Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / Ulu öndər Heydər Əliyevin bütün fəaliyyəti Azərbaycanla bağlı olub

Ulu öndər Heydər Əliyevin bütün fəaliyyəti Azərbaycanla bağlı olub

09.01.2013 [02:46]

Leonid Kravçuk: Heydər Əliyev mənim yadımda millətçi azərbaycanlı kimi qalıb
Bəşəriyyət əsrlər boyu çox böyük şəxsiyyətlərə, sərkərdələrə, onların əldə etdikləri şanlı qələbələrə şahidlik edib, bu şəxsiyyətlərin qurub yaratdıqları, miras qoyduqları dövlətçilik ənənələri, intibah xalqlarının gələcəyinə işıq tutub, onların bəlkə də yüz illər sonrakı tarixdə mövqeyini müəyyənləşdirib. Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyev də belə tarixi şəxsiyyətlərdən biridir. Ulu öndər Heydər Əliyevin xalqımız və dövlətimiz qarşısındakı misilsiz xidmətləri Azərbaycan tarixinin şanlı səhifələrini təşkil etməkdədir. Yeri gəlmişkən, xarici ölkələrin tanınmış dövlət adamları, ictimai-siyasi xadimləri də Ulu öndər Heydər Əliyev haqqında danışarkən, ilk növbədə, Onun ölkəmizə və xalqımıza misilsiz, əvəzedilməz dəyərlər bəxş etməsi, həmçinin, daima Azərbaycanın inkişafı üçün çalışmasını xüsusi qeyd edirlər. Bunlardan biri də Ukraynanın ilk prezidenti Leonid Kravçukdur. APA-ya müsahibəsində keçmiş SSRİ-nin süqutu, həmçinin, MDB-nin yaranması barədə bir sıra sualları cavablandıran sabiq prezident deyib ki, Azərbaycan da həmin dövrdə çox çətin yol keçdi: “Azərbaycanda artıq yeni adamlar hakimiyyətdə idilər. Onlar Azərbaycanın əvvəlki kimi yaşamasını istəmirdilər. Amma eyni zamanda, yeni nəsə yaratmaqda da çətinlik çəkirdilər. Onlar MDB-yə qarşı çox aqressiv və mənfi münasibət göstərirdilər. Nəhayət, sizdə artıq idarəçilik təcrübəsi olan Heydər Əliyev hakimiyyətə gəldi və dövləti bərpa etməyi bacardı”.
Onun bütün fəaliyyəti Azərbaycanla bağlı idi
Müsahibəsində Ulu öndər Heydər Əliyevi çox yaxından tanıdığını deyən Leonid Kravçuk bu tanışlığın tarixinə də toxunub: “Mən Onu çox yaxından tanıyırdım, özü də bu tanışlıq Heydər Əliyevin Azərbaycan SSR-də olan birinci katiblik dövründən başlayıb. O vaxt Heydər Əliyev daha çox Mərkəzi Komitənin iclaslarındakı çıxışları ilə yadda qalırdı, hamı Ona məğrur Əliyev deyirdi. Heydər Əliyevin SSRİ Nazirlər Sovetinə birinci müavin getdiyi vaxtlar da yadımdadır. O vaxt Onun üçün hər şey o qədər asan olmadı. Çünki O istədiyi yerdən ayrılmışdı, Azərbaycandan. Mən hesab edirəm ki, o vaxt Kreml onluq deyildi, çünki Heydər Əliyev Azərbaycanda özünü daha yaxşı hiss edirdi, bütün fəaliyyəti Azərbaycanla bağlı idi”.
Bəli, cənab Kravçukun da bildirdiyi kimi, Ulu öndərin bütün fəaliyyəti Azərbaycanla bağlı olub. Bunun təsdiqi üçün isə sadəcə tarixə nəzər salmaq kifayətdir. Məlum olduğu kimi, 1969-cu ilədək Azərbaycan keçmiş SSRİ-nin tərkibində yalnız xammal mənbəyi kimi çıxış edir, bütün sahə və istiqamətlər üzrə ən geridə qalmış respublikaların başında gəlirdi. Amma Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin 1969-cu il iyul plenumunda Heydər Əliyevin Azərbaycan KP MK-nın birinci katibi seçilərək respublikanın rəhbəri olması ölkəmizin Sovet dövrü tarixində dönüş nöqtəsi oldu.
Ulu öndər fundamental strateji tədbirlər görməklə, davamlı və nizamlı inkişafı təmin etməyi bacardı. Qısa müddətdə Azərbaycan SSRİ səviyyəsində sənaye istehsalının artım sürətinə görə ilk yerdə qərarlaşdı. Bununla yanaşı, kənd təsərrüfatı sənaye təməli üzərində inkişaf etdirildi və istehsal olunan məhsulların orta illik həcmi mütəmadi surətdə artırıldı. Artıq 1982-ci ildə kənd təsərrüfatı məhsullarının istehsal həcmi ilk dövrlərlə müqayisədə 6 dəfə artırılmışdı ki, bu da aqrar sektorun inkişafı yönündə həyata keçirilən siyasətin səmərəliliyindən xəbər verirdi. Eyni zamanda, neft sənayesində də tənəzzül meyilləri aradan qaldırıldı, bəhs edilən sahədə ehtiyatlardan səmərəli istifadə etməklə davamlı və nizamlı inkişafın əsası qoyuldu. Strateji sahə olan təhsil sektorunda da ardıcıl və davamlı islahatlar həyata keçirildi ki, bu da kadr potensialının formalaşdırılması və təkmilləşdirilməsi işinə fundamental töhfələr bəxş etmiş oldu. Əvvəla, təhsil sektorunun maddi-texniki bazası yaxşılaşdırıldı. Ulu öndər Heydər Əliyevin xüsusi diqqət və qayğısının fonunda kadr potensialının formalaşdırılması və təkmilləşdirilməsi istiqamətində azərbaycanlı gənclər SSRİ miqyasında fəaliyyət göstərən ali təhsil müəssisələrinə göndərildilər.
“Heydər Əliyev ikinci dəfə siyasi hakimiyyətə gəlişi ilə Azərbaycanı düzgün inkişaf istiqamətinə yönəltdi”
Ukraynanın sabiq rəhbərinin məlum müsahibəsində də qeyd etdiyi kimi, Heydər Əliyev ikinci dəfə siyasi hakimiyyətə gəlişi ilə Azərbaycanı düzgün inkişaf istiqamətinə yönəltdi. Belə ki, mürəkkəb siyasi problemlər məngənəsində olan ölkəmizdə Ulu öndərin praqmatik və rasional strateji siyasi kursu sayəsində sabitlik əldə edildi. Eyni zamanda, erməni işğalının qarşısının alınması istiqamətində əhəmiyyətli strateji və taktiki gedişlər edildi. 1994-cü ildə atəşkəsin əldə olunması ilə Ermənistanın işğalçı ekspansiyasi dayandırıldı. Bununla da, dövlət quruculuğu prosesinin ardıcıl surətdə davam etdirilməsi, ölkədaxili sabitliyin təmin olunması və möhkəmləndirilməsi baxımından əlverişli siyasi zəmin yaradıldı.
Bunun ardınca bir neçə istiqamətdə paralel və ardıcıl şəkildə əhəmiyyətli işlər görüldü. Belə ki, 12 noyabr 1995-ci il tarixində ümumxalq səsverməsi-referendum yolu ilə müstəqil Azərbaycan Respublikasının Konstitusiyası qəbul edildi. Daha sonra parlament seçkilərinin keçirilməsi dövlətçiliyin siyasi-hüquqi əsaslarının möhkəmləndirilməsinə mühüm töhfə verdi. Bu proseslərə paralel olaraq vətəndaş cəmiyyətinin formalaşdırılması və hüquqi dövlətin fundamental komponentlərinin mütləq surətdə bərqərar olunması yönündə əhəmiyyətli addımlar atıldı. Ulu öndər Heydər Əliyevin humanist siyasəti sayəsində 1995-ci ilin may ayında əfv və amnistiya təsisatları bərpa edildi. Buna paralel olaraq insan hüquqlarına riayət olunması üzərində parlament nəzarətini təşkil etmək üçün insan hüquqları müvəkkili (Ombudsman) təsisatı yaradıldı. Bütün bunlar isə ölkəmizdə insan və vətəndaş hüquq və azadlıqlarının təmini və gücləndirilməsi istiqamətində əhəmiyyətli faktor kimi çıxış etdi. Eyni zamanda, 1993-cü ildən Ulu öndərin şəxsi təşəbbüsü ilə icrasına moratorium qoyulmuş ölüm hökmü 10 fevral 1998-ci il tarixli Qanunla tamamilə ləğv olundu. Beləliklə, insan və vətəndaş hüquq və azadlıqlarının əhatə dairəsi genişləndirildi. Bu isə demokratikləşmə prosesini olduqca sürətləndirdi.
Ulu öndər, həmçinin, iqtisadiyyatın dirçəldilməsini başlıca prinsiplərdən biri kimi müəyyənləşdirdi. Yenicə müstəqillik əldə etmiş və müharibə şəraitində yaşayan bir ölkə olan Azərbaycan Ulu öndərin rəhbərliyi ilə həyata keçirilən iqtisadi tədbirlər nəticəsində beynəlxalq aləmdə etibar qazandı. Həyata keçirilən məqsədyönlü siyasət əksər iri beynəlxalq şirkətlərin, xarici investorların diqqətini ölkəmizə yönəltdi. Ümummilli liderimizin gərgin əməyinin və möhkəm iradəsinin bəhrəsi olan “Əsrin müqaviləsi”nin imzalanmasıyla isə Azərbaycanın bir müstəqil dövlət kimi beynəlxalq arenadakı mövqeyi möhkəmləndi.
Ölkə daxilində atılan bu addımlarla yanaşı, Ulu öndərin məqsədyönlü və uzaqgörən xarici siyasət strategiyası sayəsində Azərbaycan beynəlxalq münasibətlər sisteminin müstəqil aktoruna çevrildi. Bununla yanaşı, ölkəmiz regionda reallaşdırılan transmilli layihələrin mərkəzi oyunçusu qismində çıxış etməklə Cənubi Qafqazda yeni formatlı və keyfiyyətli əməkdaşlıq platformalarının gerçəkləşməsinə təkan verdi.
Bir sözlə, Ümummilli lider Heydər Əliyevin əsasını qoyduğu və hazırda Prezident İlham Əliyev tərəfindən davam etdirilən praqmatik xarici siyasət strategiyası nəticəsində Azərbaycan dünya siyasətinin layiqli təmsilçilərindən birinə çevirilib.
Ulu öndər milli düşüncənin repressiyalara, təqiblərə məruz qalmasının qarşısını aldı
Leonid Kravçukun məlum müsahibəsində “Mənim yadımda Heydər Əliyev millətçi azərbaycanlı kimi qalıb” deməsinə gəlincə, bunun da fundamental əsasları var. Kimsəyə sirr deyil ki, müstəqil dövlətin qurulmasına aparan yol müstəqil düşüncədən başlayır. Ulu öndər Heydər Əliyev də müasir və müstəqil düşüncəli rəhbər kimi Azərbaycana birinci rəhbərliyi dövründə, ilk növbədə, milli genetik ruhu qorudu. Milli düşüncənin repressiyalara, təqiblərə məruz qalmasının qarşısını aldı. Əlbəttə, SSRİ rəhbərliyinin imperiyanın əsarətindəki xalqlara, xüsusilə də türk-müsəlman xalqlarına qarşı milli və dini soyqırımı siyasəti həyata keçirdiyi bir dövrdə müstəqil düşüncəli ziyalıları qorumaq, onları sovet rejiminin təhdidlərindən hifz etmək heç də asan məsələ deyildi. Bunu yalnız Heydər Əliyev kimi bütün varlığı ilə milli ideallara bağlı, vətənpərvər lider bacara bilərdi. Və məhz Onun atdığı cəsarətli addımlar sayəsində ötən əsrin 70-ci illərində Azərbaycanda milli dövlətçilik və müstəqillik ideyaları ictimai düşüncədə daha sürətlə yer almağa başladı.
Belə ki, hakim ideologiya ilə uzlaşmayan “Gülüstan” poemasının müəllifi, mərhum şairimiz Bəxtiyar Vahabzadəni həbs olunmaq təhlükəsindən qoruyan da, Bakıda Nəriman Nərimanovun abidəsini ucaltmaq üçün iki ilə yaxın mübarizə aparan da, dahi dramaturq Hüseyn Cavidin nəşini uzaq Sibirdən Azərbaycana gətirmək üçün ən sərt maneələrə mərdliklə sinə gərən də məhz Ulu öndər Heydər Əliyev idi. Mərhum akademik Ziya Bünyadovun “Atabəylər dövləti” kitabını Dövlət Mükafatına layiq görən Heydər Əliyev ermənilərin sərt ittihamları ilə üzləşsə də, qətiyyətli addımlarını davam etdirirdi.
Əksər ekspertlərin də vurğuladıqları kimi, Ulu öndər Azərbaycanı hansısa mərhələdə milli müstəqilliyə qovuşdurmaq üçün xalqın zəngin milli-mənəvi irsini, tarixini, mədəniyyətini, dilini, bir sözlə, özünəməxsusluğunu şərtləndirən dəyərləri qorumağa çalışırdı. O, həmçinin, böyük fədakarlıq hesabına 1978-ci ildə qəbul olunan Azərbaycan SSR-nin Konstitusiyasında Azərbaycan dilinin rəsmi dövlət dili kimi təsbit edilməsinə nail oldu. “Müasir Azərbaycan dili” və “Azərbaycan dili” dərslikləri hazırlandı, üç cildlik “Müasir Azərbaycan dili” dərsliyinə Dövlət Mükafatı verildi. Bu məqamda vurğulamaq yerinə düşər ki, Ümummilli liderimizin 1993-cü ilin iyununda xalqın təkidli tələbi ilə yenidən siyasi hakimiyyətə qayıtmasından sonra da Azərbaycan dilinin inkişafı istiqamətində mühüm addımlar atıldı, Fərman və sərəncamlar imzalandı. Dilimizin inkişafında dövlət qayğısının parlaq təzahürü olan Fərman və sərəncamlar, o cümlədən, “Azərbaycan dili gününün təsis edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin Fərmanı, “Azərbaycan Respublikasında dövlət dili haqqında” Azərbaycan Respublikasının Qanunu, “Azərbaycan Respublikasının dövlət dili haqqında Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin Fərmanı, “Azərbaycan Milli Elmlər Akademiyasının statusu haqqında” Azərbaycan Respublikası Prezidentinin Fərmanı, “Azərbaycan Milli Ensiklopediyasının nəşri haqqında” Azərbaycan Respublikası Prezidentinin Sərəncamı, “Azərbaycan dilində latın qrafikası ilə kütləvi nəşrlərin həyata keçirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin Sərəncamı, habelə, dil və təhsil quruculuğu ilə əlaqədar olan normativ sənədlər, aktlar milli dəyərimiz olan dilimizlə bağlı müasir tələblərə cavab verən yeni nümunələrin meydana çıxmasına imkan verdi.
Bundan başqa, Sovet dövründə Bakıda türkçülüyü tədqiq edən sanballı “Türkologiya” jurnalının nəşrə başlaması böyük əzmin, fədakarlığın, dönməzliyin nəticəsi idi. Beləliklə, vətənpərvər rəhbər çox qısa zamanda cəmiyyəti bütün sahələr üzrə mənəvi yüksəlişə ruhlandırmağı, ona qol-qanad verməyi bacardı. Nizami, Füzuli, Nəsimi, Vaqif, Cəfər Cabbarlı, Səməd Vurğun, Üzeyir Hacıbəyli, Qara Qarayev, Fikrət Əmirov və digər dühaların əsərləri Sovet sərhədlərini aşaraq dünya arenasına çıxdı. Azərbaycanın ədəbiyyatına, mədəniyyətinə, musiqisinə diqqət artdı. Bəxtiyar Vahabzadənin “Latın dili” şeirinin və “Gülüstan” poemasının, İsmayıl Şıxlının “Dəli Kür” romanının, “Dədə Qorqud”, “Babək”, “Bir cənub şəhərində”, “İstintaq” filmlərinin, “Şəhərin yay günləri” tamaşasının məhz ötən əsrin 70-ci illərinin məhsulu olmasını, həmçinin, “Qobustan” ədəbi-publisistik jurnalının nəşrini də Ulu öndərin milli-mənəvi dəyərlərimizin qorunması və inkişaf etdirilməsi istiqamətində göstərdiyi fəaliyyətin nəticəsi kimi dəyərləndirmək olar.
Təsadüfi deyil ki, məhz həmin illərdə Azərbaycanın kino sənəti sürətlə inkişaf etdi, milli qəhrəmanlıq ruhunda filmlər çəkildi. Eyni zamanda, teatrlarda insanlarda milli azadlığı gücləndirən yeni-yeni əsərlər səhnəyə qoyuldu. Həmin vaxt Ulu öndər Heydər Əliyev özü də bu qəbildən olan bədii-kütləvi tədbirlərdə şəxsən iştirak edir, bunu digər məmurlara da təlqin etməyə çalışırdı.
Bir sözlə, bütün bunlar, eyni zamanda, Ulu öndər Heydər Əliyevin müstəqil Azərbaycana rəhbərlik etdiyi dövrdə milli-mənəvi dəyərlərimizin, Azərbaycan dilinin qorunması, həmçinin, xalqın adət-ənənələrinin gələcək nəsillərə çatdırılması istiqamətində mühüm addımların atılması, milli həmrəyliyi və bütövlüyü təmin edəcək fundamental mənəvi faktor olan milli ideologiyanın-azərbaycançılıq ideologiyasının müəyyən edilməsi və ondan milli siyasətin tərkib hissəsi kimi səmərəli istifadə mexanizminin həyata keçirilməsi, müxtəlif ölkələrdə yaşayan azərbaycanlıların bir araya gətirilməsi, diasporanın inkişaf etdirilməsi Leonid Kravçukun “Mənim yadımda Heydər Əliyev millətçi azərbaycanlı kimi qalıb” fikirlərinin tamamilə əsaslı olduğunu təsdiqləyir.
Bildirmək yerinə düşər ki, məhz Ulu öndərin əsasını qoyduğu azərbaycançılıq ideologiyası ölkəmizdə siyasi mənsubiyyətindən və dini əqidəsindən asılı olmayaraq, bütün etnik qrupların, milli azlıqların hüquqlarını paritet əsasda təsbit etdiyindən milli həmrəylik mənbəyinə çevrilib. Başqa sözlə, ictimai şüurun spesifik səviyyəsi kimi müstəqil Azərbaycan dövlətinin ideya əsasına və dünya azərbaycanlılarını birləşdirən milli məfkurəyə çevrilən azərbaycançılıq ideologiyası ölkədəki bütün konfessiya və etnosların həmrəylik və qarşılıqlı anlaşma mühitində yaşamasını təmin edən mənəvi mexanizm səciyyəsi daşıyır.
Bu məqamda qeyd edək ki, məhz Ulu öndərin təşəbbüsü ilə 31 dekabr tarixinin Dünya Azərbaycanlılarının Həmrəylik Günü kimi qeyd olunmasına dair qərarın qəbul edilməsi də Heydər Əliyevin bir millətçi azərbaycanlı olduğunu sübuta yetirir.
P.S. 31 dekabr tarixinin Dünya Azərbaycanlılarının Həmrəylik Günü kimi qeyd olumasına gəlincə, əksər ekspertlərin də vurğuladıqları kimi, bu Ulu öndərin mütərəqqi, uzaqgörən və düşünülmüş bir addımı idi. Çünki bu qərarın verilməsi ilə həmin vaxta qədər sadəcə təqvimin dəyişilməsi üçün qeyd olunan bir tarixə millilik qatıldı. 1991-ci ilin 16 dekabrında Ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə Naxçıvan Muxtar Respublikasının Ali Məclisi tərəfindən təsis edilən bu tarix dünya azərbaycanlılarının vahid bayramı halına gətirildi.
Beləliklə, Prezident İlham Əliyevin bəyan etdiyi kimi, milli birliyimizin rəmzinə çevrilmiş 31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəylik Gününü hər il bütün soydaşlarımız ən əziz bayramlarından biri kimi qeyd edirlər: “1991-ci ilin dekabrında Ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə Naxçıvan Muxtar Respublikasının Ali Məclisi tərəfindən təsis edilmiş və az sonra bütün ölkə miqyasında qəbul olunmuş bu bayram hər bir azərbaycanlıda öz ana Vətəninə məhəbbət, xalqına sədaqət, tarixi və mədəniyyətinə hörmət kimi nəcib hissləri gücləndirir, bizi birləşdirən mənəvi-əxlaqi dəyərlərin sonrakı nəsillərə ötürülməsinə xidmət edir. Azərbaycan dövləti dünyanın müxtəlif ölkələrində yaşayan azərbaycanlılar arasında birlik və həmrəyliyin möhkəmləndirilməsini, onların mütəşəkkil, çevik və təsirli qüvvəyə çevrilməsini vacib vəzifə olaraq daim diqqətdə saxlayır, bu mühüm prosesə hərtərəfli dəstək verir”.
Nadir AZƏRİ

Paylaş:
Baxılıb: 1259 dəfə

Xəbər lenti

Hamısına bax

Sosial

Gündəm

Siyasət

YAP xəbərləri

Gündəm

Ədəbiyyat

Analitik

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30