmir ki, Qərblə qarşıdurma İran və Rusiyanın maraqlarına daha çox xidmət edə bilər, nəinki Azərbaycanın?
- Dünyada xarici siyasətin əsas istiqamətlərindən biri də ondan ibarətdir ki, ilk növbədə yaxın qonşularla yaxşı münasibətlər qurmaq lazımdır. çünki nə o köçüb gedəndir, nə də biz. Sonra böyük dövlətlər və beynəlxalq təşkilatlar gəlir. Amma ən əsası yaxın qonşularla olan münasibətlərdir. Əgər ABŞ-İran münasibətləri pisdirsə, Azərbaycan bunun qurbanı olmamalıdır. Azərbaycan deyir ki, sən gəlib ərazimdən istifadə edib getdin, sonra biz nə edəcəyik? çünki bu ölkələrlə yüz illərdir qonşu yaşamışıq və belə də davam edəcək. O cümlədən Rusiya ilə. Təbii ki, İranın müəyyən narahatlıqları var. İran rəhbərliyi bilir ki, azərbaycanlıların böyük hissəsi İranın ərazisində yaşayır. Müstəqil Azərbaycan dövləti gücləndikcə istər-istəməz onlara təsir edir. Ona görə də, Ermənistanla əməkdaşlıq edir, silah verir, ərzaq yardımı göstərir. Azərbaycan 300 il Rusiya ilə bir yerdə olub. İndi Azərbaycanın müstəqil siyasəti Rusiyada qıcıq yaradır. Lakin elə dövlətlər var ki, Azərbaycanın daxili işlərinə qarışmaq istəyir. Azərbaycan da belə dövlətlərə yerini göstərir.
- ABŞ prezidenti Barak Obama son çıxışında deyib ki, onun ölkəsi dünyada demokratiya və azadlıqlar üçün gedən prosesləri dəstəkləyir. Bu çıxışı necə qiymətləndirirsiniz?
- Təbii ki, harada neft varsa, onlar həmin ölkələrdə demokratiya quracaqlar. Əfqanıstanda, İraqda demokratiya yaradıblar, indi də Liviyada yaradırlar. Niyə Şimali Koreyada demokratiya qurmurlar? çünki nefti yoxdur. Demokratiya adı altında gedən proseslər neft, təbii sərvətlər uğrunda mübarizədir. Yəqin ki, növbədə İrandır. Niyə böyürlərində olan Venesuelada demokratiya qura bilmirlər? çünki ərazisində neft çıxan ölkənin neftini qeyri-qanuni, xalqın maraqlarını nəzərə almadan çəkib aparırlar. Bu gün İraq nefti necə satılırsa, Liviyanı da eyni aqibət gözləyir. Müharibə başlayan kimi Liviya neftini satmaq üçün müqavilə bağladılar. Amma bu dalğa Azərbaycan və Mərkəzi Asiyaya heç vaxt gəlməyəcək. Avropa ölkələri ac ölkələrdir və böhran keçirirlər. Daraşıblar başqa xalqların sərvətlərinə. Bunun adını demokratiya qoymaq olmaz. Bu, işğalın bir formasıdır.

Paylaş:
Baxılıb: 1009 dəfə

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

YAP xəbərləri

MEDİA

Siyasət

Gündəm

İqtisadiyyat

Arxiv
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30