Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / İCAPP-ın VII Baş Assambleyası mühüm nəticələrlə yadda qaldı

İCAPP-ın VII Baş Assambleyası mühüm nəticələrlə yadda qaldı

27.11.2012 [00:57]

Bakıda keçirilən möhtəşəm beynəlxalq tədbir öz işini başa çatdırıb
Azərbaycanın siyasi partiyalar tarixində yeni əlamətdar hadisə
Məlum olduğu kimi, 22-23 noyabr tarixlərində Bakıda Asiya Siyasi Partiyalarının Beynəlxalq Konfransının (İCAPP) VII Baş Assambleyası keçirilib. “Asiyada təhlükəsizlik, sülh və tərəfdaşlıq” mövzusuna həsr olunan Baş Assambleyada 35 ölkədən 200-dən çox nümayəndə iştirak edib. Sözügedən beynəlxalq tədbirə Azərbaycandan 12 siyasi partiya qatılıb. Qeyd edək ki, Yeni Azərbaycan Partiyası İCAPP-ın 18 aparıcı siyasi partiyanın təmsil olunduğu Daimi Komitəsinin üzvüdür.
Bu tədbirin yüksək səviyyədə baş tutması Azərbaycan siyasi partiyalarının tarixində əlamətdar bir haldır. Belə bir mötəbər tədbirin ölkəmizdə keçirilməsi, ilk növbədə, Azərbaycanda yetkin siyasi partiya sisteminin formalaşdığını və bu sistemin xarici aləmə, beynəlxalq siyasi əməkdaşlığa açıq olduğunu təsdiq etdi. Bu, o deməkdir ki, Azərbaycanda müstəqilliyin ilk illərində mövcud olan siyasi xaos sabitliklə əvəz olunub, siyasi sistemin təkmilləşməsi və demokratikləşməsi nəticəsində respublikada siyasi rəqabətlilik mühiti formalaşıb. Bu həm də Azərbaycanda demokratiyanın bərqərar olmasının bir göstəricisidir. Çünki məhz demokratiyanın mühüm indikatorlarından olan fikir plüralizmi və çoxpartiyalılıq mühitində müxtəlif siyasi partiyalar hakimiyyət uğrunda rəqabət aparmaqla yanaşı, beynəlxalq əməkdaşlıq mühitinə daxil olmaq imkanına da malik olurlar. Azərbaycanda siyasi mədəniyyətin yüksəlməsi fonunda gedən bu dəyişikliklər Asiya Siyasi Partiyalarının Beynəlxalq Konfransının VII Baş Assambleyasında ümumxalq partiyası olan Yeni Azərbaycan Partiyası başda olmaqla ölkəmizin bir çox siyasi partiyalarının fəal iştirakı ilə özünü göstərdi.
Beynəlxalq siyasi dialoqların mühüm cəhəti ondan ibarətdir ki, bu cür görüşlər və müzakirələr siyasi partiyaların fəaliyyətində qrup maraqlarını, şəxsi istəkləri arxa plana keçirir, ümumbəşəri dəyərlər çərçivəsində milli maraqların önə sürülməsini və müdafiəsini təmin edir. Digər tərəfdən, Asiyadakı siyasi partiyaları, nüfuzlu dövlət xadimlərini bir araya gətirən İCAPP fərqli siyasi görüşlərin, ideologiyaların daşıyıcısı olan yüzlərlə siyasi partiyanın rəhbərləri, üzvləri arasında fikir mübadiləsini və əməkdaşlığı təşviq edir, Asiya ölkələri arasında anlaşma və etimad mühitini möhkəmləndirir, regional əməkdaşlıq çərçivəsində siyasi partiyaların rolunu gücləndirir, qitədə davamlı sülh və inkişaf üçün əlverişli mühitin yaradılmasına təsir göstərir. Bütün bunlar İCAPP-ın ən vacib funksiyalardan biri olan müxtəlif siyasi partiyalar arasında dialoqa nail olunmasını şərtləndirən əsaslardır və bu işdə Azərbaycan quruma yaxından kömək edir. Konfransın VII Baş Assambleyasına ev sahibliyi etməklə Azərbaycan Asiya qitəsində beynəlxalq siyasi dialoqa öz töhfəsini vermiş oldu. Paytaxtımızda belə bir tədbirin keçirilməsi, eyni zamanda, ölkəmizdə mövcud olan siyasi sabitlik mühitindən xəbər verir. Çünki daxili siyasi sabitliyi təmin edə bilməyən, müxalifətdə olan siyasi partiyalarla dialoq, normal ünsiyyət qura bilməyən hakim partiyaya beynəlxalq miqyasda siyasi partiyaların dialoquna şərait yaratmaq və ev sahibliyi etmək missiyası həvalə oluna bilməz.
Beləliklə, Yeni Azərbaycan Partiyasının təşəbbüsü ilə İCAPP-ın bir ildə iki mötəbər tədbirinin (digər bir tədbir İCAPP-ın Daimi Komitəsinin iyun ayında Bakıda keçirilən 16-cı iclasıdır-red.) ölkəmizdə baş tutması demokratik siyasi sistemə və stabilliyə malik olan Azərbaycanın siyasi partiyaların beynəlxalq səviyyədə fikir mübadiləsi və əməkdaşlığı üçün əlverişli məkan olduğunu sübuta yetirdi.
İCAPP VII Baş Assambleyasına sədrlik səlahiyyətləri Azərbaycan Prezidenti İlham Əliyevə verilib
Yeri gəlmişkən, İCAPP VII Baş Assambleyasına sədrlik səlahiyyətləri Azərbaycan Prezidenti İlham Əliyevə verilib. Sədrlik səlahiyyətlərini rəmzi olaraq qəbul edən Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbəri Ramiz Mehdiyev dövlət başçısı İlham Əliyevin tədbir iştirakçılarına ünvanlanmış təbrik məktubunu oxuyub.
Ümumiyyətlə, Azərbaycan İCAPP-ın VII Baş Assambleyasına ev sahibliyi etməklə daha bir mötəbər tədbiri layiqincə təşkil edə bildi. Belə bir mötəbər tədbirin Bakıda keçirilməsi məhz Prezident İlham Əliyevin rəhbərliyi ilə Yeni Azərbaycan Partiyasının daha böyük qələbələrə imza atdığını, əldə olunan uğurlar nəticəsində YAP-ın gücünün və nüfuzunun əhəmiyyətli dərəcədə artdığını bir daha göstərir.
Noyabrın 22-24-də Bakıda baş tutan Asiya Siyasi Partiyalarının Beynəlxalq Konfransının VII Baş Assambleyası bu regionu əhatə edən siyasi partiyalar arasında mövcud siyasi, iqtisadi və təhlükəsizlik məsələlərini müzakirə etmək və mühüm qərarların qəbul olunması baxımından xüsusi əhəmiyyət kəsb edib. Belə bir tədbirin baş tutması təkcə təşkilati baxımdan deyil, eləcə də, siyasi baxımdan mühüm hadisə kimi dəyərləndirilə bilər. Konfrans həm də Asiya siyasi partiyalarının görüşlərinin tarixində baş verən əhəmiyyətli tədbir kimi qiymətləndirilməlidir. İCAPP-ın VII Baş Assambleyası, həm də siyasi partiyaların inteqrasiyası baxımından mühüm əhəmiyyət daşıyır. Məhz bu baxımdan Yeni Azərbaycan Partiyasının fəaliyyətini təqdir edən tədbir iştirakçıları YAP-ın fəaliyyətini İCAPP-ın işinə əhəmiyyətli töhfələr verən mühüm faktor kimi dəyərləndiriblər.
Qeyd edək ki, İCAPP çərçivəsində münasibətlərin inkişafı Yeni Azərbaycan Partiyasının xarici əlaqələrinin mühüm istiqamətlərindən birini təşkil edir. Yeni Azərbaycan Partiyası bu təşkilatın İdarə Heyətinə daxil olan 21 partiyadan biridir. İCAPP-ın daxili nizamnaməsinə əsasən, assambleyalararası dövrlərdə qurumun Daimi Komitəsinin müxtəlif ölkələrdə hazırlıq və proqram tərtib etmək məqsədi ilə iclasları keçirilir.
Azərbaycandakı VII Baş Assambleyadan sonra İCAPP-ın fəaliyyətində yeni keyfiyyət dəyişikliklərinin əsası qoyuldu
Bu günlərdə İCAPP-ın Bakıda keçirilən VII Baş Assambleyası qurumun inkişafında yeni və mühüm bir mərhələnin başlanğıcı oldu. Bakıda keçirilən tədbirdə iştirak edən partiya rəhbərlərinin və dövlət xadimlərinin nüfuzu, siyasi çəkisi, hətta Latın Amerikası ölkələrindən qonaqların qatılması Konfransa olan böyük maraqdan xəbər verirdi.
Digər tərəfdən, Bakıda keçirilən VII Baş Assambleyada alınan bir sıra mühüm qərarlar İCAPP-ın fəaliyətində mühüm keyfiyyət dəyişikliklərinin əsasını qoyub. Belə ki, YAP Sədrinin müavini Əli Əhmədov partiyanın adından gənclərin fəallığını daha da artırmaq, Asiya gənclərinin birliyinə dəstək vermək üçün İCAPP çərçivəsində gənclərin festivalının keçirilməsi və İCAPP-ın Qadınlar Təşkilatının yaradılması təkliflərini irəli sürüb. Onun sözlərinə görə, əhalisinin əhəmiyyətli hissəsini gənclərin təşkil etdiyi Asiya regionunda belə bir qurumun yaradılması çox mütərəqqi haldır: “Yeni Azərbaycan Partiyası belə bir festivalın Azərbaycanda keçirilməsinə məmnuniyyətlə təşkilatçılıq edə bilər”.
Asiya Siyasi Partiyaları Beynəlxalq Konfransının Qadınlar Təşkilatının yaradılması ilə əlaqədar YAP Sədrinin müavini qeyd edib ki, Asiya bölgəsi üçün belə bir qurumun yaradılması olduqca böyük önəm daşıyır. Təkliflər Baş Assambleyada müsbət qarşılanıb.
Həmçinin, Assambleya çərçivəsində Asiya Siyasi Partiyaları Beynəlxalq Konfransının Gənclər Təşkilatının ilk iclası keçirilib və qurumun işi ilə əlaqədar yeni təkliflər irəli sürülüb. Qurumun strukturu və 2013-2015-ci illər üçün fəaliyyət proqramı təsdiq edilib.
İCAPP-ın VII Baş Assembleyasının plenar sessiyası çərçivəsində siyasətçi qadınların bölmə iclası keçirilməsi qadınların siyasi fəallığının artırılması baxımından əhəmiyyətli addım oldu. Milli Məclisin deputatı, Yeni Azərbaycan Partiyası Siyasi Şurasının üzvü Məlahət İbrahimqızının sədrliyi ilə keçən iclas “Asiyada qadınlar: təhlükəsizlik, sülh və tərəfdaşlıq” mövzusuna həsr olunub. Dünyada təhlükəsizlik və sabitlikdə qadınların rolundan bəhs olunan iclasda vurğulanıb ki, hərbi əməliyyatlar, terror aktları və digər zorakılıq hallarında qadınlar daha çox əziyyət çəkirlər. Buna nümunə olaraq, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi nəticəsində çoxlu sayda azərbaycanlı qadının qətlə yetirildiyi, girov götürüldüyü diqqətə çatdırılıb. Asiyanın dünyada artan strateji əhəmiyyətindən danışan qadın siyasətçilər qeyd ediblər ki, uzunmüddətli inkişafa nail olmaq üçün sabitlik mühüm şərtdir və bu məsələdə qadınlar müstəsna xidmətlərə malikdirlər.
Göründüyü kimi, İCAPP-ın Bakıda keçirilən Baş Assambleyası xeyli məhsuldar olub. Burada səsləndirilən fikirlər, irəli sürülən təkliflər, sonda qəbul olunan bəyannamə İCAPP üzvlərinin aktivliyindən, təşəbbüskarlığından və konkret nəticələrə istiqamətlənən məqsədyönlü fəaliyyətdən xəbər verir. Təşəbbüskarlığın və siyasi iradənin mövcud olduğu şəraitdə isə irəliləyişin əldə olunması asanlaşır. Bu səbəbdən də, təsadüfi deyil ki, İCAPP dəyişən zamanın tələblərinə uyğun olaraq mühüm keyfiyyət dəyişikliklərini həyata keçirməklə öz üzərinə daha böyük missiya götürür.
Siyasi partiyalar ittifaqından yeni beynəlxalq təşkilata doğru...
Ümumiyyətlə, 2012-ci ili İCAPP-ın fəaliyyətində dönüş ili adlandırmaq da mümkündür. Daimi Komitənin 16-cı iclasının və VII Baş Assambleyanın Azərbaycanda yüksək səviyyədə keçirilməsi quruma olan marağı daha da artırıb. BMT-nin baş katibi Pan Gi Mun Bakıda keçirilən VII Baş Assambleyaya ünvanlanmış videomüraciətində İCAPP-ın fəaliyyətinə verdiyi önəmi vurğulayıb və əlavə edib ki, forum Asiya regionunda sabitliyə, çiçəklənməyə və azadlığa gətirib çıxara biləcək yaxşı qarşılıqlı anlaşmanı qaydaya salmağa imkan verir. “BMT Sizinlə energetikadan təhsilə, münaqişələrin qarşısının alınmasından təbii fəlakətlərin risklərinin azaldılmasına kimi müxtəlif məsələlərdə əməkdaşlığa davam edəcək”, Pan Gi Mun bildirib.
Həmçinin, Belçikanın sabiq Baş naziri, Avropa Xalq Partiyasının sədri Uilfrid Martins də tədbir iştirakçılarına videomüraciətində İCAPP-ın yaratdığı əməkdaşlıq imkanlarını yüksək qiymətləndirərək, sülh, sabitlik, inkişaf məqsədlərinə nail olunması üçün siyasi iradə və əməkdaşlığın olduqca mühüm əhəmiyyət kəsb etdiyini vurğulayıb.
Göründüyü kimi, İCAPP öz fəaliyyəti ilə bütün dünyada diqqəti cəlb edib və marağa səbəb olub. İCAPP-ın yaranması və fəaliyətinə qısaca nəzər salmaqla onun əldə etdiyi uğurların miqyasını təsəvvür etmək mümkündür. Asiya Siyasi Partiyalarının Beynəlxalq Konfransının (İCAPP) yaradılması 2000-ci ildə Filippinin Manila şəhərində keçirilən toplantıda elan olunub. Müxtəlif ölkələrdə yerləşən və fərqli cəmiyyətləri təmsil edən siyasi partiyaları bir araya gətirən beynəlxalq konfrans mədəni, dini, etnik fərqlərin olduğu Asiya qitəsində sülhə, inkişafa və əməkdaşlığa töhfə verməyə çalışır. Yarandığı vaxtdan etibarən İCAPP üzvlərinin sayı və nüfuz dairəsi baxımından irəliləyişə nail olub. Qurum yaradılarkən beynəlxalq aləmdə onun funksionallığına şübhə ilə yanaşanlar da olub, bunun üçün hakim və müxalif, eləcə də, müxtəlif siyasi baxışlara malik olan siyasi partiyaların bir araya gətirilməsinin çətinliyi əsas göstərilib. Lakin təcrübə İCAPP-ın görüşlərinin konstruktiv və uğurlu keçdiyini ortaya qoyub. Asiya qitəsinin siyasi liderlərini ortaq müzakirələrə cəlb etməklə İCAPP region ölkələri və xalqları arasında qarşılıqlı anlaşma və dialoqa şərait yaradır. Hazırda, 52 ölkədən 300-dən artıq siyasi partiyanın üzv olduğu İCAPP-ın nüfuzu artmaqdadır.
İCAPP-ın nüfuzu təkcə Asiyada deyil, dünya miqyasında yüksəlməkdədir. Bu, ilk növbədə, Asiya qitəsinin özünün qlobal miqyasda rolu və çəkisi ilə bağlıdır. Belə ki, dünyanın əksər yerlərində iqtisadi və maliyyə böhranlarının hökm sürdüyü bir vaxtda Asiya qitəsindəki ölkələrin iqtisadiyyatının sürətli inkişafı, elmi-texnoloji tərəqqi, bölgədə çoxqütblü dünyanın qurulmasında maraqlı olan güc mərkəzlərinin mövcudluğu regionu gələcəkdə güclü siyasi mərkəzə, eləcə də, dünya iqtisadiyyatının lokomotivinə çevirə bilər.
Sözsüz ki, inkişaf potensialı geniş olan və bu potensialı sürətlə gerçəkləşdirən bir regionda sülh və sabitliyin, əməkdaşlığın təmin olunması davamlı inkişafın qarantıdır. Bu baxımdan, bölgə ölkələrinin müxtəlif siyasi partiyaları arasında dialoqun və əməkdaşlığın yaradılması təşəbbüsünün nəticəsi olan İCAPP-ın fəaliyyəti böyük əhəmiyyətə malikdir. Beynəlxalq Konfransın Baş Assambleyasının Manila, Banqkok, Pekin, Seul, Astana, Fnom Penh və nəhayət, Bakıda keçirilən iclasları İCAPP-ın əhatə dairəsinin genişliyindən xəbər verir. Öz növbəsində, Azərbaycan İCAPP-ın fəaliyyətinə ən çox dəstək verən ölkələrdəndir.
Təsadüfi deyil ki, Bakıda keçirilən VII Baş Assambleya İCAPP-da mühüm keyfiyyət dəyişikliklərinin başlanğıcı oldu. İCAPP artıq siyasi partiyalar ittifaqından yeni beynəlxalq təşkilata keçid mərhələsinə qədəm qoyub.
Yeni geostrateji siyasi dialoq platforması...
Beləliklə, İCAPP-ın Bakıda keçirilən VII Baş Assambleyasının nəticələri fonunda qeyd etmək olar ki, özünün səmərəli fəaliyyət mexanizminə və institusional resurslarına görə Asiya Siyasi Partiyalarının Beynəlxalq Konfransı bəhs olunan coğrafi məkanın siyasi partiyaları üçün yeni möhtəşəm siyasi dialoq platforması kimi səciyyələndirilə bilər. Əvvəla ona görə ki, İCAPP çərçivəsindəki fəaliyyət partiyaların inteqrasiyasına xüsusi töhfələr verir, siyasi partiyalararası kommunikasiyanı sürətləndirir. Belə ki, Asiya geosiyasi məkanında yerləşən ölkələri təmsil edən avanqard institut olmaqla siyasi partiyaların fəallığının artırılması üçün istinad olunması zəruri olan mühüm vasitələrdən biri də bu cür mötəbər qurumların yaradılması və fəaliyyət göstərməsidir. Məhz bu nöqteyi-nəzərdən İCAPP müxtəlif ölkələri eyni amal və ideoloji prinsip ətrafında birləşdirən, siyasi institutların fəaliyyətini intensivləşdirən mötəbər qurum səciyyəsi daşıyır. İkincisi, Asiya Siyasi Partiyalarının Beynəlxalq Konfransı həm qurumda iştirak edən siyasi partiyaların təmsil olunduğu regionda, həm də regionətrafı coğrafiyada yerləşən ölkələr üçün böyük maraq kəsb edən ümumi problemlərin (sülh, təhlükəsizlik, inteqrasiya, əməkdaşlıq və s.) müzakirəsi və onlara dair mühüm qərarların qəbul olunması üçün xüsusi əhəmiyyət daşıyır. Heç şübhəsiz, dünyanın digər coğrafı məkanlarında olduğu kimi, Asiya qitəsində də bütün xalqlar və dövlətlər üçün başlıca önəmli məsələlər qismində sülh, təhlükəsizlik, mövcud ziddiyyətlərin aradan qaldırılması, münaqişələrin rasional idarə olunması və öz həllini tapması çıxış edir. Bütün bu məsələlər İCAPP-ın fəaliyyətin mexanizmində xüsusi yer tutduğu üçün qurumda aktivlik nümayiş etdirmək bölgə ölkələrinin siyasi partiyaları üçün böyük əhəmiyyət daşıyır.
Sadalananlarla yanaşı, İCAPP çərçivəsində siyasi partiyaların intensiv və effektiv əməkdaşlığı Asiya geosiyasi məkanının siyasi inkişafına da özünəməxsus töhfələr verir. Belə ki, mövcud əməkdaşlığın fonunda aparılan müzakirələr, fikir və təcrübə mübadilələri vətəndaş cəmiyyəti quruculuğuna, intensiv institutlaşma prosesinə, qarşılıqlı anlaşma və əməkdaşlığa təkan verməkdədir. Elə Asiya Siyasi Partiyalarının Beynəlxalq Konfransının nümayəndələri də bu prosesi olduqca yüksək qiymətləndirirlər. Məsələn, İCAPP-ın təsisçisi, qurumun icraçı sədri və Daimi Komitəsinin həmsədri, Filippin parlamentinin keçmiş sədri Xose de Venesia VII Baş Assambleyadakı çıxışı zamanı bu məsələyə xüsusilə toxunub. O, Asiyada siyasi partiyaların güclü qüvvəyə çevrilməsi istiqamətində lazımi tədbirlərin görülməsinin vacibliyini bildirib. İCAPP-ın məqsədlərinə xidmət edən bir neçə qurumun fəaliyyətinin bölgədə vətəndaş cəmiyyəti quruculuğuna, siyasi proseslərə və qarşılıqlı anlaşmaya böyük fayda verdiyini vurğulayan X.Venesia Asiyada sülhün və barışığın təmin edilməsinin önəmini diqqətə çatdırıb. Beləliklə, qeyd etdiyimiz kimi, bütün bu sadalananlar nöqteyi-nəzərindən İCAPP eyni amal ətrafında birləşən siyasi qüvvələrin möhtəşəm və mötəbər dialoq platforması kimi dəyərləndirilməlidir.
VII Baş Assambleya Azərbaycan həqiqətlərinin dünyaya çatdırılması istiqamətində xüsusi əhəmiyyət kəsb etdi
İCAPP-ın VII Baş Assambleyası həm də Azərbaycan həqiqətlərinin dünyaya çatdırılması baxımından mühüm siyasi platforma rolunu oynamış oldu. Artıq qeyd etdiyimiz kimi, İCAPP-ın VII Baş Assambleyasının Bakıda keçirilməsi Azərbaycanın siyasi həyatında önəmli hadisədir. Lakin tədbirin əhəmiyyətli tərəflərindən biri də iştirakçıların, - dünyanın 35 ölkəsindən 200-dən çox nümayəndəsinin, məhz bu mühüm tədbir vasitəsilə respublikamızla yaxından tanış olmaq imkanının qazanılmasıdır. Belə ki, tədbirdə əvvəlcə Azərbaycanın tarixindən, mədəniyyətindən, turizm imkanlarından, təbii sərvətlərindən, ölkə iqtisadiyyatının sürətli inkişafından, eləcə də, torpaqlarımızın 20 faizinin Ermənistan silahlı qüvvələri tərəfindən işğalından bəhs edən film nümayiş etdirilib, çıxışlar səsləndirilib. Bildirilib ki, tarixi Azərbaycan torpaqlarında yaranan Ermənistan bu gün ölkəmizin daha 20 faiz ərazisini işğal edib.
YAP-ın İcra katibi Əli Əhmədov da çıxışı zamanı torpaqlarımızın Ermənistan silahlı qüvvələri tərəfindən işğalının acı nəticələrindən danışıb. Əli Əhmədov bildirib ki, bu problem yalnız beynəlxalq hüquq normalarına uyğun olaraq Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll edilməlidir.
İCAPP-ın təsisçisi, qurumun icraçı sədri və Daimi Komitəsinin həmsədri, Filippin parlamentinin keçmiş sədri Xose de Venesia da çıxışı zamanı Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə də toxunaraq qeyd edib ki, problemin sülh yolu ilə həlli üçün birgə danışıqlar aparılmalı və siyasi barışığa nail olunmalıdır.
Qeyd edək ki, Yeni Azərbaycan Partiyasının təşkilatçılığı ilə İCAPP-ın ölkəmizdə keçirilən VII Baş Assambleyasının sonunda qəbul edilən Bakı Bəyannaməsində də Azərbaycanın ərazi bütövlüyü birmənalı şəkildə dəstəklənib. Dağlıq Qarabağ münaqişəsinin yalnız Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həllinin mümkünlüyü vurğulanıb.
İCAPP-ın VII Baş Assembleyasının Bakı Bəyannaməsi...
Xəbər verdiyimiz kimi, Asiya Siyasi Partiyaları Beynəlxalq Konfransının VII Baş Assembleyasında Bakı Bəyannaməsi qəbul edilib. Bəyannamədə VII Baş Assembleyanın fonunda səmərəli və davamlı əməkdaşlıqdan, intensiv inteqrasiyadan, İCAPP-ın effektiv fəaliyyətindən bəhs edilib. Assambleyanın iştirakçıları, həmçinin Azərbaycan hökumətinə və xalqına, xüsusilə də Azərbaycan Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyevə səmimi qonaqpərvərliyə və İCAPP-ın VII Baş Assambleyasının yüksək səviyyədə təşklinə görə dərin minnətdarlıqlarını bildiriblər. Ümumiyyətlə, Bakı Bəyannaməsində bir sıra prinsipial məsələlər də əks olunub. Azərbaycanın yüksək təşkilatçılığının və Assambleyanın əhəmiyyətinin vurğulandığı Bakı Bəyannaməsini Asiya Siyasi Partiyaları Beynəlxalq Konfransının VII Baş Assembleyasının səmərəli işinin və perspektiv fəaliyyət istiqamətlərinin əks olunduğu mühüm normativ mənbə kimi səciyyələndirmək mümkündür.
İCAPP-dan Azərbaycana prinsipial dəstək
Yeri gəlmişkən, Asiya Siyasi Partiyalarının Beynəlxalq Konfransı Azərbaycan Respublikasının ərazi bütövlüyünü dəstəkləyib. Bu, İCAPP-ın Bakı Bəyannaməsində əks olunub. Bəyannamədə Azərbaycanın ərazi bütövlüyü birmənalı şəkildə dəstəklənir. Dağlıq Qarabağ münaqişəsinin yalnız Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həllinin mümkünlüyü vurğulanır. Bakı Bəyannaməsində deyilir: “Biz Cənubi Qafqaz regionunda ədaləti, qanunun aliliyini, eləcə də Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi qətnamələri dəstəkləyirik. Bildiririk ki, Azərbaycanın ərazi bütövlüyü pozulmazdır. Biz Azərbaycan Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyevin regionda sülhün, barışığın və təhlükəsizliyin təmin edilməsi, ölkədə demokratik strukturların gücləndirilməsi ilə bağlı mövqeyini yüksək qiymətləndiririk”.
İCAPP çərçivəsində siyasi partiyalararası əməkdaşlığın yaxşı perspektivi var
Bütün bu sadalananlar deməyə əsas verir ki, İCAPP siyasi partiyalararası əməkdaşlığın perspektiv inkişafı üçün də mühüm siyasi platforma əhəmiyyəti kəsb edir. Bütün təmsilçi təsisatların maraqlarının nəzərə alındığı, iştirakçı qurumlar üçün xüsusi önəm daşıyan məsələlərin müzakirə olunduğu strateji bir platforma əhəmiyyəti kəsb edən İCAPP həm də yeni əməkdaşlıq imkanları yaradır, siyasi partiyalar ittifaqından mötəbər beynəlxalq təşkilata çevrilir. Digər tərəfdən, Asiya Siyasi Partiyalarının Beynəlxalq Konfransı mötəbər regional və beynəlxalq təşkilatların dəstəklədiyi, fəaliyyətinin təqdir olunduğu qurum kimi tanınır. Bu baxımdan, qurumda təmsil olunan bütün üzv partiyaların ortaq maraqı bundan ibarətdir ki, Asiya Siyasi Partiyalarının Beynəlxalq Konfransı çərçivəsində əməkdaşlıq və inteqrasiya daha da sürətlənsin, institut öz fəaliyyət dairəsini genişləndirsin və həm region xalqları, həm də bəşəriyyət üçün xüsusi əhəmiyyət kəsb edən məsələlər ətrafında önəmli qərar qəbul olunsun, xüsusi nəticələr əldə edilsin. Nəticə etibarilə qeyd etmək olar ki, Asiya Siyasi Partiyalarının Beynəlxalq Konfransı çərçivəsində siyasi partiyalararası əməkdaşlığın yaxşı perspektivi var və bu, ümumilikdə, dövlətlərarası münasibətlərin inkişafına da fundamental töhfələr verən əhəmiyyətli amil kimi çıxış edir.
Yeni Azərbaycan Partiyası yeni mərhələdə qələbələr üçün uğurlu başlanğıc etdi
Ümumiyyətlə, Asiya Siyasi Partiyalarının Beynəlxalq Konfransının VII Baş Assambleyasını Yeni Azərbaycan Partiyasının (YAP) yeni mərhələdə qələbələri üçün uğurlu başlanğıcı kimi dəyərləndirmək lazımdır. Çünki VII Baş Assambleyanın nəticələri bir daha sübut etdi ki, Yeni Azərbaycan Partiyası sahib olduğu resurslara, ictimai-siyasi nüfuzuna, özünün fəaliyyət mexanizminin səmərəlilik səviyyəsinə və siyasi sistemdəki avanqard yerinə görə nəinki ölkə daxilində aparıcı, lider institutdur, eyni zamanda, geniş beynəlxalq əlaqələrə malik olan, beynəlxalq müstəvidə güclü, nüfuzlu və etibarlı tərəfdaş kimi tanınan siyasi qüvvədir.
Bu, bir gerçəklikdir ki, Yeni Azərbaycan Partiyası daşıdığı dəyərlərə və səmərəli fəaliyyət mexanizminə görə ölkə daxilində vətəndaşların siyasi iştirakçılıq və sosiallaşma səviyyəsini artıran, siyasi subyektlərarası inteqrasiya prosesinə xüsusi təkan və töhfə verən, müsbət və sağlam ictimai rəyin formalaşmasında mühüm rol oynayan aparıcı, avanqard sosial-siyasi təsisat kimi tanınmaqdadır. Həmçinin Asiya Siyasi Partiyalarının Beynəlxalq Konfransının VII Baş Assambleyası həm də onu göstərdi ki, Yeni Azərbaycan Partiyasının fəaliyyəti və pozitiv reputasiyası ölkə sərhədləri ilə məhdudlaşmır və müxtəlif ölkələrin aparıcı siyasi partiyaları YAP-la əməkdaşlığa və əlaqələrin möhkəmlənməsinə xüsusi əhəmiyyət verirlər.
Beləliklə, sadalananlar belə bir qənaət ifadə etməyə əsas verir ki, sözügedən möhtəşəm hadisə ümumxalq partiyası olan YAP-ın növbəti dönəmdə də parlaq qələbələrini şərtləndirən əhəmiyyətli faktor olacaqdır.
“Yeni Azərbaycan” Analitik Qrupu

Paylaş:
Baxılıb: 1012 dəfə

Xəbər lenti

Hamısına bax

Ədəbiyyat

Analitik

Ədəbiyyat

Serial oxucusu

25 Aprel 08:50

Ədəbiyyat

Şənbə üçün nəzm

25 Aprel 08:38  

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30