Azərbaycanda turizmin inkişaf etdirilməsi prioritet vəzifələrdən biridir
16.08.2011 [00:57]
Mədəniyyət və Turizm Nazirliyi Aparatının rəhbəri Firudin Qurbanov www.yap.org.az saytına müsahibə verib:
- Firudin müəllim, Azərbaycanda qeyri-neft sahələri sırasında turizmin imkanlarını necə qiymətləndirirsiniz? ölkəmizdə turizmin aparıcı sahəyə çevrilməsi istiqamətində görülən tədbirlər haqqında nə deyə bilərsiniz?
- Müasir dövrdə Azərbaycan iqtisadiyyatının qarşısında duran mühüm məsələlərdən biri, bəlkə də ən vacibi böyük həcmli neft gəlirlərindən səmərəli istifadə etməklə ölkəmizdə davamlı inkişafı təmin edən qeyri-neft sahələrinin rəqabət qabiliyyətinin artırılmasına nail olmaqdır.
Təsadüfi deyil ki, Azərbaycanda 2010-cu ildə investisiya qoyuluşunun həcminin (15,5 milyard ABŞ dolları) əsas hissəsi - 9,3 milyard ABŞ dolları qeyri-neft sektoruna, 6,2 milyard dolları isə neft sektoruna cəlb olunmuşdur.
Alimlərin çoxsaylı tədqiqatları, həmçinin, Azərbaycanda araşdırmalar aparmış xarici mütəxəssislərin hesabatları göstərir ki, turizm öz perspektivliyinə görə ölkəmizdə qeyri-neft sahələri içərisində aparıcı mövqelərdən birini tutur. Belə nəticələr təsadüfi deyil.
Birincisi, turizm sürətlə inkişaf edən biznes sahələrindəndir. Son 60 ildə təkcə beynəlxalq turizm üzrə səfərlərin sayı 40 dəfə, bütün dövlətlərə turizmdən gələn valyuta axını isə təxminən 460 dəfə artmışdır. Hazırda turizm sürətlə inkişaf edən biznes sahələrindəndir. Dünya üzrə milli məhsulun 10 faizi, ixracatın 8 faizi beynəlxalq turizmin payına düşür, göstərilən xidmətlərin təqribən üçdəbiri beynəlxalq turizm vasitəsilə həyata keçirilir. Dünyada əməkqabiliyyətli əhalinin 8,1 faizi turizm industriyasında və onunla bağlı iqtisadiyyat sahələrində məşğuldur. Digər tərəfdən, bir çox sahələrdən fərqli olaraq, turizm sənayesi qısa müddət ərzində iqtisadi səmərə verir. Əgər neftin çıxarılması və satılması yalnız müqavilələr bağlandıqdan 5-6 il sonra iqtisadi səmərə verirsə, turizmə qoyulan vəsait bir ildən sonra mənfəət gətirir və digər sahələrə nisbətən 10-12 dəfə çox iş yerlərinin açılmasına şərait yaradır.
İkincisi, dünya əhalisinin sürətli artımı, insanların gəlirlərinin yüksəlməsi və nəhayət, bütün dünya üzrə yoxsulluğun azaldılması proqramlarının və davamlı inkişaf konsepsiyasının həyata keçirilməsi istirahətin geniş yayılmış növlərindən biri olan turizmin gələcəkdə də inkişaf edəcəyinə əminlik yaradır.
üçüncüsü, qloballaşma və müxtəlif sivilizasiyaların qovuşduğu zamanda insanların fərqli mədəniyyətləri öyrənmək istəyi meydana çıxır ki, bu da turizm məqsədli səyahətləri stimullaşdırır.
Dördüncüsü, turizmin tərəqqisinin təkanverici prosesləri fonunda geniş potensiala malik olan Azərbaycan üçün turizm sənayesinin inkişaf etdirilməsi prioritet vəzifələrdən birinə çevrilir. Azərbaycanın füsunkar təbiəti, əlverişli coğrafi mövqeyi, mədəni-tarixi irsi, ləziz mətbəxi, yüksək qonaqpərvərlik ənənələri ölkədə turizmin inkişafı üçün böyük perspektivlər açır.
Son illər dövlət tərəfindən turizmin inkişafı ilə əlaqədar bir sıra əhəmiyyətli islahatların aparılması, dövlət proqramlarının qəbulu, normativ-hüquqi bazanın təkmilləşdirilməsi, ümumiyyətlə dövlətin bu sahədə düzgün siyasəti Azərbaycanda turizm sənayesinin yeni mərhələyə çıxmasına imkan yaratdı. “Azərbaycan Respublikasında 2002-2005-ci illərdə turizmin inkişafına dair Dövlət Proqramı”nın uğurla həyata keçirilməsi turizmin inkişafına güclü təkan verib. Əgər 2001-ci ildə ölkəmizdə 18 turizm müəssisəsi fəaliyyət göstərirdisə, 2010-cu ildə bu rəqəm təxminən 12 dəfə artaraq 212-ə çatmışdır. 2001-ci ildə ölkədə fəaliyyət göstərən mehmanxana və mehmanxana tipli obyektlərin sayı 93 olduğu halda, bu göstərici 5 dəfədən çox artaraq 2010-cu ilin yekunlarına görə 499-a çatıb. Hazırda respublikada 50-dən çox yeni mehmanxana inşa olunur və bu ilin sonunadək təkcə paytaxtda 6 yeni beynəlxalq brendli beşulduzlu mehmanxananın istifadəyə verilməsi planlaşdırılır. 2010-cu il ərzində Azərbaycana gələn əcnəbi vətəndaşların sayı 1,962,906 nəfər təşkil etmişdir ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 7,2 faiz çoxdur. Bu il ölkəyə gələn əcnəbi vətəndaşların sayının 2 milyonu ötəcəyi gözlənilir.
- 2011-ci il Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən “Turizm ili” elan olunmuşdur. Cari ildə Azərbaycana daha da çox turist cəlb etmək üçün nazirlik hansı işləri həyata keçirir?
- Azərbaycan Respublikasında turizmin daha da inkişaf etdirilməsi və turizm fəaliyyəti üçün əlverişli şəraitin yaradılması zərurətini nəzərə alaraq, turizm ehtiyatlarından səmərəli istifadə olunmaqla zəngin coğrafi landşafta malik ölkəmizin təbiət abidələrinin və eləcə də, xalqımızın qədim mədəni-tarixi irsinin geniş miqyasda tanıdılmasını təmin etmək məqsədi ilə Azərbaycan Prezidenti cənab İlham Əliyev 15 fevral 2011-ci il tarixli “Azərbaycan Respublikasında 2011-ci ilin “Turizm ili” elan edilməsi haqqında” Sərəncam imzaladı.
2011-ci ilin “Turizm ili” elan olunması bu sahənin inkişafına, ölkənin turizm sənayesinin potensialının gücləndirilməsinə yeni perspektivlər açır. Möhtərəm Prezident İlham Əliyevin 20 iyul 2011-ci il tarixli Sərəncamı ilə 2011-ci ilin “Turizm ili” elan edilməsi ilə bağlı Tədbirlər Planının təsdiq edilməsi ölkəmizdə turizmin inkişafı ilə bağlı həyata keçirilməsi nəzərdə tutulan tədbirləri konkretləşdirdi. Tədbirlər Planında mədəni turizm tədbirləri, idarəetmə və normativ-hüquqi bazanın təkmilləşdirilməsi, turistlərə xidmətin beynəlxalq standartlar səviyyəsinə çatdırılması, investisiya və turizmin infrastrukturunun formalaşdırılması, kadr təminatı, elmi təminat, mədəni və tarixi abidələrin qorunması, bərpası və istifadəsi, təbliğat və təşviqat, xalq sənətinin dəstəklənməsi əksini tapmışdır.
Bununla yanaşı, respublika üzrə turizm və rekreasiya zonaları ərazilərinin müasir xəritələrinin hazırlanması, arxeoloji abidələr üzrə müvafiq işlərin aparılması, Naxçıvan Muxtar Respublikasında mövcud olan türbələrin YUNESKO-nun Mədəni İrs Siyahısına daxil edilməsinə dair sənədlərin hazırlanması, respublikanın ərazisində turizm və nümayiş obyektlərinə gedən yolların abadlaşdırılması, təmiri, Azərbaycan Respublikasının xarici ölkələrdəki diplomatik nümayəndəliklərinin dövlət hesabına yüksək tərtibatlı və əcnəbi dillərdə olan informasiya-təbliğat materialları ilə müntəzəm olaraq təmin edilməsi kimi mühüm məsələlərin həyata keçirilməsi nəzərdə tutulur.
İnanırıq ki, Tədbirlər Planında qarşıya qoyulan vəzifələrin uğurla həyata keçirilməsi ölkəmizdə turizmin inkişafında mühüm nəticələrin əldə olunmasına böyük töhfələr verəcək.
- Azərbaycan hansı əsas turizm bazarlarından turistlərin cəlb edilməsini prioritet sayır? Xarici bazarlarda Azərbaycanın turizm potensialının təbliği ilə bağlı hansı tədbirlərin həyata keçirilməsi nəzərdə tutulur?
- Qeyd edilməlidir ki, BMT-nin ümumdünya Turizm Təşkilatının (UNWTO) mütəxəssislərinin proqnozlarına əsasən 2020-ci ildə beynəlxalq turist səfərlərinin sayı 1 mlrd. 600 mln. nəfərə çatacaqdır və turizmdən əldə olunan gəlir 1 trilyon ABŞ dollarını ötəcəkdir. Bunları nəzərə alaraq Azərbaycan dünya turizm bazarında öz mövqeyini gücləndirməlidir.
Azərbaycan prioritet istiqamət olaraq əsasən qonşu ölkələrin və Avropanın turizm bazarından turist cəlb etməyə maraqlıdır. Lakin bununla yanaşı, Amerika, Cənubi Asiya, Orta Şərq, Şərqi Asiya və Sakit okean turizm bazarları da ölkəmiz üçün potensial hədəflərdir.
Azərbaycanı turizm ölkəsi kimi dünyada tanıtmaq üçün turizm sahəsində olan Azərbaycan brendlərinin, reklam-təbliğat, məlumat-sorğu fəaliyyətinin canlandırılması, beynəlxalq proqramlar çərçivəsində regional mədəni turizm marşrutlarının yaradılması, beynəlxalq əməkdaşlığın genişləndirilməsi prioritet istiqamətlərdəndir.
ölkəmizin turizm potensialının dünya miqyasında təbliği məqsədilə nazirlik hər il dünyanın aparıcı ölkələrində 20-yə yaxın beynəlxalq turizm sərgisində iştirak edir. Bundan başqa, ölkənin turizm potensialının zənginliyindən, imkanlarının genişliyindən bəhs edən 9 dildə 50-dək reklam-çap məhsulları hazırlanaraq dünyanın bir sıra böyük şəhərlərində - İstanbul, Berlin, Moskva, Pekin, Tokio, Milan, London, Əl-Küveyt, Kiyev, Tbilisi, Daşkənd və s. keçirilən ənənəvi beynəlxalq turizm sərgilərində ziyarətçilərə paylanır.
Azərbaycanın turizm potensialını dünyada tanıtmaq məqsədi ilə www.azerbaijan.tourism.az saytı işlənib hazırlanıb, turizm sahəsində əməkdaşlıq haqqında Hökumətlərarası Sazişlər çərçivəsində müvafiq işlər görülür, müqavilələr imzalanır, müştərək tədbirlər keçirilir.
Bildiyiniz kimi, bu gün ölkəmizin turizm potensialına dair reklam çarxları “EuroNews”, “Travel Channel”, “CNN”, “National Geographic”, “BBC” və “CNBC” kimi dünyanın ən məşhur telekanallarında mütəmadi yayımlanır. Həmçinin, hər ilin aprel ayında Bakı şəhərində “AİTF” Beynəlxalq Turizm Sərgisi və ümumrespublika Daxili Turizm Sərgisi keçirilir.
ölkəmizin turizm potensialının beynəlxalq aləmdə tanıdılması məqsədilə Almaniya, Avstriya, Türkiyə, Yaponiya, Misir, Mərakeş, Küveyt, Yunanıstan və s. kimi ölkələrin bir sıra turizm şirkətləri və kütləvi informasiya vasitələrinin nümayəndələri üçün mütəmadi olaraq info-turlar təşkil edilir.
Milli-mənəvi dəyərlərin qorunması, həmçinin, yeni turizm marşrutlarının yaradılması məqsədilə, Avropa Şurasının Kiyev təşəbbüsü çərçivəsində həyata keçirilən “Şərab Yolları” və “Aleksandr Düma Qafqazda” marşrutlarının layihələri, “Azərbaycanda alman yaşayış məskənləri” layihəsi, TüRKSOY çərçivəsində “Dədə Qorqud İrsi” beynəlxalq mədəni turizm layihəsi, BMüTT çərçivəsində həyata keçirilən “Böyük İpək Yolu” layihəsi, “Babaların Tarixi Zəfər və Şəhadət Yolu” layihəsi işlənib hazırlanmışdır. “Azərbaycanda şərab yolları” layihəsi çərçivəsində “Beynəlxalq Mədəniyyət və Turizm Mübadiləsi Assosiasiyası” yaradılmışdır. Xəzər dənizi üzrə kruiz marşrutlarının təşkilində əməkdaşlığa dair Qazaxıstan Respublikası, Azərbaycan Respublikası, İran İslam Respublikası, Rusiya Federasiyası və Türkmənistan Respublikasının Hökumətləri arasında Saziş layihələri işlənib hazırlanmışdır.
Bundan başqa, “Şəhər turu” adlı marşrut proqramı hazırlanmışdır. “City Tour” avtobusları vasitəsilə bu marşrutla yerli və xarici turistlərə ekskursiya xidmətləri göstərilir.
- Bu gün Azərbaycana turistlər əsasən hansı ölkələrdən gəlir və turizmin inkişafı ilə bağlı əsas problemlər nədən ibarətdir?
- Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsinin rəsmi rəqəmlərinə görə 2010-cu ildə ölkəmizə ən çox gələnlər əsasən Rusiya Federasiyası, Gürcüstan, İran, Türkiyə, Ukrayna və Birləşmiş Krallığın vətəndaşlarıdır.
Problemlərlə bağlı məsələyə daha geniş yanaşsaq, ölkəmizdə turizm sahəsinin inkişafına ekzogen xarakterli problemlər təsir göstərə bilər. Ekzogen xarakterli problemlər ümumən planetin geniş bir hissəsini əhatə edən epidemiyaların, iqtisadi böhranların, hərbi münaqişələrin təsiri nəticəsində meydana çıxan problemlərdir. Azərbaycan kimi ölkələrin belə hadisələrin gedişinə müdaxilə imkanları məhdud olsa da, onların ölkəyə mənfi təsirlərindən qorunmaq, müsbət təsirlərindən bəhrələnmək həm dövlət, həm də şirkət səviyyəsində vacib məsələdir.
Dağlıq Qarabağ münaqişəsinin turizm aspektində ölkə üçün çox böyük neqativ sosial-iqtisadi və siyasi-psixoloji nəticələri vardır. Əvvəla, ölkədə həm daxili, həm də beynəlxalq turizmin sürətli inkişafına mane olan başlıca səbəblərindən biri torpaqlarımızın 20 faizdən çoxunun erməni işğalçıları tərəfindən zəbt edilməsidir.
İkincisi, işğal olunmuş ərazidə çoxlu istirahət və müalicə müəssisələrinin, tarixi-mədəni abidələrin, milli irsimizin nümunələrinin, muzeylərin, qoruqların və digər turizm əhəmiyyətli obyektlərin olmasıdır. ümumiyyətlə, turizmin inkişaf strategiyasında mövcud olan problemlər nəzərə alınır ki, ölkədə rəqabətqabiliyyətli turizm məhsulu və xidmətləri yaradılsın.
ölkə Prezidenti cənab İlham Əliyevin 6 aprel 2010-cu il tarixli Sərəncamı ilə təsdiq edilən “Azərbaycan Respublikasında 2010-2014-cü illərdə turizmin inkişafına dair Dövlət Proqramı”nda bu məsələlərin həlli nəzərdə tutulur.
- Hazırda Azərbaycanda turizm sahəsinin inkişafı ilə bağlı dövlət tərəfindən həyata keçirilən böyük layihələr haqqında da məlumat verərdiniz...
- Məlum olduğu kimi, turizmin və idmanın qış növlərinin Azərbaycanda inkişaf etdirilməsi istiqamətində bir sıra məqsədyönlü işlər aparılır. Möhtərəm Prezidentimizin tapşırığı və şəxsən rəhbərliyi altında Qusar rayonunun Ləzə kəndi yaxınlığında, Şahdağın ətəklərində salınan “Şahdağ qış-yay turizm kompleksi” həm təyinatına, həm də nadir layihə strukturuna görə xüsusi önəm daşıyır. Dəniz səviyyəsindən 1300 metrlə 2554 metr arasındakı hündürlükdə yerləşən kompleksin tam ərazisi 2045 ha-dan artıq sahəni əhatə edir. Kompleksin tikintisində əsas diqqəti idmanın qış növlərinə, əsasən dağ xizək idmanının inkişafına yönəltmək nəzərdə tutulub.
Bununla yanaşı, respublikada turizmin və idmanın qış növlərinin inkişafı, respublika vətəndaşları və xarici turistlərin mükəmməl istirahəti üçün kompleksin ərazisində tennis, qolf, futbol və basketbol meydançaları, üstü örtülü idman qurğuları, hovuzlar, əyləncə-oyun kompleksləri, istirahət edənlərə piyada və at gəzintisi təklifləri və s. nəzərdə tutulub.
Gündəlik 5 min turist qəbul etmək iqtidarında olacaq kompleksdə müxtəlif həcmdə üç, dörd, beşulduzlu hotellərin, kiçik yaylaq evlərinin və kotteclərin, eləcə də, ticarət mərkəzləri, restoranlar, əyləncə xidməti və məişət obyektlərinin tikintisi də nəzərdə tutulub.
ölkə başçısının Qusar rayonunun Ləzə kəndi yaxınlığında yerləşən “Şahdağ dağ-xizək turizm kompleksi”nin həm təməlqoyma mərasimində iştirakı, həm bir neçə dəfə obyektin inşası ilə bağlı apardığı müşavirələr, həmçinin, cənab Prezidentin fevralın 27-də kompleksin 2 nömrəli kanat və xizək enişinin açılışında iştirakı zamanı verdiyi tapşırıqlar bir daha ölkə başçısının turizm sahəsinin inkişafına göstərdiyi diqqət və qayğının nümunəsidir. Bu layihənin gerçəkləşdirilməsi respublikamızda ilin bütün fəsillərində turizm fəaliyyətinə və bu növ turizmin inkişafına geniş imkanlar yaradacaq və heç şübhəsiz, regionda ölkəmizin turizm sahəsində rəqabət qabiliyyətini artıracaq.
- Turizm sahəsində kadrların hazırlanması da vacib məsələlərdəndir. Bu sahədə çalışanların peşə hazırlığının artırılması istiqamətində nazirlik tərəfindən nə kimi işlər görülür?
- Turizm sahəsində çalışanların peşə hazırlığının səviyyəsinin artırılması məqsədi ilə Azərbaycan Prezidentinin müvafiq Sərəncamına əsasən 2006-cı ildə Turizm İnstitutu yaradıldı və onun nəzdində müxtəlif peşələr üzrə daimi fəaliyyət göstərən kurslar açılmışdır. Artıq ötən il bu ali təhsil ocağının ilk buraxılışı olmuşdur. 74 məzundan 14-ü Azərbaycanda ilk dəfə ikili diplom, Avstriyanın Krems Universitetinin müvafiq diplomunu almışdır. Hazırda bu ali təhsil ocağında 1300 tələbə 14 ixtisas üzrə bakalavr təhsili alır. Bu ildən etibarən isə magistr pilləsi üzrə də qəbul elan olunub və 30-a yaxın tələbə magistratura təhsili alır. Eyni zamanda, ATİ-də BMT-nin ümumdünya Turizm Təşkilatı və Türkiyənin Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə müxtəlif təlim proqramları həyata keçirilməkdədir. Bundan əlavə, Turizm İnstitutunun nəzdində peşə məktəblərinin yaradılması nəzərdə tutulub və artıq bu istiqamətdə müvafiq işlər görülməkdədir. 2006-cı ildən isə respublikada bu sahədə yeganə kollec Mingəçevirdə yaradıldı və hazırda Mingəçevir Turizm Kolleci regionlar üçün ixtisaslı kadrlar yetişdirən böyük bir təhsil ocağıdır. Hazırda kollecdə 2100-dən çox tələbə təhsil alır.
Turizm sahəsində hazırlıqlı xidmət personalına böyük ehtiyacı nəzərə alaraq, hal-hazırda Azərbaycan Turizm İnstitutunun nəzdində Bakı Peşə Turizm Liseyinin yaradılması məsələsi gündəmdədir. Belə ki, bu məqsədlə müvafiq sənədləşmə işləri aparılır və cari ildə sözügedən liseyin yaradılması nəzərdə tutulub.
Hər il mütəmadi olaraq, Türkiyənin Mədəniyyət və Turizm Nazirliyi və TİKA təşkilatı ilə əməkdaşlıq çərçivəsində, BMT-nin ümumdünya Turizm Təşkilatı ekspertlərinin köməkliyi ilə müxtəlif istiqamətlər üzrə treninq-kurslar keçiririk.
Xəbər lenti
Hamısına baxDünya
11 Noyabr 19:21
Hərbi
11 Noyabr 18:24
Gündəm
11 Noyabr 17:13
Dünya
11 Noyabr 17:13
Sosial
11 Noyabr 17:11
Dünya
11 Noyabr 16:41
Dünya
11 Noyabr 15:27
Dünya
11 Noyabr 14:39
Dünya
11 Noyabr 13:17
İdman
11 Noyabr 12:31
Dünya
11 Noyabr 11:25
Hadisə
11 Noyabr 10:59
İdman
11 Noyabr 10:21
Hadisə
11 Noyabr 09:42
İdman
11 Noyabr 09:17
Dünya
11 Noyabr 08:55
Hadisə
10 Noyabr 23:20
Hadisə
10 Noyabr 22:19
COP29
10 Noyabr 21:32
Dünya
10 Noyabr 20:21
Hadisə
10 Noyabr 19:40
Sosial
10 Noyabr 18:37
Analitik
10 Noyabr 18:11
Dünya
10 Noyabr 17:45
Xəbər lenti
10 Noyabr 16:39
İqtisadiyyat
10 Noyabr 15:28
Dünya
10 Noyabr 14:41
Maraqlı
10 Noyabr 13:24
Dünya
10 Noyabr 12:30
Dünya
10 Noyabr 11:18
Siyasət
10 Noyabr 10:44
Formula 1
10 Noyabr 10:25
Hadisə
10 Noyabr 09:58
Dünya
10 Noyabr 09:32
Sosial
10 Noyabr 08:19
Diaspor
09 Noyabr 23:21
İdman
09 Noyabr 22:19
Siyasət
09 Noyabr 21:31
Siyasət
09 Noyabr 20:31
Gündəm
09 Noyabr 18:56
İqtisadiyyat
09 Noyabr 18:41
Xəbər lenti
09 Noyabr 18:14
YAP xəbərləri
09 Noyabr 17:56
Siyasət
09 Noyabr 17:20
Sosial
09 Noyabr 16:32
YAP xəbərləri
09 Noyabr 15:58
Dünya
09 Noyabr 15:18
YAP xəbərləri
09 Noyabr 14:58
Xəbər lenti
09 Noyabr 14:52
Siyasət
09 Noyabr 13:25
Gündəm
09 Noyabr 13:22
YAP xəbərləri
09 Noyabr 12:48
YAP xəbərləri
09 Noyabr 11:55
YAP xəbərləri
09 Noyabr 11:37
İdman
09 Noyabr 11:14
Gündəm
09 Noyabr 10:35
Siyasət
09 Noyabr 10:13
Siyasət
09 Noyabr 10:12
Gündəm
09 Noyabr 09:56
MEDİA
09 Noyabr 09:29
Sosial
08 Noyabr 23:19
Sosial
08 Noyabr 22:54
Hərbi
08 Noyabr 22:16
İqtisadiyyat
08 Noyabr 21:31
Siyasət
08 Noyabr 20:55
Dünya
08 Noyabr 20:32
Sosial
08 Noyabr 19:20
Siyasət
08 Noyabr 19:19
Siyasət
08 Noyabr 19:18
Sosial
08 Noyabr 19:17

