Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / Yeni Azərbaycan Partiyası xalqın etimadını qazanmış yeganə, vahid gücdür

Yeni Azərbaycan Partiyası xalqın etimadını qazanmış yeganə, vahid gücdür

06.11.2012 [00:51]

Dünya praktikasında hər hansı bir ölkədə siyasi partiyaların və təsisatların yaranması məhz həmin dövlətin və xalqın sosial sifarişinə əsaslanır. Bu gün Cənubi Qafqazın ən böyük siyasi təşkilatı olan Yeni Azərbaycan Partiyası da 20 il əvvəl məhz xalqın sosial sifarişi əsasında yaradıldı. Ölkənin ağır, keşməkeşli günlərində, ciddi sınaqlarla üz-üzə dayanıldığı bir dövrdə ziyalıların təşəbbüsü və fəal iştirakı ilə yaranan Yeni Azərbaycan Partiyası, əslində 1988-ci ildən başlayan siyasi proseslərin yekunu və mövcud ictimai-siyasi şəraitin məntiqi nəticəsi idi. Ölkəni bürüyən dərin siyasi, iqtisadi, sosial böhran xalqın öncül qismi sayılan ziyalıları, tanınmış insanları bu ağır çətinliklərdən xilas olmağın yolunu bilən yeganə şəxsin- Ümummilli liderimiz Heydər Əliyevin ətrafında sıx birləşməyə və Onun müdrik siyasəti nəticəsində dövləti və milləti böhrandan çıxara biləcək yeni bir partiya yaratmağa istiqamətləndirdi.
Hər zaman öz millətinin lideri olmaq məsuliyyətini üzərinə götürən və Azərbaycanın çətin günlərini onunla bərabər yaşamağı bacaran Ümummilli lider Heydər Əliyev uçurum kənarına atılmış Azərbaycanın xilas edilməsi üçün ziyalıların Ona etdiyi siyasi partiya yaratmaq haqqında müraciəti qəbul etdi. Bununla belə, o dövrdə hakimiyyətdə olan insanların yaratdığı maneələr ucbatından yaranacaq siyasi partiyanı paytaxt Bakıda təsis etmək mümkün olmadı. Ulu öndərin Bakıya gəlişi hakimiyyət dairələri tərəfindən əngəlləndi. Amma bu vasitələrlə, maneələrlə insanların inamını qırmaq, onları yollarından döndərmək mümkün deyildi. Təşəbbüs qrupunun bir hissəsi - 550 nəfərdən ibarət nümayəndə heyəti Naxçıvana gedərək partiyanın təsis konfransını keçirdilər. Azərbaycanda yeni bir siyasi tarixin əsasını qoyan 1992-ci ilin 21 noyabrında keçirilən təsis konfransının sədri Ulu öndər Heydər Əliyev idi. Yeni Azərbaycan Partiyasının yaradılması haqqında qərar, partiyanın Proqram və Nizamnaməsi həmin konfransda qəbul edildi. Yekdilliklə partiyanın Sədri seçilən Ümummilli lider müstəqil Azərbaycan tarixinin gələcək siyasi inkişaf tendensiyasının əsasını qoydu. Bu gün nəinki bölgədə, hətta dünyada özündən söz etdirməyi bacaran, fəaliyyətində yeni siyasi texnologiyalardan istifadə edən, ətrafında yarım milyona qədər üzvü birləşdirən Yeni Azərbaycan Partiyası dövlətin siyasi institutlarının inkişafında böyük və tarixi missiyanın öhdəsindən bacarıqla gəldi.
YAP Azərbaycan Respublikasının Konstitusiyası və qanunvericiliyi çərçivəsində, özünün Nizamnaməsi və Proqramı əsasında fəaliyyət göstərən, öz sıralarında Azərbaycanda hüquqi dövlət, sabit və sosialyönümlü iqtisadiyyat, vətəndaş cəmiyyəti qurmaq ideyalarını qəbul edən vətəndaşları birləşdirən sağ mərkəzyönümlü siyasi partiyadır. Partiyanın Proqramında əsas vəzifələr kimi dövlət müstəqilliyinin möhkəmləndirilməsi, onun müasir beynəlxalq sistemdə layiqli yer tutması, demokratik, hüquqi, dünyəvi dövlətin qurulması, vətəndaşların dinc və firavan həyatının təmin edilməsi nəzərdə tutulur. Partiya məfkurəsinin əsasını təşkil edən müstəqil dövlətçilik, qanunçuluq, azərbaycançılıq, yaradıcı təkamül, vətəndaş həmrəyliyi və sosial ədalət prinsipləri YAP-ın qarşısında duran vəzifələrin həyata keçirilməsinin ideya təminatı olaraq mahiyyətcə Azərbaycanın siyasi gələcəyinin də ideya bazasını şərtləndirmiş olur.
YAP dünyada bəlkə də tək-tək partiyalardandır ki, yaranışından 6 ay sonra hakimiyyətə gələ bilib. 1993-cü ilin oktyabr ayının 3-də Yeni Azərbaycan Partiyasının Sədri, Ulu öndər Heydər Əliyevin Prezident seçilməsi ölkə tarixi ilə yanaşı, Yeni Azərbaycan Partiyasının da gələcəyində yeni dövrün əsasını qoydu. 1995-ci ilin noyabr ayında keçirilən parlament seçkilərində növbəti uğura imza atan Yeni Azərbaycan Partiyası sözün əsl mənasında iqtidar partiyasına çevrilməyi bacardı və bu günə qədər də bu adı özündə saxlaya bilib, xalqın etimadını doğruldub.
Bundan sonra isə 2000-ci ildə ikinci, 2005-ci ildə üçüncü və 2010-cu ildə dördüncü çağırış Milli Məclisə seçkilər zamanı, o cümlədən, 1998, 2003 və 2008-ci illər prezident seçkilərində uğur əldə etmiş partiya hər zaman xalqla birlikdə olduğunu nümayiş etdirib, vəhdət yarada bilib.
Monolit bir komanda formalaşdırmağı bacaran Yeni Azərbaycan Partiyası respublikamızın bütün bölgələrində yerli təşkilatlarla təmsil olunur. Partiyanın yaranmasında, bugünkü qələbələrlə dolu tarix yazmasında müstəsna fəaliyyət göstərən Ümummilli liderimiz Heydər Əliyev, eyni zamanda, dünyanın siyasət meydanında cərəyan edən proseslərə təsir baxımından da hər zaman öz sözü, qüdrəti ilə seçilib. Ulu öndərin formalaşdırdığı və inkişaf etdirdiyi azərbaycançılıq fəlsəfəsi Azərbaycanın müasir dünyada xüsusi yerini müəyyən etdi, milli dövlətçiliyimizin bünövrəsini təşkil edərək, dünya azərbaycanlılarının həmrəyliyi üçün möhkəm zəmin yaratdı. Həmin ideoloji xəttin davamçısı olaraq, Yeni Azərbaycan Partiyası bu gün də milli-mənəvi dəyərlərin qorunmasında, inkişaf etdirilməsində xüsusi yer tutur. Ulu öndər Heydər Əliyev Yeni Azərbaycan Partiyasının fəaliyyətini daim diqqətdə saxlayırdı. O, YAP-ın Sədri kimi partiyanın ildönümlərinə həsr edilmiş tədbirlərdə daim iştirak edər, proqramxarakterli nitqlər söyləyər, partiya həyatı və fəaliyyətilə əlaqədar zəruri tapşırıqlar verərdi. Məhz bunun nəticəsidir ki, YAP Ümummilli liderin parlaq ideyalarının daşıyıcısı kimi cəmiyyətdə öz aparıcı rolunu günü-gündən möhkəmləndirməkdədir.
Ölkədə baş verən bütün siyasi uğurlarda təşkilat olaraq öncül yer tutan Yeni Azərbaycan Partiyasının I Qurultayı 1999-cu ildə keçirilib. Qurultayda respublikanın bütün inzibati rayonlarını əhatə edən partiya təşkilatlarından seçilmiş 2228 nümayəndə, 30-dan artıq qonaq iştirak edib. Qurultayda 1993-1999-cu illərin ziddiyyətli, ictimai-siyasi cəhətdən gərgin bir dövr olması ilə yanaşı, Azərbaycanın gələcək tərəqqisinin əsası olan möhkəm sabitliyin, əmin-amanlığın yaranması, geniş milli dövlət quruculuğu dövrü olduğu da qeyd edilib. O da vurğulanıb ki, bu illərdə Azərbaycan Prezidenti Yeni Azərbaycan Partiyasının əsas sənədlərində öz əksini tapmış dövlətçilik ideologiyasını - Azərbaycan dövlətçiliyinin təməl prinsiplərini özündə birləşdirən yeni azərbaycançılıq ideologiyasını cəmiyyətə təqdim edərək, həyata keçirilməsi ilə bağlı böyük işlər görüb. Ulu öndər Heydər Əliyevin Azərbaycanda yenidən hakimiyyətə qayıdışından sonra partiyanın da yaxından iştirakı ilə həyata keçirilən bütün tədbirlər, görülən bütün işlər Azərbaycanın milli maraqlarına tam cavab verən, onun dövlət müstəqilliyini, milli təhlükəsizliyini təmin edən, əhalinin sabit, dinc və firavan həyatına, ölkənin tərəqqisinə xidmət edən işlər olub. Ümummilli lider Yeni Azərbaycan Partiyasının siyasi institutlarının beynəlxalq standartlara uyğunlaşdırılmasına, yeni seçki texnologiyalarından istifadə qaydalarını mənimsəyərək öz fəaliyyətində ortaya qoymasına daim yüksək qiymət verib. İnsan hüquq və azadlıqları sahəsində Azərbaycanda mühüm tədbirlərin həyata keçirilməsi və YAP-ın əsas ideyalarından biri olan insana qayğı, insan ləyaqətinə hörmət prinsiplərinə söykənməsi partiyanın ən ülvi dəyərlər prizmasından çıxış etdiyinin əsas göstəricisi sayıla bilər. Digər tərəfdən, bu ideyaların açıqlanmasında və öyrənilməsində partiya üzvlərinin potensialından geniş istifadə edilməsi, həmçinin, bu sahədə gənclərlə iş hər zaman YAP-ın məsul vəzifələrindən biri hesab edilib. Ötən dövr ərzində partiyanın təşkilati istiqamətdə əldə etdiyi uğurlar da göz qabağındadır. İlk təşkilatların fəaliyyəti daim araşdırılır, həm ilk, həm də yerli təşkilatlar mərkəzi orqanlar qarşısında hesabat verir, əldə edilən müsbət təcrübə ümumiləşdirilərək bütün təşkilatlarda yayılır. Partiya sıralarına daxil olan şəxslərin ümumrespublika kurslarında təşkilati fəaliyyətin sirlərinə yiyələnməsi üçün kursların təşkili keyfiyyət artımının əsasını təşkil edir.
Partiyada fəaliyyət göstərən gənclərin və qadınların fəaliyyətinin genişləndirilməsi, onların potensialından tam gücü ilə istifadə edilməsi YAP Gənclər Birliyi və Qadınlar Şurasının əsas prioritetlərindən sayılır.
Bu gün 600 minə yaxın partiya üzvlərinin 45 faizini qadınlar, 40 faizini isə gənclər təşkil edir. Məhz partiyada dinamizmin artmasının, yeni texnologiyalardan sərbəst istifadə edilməsinin, potensial bazanın günü-gündən inkişaf etdirilməsinin arxasında bu amillər dayanır.
Partiya gəncləri daim Ümummilli lider Heydər Əliyevin irsinin öyrənilməsini özləri üçün əsas əhəmiyyətli inkişaf kompleksi sayıblar. YAP Gənclər Birliyi respublika gənclər hərəkatında aparıcı mövqeyinin təmin edilməsini, qabaqcıl, istedadlı gənclərin partiya sıralarına cəlb edilməsini, onların potensialının artırılması istiqamətində məqsədyönlü işin aparılmasını qarşısına vəzifə olaraq qoyub. Partiyanın Qadınlar Şurasının işinə diqqətin artırılması, onun müasir tələblərə cavab verən səviyyədə fəaliyyət göstərməsi üçün bütün lazımi tədbirlər görülür.
Qeyd edək ki, YAP təşkilat olaraq respublikanın ictimai-siyasi həyatında fəal iştirakı ilə seçilir. Ötən müddətdə qazanılan uğur və nailiyyətlərlə yanaşı, bu partiya həyatında mövcud olan demokratik ab-hava, fikir azadlığı hər zaman cəmiyyət tərəfindən müsbət qarşılanıb. 2003 və 2008-ci illərdə Yeni Azərbaycan Partiyası Sədri, cənab İlham Əliyev ölkə vətəndaşlarının yekdil etimadını qazanaraq Prezident seçilib.
2005-ci ildən isə Yeni Azərbaycan Partiyasına başçılıq edən Prezident İlham Əliyev partiyanın III Qurultayında etdiyi çıxışında Yeni Azərbaycan Partiyasının müxalifətdə olan dövrdə belə heç vaxt Azərbaycan dövlətçiliyinə, milli maraqlarına müxalifətdə olmadığını önə çəkib: “Azərbaycan xalqının müdrikliyi və xalqımızın Ümummilli lideri Heydər Əliyevin siyasi təcrübəsi, biliyi, cəsarəti nəticəsində ölkəmiz o çətin şəraitdən şərəflə çıxdı, Azərbaycan özünü bütün təhlükələrdən qoruya bildi. Ölkəmiz çox inamla inkişaf etməyə başladı və qısa müddət ərzində Azərbaycan öz siyasi və iqtisadi potensialını gücləndirərək, bölgədə lider dövlətə çevrilmişdir. Bu, böyük tarixi hadisədir”.
2003-cü ildə Azərbaycan xalqının və Yeni Azərbaycan Partiyasının dəstəyi ilə prezidentliyə namizədliyi irəli sürülən zaman çıxışlarında Azərbaycanın inkişaf yolunun məhz Heydər Əliyev prinsiplərindən keçdiyini önə çəkən dövlət başçısı Heydər Əliyev siyasətinin yaşamasını zamanın tələbi adlandırıb: “Mən çox şadam ki, Azərbaycan xalqı 2003-cü ildə öz seçimini düzgün etdi. Heydər Əliyevin siyasətinə öz səsini verdi və beləliklə, bu gün də biz hamımız, Azərbaycan xalqı, Yeni Azərbaycan Partiyası Heydər Əliyevin siyasətinə sadiq qalaraq, onu çox uğurla davam etdiririk. Bu gün Heydər Əliyev bizimlə deyil, amma Onun siyasəti, fəlsəfəsi yaşayır, yaratdığı müasir, müstəqil Azərbaycan yaşayır və bundan sonra da yaşayacaqdır”.
“Bu gün Yeni Azərbaycan Partiyasının qarşısında rəqib yoxdur”. Bu fikirləri bəyan edən Prezident İlham Əliyev hər zaman sivil mübarizəyə, beynəlxalq konvensiyalara söykənən mövqeyə, o cümlədən, ölkənin inkişafı üçün bir sıra konsepsiyalara malik Yeni Azərbaycan Partiyasının öz işi, əməyi ilə xalqın etimadını qazandığını nəzərdə tutub: “Yeni Azərbaycan Partiyası olaraq biz öz tərəfimizdən ölkədə hökm sürən siyasi proseslərə kifayət qədər təsir etmək iqtidarındayıq. Əgər lazım olarsa, biz öz yardımımızı, köməyimizi də göstərə bilərik ki, mövcud olan siyasi qüvvələr bir az özlərinə gəlsinlər, fəal olsunlar, necə deyərlər, bir az öz gələcəyi haqqında düşünsünlər. Yeni Azərbaycan Partiyası, bütün seçkilərə ciddi hazırlaşır. Mən heç şübhə etmirəm ki, Yeni Azərbaycan Partiyası tərəfindən dəstəklənəcək istənilən namizəd seçkilərdə açıq, ədalətli və şəffaf mübarizədə qalib gələcəkdir”.
Bəli, Azərbaycan xalqı hakimiyyətin, Yeni Azərbaycan Partiyasının siyasətini, Ümummilli liderimiz Heydər Əliyev kursunu dəstəkləyir. çünki bu siyasət ənənəvi əməli işlərə, praktiki addımlara, real məsələlərə söykənir. Bu gün Azərbaycan dövlətində gedən inkişafın əsas düsturu məhz həmin siyasətdir: “Biz populizmdən uzağıq, gündə on dəfə müsahibə vermirik, işlə məşğul oluruq. Həm Yeni Azərbaycan Partiyası, onun fəalları, həm də hökumətdəki nümayəndələrimiz, əlbəttə, Yeni Azərbaycan Partiyasının rəhbəri, ölkə Prezidenti də bu işlərlə məşğuldur. Mən əminəm ki, biz bundan sonra da, Heydər Əliyevin siyasi xəttinə sadiq qalaraq doğma Vətənimizə, xalqımıza ləyaqətlə, sədaqətlə xidmət edəcəyik”.
Həqiqətən də, bu gün öz əməlində, prioritetlərində Ümummilli liderimiz Heydər Əliyev prinsiplərini yaşadan Yeni Azərbaycan Partiyası seçdiyi əsas hədəflərə - qüdrətli və zəngin Azərbaycan, ərazi bütövlüyü, siyasi sabitlik, güclü iqtisadiyyat, davamlı inkişaf, ədalətli cəmiyyət və layiqli həyat prinsiplərinə nail olub.
Düşünürəm ki, Yeni Azərbaycan Partiyasının Sədri, Prezident İlham Əliyev bütünlüklə xalqın etimad göstərdiyi vahid liderdir. Əminəm ki, hər bir azərbaycanlı Onun növbəti 5 illikdə də ölkəmizə rəhbərlik etməsini arzulayır!
Fidail Rəhimov,
YAP Nəsimi rayon təşkilatının Şura üzvü

Paylaş:
Baxılıb: 919 dəfə

Xəbər lenti

Hamısına bax

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

Siyasət

İqtisadiyyat

İqtisadiyyat

Siyasət

Analitik

79 ildən sonra...

14 Noyabr 10:19

Analitik

3 saatlıq görüş...

14 Noyabr 09:58

Analitik

Şatdaun sona çatdı...

14 Noyabr 09:31  

Ədəbiyyat

Maraqlı

Zəhərli şirinlik...

14 Noyabr 08:52  

MEDİA

Arxiv
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30