Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / Vətəndaşların ali mənafeyinin təmin edilməsi daim dövlətimizin diqqət mərkəzindədir

Vətəndaşların ali mənafeyinin təmin edilməsi daim dövlətimizin diqqət mərkəzindədir

14.02.2013 [01:36]

Prezident İlham Əliyev: Biz xalq üçün çalışırıq, qururuq, yaradırıq, ölkəmizi gücləndiririk. Biz istəyirik ki, Azərbaycan qüdrətli dövlətə çevrilsin. Hamımız istəyirik, hər bir normal vətənpərvər adam bunu istəyir ki, mövqeyimiz daha da möhkəm olsun, gücümüz də artsın
Xəbər verdiyimiz kimi, cari ilin fevral ayının 12-də Prezident İlham Əliyevin Sədrliyi ilə “Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının dördüncü ilinin yekunlarına həsr olunmuş konfrans keçirilib. Konfransda çıxış edən dövlətimizin başçısı bu istiqamətdə görülmüş işlərdən, əldə olunan nailiyyətlərdən və qarşıda duran vəzifələrdən, eyni zamanda, məmurların fəaliyyəti nəticəsində meydana çıxmış bəzi problemlər və çatışmazlıqlardan bəhs edib.
Dövlət siyasətinin mərkəzində Azərbaycan vətəndaşı dayanır
Bu gün müstəqil dövlətimizin inkişafını təmin edən siyasətin mərkəzində Azərbaycan vətəndaşı dayanır. Bunun fonunda qeyd etmək olar ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən strateji kurs özündə millətin, dövlətin mənafeyinə cavab verən ən ali prinsipləri və normaları ehtiva edir. Məhz bunun qanunauyğun nəticəsidir ki, hər bir sahədə müşahidə edilən mütəmadi və sürətli inkişaf tendensiyası keyfiyyətcə yeni mərhələyə qədəm qoyub. Vətəndaşların maddi rifah halının daha da yaxşılaşdırılması, sosial müdafiə və təminat sisteminin gücləndirilməsi, sosialyönümlü iqtisadiyyatın inkişaf etdirilməsi kimi konkret faktlar ümummilli inkişafın təcrübi gerçəkliklərini təşkil edir. Qarşıda duran bütün sosial proqramların və infrastruktur layihələrinin uğurla icra edilməsi, məşğulluq səviyyəsinin ardıcıl olaraq yüksəldilməsi kimi zəruri və təxirəsalınmaz tədbirlər də milli inkişafa təkan verməkdədir. Yəni, uğurlu sosial siyasətin fonunda əhalinin sosial şəraitinin yaxşılaşdırılması, sosial tələbatlar və ehtiyacların yüksək səviyyədə ödənilməsi, eyni zamanda, perspektiv inkişafın təməl komponentlərini təşkil edir. Lakin təəssüflər olsun ki, bəzi hallarda bir sıra məmurlar öz vəzifə borcları və məsuliyyətini tam dərk etmir və ya müəyyən sui-istifadə hallarına yol verirlər. Bu, bütövlükdə, Azərbaycan dövlətinin ümumi inkişafına kölgə salmasa da, həyata keçirilən rasional siyasətə ziddiyyət təşkil edir və arzuolunmaz hal kimi çıxış edir.
Bütün bu məsələlərə toxunan dövlətimizin başçısı qeyd edib ki, yerli icra orqanları, icra başçıları öz məsuliyyətlərini dərk etməlidirlər, dövlət siyasətini aparmalıdırlar: “Dövlət siyasətimizin mərkəzində Azərbaycan vətəndaşıdır. Hər şeyi biz Azərbaycan vətəndaşı üçün edirik. Budur bizim məqsədimiz. Biz xalq üçün çalışırıq, qururuq, yaradırıq, ölkəmizi gücləndiririk. Biz istəyirik ki, Azərbaycan qüdrətli dövlətə çevrilsin. Hamımız istəyirik, hər bir normal vətənpərvər adam bunu istəyir ki, mövqeyimiz daha da möhkəm olsun, gücümüz də artsın. Nəyə görə?! Ona görə ki, insanlar daha da yaxşı yaşasınlar. Budur, əsas məqsəd. Bizim dövlətimiz nə qədər güclü olsa, insanlar da özlərini o qədər rahat hiss edəcəklər, təhlükəsizlik şəraitində yaşayacaqlar. Hiss edəcəklər və edirlər ki, onların arxasında güclü Azərbaycan dövləti var ki, onları heç vaxt darda qoymaz, bütün zamanlarda onlara dəstək olacaqdır”.
Korrupsiya və rüşvətxorluğa qarşı mübarizə gücləndirilməlidir
Bu gün Azərbaycan sürətli iqtisadi inkişafa və möhkəm ictimai-siyasi sabitliyə malik avanqard ölkə kimi səciyyələndirilir. Amma bununla yanaşı, ölkəmizdə ictimai asayişə, sosial-iqtisadi münasibətlər sisteminə və cəmiyyətin funksionallığına zidd olan neqativ proseslərə də rast gəlinir. Bütün bunların nəticəsində ölkədaxili bəzi subyektlər və qurumların öz vəzifə, status və resurslarından sui-istifadə etmələri fonunda yaranan rüşvət və korrupsiya halları bu sırada xüsusi vurğulanmalıdır. Qeyd etmək lazımdır ki, rüşvət və korrupsiya halları, demək olar ki, bütün cəmiyyətlərdə mövcuddur. Sadəcə burada əsas olan incə strateji məqam bu hallarla necə və hansı ciddilikdə mübarizə aparılmasıdır. Eyni zamanda, bəhs olunan hallara qarşı aparılan mübarizənin effektivlik səviyyəsi və onun real nəticələri də sözügedən prosesdə xüsusi önəm kəsb edən amillərdir. Bu nöqteyi-nəzərdən qeyd edə bilərik ki, ölkəmizdə bu cür neqativ hallara qarşı çox ciddi mübarizə aparılmaqdadır. Amma eyni zamanda, zəruridir ki, mübarizə daha da gücləndirilsin və proses ciddi, ardıcıl və dönməz xarakter kəsb etsin. Başqa sözlə, Prezident İlham Əliyevin qeyd etdiyi kimi, korrupsiya və rüşvətxorluğa qarşı mübarizə gücləndirilməlidir: “Hesab edirəm ki, biz bu işlərdə istədiyimizə nail ola bilməmişik. Baxmayaraq ki, mübarizə gedir və gedəcəkdir. Ancaq əfsuslar olsun ki, bu mübarizə lazımi səviyyədə deyildir. Korrupsiya böyük bəladır. Biz, doğrudan da, inkişaf etmiş ölkəyə çevrilmək istəyiriksə, korrupsiyanı aradan götürməliyik. Bunu etmək üçün bir neçə amil lazımdır və onların hamısı Azərbaycanda vardır. Güclü siyasi iradə və beynəlxalq təcrübə. Biz bu təcrübəni öyrənirik, cəza tədbirləri, sistem xarakterli islahatlar mütləq olmalıdır və olacaqdır. Biz bu məsələyə kompleks şəkildə yanaşırıq, müəyyən işlər görülübdür. Ancaq demək istəyirəm ki, bu işlər məni qane etmir. Korrupsiyaya qarşı mübarizə daha da ciddi olmalıdır, bunun daha da ciddi nəticələri olmalıdır. Ancaq bəzi hallarda korrupsiya xəstəliyinə yoluxmuş insanlar həbs edildikdə onların onlarla müdafiəçisi meydana çıxır. Müdafiə edirlər, komitələr yaradırlar, müraciətlər edirlər. Hər kəs qanun qarşısında cavab verməlidir və qanun qarşısında hər kəs eyni hüquqa malikdir. Ona görə bütün orqanlar, hüquq mühafizə orqanları daha da ciddi mübarizə aparmalıdırlar”.
Hər bir dövlət məmuru öz vəzifə borcunu şərəflə yerinə yetirməlidir, insanlara qulluq etməlidir və təvazökar olmalıdır
Beləliklə, sadalananlardan belə bir qanunauyğun nəticəyə gəlmək olar ki, vəzifə borcu vətəndaşa xidmət etmək olan hər bir məmur öz səlahiyyətlərindən və müvafiq resurslardan qanuna müvafiq surətdə yararlanmalı, istinad etdiyi hər bir prosedurda qanunla müəyyən olunmuş qaydada Azərbaycan vətəndaşının mənafeyini əsas götürməlidir. Dövlət qulluqçularının peşə səlahiyyətləri və borcu, eyni zamanda, davranış etikası təsbit edilib və məmurların bütün bu normalara riayət etməsi mütləq zərurət qismində çıxış etməkdədir. Dövlətimizin başçısının vurğuladığı kimi, hər bir dövlət məmuru öz vəzifə borcunu şərəflə yerinə yetirməlidir, insanlara qulluq etməlidir və təvazökar olmalıdır: “Ancaq bəzi hallarda təvazökarlıqdan, ümumiyyətlə, söhbət getmir”.
Bütün dövlət qurumları və vəzifəli şəxslər Azərbaycan vətəndaşına hər yerdə hörmət etməlidirlər
Nəticə etibarilə, bütün dövlət qurumları və vəzifəli şəxslər Azərbaycan vətəndaşına hər yerdə hörmət etməlidirlər. Vətəndaşların müraciətinə prosedurlara müvafiq surətdə baxılması, bu istiqamətdə lazımi tədbirlərin görülməsi, eyni zamanda, bürokratik əngəllərin aradan qaldırılması dövlət məmurlarının qarşısında duran başlıca vəzifə və öhdəliklər qismində çıxış edir. Bütün bu prinsiplər dövlət tərəfindən müəyyənləşdirilib və zəruri normalardır.
Dövlətimizin başçısı bu məsələyə xüsusi olaraq toxunaraq deyib ki, Azərbaycan vətəndaşına hər yerdə hörmət olmalıdır, dövlət qurumları tərəfindən normal rəftar edilməlidir, təhdid edilməməlidir, incidilməməlidir: “Belə hallar var?! Var! Kim bunu edir?! Dövlət məmurları! Kim incidə bilər vətəndaşı?! Dövlət məmuru! Mən yenə də deyirəm, bütövlükdə bölgələrdə icra nümayəndələrinin fəaliyyəti müsbətdir, ancaq belə hallar da vardır. Buna yol vermək olmaz. Hər bir dövlət məmuru öz xalqına xidmət etməlidir. Hər bir icra başçısını mən vəzifəyə təyin edərkən, onu qəbul edərkən ona bir neçə əsas istiqaməti göstərirəm: inkişaf, quruculuq, səmərəli iş, təvazökarlıq və insanlara xidmət! Hər birinə, burada oturan bütün icra başçılarına. Hamısını mən təyin etmişəm. Bəzi rayonlarda bir neçə dəfə dəyişmişəm. Nəyə görə? Çünki etimadımı doğrultmurlar. Hər birinə demişəm ki, gedin, insanlara arxa durun, gedin, köməklik göstərin. Gedin, hörmət edin insanlara. Amma bəzi hallarda mən bunu görmürəm. Görməyəndə də tədbirlər görürəm. Bəzi hallarda məmurlar vətəndaşlara yuxarıdan aşağı baxırlar, onları saymırlar, onları təhqir edirlər, qudurğanlıq edirlər. Bütün bu hallar var, bunlar aradan götürülməlidir”.
NURLAN QƏLƏNDƏRLİ

Paylaş:
Baxılıb: 1150 dəfə

Xəbər lenti

Hamısına bax

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

İqtisadiyyat

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30