Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Müsahibə / Suraxanı seçicilərini layiqincə təmsil etməyə çalışıram

Suraxanı seçicilərini layiqincə təmsil etməyə çalışıram

02.07.2011 [10:26]

Sevinc Fətəliyeva: Başlıca vəzifələrimizdən biri beynəlxalq təşkilatlarda dövlət və milli maraqlarımızı layiqincə qorumaqdır
ötən ilin noyabr ayının 7-də Azərbaycan Respublikasının Milli Məclisinə keçirilmiş növbəti seçkilərdə Yeni Azərbaycan Partiyası (YAP) böyük üstünlüklə qalib gəldi və partiyanın irəli sürdüyü namizədlərdən 71 nəfəri parlamentdə təmsil olunmaq hüququ qazandı. Parlamentdə hakim partiyanı təmsil edən millət vəkillərinin 21-i yeni seçilmişlərdir. Onlar, eyni zamanda, respublikamızın müxtəlif sahələrində göstərdikləri səmərəli fəaliyyətlə ölkəmizin inkişafına öz töhfələrini verirlər. Bu baxımdan da, “Yeni Azərbaycan” qəzeti YAP-ın parlamentə seçilmiş yeni deputatları ilə cəmiyyəti daha yaxından tanış etmək üçün layihə həyata keçirir. Layihəmizin növbəti qonağı isə 30 saylı Suraxanı birinci seçki dairəsindən millət vəkili seçilmiş  Sevinc Həbib qızı Fətəliyevadır.
Sevinc Fətəliyeva 1979-cu ildə Bakı şəhərində anadan olub. 2002-ci ildə Azərbaycan Dillər Univerisitetinin (ADU) tərcümə fakultəsini bitirib. 2006-cı ildə namizədlik dissertasiyasını müdafiə edib, filologiya elmləri namizədi elmi dərəcəsini alıb. 2003-2006 - cı illərdə Bakı Slavyan Univerisitetinin (BSU) Roman - german dilləri kafedrasında ingilis dili müəllimi kimi işləyib. 2006-cı ildən Bakı Slavyan Univerisitetinin “İngilis Filologiyası” kafedrasının müdiri vəzifəsində çalışır. O çoxsaylı elmi məqalələrin, həmçinin, “İngilis dilinin üslubiyyəti” dərs vəsaitinin müəllifidir. Yeni Azərbaycan Partiyasının üzvüdür. Sevinc Fətəliyeva Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədr müavinidir. Eyni zamanda, Avropa Şurasının Parlament Assambleyasında Azərbaycan nümayəndə heyətinin üzvüdür. Ailəlidir, iki övladı var.
Azərbaycan dinamik inkişaf yolundadır
Söhbətimiz zamanı ilk öncə parlament seçkilərində ona göstərilən etimada görə, Yeni Azərbaycan Partiyasına və partiyanın Sədri, Azərbaycan Prezidenti cənab İlham Əliyevə minnətdarlıq edən S.Fətəliyeva deyib ki, bu etimadı doğrultmaq üçün səylə çalışır: “Bu bir həqiqətdir ki, ümummilli liderimiz Heydər Əliyev tərəfindən əsası qoyulan və Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilən Azərbaycan dövlətinin sosial inkişaf, iqtisadi tərəqqi, beynəlxalq aləmə inteqrasiya siyasəti ölkəmizi böyük inkişaf yoluna çıxarıb. Nəticədə, Azərbaycan bu gün regionun ən inkişaf etməkdə olan ölkəsinə çevrilib. Bu isə hər şeydən əvvəl, hər bir vətəndaşın yaşayışının, həyat şəraitinin yaxşılaşmasına təkan verib. Belə ki, ölkə iqtisadiyyatı sürətlə inkişaf edib, yüksəlib. İqtisadiyyatın inkişaf etməsi sayəsində həyat dəyişib, insanların əməkhaqları, pensiyalar artıb, şəhərlərimiz və kəndlərimiz gözəlləşib. Siyasi, iqtisadi, hüquqi, sosial islahatlar davam etdirilir, Azərbaycanın hərbi qüdrəti artır. Bu cür quruculuq dövründə Milli Məclisin üzvlüyünə namizədliyimin YAP tərəfindən irəli sürülməsi və xalqın dəstəyini qazanaraq millət vəkili seçilməyim bu işlərdə daha yaxından iştirak etməyimə, həmçinin, Suraxanı seçicilərinin etimadını doğrultmağıma şərait yaradıb. Mənə göstərilən bu yüksək etimada görə, partiyamıza və YAP-ın Sədri, Azərbaycan Prezidenti cənab İlham Əliyevə dərin minnətdarlığımı bildirirəm”.
Milli Məclisdə qadın deputatların sayının artmasına gəlincə, Sevinc xanım bunu ümumilikdə ölkəmizdə dövlət qadın siyasətinin, qadınlara göstərilən xüsusi diqqət və qayğının daha bir nümunəsi kimi dəyərləndirib: “ümummilli liderimiz Heydər Əliyev hər zaman qadınların problemlərinin həll edilməsinə, onların müxtəlif vəzifələrə irəli çəkilməsinə çox böyük əhəmiyyət verirdi. Ulu öndərimiz deyirdi ki, əgər sən işin layiqincə, vaxtında, səliqəli və qanunauyğun görülməsini istəyirsənsə bu işi qadınlara tapşır. Hesab edirəm ki, Azərbaycan qadını üçün bundan böyük qiymət və dəyər ola bilməz. Bu siyasəti uğurla davam etdirən hörmətli Prezidentimiz İlham Əliyev də qadınların cəmiyyətdə rolunun artırılmasına, onların öz potensiallarından layiqincə istifadə etməsinə çox böyük şərait yaradıb. Məhz, bunun nəticəsidir ki, hazırda Azərbaycan qadınları təkcə ənənəvi sahələrdə - təhsil və səhiyyədə çalışmır, həmçinin, ölkəmizin siyasi, sosial və ictimai həyatının bütün sahələrində öz potensiallarını nümayiş etdirirlər. Xüsusi olaraq vurğulamaq istəyirəm ki, Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun Prezidenti, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri, millət vəkili Mehriban Əliyevanın fəaliyyəti biz qadınlar üçün nümunə təşkil edir”.
Təhsilimizə dövlət qayğısı yüksəkdir
Elm və təhsil adamı kimi, Azərbaycanda bu sahələrə olan dövlət qayğısından da danışan S.Fətəliyeva ölkəmizdə təhsil sisteminin inkişaf səviyyəsinin heç zaman bugünkü qədər yüksək olmadığını bildirib: “Ulu öndərin əsasını qoyduğu siyasətin uğurla davam etdirilməsi nəticəsində digər sahələr kimi təhsil sahəsi də xüsusi inkişaf mərhələsinə qədəm qoyub. Daha doğrusu, Prezident İlham Əliyevin və Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun Prezidenti, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri, millət vəkili Mehriban Əliyevanın xüsusi diqqət və qayğısı nəticəsində ölkəmizdə təhsil sahəsində böyük irəliləyişlər əldə olunub. İstər müxtəlif dövlət proqramları, istərsə də Heydər Əliyev Fondunun dəstəyi ilə reallaşan “Yeniləşən Azərbaycana yeni məktəb” layihəsi çərçivəsində Azərbaycanın bütün bölgələrində, hətta ucqar kəndlərdə belə müasir standartlara cavab verən təhsil müəssisələri tikilib, həmçinin, uzun illər istismarda olduğu üçün yararsız vəziyyətə düşmüş orta məktəb və bağçalar əsaslı təmir edildikdən sonra yenidən uşaqlarımızın ixtiyarına verilib. Dövlət başçısının sərəncamları əsasında artıq bir neçə ildir ölkəmizdə “İlin ən yaxşı ümumtəhsil məktəbi” və “İlin ən yaxşı müəllimi” müsabiqələri keçirilir ki, bu da orta məktəblərdə təhsilin keyfiyyətinin daha da yaxşılaşmasına, həmçinin, müəllimlərin öz üzərində işləməsinə əlavə stimul verir. Prezident İlham Əliyevin təsdiq etdiyi “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı”na əsasən hər il yüzlərlə istedadlı Azərbaycan gənci dövlət hesabına dünyanın müxtəlif ən nüfuzlu ali məktəblərində təhsil almaq imkanı qazanırlar. Bütün bunlar, həmçinin, təhsil sahəsində çalışanların əməkhaqlarının artırılması, sosial problemlərin tədricən aradan qaldırılması isə ölkəmizdə təhsilə dövlət tərəfindən, şəxsən Prezident İlham Əliyev tərəfindən xüsusi diqqət və qayğının göstərildiyini təsdiq edir”.
Seçicilərin problemləri diqqət mərkəzindədir
Yeri gəlmişkən, millət vəkili öz seçicilərinin çoxsaylı müraciətləri, onların problemləri ilə bağlı ötən müddət ərzində müvafiq orqanlar qarşısında məsələ qaldırıb, bu problemlərin həll edilməsinə çalışıb. “Mənə etimad göstərən Suraxanı seçicilərinin etimadını layiqincə doğrultmağa, onları parlamentdə şərəflə təmsil etməyə çalışıram” - deyə S.Fətəliyeva qeyd edib. Bununla yanaşı, millət vəkili bir sıra ictimai tədbirlərdə də fəal iştirak edir. Belə ki, o ümummilli lider Heydər Əliyevin anadan olmasının 88-ci ildönümü ilə əlaqədar orta ümumtəhsil məktəblərinin yuxarı sinif şagirdləri arasında ingilis dilində inşa yazı müsabiqəsinin qaliblərinin mükafatlandırılması mərasimində iştirak edib. Suraxanı rayon gəncləri ilə görüş də millət vəkili olaraq S.Fətəliyevanın fəaliyyətində əhəmiyyətli yer tutur. O, 1 iyun - Uşaqları Beynəlxalq Müdafiə Günü ilə əlaqədar təşkil olunmuş tədbirdə iştirak edib, istedadlı uşaqlara xatirə hədiyyələri təqdim edib. Bundan başqa, Sevinc xanımın təşəbbüsü ilə Azərbaycan Sənaye Bankı və Suraxanı rayon İcra Hakimiyyəti ilə birgə regionlarda qadın sahibkarlığının inkişafı ilə əlaqədar “Sahibkarlıq və biznes fəaliyyəti” mövzusunda qadınlar üçün treninq keçirilib.
Beynəlxalq fəaliyyət millət vəkili üçün xüsusi əhəmiyyət kəsb edir
S.Fətəliyeva Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədr müavini kimi komitənin işində fəal iştirak edir. Komitənin iclas və tədbirlərində öz təkliflərini irəli sürən S.Fətəliyeva xüsusilə beynəlxalq münasibətlərin vacib olduğu qənaətindədir. Onun fikrincə, hər bir dövlətin xarici siyasətində beynəlxalq münasibətlər vacib yer tutur: “Müstəqil Azərbaycan dövləti uğurlu xarici siyasət həyata keçirir. Bu siyasət ümummilli liderimiz Heydər Əliyev tərəfindən müəyyən edilib və bu gün Prezident İlham Əliyev tərəfindən uğurla həyata keçirilir. Bildiyiniz kimi, ölkəmiz balanslı xarici siyasət həyata keçirir və bütün dövlətlərlə normal münasibətlər qurmağa maraqlıdır. Ermənistan istisna olmaqla, Azərbaycan bütün dövlətlərlə normal münasibətlərə malikdir. Azərbaycanın xarici siyasətinin həyata keçirilməsində, xarici ölkələrlə əlaqələrin inkişaf etdirilməsində Milli Məclisin də özünəməxsus rolu var. Belə ki, Milli Məclisdə dostluq qrupları fəaliyyət göstərir ki, dünya dövlətlərinin parlamentləri ilə sıx əməkdaşlıq edirlər. Bu da bütövlükdə ölkələr arasında əlaqələrə töhfələr verir. Eyni zamanda, deputatlarımız mütəmadi olaraq xarici ölkələrə səfərlər edirlər və bu səfərlər zamanı Azərbaycan həqiqətlərini dünya ictimaiyyətinə çatdırırlar”.
Qeyd etdiyimiz kimi, Sevinc xanım Azərbaycanın AŞPA-da nümayəndə heyətinin üzvüdür. Onun fikrincə, Avropa Şurası - Azərbaycan münasibətlərinin bugünkü inkişaf səviyyəsi qaneedicidir. ötən illər ərzində bu münasibətlər yüksələn xətt üzrə inkişaf edib. S.Fətəliyeva bildirib ki, xüsusilə Azərbaycan tərəfi, nümayəndə heyətimiz daim öz fəaliyyətində bu münasibətlərin inkişaf etməsi, bunun ardıcıl, davamlı olması üçün öz səylərini ortaya qoyub və buna nail ola bilib. “Bu illər ərzində Azərbaycan bu təşkilatla əməkdaşlığının nəticəsi kimi, bir sıra uğurlar, nailiyyətlər də əldə edib. Ancaq təəssüflər olsun ki, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi ilə bağlı bu qurumun qəbul etdiyi sənədlər Avropa Şurasının digər üzv dövləti-təcavüzkar Ermənistan tərəfindən icra olunmur. Azərbaycan tərəfi, nümayəndə heyəti bu istiqamətdə səy göstərsə də, hələ ki, ortalıqda konkret bir nəticə yoxdur. çünki, Ermənistan yenə də qeyri-konstruktiv mövqeyindən əl çəkmək istəmir. Hesab edirəm ki, Avropa Şurası nüfuzlu beynəlxalq təşkilat olaraq işğalçı dövlətin bu mövqeyinə öz münasibətini ortaya qoymalıdır” deyə o, vurğulayıb. S.Fətəliyeva deyib ki, bizim başlıca vəzifəmiz beynəlxalq təşkilatlarda dövlət və milli maraqlarımızı layiqincə qorumaqdır.
YAP xalqın partiyasıdır
YAP-ın ölkəmizdə alternativsiz siyasi qüvvə olduğunu deyən millət vəkilinin sözlərinə görə, partiyamızın gücü Ulu öndər Heydər Əliyevin ideyalarında və Prezident İlham Əliyevin həyata keçirdiyi siyasətdədir: “Əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulan və bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilən siyasi kurs ölkə vətəndaşlarının rifahına, dövlətimizin inkişafına xidmət göstərir. Xalqımız Ulu öndərimizin ideyalarına sadiq olmaqla bərabər dövlət başçısının siyasətini tam dəstəkləyir. Bütün bunlar partiyamızın uğurlarını şərtləndirən əsas amillərdir”.
“YAP-ın digər partiyalardan fərqi həm də ondan ibarətdir ki, hakim partiya öz ətrafında intellektual insanları birləşdirib”, - deyən millət vəkilinin sözlərinə görə, partiyamızda gənclər də üstünlük təşkil edir: “YAP üzvlərinin təxminən 40 faizini gənclər təşkil edir. Əgər ölkənin bilikli, müasir dünyagörüşlü gəncləri öz siyasi talelərini YAP-la bağlayırlarsa, bu, partiyamızın uğurlu perspektivlərindən xəbər verir”.
S.Fətəliyeva onu da qeyd edib ki, Azərbaycan dövləti sivil və demokratik qanunlar əsasında idarə olunur və inkişaf edir. Bu siyasətin isə alternativi yoxdur.
Nardar BAYRAMLI
Paylaş:
Baxılıb: 1084 dəfə

Xəbər lenti

Hamısına bax

Analitik

Xəbər lenti

YAP xəbərləri

MEDİA

Siyasət

Arxiv
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30