Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / “Yarımçıq sülh” imzalanmayacaq

“Yarımçıq sülh” imzalanmayacaq

08.10.2024 [10:17]

Azərbaycan regionda əbədi və dayanıqlı normallaşma prosesi arzulayır

Vətən müharibəsindən ötən 4 il ərzində Cənubi Qafqazda cərəyan edən siyasi - hərbi proseslər bölgənin sabit və real inkişafı üçün əsas şərt kimi sülhü aktuallaşdırır. 2022-ci ildə qalib Azərbaycanın təşəbbüsü ilə ortaya çıxan prosesə ötən dövr ərzində bir neçə dəfə Ermənistan tərəfindən maneələr olub - uzun müddətdir ki, sülhə qarşı aparılan sabotaj, manipulyasiya cəhdləri, ləngitmə halları İrəvanın məsələdəki qeyri-adekvat mövqeyindən xəbər verir. Halbuki Azərbaycanın təqdim etdiyi şərtlər beynəlxalq hüquqa söykənməklə, mövcud həqiqətləri əks etdirməklə yanaşı, Ermənistanın özünü real dövlət olaraq təsdiqləməsi üçün yeni zəmin yaradır. Ortaya çıxan situasiyadan istifadə etməklə İrəvan beynəlxalq münasibətlər sistemində real dövlət olaraq qiymətləndirmə imkanı qazanacaq. Ölkəmizin təqdim etdiyi dövlətlərin bir-birlərinin suverenliyi, ərazi bütövlüyü, beynəlxalq sərhədlərinin toxunulmazlığı və siyasi müstəqilliyini qarşılıqlı şəkildə tanıması, dövlət sərhədinin delimitasiyası və demarkasiyası, diplomatik münasibətlərin qurulması, o cümlədən, nəqliyyat və kommunikasiyaların açılışı və bu kimi müddəalar Ermənist?nın gələcəyi üçün vacib perspektiv vəd edir.

Vurğulandığı kimi, Ermənistan 2 ildir ki, bu və ya digər bəhanələrlə, ləngitmələrlə sülhün gerçəkləşməsini yubadır. Maraqlıdır ki, hər iki tərəf aparılan müzakirələrdə müddəaların bir çoxunun razılaşdırıldığını təsdiqləyir. Razılaşdırılmayan bəndlər, daha doğrusu, Ermənistanın Azərbaycanın hüquqi çağırışlarına cavab verməməsi sülhün imzalanmasına maneə yaradır.

İrəvanın yeni manipulyasiyası

Son zamanlarda isə İrəvan yeni manipulyasiyaya əl atmaq niyyətinə düşüb - məğlub ölkə razılaşdırılmamış müdəəaları sülh müqaviləsindən çıxarmaqla imzalamaq istəyir. Sentyabrın 23-də VII çağırış Milli Məclisin ilk iclasında çıxış edən Prezident İlham Əliyev məsələyə toxunaraq bildirmişdi ki, Ermənistan bu məsələni süni şəkildə uzadır. Çünki bu günə qədər - bizim birinci layihəmiz Ermənistana göndəriləndən bu günə qədər 10 şərhlər mübadiləsi olmuşdur və hər dəfə müəyyən müddəalar razılaşdırılırdı, yəni bu işdə tərəqqi var idi: “Bunu biz necə var, elə də deməliyik. Amma bununla yanaşı, aylar keçdikcə, təbii olaraq biz gözləyirdik ki, Ermənistan öz şərhlərini bizə daha operativ və çevik verəcək. Ancaq biz bunun tam əksini gördük. Son variantın onlardan alınmasını biz 70 gün gözləməli olduq. İyunun 24-də bizim şərhlərimiz onlara göndərildi və avqustun sonunda, ya da ki, sentyabrın əvvəlində onlar bizə cavab göndərmişdilər. Bu cavab nədən ibarət idi? Bütün razılaşdırılmamış müddəalar onların variantında sülh müqaviləsindən çıxarıldı. Yəni, bu dərəcədə primitiv və qeyri-adekvat addım, sözün düzü, gözlənilən deyildi. Mətndən çıxarılmış, yəni onların istəyi ilə çıxarılması nəzərdə tutulan müddəalar vacibdir. Onlarsız sülh müqaviləsi natamam olacaq”.

İndiki halda rəsmi İrəvanın mövqeyi isə birmənalı şəkildə sabotaja xidmət edir - onlar yarmıçıq sülh imzalamaqla prosesin dayanıqlı və əbədi struktura malik olmasını təmin etmək istəmirlər. Məsələn, bir müddət öncə Ermənistan parlamentinin sədri, Alen Simonyan  bildirmişdi ki, Azərbaycanın siyasi iradəsi varsa, bu gün sülh müqaviləsinin razılaşdırılmış bəndlərini imzalamaq imkanı var. Simonyanın sözlərinə görə, Ermənistan Konstitusiyası sülhün imzalanmasına heç bir maneə yaratmır və Azərbaycan tərəfinin Ermənistanın Əsas Qanununa istinadları doğru deyil.

Zaman keçdikcə bu tip “çağırışlar” daha da intensivləşir. Ermənistan yarıçmıq sülh imzalamaq üçün hərtərəfli “kampaniya” aparır. Məsələn, Ermənistan Xarici İşlər Nazirliyinin sözçüsü Ani Badalyan “Armenpress”ə müsahibəsində bildirib ki, İrəvan yenidən Bakını COP-29-dan əvvəl sülh sazişi imzalamağa dəvət edir.

İlk baxışdan özünü sülhpərvər qiyafədə təqdim etməyə çalışan İrəvanın əsl məqsədi tez-tələsik razılaşdırılmış bəndlərin üzərində “sülh müqaviləsi”fonu yaratmaq və onu imzalamaqdır. Halbuki...

Konstitusiya dəyişməlidir...

Sülh üçün ilkin şərtlərdən bəlkə də birincisi Ermənistan konstitusiyasında dəyişikliklərin edilməsidir. Söhbət ondan gedir ki, Ermənistanın Müstəqillik Bəyannaməsinin preambulasında “Ermənistan SSR Ali Sovetinin və Dağlıq Qarabağ Milli Şurasının 1 dekabr 1989-cu il tarixli “Ermənistan SSR-yə yenidən birləşmək haqqında” birgə qondarma qərar yer almaqdadır. Yəni rəsmi olaraq Ermənistan hələ də 4.4 min kv km-lik Azərbaycan torpağına iddia ortaya qoyur. Bu düzəliş olmadan sülhün imzalanması isə mümkün deyil - bu “yarımçıq sülh” ola bilər. Yeri gəlmişkən, bir müddət öncə BMT Baş Assambleyasının 79-cu sessiyasının ümumi müzakirələrində çıxış edən Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov bildirmişdi ki, prosesi məntiqi sonluğa çatdırmaq xüsusunda bizim sadiqliyimiz və qətiyyətimiz dəyişməz olaraq qalır. Normallaşma prosesinin başa çatdırılması üçün Ermənistan konstitusiya dəyişikliklərini həyata keçirməklə hüquqi müstəvidə Azərbaycana qarşı ərazi iddialarından birdəfəlik imtina etməlidir: “Azərbaycanın suverenliyinin və ərazi bütövlüyünün tanınması məsələsi hüquqi boşluqda qaldığı, habelə, daxili hüquqi və ya siyasi ssenarilərdən asılı olduğu təqdirdə, sülh və mehriban qonşuluq münasibətlərinin qurulması dayanıqlı və dönməz ola bilməz. Qonşulara qarşı irredentizm və ərazi iddialarının səbəb olduğu bu qədər ağrı və iztirablardan sonra “yarımçıq sülh” seçim ola bilməz”.

Azərbaycan öz siyasətini uzaq gələcək üçün fokuslayır...

Burada əsas “ştrix” Ermənistanın sülh müqaviləsini məhz qısa variantda imzalamaq istəyini irəli sürməsidir - onların məqsədi və məramı isə bəllidir. Ermənistan razılaşdırılmış bəndlərdən ibarət müqavilə hazırlayaraq tələm-tələsik imzalamaqla prosesi öz xeyirinə inkişaf etdirmək istəyir. Belə olduğu halda, müqavilə əbədi sülhü təmin edə bilmir - ən azından Ermənistan Konstitusiyasındakı məlum ərazi iddiaları bu müqaviləni hər an hüquqi qüvvədən sala bilər. Bu isə Azərbaycanın sülh baxışları ilə ziddiyyət təşkil edir.

Başqa sözlə, həmin müddəaların sülh müqaviləsində olmaması Ermənistanın gələcəkdə yenidən işğalçı mövqedən çıxış etməsinə “yardım” edə bilər. Bütün hallarda Ermənistanda baş verə biləcək hər hansı siyasi dəyişiklik, hakimiyyət dəyişikliyi bu sülh müqaviləsindən imtina imkanları verir.

Azərbaycan dövləti hər bir addımını, qərarını planlaşdırılmış və düşünülmüş şəkildə atır - biz dövlət siyasətimizi yaxın hədəflər üçün müəyyənləşdirmirik, əksinə, bütün addımlarımızı möhkəm özüllər üzərində formalaşdırıraq uzaq gələcək üçün fokuslayırıq. Amma Ermənistan bununla bağlı dərindən düşünməlidir - yalançı dəstəklərə uyan İrəvan 30 il inkişafdan, regional əməkdaşlıqdan  kənarda qalıb. Bu dəfə daha təhlükəli oyuna “baş vururlar” - bu isə həm ermənilərin özləri, həm də onların dövlətçiliyi üçün pis nəticələr vəd edir...

P.İSMAYILOV

Paylaş:
Baxılıb: 528 dəfə

Xəbər lenti

Hamısına bax

Sosial

Gündəm

Siyasət

YAP xəbərləri

Gündəm

Ədəbiyyat

Analitik

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30