Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / Bakıda keçirilən Asiya Siyasi Partiyaları Beynəlxalq Konfransının VII Baş Assembleyası başa çatıb

Bakıda keçirilən Asiya Siyasi Partiyaları Beynəlxalq Konfransının VII Baş Assembleyası başa çatıb

24.11.2012 [01:54]

Baş Assembleyanın plenar iclaslarının sonunda Bakı Bəyannaməsi qəbul olunub
Asiya Siyasi Partiyaları Beynəlxalq Konfransının (ICAPP) VII Baş Assembleyası dünən işini başa çatdırıb. ICAPP-ın VII Baş Assembleyası ikinci iş günündə işini dördüncü, beşinci və altıncı plenar iclaslarda davam etdirib.
Dördüncü plenar iclasa Livan Baş nazirinin müşaviri, Gələcək Hərəkat Partiyasından olan Fadi Favaz sədrlik edib.
İclasda çıxış edən Azərbaycan Sosial Demokrat Partiyasının sədri Araz Əlizadə əsas mövzulardan birinin təhlükəsizliklə bağlı olduğunu deyərək Ermənistanın Azərbaycana qarşı həyata keçirdiyi işğalçılıq siyasəti ilə xalqımızın heç vaxt barışmayacağını bildirib. Dünya birliyi təcavüzkar dövlətə təzyiqləri artırmalı, beynəlxalq qurumlar, xüsusən də BMT Təhlükəsizlik Şurası Azərbaycanın torpaqlarının azad edilməsi barədə qərar və qətnamələrinin yerinə yetirilməsi üçün təsirli tədbirlər görməlidir.
Tailandın Peu Tai Partiyasından xanım Nalini Tavesin Bakıya səfərindən məmnunluğunu bildirərək qanunun aliliyinin sosial, siyasi sabitlik üçün vacib amil olduğunu deyib. Tailandlı siyasətçi xanım demokratik cəmiyyət quruculuğu prosesində qadınların fəallığının artırılmasının vacibliyindən danışıb.
Azərbaycan Demokratik İslahatlar Partiyasının sədri Asim Mollazadə Şərqdə ilk demokratik respublikanın qurulduğu Azərbaycanın üzləşdiyi Dağlıq Qarabağ münaqişəsindən, Xocalı faciəsindən danışıb, bu soyqırımının tanınması istiqamətində fəaliyyətin davam etdirildiyini diqqətə çatdırıb.
Banqladeşin sabiq hüquq, ədalət və məskunlaşdırma naziri, Ayami Liqanın Mərkəzi Komitəsinin hüquqi işləri üzrə katibi Abdul Matin Xasru bildirib ki, tədbirin əsas mövzusu olan sülh, sabitlik və dayanıqlı inkişaf, səhiyyə, su çatışmazlığı, təhsil və digər məsələlər Asiya regionu üçün aktual problemlərdir. Bu məsələlər isə yalnız gərgin əməkdaşlıq nəticəsində həll edilə bilər.
YAP İcra katibinin müavini Mübariz Qurbanlı isə deyib ki, əsas məqsəd Asiyada sülhə və əməkdaşlığa nail olmaqdır. “Azərbaycan müstəqilliyini bərpa edəndən bəri demokratik dövlət quruculuğu yolunu tutmuşdur”, - deyən Mübariz Qurbanlı bildirib ki, Azərbaycanda Dağlıq Qarabağ münaqişəsi ilə bağlı hakimiyyətlə müxalifət arasında heç bir fikir ayrılığı yoxdur və Ermənistan Azərbaycanın ərazi bütövlüyü ilə bağlı qəbul edilən bütün beynəlxalq qərarları yerinə yetirməlidir.
Ədalət Partiyasının sədri İlyas İsmayılov da çıxışında ermənilərin tarixi Azərbaycan torpaqlarında dövlət yaradaraq öz müqəddəratlarını təyin etdiklərini bildirib. Natiq deyib ki, bununla kifayətlənməyən ermənilər Azərbaycanın yeni ərazilərinə göz dikiblər. İşğalçılıq Ermənistanın dövlət siyasətinə çevrilib. Ancaq Azərbaycan öz ərazilərinin işğalı faktı ilə heç vaxt barışmayacaq.
Milli Məclisin deputatı Sevinc Fətəliyeva çıxışında bildirib ki, Azərbaycanın əsas məqsədi regionda dayanıqlı sülhə nail olmaqdır və ölkəmiz bununla bağlı mühüm siyasət yürüdür. Azərbaycan müstəqilliyini bərpa edəndən sonra siyasi, iqtisadi, sosial sahələrdə böyük inkişaf yolu keçib. Ölkəmiz qonşu dövlətlərlə mehriban münasibətlər qurub. Lakin Ermənistan ilə müharibə şəraitindəyik. Bir milyondan artıq soydaşımız qaçqın və məcbur köçkün vəziyyətindədir. Münaqişə tezliklə həll olunmalıdır ki, bu insanların hüquqları bərpa edilsin. S.Fətəliyeva bölgədə əməkdaşlığın qurulmasında qadınların rolunun artırılmasının əhəmiyyətindən də danışıb.
İraqdakı İslami qrupun liderlik şurasının üzvü Dara Məhəmməd Saed tədbirin yüksək səviyyədə təşkilinə və qonaqpərvərliyə görə Azərbaycan hökumətinə təşəkkür edib. Qonaq Asiyanın gələcəyinin sabitlik və əməkdaşlıqdan asılı olduğunu bildirib.
Türkiyənin Ədalət və İnkişaf Partiyasından parlamentin deputatı Ercan Candan da çıxışında qondarma “erməni soyqırımı”na etiraz edib, müasir Ermənistanda dövlət səviyyəsində türklərə qarşı aparılan nifrət siyasətinin yolverilməz olduğunu diqqətə çatdırıb.
Malayziya İslam Partiyasının baş katibi Mustafa Əli deyib ki, dünyada sülh və əmin-amanlığa nail olmaq üçün mövcud münaqişələrə son qoyulmalı, insan hüquqlarının pozulmasının qarşısı alınmalı, iqtisadi böhran, yoxsulluq və aclıqla mübarizə gücləndirilməlidir.
Ana Vətən Partiyasının sədr müavini Elçin Ağamalı Azərbaycanda aparılan uğurlu sosial islahatlar barədə məlumat verib, ölkəmizdə bütün siyasi partiyalara bərabər hüquqların yaradıldığını bildirib.
Sonra konfransın beşinci plenar iclası keçirilib.
“Yedinaya Rossiya” Partiyasının Rəyasət Heyətinin və Federasiya Şurasının üzvü Andrey Klimovun sədrlik etdiyi iclasda qadın siyasətçilərin toplantısında müzakirə olunan məsələlərlə bağlı Milli Məclisin deputatı Məlahət İbrahimqızı məlumat verib.
YAP Gənclər Birliyinin sədr müavini Ramin Məmmədov isə siyasi partiyalarda təmsil olunan gənclərin iştirakı ilə keçirilən bölmə iclasında müzakirə edilən məsələlər barədə danışıb.
Azərbaycan Liberal Partiyasının sədri Əvəz Temirxan Asiyada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının yaradılması təklifi ilə çıxış edib.
Filippin parlamentinin Nümayəndələr Palatasının üzvü Rufus Bautista Rodrigez çıxışında ölkəsində siyasi partiyalar arasında münasibətlərdən danışıb.
Hindistanın Bharatiya Janata Partiyasının üzvü Vinay Şaşrabudde bildirib ki, regional əməkdaşlıqda səmərəli nəticənin əldə olunması üçün qarşılıqlı etimad mühitinin yaradılması vacib şərtdir.
Maldivin Cumhore Partiyasının Mərkəzi Şurasının üzvü Mohamed İmtiyaz belə mötəbər tədbirin Bakıda keçirilməsinə görə Yeni Azərbaycan Partiyasına təşəkkür edib. Qonaq deyib ki, bu tədbir təcrübələrimizin bölüşdürülməsi, partiyalarımız arasında siyasi dialoqun inkişaf etdirilməsi baxımından çox əhəmiyyətlidir.
Böyük İndoneziya Hərəkatı Partiyasının müdafiə şurasının sədri xanım Harris İndra Məhəmməd isə qeyd edib ki, mədəniyyətlərarası dialoq ölkələrarası əməkdaşlığa, sülhün və təhlükəsizliyin bərqərar olmasına mühüm töhfə verə bilər. Azərbaycan humanitar əməkdaşlığın genişləndirilməsi işinə mühüm töhfələr verib.
Hindistan parlamentinin deputatı Barun Mukerci Asiyanın mədəni, dini və etnik müxtəliflik baxımından çox rəngarəng olduğunu deyərək bu tədbirin mövcud problemlərin həllinə töhfə verəcəyini diqqətə çatdırıb.
ICAPP VII Baş Assambleyasının altıncı plenar iclasına Tailandın Peu Tai Partiyasından xanım Nalini Tavesin sədrlik edib.
“Yedinaya Rossiya” Partiyasının Rəyasət Heyətinin və Federasiya Şurasının üzvü Andrey Klimov iclasda çıxış edərək VII Baş Assambleyanın uğurla keçdiyini bildirib. Rusiyalı siyasətçi deyib ki, Bakı görüşü təkcə Asiya qitəsində deyil, ümumilikdə bütün dünyanı narahat edən problemləri müzakirə etmək baxımından böyük əhəmiyyətə malikdir.
Nepalın Madhesi Xalq Hüquqları Forumunun sədri Upendra Yadav Asiya regionunda terrorizmin və münaqişələrin sülhə və sabitliyə əsas təhdid olduğunu bildirib. Qonaq deyib ki, təhlükəsizlikdən danışırıqsa terrorizmə qarşı birgə mübarizə aparmalı, demokratiya ruhunu geniş təbliğ etməliyik. Hər bir şəxs, hər bir partiya bu prosesə öz töhfəsini verməlidir. Nüvə silahının yayılmasının qarşısını almaqla biz Asiyada sülh və sabitliyi yarada bilərik.
Suriya Baş nazirin müşaviri Fadi Favaz çıxışında “Ərəb baharı”nın ərəb dünyasına təsirindən danışıb, belə mötəbər tədbirin yüksək səviyyədə təşkilinə görə Azərbaycana minnətdarlığını bildirib. O, Bakının gözəlliyinə heyran qaldığını deyib.
Şri-Lanka Xalq Azadlığı Cəbhəsinin lideri Amarasinqe Somavansa Bakı kimi tarixi şəhərdə ICAPP-ın VII Baş Assambleyasının keçirilməsini mühüm hadisə kimi qiymətləndirib. Çıxışını qlobal təhlükəsizlik və sülh üzərində quran natiq bildirib ki, müəyyən güclər dünyanı, eləcə də Asiya regionunu təsir dairələrində saxlamaq üçün əsassız bəhanələrlə müdaxilələr edirlər.
Maldivin Dhivehi Rayyithunge Partiyasının Şaviyani Atoll Şurasının sədri Musa Fathuhee Adam bildirib ki, kiçik ölkə olan Maldivdə təhlükəsizliyin, sabitliyin təmin olunması üçün uzun yol qət edilib. Çoxpartiyalı demokratik idarəçilik uzun mübarizə nəticəsində mümkün olub.
Laos Xalq İnqilab Partiyasının xarici əlaqələr komitəsi sədrinin müavini Thonqsavanh Phomvihane bildirib ki, Asiyada sabitlik və inkişaf üçün ən mühüm amil qarşılıqlı hörmətə və əməkdaşlığa əsaslanan münasibətlərimizin qurulmasıdır. Son illərdə Asiya ölkələrinin sürətli inkişafı da bunu əyani şəkildə göstərib ki, bu bölgə dinamik tərəqqi, sabitlik və əmin-amanlıq regionuna çevrilə bilər.
Monqolustan Xalq Partiyasının üzvü Buren-Erdene Xuldorj tədbirin yüksək səviyyədə təşkilinə görə Yeni Azərbaycan Partiyasına minnətdarlıq edib. Qonaq deyib ki, ICAPP VII Baş Assambleyası təhlükəsizlik, sülh və davamlı inkişaf məsələlərini müzakirə edir ki, bu da nəinki Asiya, bütün dünya üçün olduqca mühüm əhəmiyyət daşıyır. Sonuncu dünya iqtisadi böhranında Asiya ölkələrinin dayanıqlılıq nümayiş etdirməsi bu regionun təcrübəsinin öyrənilməsinin zəruriliyini ortaya qoyub. Hazırda Monqolustan sabitliyin, sülh və təhlükəsizliyin regionda inkişaf etdirilməsinə ciddi səylər göstərir.
Fasilədən sonra ICAPP VII Baş Assambleyasına yekun vuran Yeni Azərbaycan Partiyası Sədrinin müavini-İcra katibi Əli Əhmədov tədbirin uğurla keçdiyini bildirib. Qeyd edilib ki, Baş Assambleya müasir dünyamızı narahat edən problemlərin həllinə mühüm töhfə verəcək. “VII Baş Assambleya partiyalararası dialoqun da inkişafına yardım edəcəkdir”, - deyən Əli Əhmədov qarşıda böyük vəzifələrin durduğunu, müzakirələrin gedişində səslənən fikirlərin bütövlükdə təşkilatın fəaliyyətinə stimul verdiyini bildirib.
Baş Assambleyanın işi barədə məlumat verən Milli Məclisin deputatı Asəf Hacıyev iki gün ərzində tədbirdə 30-a yaxın ölkənin 55-dən çox siyasi partiyasını təmsil edən 220 nümayəndənin iştirak etdiyini, 84 məruzənin dinlənildiyini vurğulayıb.
Asiya Siyasi Partiyaları Beynəlxalq Konfransının xüsusi məruzəçisi Maşhid Hüseyn Seyid və təşkilatın baş katibi və Daimi Komitəsinin həmsədri Çanq Eui-Yonq Assambleyanın yüksək səviyyədə keçirildiyini diqqətə çatdıraraq bir daha Azərbaycan hökumətinə və Yeni Azərbaycan Partiyasına minnətdarlıqlarını bildiriblər.
Asiya Siyasi Partiyaları Beynəlxalq Konfransının VII Baş Assembleyası Bakı Bəyannaməsinin qəbul olunması ilə öz işini başa çatdırıb.

Paylaş:
Baxılıb: 1065 dəfə

Xəbər lenti

Hamısına bax

Sosial

Gündəm

Siyasət

YAP xəbərləri

Gündəm

Ədəbiyyat

Analitik

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30