Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / Ulu öndər Heydər Əliyevin əsasını qoyduğu siyasi kurs milli birliyin və vətəndaş həmrəyliyinin sarsılmaz sütunudur

Ulu öndər Heydər Əliyevin əsasını qoyduğu siyasi kurs milli birliyin və vətəndaş həmrəyliyinin sarsılmaz sütunudur

15.12.2012 [01:43]

1991-ci ildə Sovet imperiyasının dağılması ilə müstəqilliyinə qovuşan ölkələrdən biri də Azərbaycan Respublikası oldu. Lakin həmin vaxt dövlətimizin müstəqil mövcudluğu və inkişafı üçün lazım olan əsaslar həddən artıq zəif olduğundan, ilk illərdə Azərbaycanın müstəqilliyi formal xarakter daşıyırdı. Bir tərəfdən, ölkə daxilindəki sosial-iqtisadi böhran, siyasi xaos, hakimiyyəti ələ keçirmək uğrunda ayrı-ayrı qüvvələr arasında gedən amansız mübarizə, digər tərəfdən isə Ermənistanın Azərbaycan rayonlarını işğal etməsi, ölkəmizin müstəqilliyini qəbul edə bilməyən bəzi xarici dövlətlərin törətdikləri təxribatlar nəticəsində respublikamız məhv olmaq təhlükəsi ilə üz-üzə idi. Məhz belə bir çətin dövrdə, yəni, 1993-cü ilin iyununda xalqın təkidli tələbi ilə yenidən siyasi hakimiyyətə qayıdan, həmin ilin oktyabrında isə Prezident seçilən Ümummilli lider Heydər Əliyev Azərbaycanın daxilindəki böhranlı vəziyyətin aradan qaldırılması, həmçinin ölkəmizin beynəlxalq əlaqələrinin yaradılması kimi çətin vəzifələri üzərinə götürdü.
BEYNƏLXALQ MÖVQELƏRİN MÖHKƏMLƏNMƏSİ
Beləliklə, Ulu öndər Heydər Əliyevin xalqın tələbi ilə ikinci dəfə hakimiyyətə gəlməsindən dərhal sonra ölkədə daxili sabitlik bərpa edildi, müstəqilliyin gücləndirilməsi istiqamətində vacib olan addımlar atıldı. Ulu öndər Azərbaycanın heç bir ölkənin təsiri altına düşməyəcəyini, ölkəmizin öz müstəqilliyini qoruyacağını bəyan etdi.
Ümummilli liderimiz, ilk növbədə, əksər qonşu dövlətlərlə münasibətləri nizamladı, müstəqil Azərbaycan gerçəkliyi bütün dövlətlər tərəfindən qəbul olundu. Onun bir çox məsələlərdə prinsipiallıq nümayiş etdirməsi Azərbaycanın müstəqil siyasətinin təməlləri oldu. Eyni zamanda, 1994-cü il sentyabrın 20-də imzalanan “Əsrin müqaviləsi” ilə Azərbaycan öz sərvətlərinin sahibi olduğunu bütün dünyaya nümayiş etdirdi.
Nəticədə Azərbaycan böyük uğurlar qazanan nüfuzlu ölkəyə çevrildi. Respublikamızın bir çox dövlətlərlə və beynəlxalq təşkilatlarla münasibətlərinin yaranmasında isə Ulu öndər Heydər Əliyevin fəaliyyəti əvəzolunmazdır.
Məlum olduğu kimi, xarici siyasətdə respublikamızın rəhbər tutduğu əsas prinsiplər başqa dövlətlərin daxili işlərinə qarışmadan, bərabərhüquqlu qarşılıqlı münasibətlər qurmaqdır. Ölkəmiz bu münasibətləri həm ikitərəfli əlaqələr, həm də BMT, ATƏT, Avropa Şurası, GUAM, İƏT kimi üzvü olduğu, yaxud əməkdaşlıq etdiyi beynəlxalq təşkilatlar çərçivəsində təmin edir.
Sözsüz ki, Azərbaycanın xarici siyasətinin qarşısında duran ən vacib məsələ Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllidir. Təsadüfi deyil ki, məhz 1994-cü ildə atəşkəs əldə olunandan sonra bu münaqişənin danışıqlar yolu ilə həlli prosesi başlandı, Azərbaycan ərazilərinin Ermənistan tərəfindən işğalının dayandırılması və zəbt olunan torpaqların azad edilməsi yönündə davamlı fəaliyyətin əsası qoyuldu. Ümummilli lider təkcə danışıqlar aparmaqla kifayətlənməyərək iştirak etdiyi bütün beynəlxalq görüşlərdə, tədbirlərdə Azərbaycan həqiqətlərini dünya birliyinin nəzərinə çatdırmaqla beynəlxalq ictimaiyyəti milli dövlətçiliyimizə təhlükə olan bu problemin ədalətli həllinə dəstək olmağa çağırırdı. Azərbaycanın müsbət beynəlxalq imicinin formalaşmasında və Dağlıq Qarabağ münaqişəsi haqqında həqiqətlərin yayılması istiqamətində Ümummilli liderin ən uğurlu addımlarından biri bu işə dünyada yaşayan azərbaycanlıların cəlb edilməsi oldu. Bunun üçün isə milli birliyin yaranmasını şərtləndirən milli ideologiya lazım idi.
Məlum olduğu kimi, milli ideoloji sistem milli inkişafın təminatçısı qismində çıxış edir. Çünki milli ənənələrlə müasir mənəvi potensialı uzlaşdıran, rasional prinsipləri özündə ehtiva edən milli ideologiya fərdi və ictimai şüurun bütövlüyünü təmin etməklə yanaşı, insanların sağlam ideoloji oriyentirlərini müəyyənləşdirən inkişaf mənbəyi kimi səciyyələndirilir. Eyni zamanda, səfərbəredici, inteqrasiyaetdirici, maarifləndirici, tərbiyəedici və təbliğati funksiyaları özündə ehtiva edən ideologiya ümumi ideya-siyasi çağırışlar əsasında ümummilli birliyi-bütövlüyü və həmrəyliyi təmin etməklə yanaşı, ictimai şüura yeni-mütərəqqi dəyərlərin transformasiya olunması, ictimai-siyasi şüurun sağlam komponentlər əsasında formalaşması və dəyərlər sisteminin zənginləşməsi baxımından xüsusi önəm daşıyır.
Ümummilli lider dövlətin ideoloji dayaqlarını yaratdı
Müstəqilliyin ilk illərində ölkədə mövcud olan ideoloji çaşqınlığı nəzərə aldıqda bir daha aydın olur ki, Ulu öndər Heydər Əliyevin azərbaycançılığı ümummilli ideologiya olaraq irəli sürməsi Onun Azərbaycan dövlətçiliyi naminə göstərdiyi tarixi xidmətdir. Çünki azərbaycançılıq Azərbaycan xalqını birləşdirən ən mühüm ideya, vətənə sevgi, məhəbbətdir. Azərbaycançılıq, eyni zamanda, Azərbaycanda yaşayan bütün xalqların vahid bir ideya ətrafında birləşməsi deməkdir.
Elə buradaca onu vurğulamaq yerinə düşər ki, hələ 1992-ci ildə YAP-ın proqramı qəbul edilərkən Heydər Əliyev azərbaycançılığı birinci məram kimi göstərdi. Ulu öndərin banisi olduğu azərbaycançılıq dövlətin möhkəmləndirilməsinə çalışmaq, Azərbaycanın inkişafı naminə harada yaşamasından asılı olmayaraq, hər bir azərbaycanlının fəaliyyət göstərməsi, bu yöndə öz töhfəsini verməsi deməkdir.
“Hər bir insan üçün onun milli mənsubiyyəti onun qürur mənbəyidir. Mən həmişə fəxr etmişəm, bu gün də fəxr edirəm ki, mən azərbaycanlıyam” deyən Ümummilli liderimiz çox haqlı olaraq bildirirdi ki, azərbaycançılıq söykəndiyimiz təməl prinsiplərin əsasıdır: “Müstəqil Azərbaycan dövlətinin əsas ideyası azərbaycançılıqdır. Hər bir azərbaycanlı öz milli mənsubiyyətindən qürur hissi keçirməlidir və biz azərbaycançılığı - Azərbaycan dilini, milli-mənəvi dəyərlərini, adət-ənənələrini yaşatmalıyıq”.
Ulu öndər azərbaycançılıq dedikdə, Azərbaycan xalqının öz milli dəyərlərinə söykənməklə bərabər, ümumbəşəri dəyərləri də qəbul etməsi və onlardan yararlanmasını nəzərdə tuturdu. Lakin Ümummilli lider Heydər Əliyev azərbaycançılıq ideologiyasının nəzəri cəhətdən elan edilməsi ilə məsələni bitmiş hesab etməyib və azərbaycançılığın dünyada olan bütün azərbaycanlılar üçün birləşdirici bir ideologiyaya çevrilməsi üçün xeyli tədbirlər həyata keçirib. Bu baxımdan, Dünya Azərbaycanlılarının I Qurultayının keçirilməsi və burada həmin ideyanın bütün dünyada yaşayan azərbaycanlılara çatdırılması olduqca əhəmiyyətli rol oynayıb. 31 dekabrın Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü kimi qeyd edilməsi, Xarici Ölkələrdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsinin yaradılması (hazırda Diasporla İş üzrə Dövlət Komitəsi), Ulu öndər Heydər Əliyevin xarici ölkələrə səfərləri zamanı azərbaycanlılarla görüşməsi, soydaşlarımızla əlaqələrin qurulması, Azərbaycan xalqının azərbaycançılıq ideyası ətrafında daha sıx birləşməsinə təkan verən amillər olub.
Azərbaycançılıq - milli birliyin ideoloji əsasıdır
Qeyd olunduğu kimi, azərbaycançılıq, eyni zamanda, Azərbaycanda yaşayan bütün xalqların vahid bir ideya ətrafında birləşməsi deməkdir. Çünki məhz azərbaycançılıq Azərbaycana qarşı bir çox istiqamətlərdən yönələn təhdidlərin, ölkəmizi etnik bölücülük əsasında parçalamaq cəhdlərinin qarşısında güclü ideoloji və siyasi sipər oldu. Azərbaycançılıq bizim keçmişimizdən gələn dəyər olaraq vahid Azərbaycanın ideya əsası, ölkədə bütün konfessiya və etnosların həmrəylik və anlaşma içində birgəyaşayışının tarixi təcrübəsidir.
Yeri gəlmişkən, Ulu öndər Heydər Əliyev öz çıxışlarında bir vacib məqamı hər zaman diqqətə çatdırıb ki, Azərbaycanın çoxmillətli, tolerant ölkə olması bizim böyük sərvətimizdir və biz bunu qoruyub saxlamalı, dünyaya ən yüksək səviyyədə təbliğ etməliyik: “Azərbaycan əhalisinin çoxmilli tərkibi bizim sərvətimizdir, üstünlüyümüzdür. Azərbaycanın ən başlıca sərvətlərindən biri qədimlərdən bu torpaqda yaşayan, öz taleyini, öz həyatını bu torpağa bağlayan müxtəlif dinlərə etiqad edən adamlardır. Biz bunu qiymətləndiririk və saxlayacağıq. Dövlət, ölkə nə qədər çox xalqı birləşdirsə, bir o qədər zəngin olur, çünki onların hər biri ümumdünya mədəniyyətinə və sivilizasiyasına öz töhfəsini verir. Azərbaycan onun ərazisində yaşayan bütün millət və xalqların ümumi Vətənidir. Azərbaycanlı sözü bizi həmişə birləşdirib”.
Elə, bu fikirlərdən irəli gələrək qeyd edə bilərik ki, azərbaycançılıq ideologiyası, bir tərəfdən, Azərbaycan türklərinin ölkədəki digər etnik qruplara tolerant münasibətinin, sülh içində yaşamaq istəyinin bariz göstəricisidirsə, digər yandan, Azərbaycanın Türk dünyasının ayrılmaz parçası olduğunun təsdiqidir. Tolerantlığı, polietnik zənginliyi özündə ehtiva edən azərbaycançılıq ideologiyası, eyni zamanda, Azərbaycanın monoetnik Ermənistanla apardığı informasiya mübarizəsində güclü siyasi və təbliğati silahdır. Çünki ifrat ksenofobiya, davakar millətçilik üzərində köklənən ermənilik ideologiyasından fərqli olaraq, azərbaycançılıq sağlam vətənpərvərlik ideologiyasıdır, onun mayasında başqa xalqlarla sülh içində yaşamaq, milli və dini dözümlülük fəlsəfəsi dayanır.
Bir sözlə, Azərbaycanda vətəndaş sülhünü, ümumxalq vəhdətini, milli və dini tolerantlığı təmin edən ideologiya olaraq azərbaycançılıq həm də milli həmrəyliyin universal formasıdır. Ümummilli lider Heydər Əliyevin 2001-ci ilin noyabrında Bakıda Dünya Azərbaycanlılarının I Qurultayında bəyan etdiyi tezislər isə, əslində, azərbaycançılığın, Azərbaycan təəssübkeşliyinin ən lakonik ifadəsi idi: “Biz istəyirik ki, müxtəlif ölkələrdə yaşayan azərbaycanlılar həmin ölkələrin vətəndaşı kimi, istədikləri kimi yaşasınlar. Ancaq heç vaxt öz milli köklərini, milli mənsubiyyətlərini itirməsinlər. Bizim hamımızı birləşdirən bu amillərdir. Bizim hamımızı birləşdirən, həmrəy edən azərbaycançılıq ideyasıdır. Azərbaycançılıq öz milli mənsubiyyətini, milli-mənəvi dəyərlərini qoruyub saxlamaq, eyni zamanda, onların ümumbəşəri dəyərlərlə sintezindən, inteqrasiyasından bəhrələnmək deməkdir”.
Azərbaycanın dünyaya tanıdılmasında azərbaycançılığın rolu
Əminliklə qeyd etmək olar ki, bu nəcib arzu bu gün uğurla həyata keçməkdədir. Prezident İlham Əliyev Azərbaycan xalqının azərbaycançılıq ideyası ətrafında birləşməsi yönündə çoxşaxəli və geniş fəaliyyət göstərir. Bu gün azərbaycançılıq dünyada olan 50 milyon azərbaycanlını vahid ideya ətrafında birləşdirir.
Azərbaycançılıq həm də Azərbaycanın tarixinin, mədəniyyətinin dünyada təbliği deməkdir. Azərbaycanın böyük ədib və mütəfəkkirlərinin, alimlərinin, mədəni irsimizin beynəlxalq miqyasda tanıdılması da bu işin mühüm tərkib hissəsidir. Əlamətdar haldır ki, bu istiqamətdə dövlət qurumları ilə yanaşı, qeyri-dövlət xəttilə də mühüm işlər görülür. Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, UNESCO-nun və İSESCO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban Əliyevanın bu sahədə gördüyü işlər Azərbaycan mədəniyyətinin, tarixinin təbliğinə böyük töhfədir. Azərbaycanın zəngin mədəni irsinin beynəlxalq səviyyədə layiqincə təqdim olunması nəticə etibarilə ölkəmizin beynəlxalq nüfuzuna xidmət edir. Dünyada qloballaşmanın yayıldığı zamanda bu prosesə öz milli-mənəvi irsi ilə qoşulmaq hər bir xalq üçün böyük önəm daşıyır. Azərbaycançılıq ideyası da məhz bu qlobal çağırışlara cavab verir.
Bu nöqteyi-nəzərdən azərbaycançılıq Azərbaycanın dünya birliyinə inteqrasiyasının ideya əsasını təşkil edir. Biz bu ideya ilə özümüzü dünyaya tanıdır, onu mütərəqqi dünya dəyərlərini (tolerantlıq, etnik müxtəliflik) özündə birləşdirən ideologiya kimi təbliğ edirik. Avropa ilə Asiyanın qovuşuğunda yerləşən Azərbaycan üçün bu ideologiya mədəniyyətlərarası dialoqa mühüm bir körpüdür.
Təsadüfi deyil ki, azərbaycançılığın cəmiyyətimizdə qəbul edilməsi və mənimsənilməsi çox qısa zaman ərzində baş verdi. Çünki bu ideologiyanın əsasını təşkil edən humanizm, xoşgörü, dini-etnik müxtəlifliyə tolerant münasibət, vətənə sədaqət kimi mənəvi dəyərlər Azərbaycan xalqının genetik xüsusiyyətləri olmaqla bütün dövrlərdə özünü göstərir. Lakin qeyd etdiyimiz kimi, müstəmləkə rejimdən müstəqil dövlətçiliyə keçid dövründə vəziyyəti gərginləşdirən obyektiv və subyektiv faktorların təsiri, eləcə də, respublikada gedən ictimai-siyasi proseslərdəki xaotik vəziyyət, iqtisadi tənəzzül, habelə ölkənin hərbi təcavüzlə üzləşməsi ilə eyni vaxtda xalq kütlələri arasında yaşanan təşviş və çaşqınlıq cəmiyyətdə mənfi tendensiyaların, mənəvi aşınmanın baş qaldırması ilə nəticələnmişdi. Vəziyyəti düzgün dəyərləndirən Ulu öndər azərbaycançılıq ideologiyasını siyasi-ictimai əhəmiyyət kəsb edən, dövlətçilik prinsiplərinin keşiyində duran sistemli konsepsiya şəklində cəmiyyətə təqdim etdi.
Bir sözlə, bu gün azərbaycançılıq respublikamızda tarixi ənənələrdən gələn müxtəlif xalqların, konfessiyaların nümayəndələrinin birgə qarşılıqlı anlaşma və harmoniya şəraitində yaşamasına və ölkənin gələcəyi naminə birgə çalışmasına zəmin yaradıb. Vahid milli ideologiyanın mövcudluğu insanları cəmiyyətin tamhüquqlu üzvü kimi özlərini topluma yararlı fərd kimi hiss etməyə, müəyyən məsuliyyət daşımağa və vətəndaşlıq borcunu yerinə yetirməyə ruhlandırır. Hazırkı dövrdə cəmiyyətimizdə mənəvi-psixoloji sabitliyin möhkəmlənməsinin əsas səbəbi dövlətin istər daxili, istərsə də xarici siyasətində azərbaycançılıq prinsiplərinə sadiq qalması gerçəkliyidir. Bu isə Azərbaycan cəmiyyətinin liberal-demokratik dəyərlərə uyğunlaşmasında, müasir dövlət quruculuğu prosesinin uğurla həyata keçirilməsində əsas amillərdən biri kimi özünü göstərir.
Hülya MƏMMƏDLİ

Paylaş:
Baxılıb: 1120 dəfə

Xəbər lenti

Hamısına bax

Sosial

Gündəm

Siyasət

YAP xəbərləri

Gündəm

Ədəbiyyat

Analitik

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30