Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / 2013-cü il “İnformasiya-kommunikasiya texnologiyaları ili” elan olunub

2013-cü il “İnformasiya-kommunikasiya texnologiyaları ili” elan olunub

17.01.2013 [02:29]

2012-ci ildə İKT sektorunun artım tempi ümumdünya orta artım tempindən təxminən 2,5 dəfə yüksək olub
Məlum olduğu kimi, müasir dövrdə informasiya-kommunikasiya texnologiyaları (İKT) cəmiyyətin inkişafına təsir göstərən əsas amillərdən birinə çevrilərək dövlət strukturlarını, sosial-iqtisadi sahələri, elm və təhsili, bir sözlə, bütövlükdə insanların həyatını əhatə edib. İnformasiya və kommunikasiya texnologiyalarının tətbiqinin səviyyəsi hər bir ölkənin intellektual və elmi potensialının, dövlət idarəçiliyində şəffaflığın, demokratiyanın inkişafının əsas göstəricilərindən birinə çevrilib. 20 illik müstəqillik dövründə dünyada özünü dinamik inkişaf edən, açıq iqtisadiyyata və inkişaf etmiş infrastruktura malik bir ölkə kimi tanıdan Azərbaycan da İKT sektorunun sürətli inkişafına çalışır. Xüsusilə, bu sahədə 2003-cü ilin fevralında Ümummilli lider Heydər Əliyev tərəfindən imzalanan xüsusi Fərman ilə regionda ilk dəfə olaraq qəbul edilən İKT-nin inkişafı üzrə 10 illik Milli Strategiyanın əhəmiyyəti böyükdür. Qeyd edək ki, sözügedən strategiya 2012-ci ildə başa çatıb. Bundan əlavə, İKT-nin daha sürətli inkişafı üçün 2012-ci ildə İKT-nin İnkişafı Dövlət Fondu, Yüksək Texnologiyalar Parkı, İnformasiya Təhlükəsizliyi Mərkəzi və İnformasiya Təhlükəsizliyi üzrə Dövlət Agentliyinin yaradılması üzrə Azərbaycan Respublikası Prezidentinin Sərəncam və fərmanları imzalanıb. İKT məhsul və xidmətlərinin ixrac həcminin artırılması üçün vergi güzəştlərinin tətbiqinə qərar verilib. Digər tərəfdən, ötən il dekabrın 29-da imzalanan Fərmanla “Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyasına əsasən, bu ildən ölkəmizdə yeni bir inkişaf dövrü başlayır və konsepsiyanın hədəflərinə çatmaq üçün İKT sahəsinin üzərinə yeni və məsuliyyətli vəzifələr qoyulub. Təsadüfi deyil ki, yanvarın 15-də Nazirlər Kabinetinin 2012-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və 2013-cü ildə qarşıda duran vəzifələrə həsr olunmuş iclasında çıxış edən Prezident İlham Əliyev bu ildə nəzərdə tutulan prioritetləri sadalayarkən İKT sektorunun inkişafına xüsusilə toxunub: “Bu müstəqillik dövründə doğrudan da, biz elə böyük uğurlara imza atmışıq ki, hər bir Azərbaycan vətəndaşı bununla fəxr edə bilər. Onların içində peykin buraxılması xüsusi yer tutur. Bu, həm böyük məna daşıyır, həm də bunun böyük rəmzi mənası vardır. Əminəm ki, bu hadisə gələcəkdə müasirliyə, inkişafa doğru atılan addımlarımızı artıracaqdır. Bu hadisəni və ümumiyyətlə, İKT sahəsinə verilən diqqəti və bu sahədə əldə edilmiş uğurları nəzərə alaraq mən 2013-cü ili “İnformasiya-kommunikasiya texnologiyaları ili” elan edirəm və hesab edirəm ki, 2013-cü ildə bu sahədə biz daha da böyük nailiyyətlərə çatmalıyıq”.
Ümumiyyətlə, rəsmi məlumatlara görə, Azərbaycanda İKT sektoru təxminən hər 3 ildə iki dəfə genişlənir. Təqribən 10-15 ildən sonra bu sahədən əldə ediləcək gəlirlər neft sektorundan əldə ediləcək gəlirlərə yaxınlaşacaq. Yeri gəlmişkən, 2012-ci ildə sektorun artım tempi təxminən 18 faiz olub. Bu rəqəm isə ümumdünya orta artım tempindən təxminən 2,5 dəfə yüksəkdir. Hesabat ilində sektora 400 milyon ABŞ dollarından çox investisiya qoyulub.
Qeyd edək ki, xüsusilə, ölkənin regionlarında rəqəmsal sistemin tətbiqi, internetin, müasir rabitə və kommunikasiya texnologiyalarının inkişafına diqqət yetirilir. Bu təkcə sosial-iqtisadi deyil, həm də mədəni-intellektual inkişafa, insan kapitalının formalaşmasına xidmət edir. MDB ölkələri sırasında ilk dəfə 2008-ci ildə Azərbaycanda bütün yaşayış məntəqələri telefonlaşdırılıb, 2010-cu ildə isə tam elektronlaşdırılıb. Keçən il şəbəkəyə, təxminən 20 min nömrə də əlavə olunaraq, “yeni nəsil şəbəkəsi” texnologiyaları tətbiq olunub.
Bu gün Azərbaycanda mobil rabitə və internet xidməti inkişaf edir, internet istifadəçilərinin sayı sürətlə artır. Son 3 ildə Azərbaycan MDB ölkələri arasında geniş regionda İnternet istifadəçilərinin sıxlığına görə liderdir. 2012-ci ildə bu rəqəm təxminən 70 faizə yaxınlaşıb. Ötən ildə İnternet xidmətlərinin keyfiyyəti də yüksəlib, 2011-ci illə müqayisədə xaricə çıxış tutumu 2,2 dəfə artıb, qiymətlər isə təxminən 35 faiz azalıb. Bu gün Azərbaycanda 1 meqabit-saniyə xidmətinin qiyməti orta əmək haqqının təxminən 3 faizi qədərdir. Müqayisə üçün qeyd edək ki, inkişaf etməkdə olan ölkələr üçün bu rəqəm orta hesabla 20 faiz civarındadır. Bildirək ki, Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi (RİTN) və Dövlət Neft Fondu Azərbaycanda “evlərə optika” modeli üzrə ölkənin bütün yaşayış məntəqələrinə yüksəksürətli genişzolaqlı İnternet xidmətlərini verən optik şəbəkənin qurulması üzrə layihə hazırlayıb və 2013-cü ildə artıq bu layihəyə 103 milyon manat vəsait ayrılıb. Layihə 3 il müddətində həyata keçiriləcək və yüksək rentabellidir. Əsas hədəf ucqar kəndlər də daxil olmaqla, sürəti 10-100 meqabit-saniyə arasında olan genişzolaqlı internetə çıxışı təmin etmək, istifadəçilərin sayını isə təxminən 85 faizə çatdırmaqdır. Bu isə 2017-ci ildə inkişaf etmiş ölkələrin səviyyəsinə bərabər olan göstərici deməkdir.
Ötən ildə Azərbaycan dördüncü nəsil mobil rabitə texnologiyasını tətbiq edən Avropanın 9-cu, dünyanın isə 37-ci ölkəsi olub. Hazırda, Azərbaycanda hər 100 nəfərə təxminən 110 telefon düşür. Mobil telefon sistemi də 2010-cu ildə MDB ölkələri arasında ilk dəfə olaraq ölkə ərazisini 100 faiz əhatə edib. Bu gün Azərbaycanda mobil abunəçilərinin əksəriyyəti, həm də sürətli internet istifadəçiləridir.
Bundan başqa, indi ölkə əhalisinin 90 faizinin rəqəmli yayım texnologiyasına çıxış imkanı təmin olunub. Qeyd edək ki, Cənubi Qafqaz, Orta və Mərkəzi Asiya ölkələri arasında rəqəmli televiziya yayımının tətbiqinə ilk dəfə Azərbaycanda başlanılıb. Həmçinin, Milli Teleradio Şurasının razılığı ilə ölkəmizdə mərkəzləşdirilmiş və lisenziyalaşdırılmış 100-dən çox xarici radio-televiziya kanallarının qəbulu, saxlanma və paylanma sistemi yaradılıb. Məqsəd bu sistemi regional mərkəzə çevirməkdir.
Eyni zamanda, “bir pəncərə” prinsipi ilə işləyən vahid elektron hökumət portalı yaradılıb və 2012-ci ilin sentyabrından İnternet vasitəsilə əhali və iş adamlarının istifadəsinə verilib. Elektron hökumət portalına 40 hökumət və dövlət qurumu real vaxt rejimində birləşdirilib və Nazirlər Kabineti tərəfindən təsdiq edilmiş 417 xidmətdən 158 sadə xidmət artıq portalda cəmləşdirilib, İnternetə birbaşa çıxışı olan əhalinin istifadəsinə verilib. Elektron imza sisteminin kompyuter və mobil telefon versiyası işə salınıb və 2012-ci ildə təxminən 5,5 mindən çox dövlət məmuru və vətəndaşlar elektron imzadan istifadə edib.
Ötən il həm də, “Azərbaycan Respublikasında kosmik sənayenin yaradılması və inkişafı üzrə Dövlət Proqramı”nın həyata keçirilməsi üzrə mühüm işlər görülüb. Mühüm addım kimi Azərbaycanın yerətrafı orbitə peyk çıxarmaq təşəbbüsünü qeyd etmək lazımdır. Bu peyk ölkəmizin qlobal informasiya cəmiyyətinə inteqrasiya olunmasında, Qərblə Şərq arasında informasiya fərqinin aradan qaldırılmasında və regionun aparıcı dövlətlərindən birinə çevrilməsində əhəmiyyətli rol oynayacaq. Artıq Azərbaycanın ilk telekommunikasiya peykinin istehsalı başa çatıb və fevral ayının birinci ongünlüyündə orbitə çıxarılması planlaşdırılır.
Qeyd edək ki, peyk orta çəkilidir - 3,2 ton, ABŞ-ın “Orbital” şirkəti tərəfindən istehsal olunub və Fransanın “Arian” şirkəti tərəfindən orbitə çıxarılacaq. Peyk resurslarının 20 faizi ölkəmizin yerli tələbatını ödəmək üçün istifadə olunacaq, qalan 80 faizi isə dünya bazarlarına ixrac olunacaq. Təxminən 40 faizinin satışı üçün şərti müqavilələr imzalanıb. Peyklərin idarə olunması üçün regional idarəetmə mərkəzinin və ehtiyat idarəetmə mərkəzinin yaradılması başa çatıb. Mərkəz təkcə Azərbaycanın yox, region üzərindən uçan digər ölkələrə məxsus peyklərin də idarə olunması üçün istifadə ediləcək. Yer səthinin müşahidəsi üçün Azərbaycan peykinin aşağı yer orbitinə çıxarılması 2015-ci ilə, 2-ci telekommunikasiya peykinin orbitə çıxarılması isə 2016-cı ilə planlaşdırılıb. Yuxarıda qeyd olunan iclasda çıxış edən Prezident İlham Əliyev məsələyə toxunaraq bildirib ki, gələn ay birinci telekommunikasiya peykimiz orbitə çıxarılacaq: “Bu da tarixi hadisədir. Doğrudan da, Azərbaycan kosmik ölkəyə çevrilir, biz kosmik sənayenin inkişafı ilə məşğuluq və bir neçə il bundan əvvəl bunu təsəvvür etmək belə çətin idi ki, vaxt gələcək və Azərbaycan kosmik ölkələrin sırasına daxil ediləcəkdir. Amma bu vaxt gəlir, yaxın günlərdə biz bu tarixi hadisəni qeyd edəcəyik. Bu, özlüyündə bütün cəhətlərdən böyük bir nailiyyətdir - həm ölkənin prestiji, həm müasirlik, yeni texnologiyaların inkişafı üçün. Bu, biznes üçün də sərfəlidir. Çünki bu, eyni zamanda, iqtisadi cəhətdən də səmərəli layihədir. Amma ən önəmlisi odur ki, bu, ölkəmizin inkişafını və niyyətini göstərir”.
Göründüyü kimi, dinamik inkişaf edən bu sektor gələcəkdə Azərbaycanın bölgədə informasiya-kommunikasiya texnologiyaları üzrə mərkəzə çevrilməsinə, ölkənin ümumi intellektual potensialı və imkanlarının yüksəlməsinə xidmət edəcək. Eyni zamanda, kommersiya əhəmiyyəti baxımından əldə olunacaq gəlirlər ölkə iqtisadiyyatının inkişafına güclü təsir göstərəcək.
SEVİNC

Paylaş:
Baxılıb: 1078 dəfə

Xəbər lenti

Hamısına bax

Analitik

Sosial

Gündəm

Siyasət

YAP xəbərləri

Gündəm

Ədəbiyyat

Analitik

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30