Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Müsahibə / Sarkisyanın bəyanatı Ermənistanın qatı təcavüzkar olmasından xəbər verir

Sarkisyanın bəyanatı Ermənistanın qatı təcavüzkar olmasından xəbər verir

27.09.2011 [10:03]

Əli Əhmədov: Sarkisyan itirilən mövqelərini bu bəyanatları ilə kompensasiya etmək fikrinə düşüb
Məlum olduğu kimi, Ermənisan prezidenti Serj Sarkisyan BMT Baş Assambleyasının sessiyasında çıxışı zamanı bir daha ölkəsinin işğalçılıq mövqeyini nümayiş etdirib. Bununla belə, dünya birliyi hələ də Ermənistanın bu mövqeyini sükutla qarşılamaqdadır. Yeni Azərbaycan Partiyasının (YAP) Sədr müavini-İcra katibi, millət vəkili Əli Əhmədov bu və digər məsələlərlə bağlı jurnalistlərin suallarını cavablandırıb.
- Əli müəllim, Ermənisan prezidenti Serj Sarkisyan BMT Baş Assambleyasının sessiyasındakı çıxışında Dağlıq Qarabağın Azərbaycanın tərkibinə qaytarılmasına razı olmayacaqlarını bildirib. Sizcə, danışıqlar prosesinin getdiyi bir vaxtda belə bir bəyanat qeyri-konstruktivliyin növbəti göstəricisi deyilmi?  
- Hesab edirəm ki, Sarkisyanın bu cür sərsəm bəyanat səsləndirməsi Ermənistanın münaqişə ilə əlaqədar danışıqlar prosesində mövqelərinin zəifləməsindən xəbər verir. Digər səbəb isə, onun öz ölkəsinin daxilində mövqelərinin və rıçaqlarının kifayət qədər itirilməsi ilə bağlıdır. Bilirsiniz, dünya dəyişir və bu proses hamının gözü qarşısında baş verir. Dəyişən dünyanın parametrlərindən biri də təcavüzə, işğalçılığa bütün dünyanın qətiyyətlə “yox” deməsindən ibarətdir. Biz bunu aydın şəkildə görürük. Digər tərəfdən, Azərbaycanın mövqeləri, ölkəmizin dünya üçün əhəmiyyəti gündən-günə artmaqdadır. Eynilə, Avropa məkanında ölkəmizin nüfuzu əhəmiyyətli dərəcədə artıb. Bütün bunlar Dağlıq Qarabağ münaqişəsinin həlli ilə əlaqədar aparılan danışıqlar prosesində Azərbaycanın mövqeyini gücləndirir və bu amil Ermənistanın mövqelərinin zəifləməsi ilə müşayiət olunmaqdadır. Sarkisyan itirilən mövqelərini bu bəyanatları ilə kompensasiya etmək fikrinə düşüb. Bu gün Ermənistan iqtisadiyyatı çökməkdədir, əhalisi ölkəni tərk edir. Bu yaxınlarda Ermənistan guya hərbi parad keçirdi. Amma bu hadisə göstərdi ki, Ermənistanın qoşunları da, əslində özünün deyil. Yəni, işğalçı dövlətin iqtisadiyyatı çoxdan əldən gedib, başqa dövlətin sərəncamına keçib. “Parad” isə göstərdi ki, Ermənistanın qoşunu da, bütün silahları da faktiki ona məxsus deyil. Belə olan təqdirdə, Sarkisyanın bu bəyanatı sözün həqiqi mənasında Ermənistanın qatı təcavüzkar olmasından xəbər verir.
- Bu yaxınlarda İran prezidenti Mahmud Əhmədinejat deyib ki, İran bütün məsələlərdə Ermənistanın yanındadır. Bu bəyanata münasibətiniz necədir?
- Əgər belə bir bəyanat səsləndirilibsə, bu, həddən artıq xoşagəlməyən bir mövqenin ifadəsidir. M.Əhmədinejat Azərbaycana xoş münasibətini ifadə edən bəyanat da səsləndirmişdi. Bu bəyanatların hansına inanmaq lazımdır, onu da aydınlaşdırmalıyıq. Hesab edirəm ki, Azərbaycanla qonşu dövlət kimi və İranda çoxlu etnik azərbaycanlıların da yaşadığını nəzərə alsaq bu ölkənin Azərbaycana qarşı təcavüz etmiş bir dövlətin yanında olmaqla əlaqədar bəyanatlar səsləndirməsi nə qonşuluq münasibətlərinin məntiqinə, nə də mahiyyətinə uyğun gəlir. Digər tərəfdən, belə bir bəyanatın səsləndirilməsi İran əhalisinin yarısından çoxunu təşkil edən azərbaycanlılara hörmətsizlikdən başqa bir şey deyil.
- Hazırda Türkiyə-İsrail münasibətlərinin gərginləşməsi də narahatlıq doğurur. Bəzi dairələr Azərbaycanın bu məsələ ilə bağlı hansı mövqedə olması haqda fikir bildirirlər...
- Azərbaycanla Türkiyəni qardaşlıq münasibətləri birləşdirir. Bu qardaşlıq münasibətləri iki ölkənin xalqlarının qardaşlıq münasibətlərinə istinad edir və bunu əks etdirir. Bu münasibətlərin üzərinə nəyləsə kölgə salmaq mümkün deyil. Təbii ki, Türkiyə ilə İsrailin münasibətlərinin müəyyən qədər gərginləşməsi qardaş olaraq azərbaycanlıları da narahat edir. Biz çox arzu edərdik ki, bu gərginlik tez bir zamanda aradan qalxsın. Qardaş ölkə kimi Azərbaycanın üzərinə düşən vəzifə və öhdəlik bundan ibarətdir ki, biz öz qardaşımız olan Türkiyə ilə daha çox dövlətlərin dostluq münasibətlərinin yaranmasına töhfə verə bilək. Hesab etmirəm ki, bu gün Azərbaycan və azərbaycanlılar seçim qarşısındadır. Biz daha çox çalışmalıyıq ki, qardaşlıq münasibətlərindən irəli gələn öhdəliyimizə uyğun şəkildə dövlətlərimizə daha çox dost qazandıraq.
Eyni zamanda, ölkəmizin İsrail ilə də xoş münasibətləri var. Hesab edirəm ki, Azərbaycan olaraq üzərimizə düşən əsas vəzifə ondan ibarətdir ki, Türkiyə ilə İsrail arasındakı anlaşılmazlığın tezliklə aradan qalxmasına kömək edən addımlar ataq. Türkiyə ilə İsrail arasındakı gərginlik diplomatik çərçivədən kənara çıxmır və bundan sonra da çıxmamasını istəyirik. Biz arzu edirik ki, Türkiyənin qardaşı olan Azərbaycan seçim qarşısında qalmasın. Amma seçim qarşısında qalası olsa, təbii ki, qardaşın yanında olmaq lazımdır.

Paylaş:
Baxılıb: 982 dəfə

Xəbər lenti

Hamısına bax

Analitik

Xəbər lenti

YAP xəbərləri

MEDİA

Siyasət

Gündəm

Arxiv
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30