Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / Dövlət siyasətimizin mərkəzində Azərbaycan vətəndaşı dayanır

Dövlət siyasətimizin mərkəzində Azərbaycan vətəndaşı dayanır

13.02.2013 [03:44]

Prezident İlham Əliyev: Hər şeyi biz Azərbaycan vətəndaşı üçün edirik
Xəbər verildiyi kimi, dünən Prezident İlham Əliyevin Sədrliyi ilə “Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının dördüncü ilinin yekunlarına həsr olunmuş konfrans keçirilib. Konfransda çıxış edən Prezident İlham Əliyev Dövlət Proqramının icrası istiqamətində görülmüş işlərdən və qarşıda duran vəzifələrdən bəhs edib.
Regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramı ölkəmizin uğurlu inkişafı üçün ən vacib iqtisadi alətə çevrilib
Prezident İlham Əliyev vurğulayıb ki, regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramı, əslində, ölkəmizin uğurlu, dayanıqlı inkişafı, iqtisadiyyatımızın şaxələndirilməsi üçün ən vacib və ən əsas iqtisadi alətə çevrilib. Ümumiyyətlə, vurğulamaq yerinə düşər ki, Azərbaycanın iqtisadi inkişafının əsas baza sütunlarından birinə çevrilən “Regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramı” (2004-2008-ci illərə və 2009-2013-cü illərə dair) respublikamızın sıçrayışlı inkişafını təmin etməklə yanaşı, insanların sosial həyatının müsbət istiqamətdə dəyişməsində, rayonların simasının əhəmiyyətli dərəcədə dəyişərək yeni proqressiv çalarlar almasında mühüm rol oynayıb. Regionların inkişafı ilə bağlı birinci proqram tam vaxtında icra olunub, ikinci proqramın icrasından ötən müddət ərzində ölkə üzrə çox əhəmiyyətli işlər görülüb və bütün bunlar Azərbaycanın ümumi iqtisadi gücünü artırıb. İstehsal müəssisələrinin fəaliyyətinin bərpası, yeni istehsal müəssisələrinin yaradılması, yerli resurslardan istifadənin səmərəsinin artırılması, regionların inkişafı üçün zəruri infrastrukturun yaradılması, aqrar sektorda islahatların ikinci mərhələsinin sürətləndirilməsi, fermerlərə və digər kənd təsərrüfatı işçilərinə kömək məqsədilə müxtəlif servis mərkəzlərinin yaradılması, investorların regionlara cəlb olunması üçün əlverişli şəraitin yaradılması, yeni iş yerlərinin açılması, əhalinin kommunal xidmətlərlə təminatının yaxşılaşdırılması regionların sosial-iqtisadi inkişafında həlledici dönüş yaradıb.
Bir sözlə, regionlarda mövcud olan iqtisadi potensialdan səmərəli istifadə olunması, sosial-iqtisadi vəziyyətin yaxşılaşdırılması və iqtisadiyyatın tarazlı inkişafının təmin edilməsi ötən dövr ərzində infrastruktur sahələrinin bərpası və genişləndirilməsinə, yeni istehsal və emal müəssisələrinin, təhsil, səhiyyə, idman-sağlamlıq, mədəniyyət obyektlərinin istifadəyə verilməsinə səbəb olub. Yerli istehsalın genişlənməsi nəticəsində Azərbaycanda qeyri-neft sektoru daha da sürətlə inkişaf edib, özəl sektorun inkişafına zəmin yaradılıb.
Regionların sosial-iqtisadi inkişafında yeni mərhələ
Dövlətimizin başçısı onu da vurğulayıb ki, bu il ikinci Dövlət Proqramı başa çatandan sonra yeni proqramlar ortaya qoyulacaq. Məhz, bu, ona dəlalət edir ki, regionların sosial-iqtisadi inkişafı daim dövlətin diqqət mərkəzindədir, eyni zamanda, perspektiv tərəqqinin mühüm cizgilərindən birini təşkil etməkdədir. Əlbəttə ki, ötən 9 il ərzində bəhs olunan istiqamətdə görülmüş uğurlu işlər məhz bu kontekstdə perspektiv inkişafın bazası qismində çıxış edir. Bu, bir gerçəklikdir ki, regionların sosial-iqtisadi inkişafı ilə bağlı 2004-cü ildən başlayaraq həyata keçirilən təsirli və kompleks tədbirlərin icrasının mövcud tendensiyası, qazanılmış misilsiz nailiyyətlər tam əsasla bir real tezisi meydana çıxarır: son 9 ildə Azərbaycan iqtisadi, sosial, siyasi, ictimai, humanitar, elmi-mədəni cəhətdən əsaslı dönüşə və yüksək indikatorlara nail olan, iqtisadiyyatını bir neçə dəfə inkişaf etdirməklə dünya üzrə ən proqressiv meyarlara malik olan tam modernləşən dövlətə çevrilib. O da qeyd edilməlidir ki, Prezident İlham Əliyevin gərgin əməyinin və əzmkarlığının nəticəsi olaraq hazırlanan və birbaşa nəzarəti altında davam etdirilən bu iqtisadi regional inkişaf formulu ölkənin iqtisadi inkişafında yeni dinamizm elementlərinin yaranmasına, respublikanın hərtərəfli sosial-iqtisadi tərəqqisinə səbəb olub.
Məhz bütün bunların fonunda qeyd etmək olar ki, regionların sosial-iqtisadi inkişafı ilə bağlı ikinci Dövlət Proqramı başa çatdıqdan sonra ortaya qoyulacaq yeni proqramlar möhkəm sosial-iqtisadi əsaslara söykənməklə perspektiv inkişafın təminatçı faktoru kimi çıxış edəcək. Başqa sözlə, bu, müstəqil Azərbaycanın dinamik inkişaf göstəricisi kimi səciyyələndiriləcək.
Son 9 il ərzində on minlərlə yeni müəssisə yaradılıb
Prezident İlham Əliyevin çıxışı zamanı diqqət çəkdiyi mühüm məqamlardan biri də yeni müəssisələrin yaradılması, o cümlədən əhalinin məşğulluq səviyyəsinin artırılması olub. Dövlətimizin başçısı qeyd edib ki, son 9 il ərzində on minlərlə yeni müəssisə yaradılıb.
Qeyd etdiyimiz kimi, istehsal müəssisələrinin fəaliyyətinin bərpası, yeni istehsal müəssisələrinin yaradılması, yerli resurslardan istifadənin səmərəsinin artırılması, eyni zamanda, on minlərlə yeni müəssisənin yaradılması, bir tərəfdən, əhalinin məşğulluq səviyyəsinin artmasını təmin edib, digər tərəfdən, ölkənin ümumi iqtisadi tərəqqisinə təkan verməklə yanaşı, inkişaf proqramlarının uğurluluğuna fundamental töhfələr bəxş edib. Vurğulamaq gərəkdir ki, bu istiqamətdə qarşıda duran bütün proqramların və infrastruktur layihələrinin uğurla icra edilməsi, məşğulluq səviyyəsinin ardıcıl olaraq yüksəldilməsi kimi zəruri və təxirəsalınmaz tədbirlər, eyni zamanda, milli inkişafa təkan verməkdədir.
Milli iqtisadi inkişafın Azərbaycan modeli
Sirr deyil ki, bu gün Azərbaycan dünya miqyasında ən sürətlə inkişaf edən ölkələr sırasında avanqard yerlərdən birini tutur. Ümummilli lider Heydər Əliyevin müəyyənləşdirdiyi rasional iqtisadi siyasətin Prezident İlham Əliyev tərəfindən müasir dövrün tələblərinə, reallıqlarına və qanunauyğunluqlarına müvafiq surətdə uğurla davam etdirilməsi iqtisadi tərəqqini, bütövlükdə isə milli inkişafı şərtləndirən fundamental amil kimi çıxış edir. Çıxışında bu məsələyə də toxunan Prezident İlham Əliyev vurğulayıb ki, Azərbaycan iqtisadiyyatı dünya miqyasında ən sürətlə inkişaf edən iqtisadiyyatdır.
Əlbəttə ki, Azərbaycanın dinamik, müstəqil iqtisadi inkişaf strategiyası rasional səciyyə daşıyır. Ölkəmiz heç bir qurumdan, milli dövlətdən asılı olmayan iqtisadi siyasət yürüdür ki, bu da inkişafın fundamental komponenti kimi çıxış edir. Bütün bunlar isə Azərbaycanın dünya iqtisadiyyatındakı mövqeyini gücləndirir, ölkəmizin beynəlxalq iqtisadi nüfuzunu artıran əhəmiyyətli faktor qismində çıxış edir. Təsadüfi deyil ki, beynəlxalq maliyyə institutları, aparıcı strateji araşdırma mərkəzləri ölkəmizin iqtisadi inkişafını, reallaşdırılan tədbir və islahatları yüksək qiymətləndirirlər.
Azərbaycanın mütəmadi inkişafını şərtləndirən strateji faktorlar
Beləliklə, Azərbaycanın sürətli inkişafı və əldə edilmiş nailiyyətlər Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasi və iqtisadi kursun qanunauyğun nəticəsidir. Dövlətimizin başçısının qeyd etdiyi kimi: “Düşünülmüş siyasət, siyasi və iqtisadi islahatlar, xalqla iqtidar arasında birlik, xalq tərəfindən ölkədə aparılan iqtisadi islahatlara dəstəyin verilməsi, liberal iqtisadiyyat, eyni zamanda, güclü hakimiyyət, sabitlik-budur bizim uğurlarımızı şərtləndirən əsas amillər”.
Bəli, bu gün xalq-iqtidar birliyi islahatların, daxili və xarici siyasət kursunun səmərəliliyinin təmin olunmasını şərtləndirir. Eyni zamanda, mütəmadi surətdə həyata keçirilən islahatlar mövcud inkişafı sürətləndirməklə yanaşı, yeni inkişaf perspektivlərinin müəyyənləşdirilməsini şərtləndirir. İlk növbədə, rasional iqtisadi islahatlar Azərbaycan iqtisadiyyatının dinamik inkişafını şərtləndirən mühüm amil qismində çıxış edir. Ölkə iqtisadiyyatının inkişafı üçün mütəmadi surətdə reallaşdırılan praqmatik islahatlar modeli formalaşdırılıb ki, bu, bütövlükdə milli inkişafa təkan verən əhəmiyyətli amil səciyyəsi daşıyır. Bununla yanaşı, rasional siyasi islahatlar milli inkişafa təkan verən fundamental amil kimi səciyyələndirilir. Dolayısıyla, siyasi-hüquqi islahatların milli maraqlara və dəyərlərə müvafiq surətdə reallaşdırılması, vətəndaş cəmiyyəti və hüquqi dövlət quruculuğu prosesi istiqamətində sistematik işlərin görülməsi ictimai-siyasi sabitliyin qarantı qismində çıxış edir, eyni zamanda, milli inkişafa təkan verir.
Qeyd etmək lazımdır ki, milli inkişafın digər təminatçı komponenti qismində ictimai-siyasi sabitlik çıxış edir. Sirr deyil ki, Azərbaycan bu gün ictimai-siyasi sabitliyin yüksək səviyyədə təmin edildiyi ölkələr sırasında avanqard yerlərdən birini tutur. Eyni zamanda, sadalananlar belə bir proqnoz verməyə əsas verir ki, ölkəmizdə hökm sürən ictimai-siyasi sabitlik uzunmüddətli olacaq və perspektiv inkişafın qarantı qismində çıxış edəcək.
Bir sözlə, bu bir həqiqətdir ki, hazırda nəinki yerləşdiyi Cənubi Qafqaz bölgəsinin, o cümlədən, daha böyük coğrafiyanın ən yüksək inkişaf tempinə malik Azərbaycanda bütün sahələrin paralel inkişaf təmin edilib. İqtisadiyyatın şaxələndirilməsi nəticəsində ölkəmizdə qeyri-neft sektorunun, o cümlədən, kənd təsərrüfatının inkişafına xüsusi dövlət diqqəti və qayğısı göstərilir. Ölkəmizdə həyata keçirilən və regionların sosial-iqtisadi inkişafını özündə əks etdirən Dövlət proqramlarının uğurlu icrası nəticəsində Azərbaycanda bu sahənin inkişafı yüksək temp əldə edib. Təkcə ötən il kənd təsərrüfatı təxminən 6 faiz artıb. Bundan başqa, məhz dövlət tərəfindən sahibkarlığa verilən dəstəyin nəticəsində ölkəmizdə yeni iş yerlərinin açılması yönündə əsaslı dönüş əldə olunub. Ötən il istər iri sənaye müəssisələrinin yaradılması, istərsə də, kiçik və orta sahibkarlığın inkişafı istiqamətində çox böyük işlər görülüb. Sahibkarlara verilən kreditlərin həcmi artırılıb.
Bəzi hallarda subsidiyalar ya ünvana çatmır, ya kimsə onları mənimsəyir, özünə götürür
Məlum olduğu kimi, bu, Azərbaycan dövlətinin sahibkarlıqla, özəl sektorun inkişafı ilə bağlı siyasətinin təzahürüdür. Təbii, bütün bu uğurlarla yanaşı, müəyyən çatışmazlıq da var ki, görülən işlərin daha effektiv alınmasına mane olur. Belə çatışmazlıqların aradan qaldırılması yönündə aparılan fəaliyyət isə hər zaman diqqət mərkəzindədir. Ən əsası, sahibkarlara verilən subsidiyalarla bağlı zaman-zaman səslənən fikirlər bunu deməyə əsas verir ki, bəzi hallarda bu sahədə arzu olunan mühit formalaşmır. Yeri gəlmişkən, “Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının dördüncü ilinin yekunlarına həsr olunmuş konfransda çıxış edən dövlət başçısı bu məsələyə xüsusi toxunub. Prezident bildirib ki, bu sahədə bəzi hallarda şəffaflığa nail ola bilmirik: “Biz sahibkarlara subsidiyaları veririk amma, əfsuslar olsun ki, bəzi hallarda bu sahədə şəffaflığa nail ola bilmirik. Subsidiyalar ya ünvana çatmır, ya kimsə onları mənimsəyir, özünə götürür. Bəzi hallarda, ümumiyyətcə, istehsal olunan məhsulun həcmi artırılır, torpaq sahələri artırılır ki, subsidiyalar daha çox götürülsün”.
Göründüyü kimi, Azərbaycan dövləti bütün sahələrdə hər zaman inkişafı yüksək səviyyədə təmin etmək üçün addımlar atır. Lakin təəssüflər olsun ki, bəzi hallarda regionlarda kənd təsərrüfatının inkişaf etdirilməsi üçün sahibkarlara verilən subsidiyalar mənimsənilir. Ölkəmizdə korrupsiyaya qarşı aparılan mübarizənin gücləndrilməsi isə bu yöndəki çatışmazlığın da qısa müddətdə aradan qaldırılacağını proqnozlaşdırmağa imkan verir. Ümumiyyətlə, Prezident İlham Əliyev hər zaman çıxışlarında bildirib ki, Azərbaycan Respublikasının apardığı dövlət siyasətinin məqsədi Azərbaycan vətəndaşlarının sosial rifahını, təhlükəsizliyini təmin etməkdən ibarətdir.
Yerli icra orqanları, icra başçıları öz məsuliyyətini dərk etməlidirlər
Sözügedən konfransda dövlət başçısı, həmçinin, yerli strukturlar və icra başçılarının məsuliyyəti məsələsinə də toxunub. Daha doğrusu, Prezident İlham Əliyev deyib ki, yerli strukturlar, icra başçıları öz məsuliyyətlərini dərk etməlidirlər: “Yerli icra orqanları, icra başçıları öz məsuliyyətini dərk etməlidir. Dövlət siyasətini aparmalıdırlar. Bizim dövlət siyasətimizin mərkəzində Azərbaycan vətəndaşıdır. Hər şeyi biz Azərbaycan vətəndaşı üçün edirik”.
Beləliklə, Prezident İlham Əliyev bir daha Azərbaycan dövlətinin apardığı siyasətin məhz vətəndaşın sosial-iqtisadi problemlərinin həllinə yönəldildiyini hər kəsə bəyan edib. Birmənalı şəkildə vurğulamaq lazımdır ki, bu gün Azərbaycan vətəndaşının dövlət tərəfindən bütün hüquq və azadlıqları tanınır, onlara hörmətlə yanaşılır. Bununla yanaşı, dövlətimiz sosial layihələrin həyata keçirilməsi yönündə əsaslı addımlar atır, vətəndaşların sosial təminatının daha da yüksəldilməsi yönündə fəaliyyət nümayiş etdirir. Bu isə nəticə etibarı ilə vətəndaşlarımızın sosial rifahının yüksəldilməsinə xidmət göstərir.
Sahibkarları incidənlər cəzalandırılacaqlar
Bir daha qeyd etmək lazımdır ki, dövlətin apardığı bu siyasətə kölgə salan bəzi şəxslər sahibkarları incidir, onların öz fəaliyyətini daha da səmərəli qurmasına yardım etmək əvəzinə, daha böyük maneələr törədirlər. Bu isə ümumi şəkildə dövlətimizin inkişaf tempinə mənfi təsir edəcək amillərdir. Bu mənada dövlətimiz hər zaman vətəndaşların, sahibkarların problemlərinin həllində yaxından iştirak edir, neqativ halların aradan qaldırılmasında əsaslı rol oynayır. “Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının dördüncü ilinin yekunlarına həsr olunmuş konfransda çıxış edən dövlət başçısı qəti şəkildə bildirib ki, belə şəxslər dövlət tərəfindən cəzalandırılacaq: “Sahibkarları incidən, onlardan qanunsuz tələbdə olan şəxslər cəzalandırılacaqlar. Onlara yalnız köməklik göstərmək lazımdır ki, öz işlərini daha da səmərəli şəkildə qura bilsinlər”.
Onu da qeyd edək ki, bu gün sahibkarlığın inkişafı birmənalı şəkildə bölgələrin inkişafında mühüm rol oynayır. Məhz, bölgələrimizdə sənaye müəssisələrinin fəaliyyətə başlaması, o cümlədən, kənd təsərrüfatı sahəsində görülən işlər bölgələrdə yeni iş yerlərinin yaradılması ilə yanaşı, regionların inkişaf tempinin daha da yüksəlməsinə təkan verir. Bununla yanaşı, bəzən belə fikirlər də səsləndirilir ki, rayonlarda görülən işlərə bəzi məmurlar məhz sahibkarları cəlb edirlər. Konfransdakı çıxışında Prezident İlham Əliyev bu məsələyə də toxunub. Dövlət başçısı bildirib ki, Azərbaycan dövləti tərəfindən rayonların inkişaf etdirilməsi, abadlıq, quruculuq işlərinin görülməsi üçün vəsaitlər ayrılır: “Hər bir rayona dövlət tərəfindən vəsait ayrılır və o vəsaitlə iş görmək lazımdır. Sahibkarları bu işlərə cəlb etmək lazım deyil. Onlar bu işlərdə könüllü iştirak etməlidirlər”.
Hər bir məmur öz xalqına xidmət etməlidir
Yeri gəlmişkən, çıxışı zamanı Prezident İlham Əliyev məmurların vətəndaşlarla davranış qaydaları ilə bağlı məsələyə də toxunub. Ölkə başçısı bir daha bildirib ki, Azərbaycanın dövlət siyasətinin mərkəzində vətəndaşlarımız dayanır və Azərbaycan vətəndaşına dövlət qurumları tərəfindən hər yerdə hörmət olunmalıdır: “Azərbaycan vətəndaşına dövlət qurumları tərəfindən hər yerdə hörmət olmalıdır, onlarla normal rəftar edilməlidir, təhqir edilməməli, incidilməməlidirlər”.
Təbii ki, bəzi məmurlar var ki, vətəndaşların problemlərinin həlli ilə bağlı müraciətlərə etinasız yanaşır, onları süründürürlər. Məhz dövlət başçısının vurğuladığı məsələ belə halların aradan qaldırılmasını özündə ehtiva edir. Bu gün dünyanın ən inkişaf etmiş dövlətləri ilə bir sırada addımlayan Azərbaycanda dövlət məmurunun davranış qaydalarına mükəmməl şəkildə riayət etməsi olduqca vacib bir şərtdir. Prezident İlham Əliyev çıxışında bildirib ki, hər bir məmur öz xalqına xidmət etməlidir: “Hər bir dövlət məmuru öz xalqına xidmət etməlidir. Hər bir icra başçısını mən vəzifəyə təyin edərkən, onu qəbul edərkən ona bir neçə əsas istiqaməti göstərirəm. İnkişaf, quruculuq, səmərəli iş, təvazökarlıq və insanlara xidmət”.
Xüsusi olaraq qeyd etmək lazımdır ki, vurğulanan bu məsələ olduqca mühümdür. O mənada ki, bu gün müəyyən dövlət orqanlarında, yerli strukturlarda, icra hakimiyyətlərində məmurlar olur ki, vətəndaşların problemlərinin həlli ilə bağlı müəyyən süni maneələr yaradır, bu isə özü-özlüyündə korrupsiya yaradan hala çevrilir. Belə halların aradan qaldırılması yönündə ölkə Prezidentinin rəhbərliyi altında aparılan siyasət artıq özünü göstərir və antikorrupsiya ilə bağlı görülən tədbirlər bunu deməyə əsas verir.
Yeri gəlmişkən, bəzi məmurların saymamazlığı, onların övladlarının yaratdıqları problemlər də Prezident İlham Əliyevin nitqində xüsusi olaraq vurğulanıb. Ölkə başçısı bu cür davranış sərgiləyənlərə və həmçinin, valideynlərinin vəzifəsindən istifadə edərək insanlara qarşı qeyri-normal yanaşma nümayiş etdirənlərə ciddi xəbərdarlıq edib: “Məmurlar öz işləri ilə fərqlənməlidirlər. Harınlayırlar, heç kimi saymırlar! Vəzifəli şəxslərin uşaqları qudurğanlıq edirlər, insanları təhqir edirlər, özlərini apara bilmirlər. Kim onlara bu statusu verib cəmiyyətdə? Onların güvəndiyi adamları mən təyin etmişəm vəzifəyə. Mən də lazım bildikdə çıxardacağam”.
Prezident İlham Əliyev belə hallara qarşı aparılacaq mübarizənin qəti olacağını da söyləyib. Dövlət başçısı qeyd edib ki, bir daha belə halların təkrarlanması ağır nəticələrə yol açacaq: “Əgər bir də bilsəm ki, kiminsə ailə üzvü haradasa xuliqanlıq edir, nadanlıq edir, özünü apara bilmir, o adam həbs ediləcək, atası işdən qovulacaqdır”.
Pərviz SADAYOĞLU,
NURLAN QƏLƏNDƏRLİ

Paylaş:
Baxılıb: 1086 dəfə

Xəbər lenti

Hamısına bax

Siyasət

YAP xəbərləri

Gündəm

Ədəbiyyat

Analitik

YAP xəbərləri

YAP xəbərləri

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30