Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / Ortaq dilimiz...

Ortaq dilimiz...

17.09.2024 [10:13]

Türk dili günü ilə bağlı BMT-yə də müraciət ünvanlanıb

Akademik: Türk dünyası beynəlxalq aləmə vahid şəkildə inteqrasiya etməlidir ki, dünyanın özündə də harmoniya olsun

Türk dünyası tarixin ayrı-ayrı dönəmlərində müxtəlif sınaqlardan çıxıb və fərqli çağırışlarla üzləşib. XVI əsr tarixdə “Türk əsri” kimi qalıb. XXI əsr də “Türk əsri” kimi təqdim olunur ki, bu da reallığa, izlənən proseslərə tam adekvatdır. Biz yüzilliyin əvvəlindən etibarən tarixi anlara - türk birliyinin möhkəmlənməsinə şahidlik edirik. “Türk birliyi - 2040” vizionu qəbul edilib və hazırda böyük coğrafiyada yerləşən ölkələr bu vizionun hədəflərinə çatmaqdan ötrü ayrılıqda və birlikdə böyük səy göstərirlər. Hazırda meydana çıxan əsas çağırışlardan biri də ortaq dilin yaradılması ilə bağlıdır.

Dünyada vahid türk ailəsi

İndiyədək türk birliyinin siyasi təsisatlanmasına dəyərli töhfələr verən Azərbaycan Prezidenti İlham Əliyev türk dünyasını vahid bir ailə kimi səciyyələndirib və bildirib ki, bizi başqa yerdə gözləmirlər. Bu həqiqətən də belədir. Türkə türkdən yaxın kim ola bilər ki? Dünyada çox tez-tez saxta birliklərin yaradıldığının şahidi oluruq. Ancaq belə birliklərin təməlində təbii amillər dayanmadığına görə onların ömrü çox qısa olur. İntriqalar, çəkişmələr səbəbindən həmin birliklər tez bir zamanda tarix səhnəsindən silinirlər. Türk birliyinin kökündə isə süni və qondarma heç nə yoxdur. Türk xalqlarının kökü eynidir. Onlar eyni mənşədən pərvazlanaraq çoxalıblar, yeni-yeni ərazilərə yayılıblar və yurd salıblar. Çoxsaylı türk soyları eyni bir kökdən rişə alan ağacın qol-budaqlarıdır. Türk xalqları yeni-yeni coğrafiyalara yayılsalar da, onların gen yaddaşı həmişə milli kimliklərini qoruyub. Bu gün bu soydan gələn hər kəsin qəlbində milli kimliyinə görə böyük bir qürur, fəxarət hissi var. Bizim birliyimizi əbədi və sarsılmaz edən ən mühüm cəhətlər məhz türk kimliyi, ortaq tarix, otaq mədəniyyət, etiqad eyniliyi kimi təbii amillərdir.

Türk dünyası 11,2 milyon kvadratkilometrdan artıq ərazini və 200 milyonadək əhalini əhatə edir. Türk coğrafiyasının sərhədləri Qərbdə Adriatik dənizi sahillərindən başlayır, Şərqdə Çin səddinə və Sibirədək uzanır. Türk xalqları tarixən bu coğrafiyada böyük imperatorluqlar (Hun, Göytürk, Avar, Xəzər, Uyğur, Qaraxanlı, Qəznəvi, Böyük Səlcuq, Xarəzmşahlar, Böyük Moğol, Qızıl Orda, Osmanlı, Teymurilər, Səfəvilər, Babur, Əfşarlar) və müxtəlif ölçülü dövlətlər qurmağa nail olublar. Müasir dövrdə isə 7 müstəqil türk dövləti var - Türkiyə, Azərbaycan, Qazaxıstan, Özbəkistan, Qırğızıstan, Türkmənistan və de-jure hələlik yalnız Türkiyə tərəfindən tanınan Şimali Kipr Türk C?mhuriyyəti. Bunlar hazırda türk dünyasının ümumi ərazisinin 44 faizini əhatə edir, qalan 56 faizi isə hələ ki, müstəqil deyildir. Türklərin tarixi coğrafi yayılma arealında hazırda Rusiya Federasiyası tərkibində muxtar statusa sahib türk respublikaları, yəni Tatarıstan, Başqırdıstan, Çuvaşiya, Krım, Saha (Yakutiya), Altay, Xakasiya, Tuva, Qaraçay-Çərkəz, Kabardin-Balkar respublikaları, Şimali Qafqaz və Sibirin türk toplumları, həmçinin Çinin tərkibindəki Sintzyan-Uyğur Muxtar Respublikası adını daşıyan Şərqi Türküstan yer alır. Şərqi Avropada, Balkanlarda, Yaxın Şərqdə İran, İraq, Suriya, Şimali və Cənubi Qafqazda, Mərkəzi Asiyada, Şimali Çində, Cənub və Şimal-Şərqi Sibirdə yaşan türk toplumlarınadək türk dünyası geniş bir mədəni-coğrafi yayılma arealına malikdir.

Onu da qeyd edək ki, geniş türk coğrafiyası böyük iqtisadiyyatdır. Burada zəngin təbii sərvətlər cəmləşib. Həmçinin türk dövlətləri kifayət qədər əlverişi coğrafi yerləşməyə malikdirlər. Avrasiyada Şərq-Qərb, Şimal-Cənub, eləcə də Transxəzər (Orta Dəhliz) kimi nəqliyyat bağlantıları məhz bu ərazilərdən keçir. Bütün bunlar türk dünyasının beynəlxalq birliyə yeni güc mərkəzi kimi təqdim ediməsinə real əsaslar yaradır.

Mədəni inteqrasiya yolunda qazanılan uğurlar

 İndiyədək siyasi cəhətdən təsisatlanmada mühüm addımlar atan türk dünyası həmçinin mədəni inteqrasiya istiqamətində də bir sıra uğurlara nail olub.  Bu xüsusda, 1993-cü ildə türkdilli xalqları mədəniyyət və incəsənət vasitəsilə bir-birinə daha da yaxınlaşdırmaq üçün mərkəzi ofisi Ankarada olan Beynəlxalq Türk Mədəniyyəti Təşkilatının (TÜRKSOY) yaradılmasını ayrıca qeyd edə bilərik. TÜRKSOY vasitəsilə müxtəlif mədəni tədbirlərin keçirilməsi türk xalqlarının yaxınlaşmasında önəmli rol oynayır. Eləcə də qısa müddətdə təhsil, idman və diaspor quruculuğu sahəsində ümidverici nəticələr qazanılıb. Türk dövlətləri arasında əməkdaşlıq Türk dünyasında cəmiyyətlərarası təmasların artırılmasına və kollektiv düşüncənin aşılanmasına böyük əhəmiyyət verilir.

İndiyədək Türk Dövlətləri Təşkilatı (TDT) akademik əməkdaşlığı təşviq edən və tələbələrin, müəllim və tədqiqatçıların mobilliyini təşviq edən unikal təhsil proqramları təqdim edib. Məsələn, Türk Universitetləri Birliyi ali təhsil sahəsində hərtərəfli əməkdaşlıq prosesinə başlayıb, Orxon Mübadilə Proqramı isə müəllim və tələbələrin əhəmiyyətli mobilliyinə təkan verib. Digər tərəfdən, Türk Akademiyası tərəfindən ortaq tarix, coğrafiya və ədəbiyyat kitablarının hazırlaması özlüyündə mühüm bir nailiyyətdir.

TDT gənclər arasında əməkdaşlığı genişləndirməklə onlara səyahət etmək və qarşılıqlı şəkildə ölkələri kəşf etmək, həmyaşıdlarını tanımaq, eləcə də idman daxil olmaqla müxtəlif sahələrdə əməkdaşlıq etmək üçün imkanlar yaradıb. Gənclər üçün düşərgələr və festivallar, Gənc Liderlər Forumu və Gənc Sahibkarlar Forumu gələcək gənc nəsillərin türk dünyası haqda daha çox məlumatlı olmasını təmin edəcək aparıcı platformalardır. Universitet idman oyunları (Türk Universiadası) və ənənəvi idman növlərinin Dünya Köçəri Oyunları vasitəsilə dirçəldilməsi və qorunmasına dəstək də türkdilli ölkələr arasında əməkdaşlığın genişlənməsini təmin edir. İndiyədək həmçinin  türk diaspor icmaları arasında təhsil, mədəniyyət və idman sahələrində əməkdaşlığın və koordinasiyanın daha da gücləndirilməsinə böyük səylər göstərilib və yaxşı nəticələr qazanılıb. 44 günlük müharibə günlərində xaricdəki türk diaspor təşkilatları vahid bir komanda kimi fəaliyyət göstərdilər.

Mətbuat və informasiya sahəsində əməkdaşlıq inkişaf etməkdədir. Media türk dövlətlərinin inteqrasiyasını gücləndirmək üçün vacib vasitədir. İndiyədək, ictimai yayım qurumları arasında əməkdaşlıq sistematik xarakter alıb. “Türk dünyasının 100 insanı” və “Türk dünyasının müqəddəs məkanları” mövzusunda verilişlərin və videomaterialların paylaşılması, qısametrajlı videoçarxların hazırlanması istiqamətində səylər göstərilib. Beynəlxalq media forumun təşkil olunması, media mütəxəssisləri üçün təlim və mübadilə proqramlarının gücləndirilməsi, türkdilli xəbər agentlikləri alyansı və jurnalistlər assosiasiyasının yaradılması barədə qərarların verilməsi ilə media sahəsində əməkdaşlıq daha da intensivləşib.

Türk dünyasının əməkdaşlıq təşkilatları arasında xüsusi yeri olan Türk Mədəniyyəti və İrsi Fondu 2015-ci ildən fəaliyyət göstərir. Azərbaycanın təşəbbüsü ilə yaradılan təşkilatın mənzil-qərargahı Bakıda yerləşir. 2015-2023-cü illərdə qurumun ilk prezidenti Günay Əfəndiyeva (Azərbaycan) olub. 2024-cü ildən Türk Mədəniyyəti və İrsi Fonduna  Qazaxıstanın Əməkdar incəsənət xadimi, sənətşünaslıq elmləri doktoru Aktotı Raimkulova rəhbərlik edir.

Fond cari ildən yeni layihələrlə yanaşı, özünün nizamnaməsinə əsasən müvafiq formatlarda da fəaliyyətini genişləndirmək niyyətindədir. Fondun mənzil-qərargahında ilk Nazirlər Şurası toplantısının keçirilməsi də bu mərama xidmət edir. Aprelin 30-da keçirilən toplantıda təşkilata üzv ölkələrin mədəniyyət sahəsi üzrə məsul şəxsləri ilə ölkəmizdə akkreditə olunmuş diplomatları da iştirak edib.

 Hansı türk dili ortaq ünsiyyət vasitəsi kimi götürülsün?

Türk dünyasının geniş coğrafiyanı əhatə etməsi və 200 milyon insanın türk kimliyinə malik olması fonunda ortaq türk dilinin yaradılması çağırışının da aktuallığı getdikcə artır. Bakıda ortaq türk əlifbasının yaradılması ilə bağlı razılıq əldə olunması bu istiqamətdə atılan çox mühüm addımdır. Ortaq Əlifbada 34 hərf olacaq. Burada bütün türk dillərinin fərqli cəhətləri nəzərə alınıb və onun işlədilməsində hər hansı bir çətinlik yaranmayacaq.

Ortaq türk əlifbasının razılaşdırılmasından sonra artıq uzun illərdir ki, müzakirələri aparılan ortaq türk dilinin yaradılacağına da inam artıb. Bəs mütəxəssislər bu barədə nə düşünürlər? Mövcud türk dillərindən birinin seçilməsi daha məqsəduyğundur, yoxsa yeni bir dilin formalaşdırılması? Türk Dünyası Ortaq Əlifba Komissiyasının üzvü, akademik Nizami Cəfərov “Yeni Azərbaycan”a açıqlamasında bütün bu kimi suallara aydınlıq gətirib. Akademik türk dünyasının ortaq dilinin Türkiyə türkcəsi olması qənaətindən çıxış edir. Bunu ən real variant kimi dəyərləndirən Nizami Cəfərov “Bu məsələ ilə bağlı fikirlər müxtəlifdir. Lakin bir ideya son zamanlar daha çox diqqət çəkir və praktikada özünü doğrultmağa başlayır. Sözügedən ideyaya görə, ortaq süni dilin yaradılmasına ehtiyac yoxdur. Çünki belə bir dil heç vaxt normal fəaliyyət göstərə bilməz. Buna görə də ortaq dil kimi, Türkiyə türkcəsi istifadə olunmağa başlanılıb. Bu işlənmə prosesi də o deməkdir ki, ortaq dil olaraq sadəcə Türkiyə türkcəsi olmayacaq, başqa türk dillərinin təsiri ilə daha zəngin və bütün türk dillərinin ruhunu ifadə edə biləcək bir türkcə yaranmağa başlayıb”.

Akademik diqqətə çatdırıb ki, Anadolu türkcəsi uzun müddət türk dünyasından təcrid olunmuşdu. İndi isə türk dünyasına xeyli yaxınlaşıb və buradan enerji almaq imkanları əldə edib. Onun sözlərinə görə, bu imkanlar getdikcə genişlənir. “Eyni zamanda biz türk dili günü ilə bağlı Birəşmiş Millətlər Təşkilatına da müraciət ünvanlamışıq. Hazırda müzakirələr aparılır. Yəqin ki, bununla bağlı da yaxın zamanda qərar olacaq. Çünki bu məsələ istər türk dünyasında, istərsə də beynəlxalq aləmdə müzakirə predmetinə çevrilib. Yalnız türk dünyası üçün yox, bütün dünya üçün maraqlı olaydır. Çünki türk dünyası bu dünyaya bölünmüş şəkildə daxil ola bilməz. Türk dünyası beynəlxalq aləmə vahid şəkildə inteqrasiya etməlidir ki, dünyanın özündə də harmoniya olsun”, - deyə Nizami Cəfərov bildirib.

Milli türk dilləri öz mövcudluqlarını saxlayacaq

Ortaq türk dilinin yaradılması fonunda milli türk dillərinin aqibəti məsələsi də gündəmə gəlir ki, bu da çox vacib məsələdir. Hazırda qloballaşma şəraitində milli dillər üçün ciddi təhdidlər yarandığı hər kəsə bəllidir. Dünya üzrə milli dillərin mövcudluqlarını qoruya bilmədiklərinə, ünsiyyət vasitəsi kimi sıradan çıxdıqlarına dair statistika çox kədərlidir. Nizami Cəfərov ortaq dilin yaradılması fonunda milli türk dilləri üçün hər hansı bir təhlükənin gözlənilmədiyinə, bunun istisnalıq təşkil etdiyinə  ciddi əminliyini bildirib. Bu xüsusda fikirlərini nəzərə çatdıran akademik deyib: “Amma bu o demək deyil ki, biz bu dildən istifadə etdikcə, Azərbaycan, yakut, çuvaş, özbək dili zəifləyəcək. Yəni Türkiyə türkcəsinin ortaq dil olaraq təkmilləşməsi ayrı-ayrı dillərin hesabına olmamalıdır”.

Ortaq dilin yaradılması prosesindən danışan Nizami Cəfərov vurğulayıb: “Türkiyə türkcəsi vahid dil kimi türk dünyasında istifadə edilməlidir. Azərbaycanda türk dilinin öyrənilməsi üçün xüsusi zəhmət çəkməyə ehtiyac yoxdur. Lakin Qazaxıstan, Özbəkistan, Qırğızıstan, Yakutiya, Saxa, Çuvaşıstan kimi türk respublikalarında, gərək ki, Türkiyə türkcəsi öyrədilsin.

Bu həmçinin, ayrı-ayrı respublikalarda Latın qrafikasına keçidi də gücləndirəcək. Türkiyə türkcəsində mürəkkəb cümlə sistemi inkişaf etməyib. O cəhətdən, türk dünyasında ən mükkəmməl dillərdən biri azərbaycancadır. Yəni, Azərbaycan dilinin mürrəkkəb cümlə sistemi Türkiyə türkcəsində qəbul olunmalıdır. Bunun üçün də, kontaktlar olmalıdır. Proses isə tədricən baş verməlidir. Yəni, heç kim səs-küy salmamalıdır ki, biz ortaq türk dili yaradırıq. Biz deməliyik ki, ortaq Türk dili mövcuddur və bu Türkiyə türkcəsidir. Və Türkiyə türkcəsi də tədricən bütün türklərin istifadə edə biləcəyi ortaq ünsiyyət vasitəsinə çevrilməkdədir. Biz müxtəlif türk dövlətlərini təmsil edən alimlərlə tez-tez görüşürük. Ünsiyyətlərimizdə bu günün özündə Türkiyə türkcəsi işimizə daha çox yarayır və hamı tərəfindən daha artıq dərəcədə anlaşılan dil kimi qəbul olunur. Tədricən bu proses daha da sürətlənəcək”.

Mübariz FEYİZLİ

Paylaş:
Baxılıb: 470 dəfə

Xəbər lenti

Hamısına bax

İqtisadiyyat

Gündəm

701,6 milyon avro...

29 Aprel 10:34

Analitik

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30