Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / Milli Məclisdə bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata keçirən orqanın illik məruzəsi dinlənilib

Milli Məclisdə bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata keçirən orqanın illik məruzəsi dinlənilib

16.02.2013 [09:49]

Dünən Milli Məclisin növbəti iclası keçirilib. İclasda bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata keçirən orqanın illik məruzəsi dinlənilib. Məruzəni ədliyyə nazirinin müavini Vilayət Zahirov təqdim edib. V.Zahirov bildirib ki, yerli demokratiya ilə əlaqədar məsələlər Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən təsdiq olunmuş bir sıra dövlət proqramlarında nəzərdə tutulub, Milli Məclis tərəfindən yerli özünüidarəetməni tənzimləyən qanunvericiliyin təkmilləşdirilməsi işi davam etdirilib. Onun sözlərinə görə, yerli özünüidarəetmə ilə bağlı həyata keçirilən bu və digər tədbirlər, ildən-ilə dövlət tərəfindən ayrılan maliyyə vəsaitlərinin Milli Məclisin təşəbbüsü ilə artırılması bələdiyyələrin işini daha da yaxşılaşdırıb. Bu isə onların yerli sosial-iqtisadi məsələlərin həlli imkanlarını artırıb. Bir çox bələdiyyələr onların qarşısında duran vəzifələri layiqincə yerinə yetirərək abadlaşdırma və quruculuq işlərində fəal iştirak ediblər. 
“Görülmüş tədbirlər nəticəsində bələdiyyə idarəçiliyinin səmərəliliyi xeyli artıb. Bu, özünü bələdiyyələrdən daxil olan şikayətlərin azalmasında, bələdiyyə aktlarının sayının artmasında daha qabarıq göstərir. Belə ki, 2012-ci ildə nazirliyə bələdiyyələrin fəaliyyəti ilə əlaqədar 1587 müraciət (ötən illə müqayisədə 31 faiz az) daxil olub. Azərbaycan Prezidentinin 22 iyun 2009-cu il tarixli “Dövlət və bələdiyyə əmlakının və vəsaitlərinin idarə olunması sahəsində korrupsiya ilə əlaqədar hüquqpozmalara qarşı mübarizənin gücləndirilməsi haqqında” Fərmanına uyğun olaraq 8 müraciət araşdırılması üçün dərhal Azərbaycan Respublikası Baş Prokurorluğuna göndərilib. Eləcə də, 2012-ci ildə inzibati nəzarət qaydasında baxılması üçün ədliyyə orqanlarına 52370 bələdiyyə aktı (ötən illə müqayisədə 64 faiz çox) daxil olub. Ekspertiza üçün təqdim olunmuş hər bir bələdiyyə aktına baxılaraq onların normativ hüquqi aktlara uyğunluğu öyrənilib. Onlardan 1532 aktın qanunazidd olduğu müəyyən edilərək dəyişdirilməsi və ya ləğv edilməsi haqqında bələdiyyələrə təklif göndərilib. Həmin təkliflərin çoxu bələdiyyələr tərəfindən təmin edilib. Bələdiyyə aktının dəyişdirilməsi və ya ləğv edilməsi ilə bağlı məhkəmələrdə 5 iddia qaldırılıb, onlardan 4-ü təmin edilib, 1-i isə baxılmaqdadır” - deyə, nazir müavini vurğulayıb.
V.Zahirov deyib ki, bələdiyyələrə göndərilmiş təklif və tövsiyələrin vaxtında icra olunması və nəzərə alınması bələdiyyələrin işinə müsbət təsir göstərib. Onun sözlərinə görə, nəticə etibarilə məhkəmələrdə qaldırılan iddiaların sayı azalıb, 2012-ci ildə əvvəlki ilə nisbətən bələdiyyə mülkiyyətinə qaytarılan əmlakın miqdarı 2 dəfə artıq olub. Belə ki, il ərzində 8937,76 hektar torpaq sahəsinin qanunsuz ayrılmasının qarşısı alınıb. “Bir sıra bələdiyyələrə torpaq üzərində mülkiyyət hüququnu təsdiq edən sənədlərin verilməməsi də narahatlıq yaradır. Belə ki, mövcud 1718 bələdiyyədən yalnız 1128-nə torpaq üzərində mülkiyyət hüququnu təsdiq edən sənəd verilib, yerquruluşu işləri isə indiyədək yalnız 1454 bələdiyyənin torpaqlarında aparılıb. Bununla bağlı aidiyyəti dövlət orqanlarına müraciət edilib. Daşınmaz əmlakın inventar dəyərinin müəyyən edilməsi inzibati xərclərin artmasına səbəb olduğundan bələdiyyələr fiziki şəxslərin əmlak vergisinin yığılmasında çətinliklərlə üzləşirlər. Buna görə də, fiziki şəxslərin əmlak vergisinin hesablanması ilə bağlı qanunvericilikdə sadələşdirilmiş prosedur qaydalarının müəyyən edilməsi məqsədəuyğun olardı” - deyə, məruzəçi qeyd edib.
İllik məruzənin müzakirəsi zamanı çıxış edən millət vəkilləri qeyd ediblər ki, son illərdə yerli özünüidarəetmə orqanlarına diqqət artırılıb.
Yeni Azərbaycan Partiyası İcra katibinin müavini, millət vəkili Siyavş Novruzov bildirib ki, Azərbaycanda bələdiyyələrlə bağlı olan 20-dən çox qanun ən mükəmməl şəkildə hazırlanıb. Həmin qanunlar əsasında bələdiyyələrə kifayət qədər səlahiyyət verilib. “Sadəcə, olaraq bu səlahiyyətlərin praktikada həyata keçirilməsində problemlər var. Bəzi hallarda başqa ölkələrin bələdiyyə strukturları ilə müqayisələr aparılır. Bu düzgün deyil. Növbəti il ölkəmizdə bələdiyyə seçkiləri keçiriləcək. Təcrübə göstərir ki, biz müəyyən islahatlara getməliyik. Kiçik bir kəndin 8-10 nəfər bələdiyyə üzvü var. Kiçik kənddə bu sayda bələdiyyə üzvünün olmasına ehtiyac yoxdur. Bu baxımdan Türkiyənin gözəl təcrübəsi var. Belə ki, bu ölkədə bələdiyyədə bir muxtar seçirlər və həmin şəxs kəndi idarə edir. Bizdə rayon bələdiyyələrinin bəzilərinə 18 nəfər üzv seçilir. Bu, mürəkkəb vəziyyət yaradır və üzvlər arasında mübahisələr baş verir. Bələdiyyələrə yığılan vergilər isə həmin ərazinin abadlaşmasına deyil, üzvlərinin maaşlarına sərf olunur. Ona görə də, hesab edirəm ki, Seçki Məcəlləsində müvafiq dəyişiklik edib maksimum 3, minimum 1 şərti ilə bələdiyyə üzvü müəyyənləşdirməliyik. Bununla da, bu sahədə islahatlar aparmış oluruq. Digər tərəfdən, hansısa rayonun başçısı dəyişəndə, yeni başçı bələdiyyə sədrini əvəzləməyə çalışır. Amma bələdiyyə sədri seçki yolu ilə seçilsə, belə problem olmayacaq” - deyə, millət vəkili vurğulayıb.
Millət vəkili Qüdrət Həsənquliyev bələdiyyələrə verilən səlahiyyətlərin artırılmasının vacibliyini vurğulayıb.
Millət vəkili Zahid Oruc isə bələdiyyə sədrini yerli əhalinin seçməsini təklif edib.
Ədliyyə nazirinin müavini Vilayət Zahirov çıxışında qeyd edib ki, ölkə Prezidenti tərəfindən qəbul edilən “Açıq hökumət üzrə milli fəaliyyət planı”nda əsas məsələlərdən biri də bələdiyyələrdə qulluğa qəbulun müsabiqə yolu ilə keçirilməsidir: “Artıq bununla bağlı iş başlanıb. Bütün bələdiyyələrə müsabiqə ilə əlaqədar tövsiyə məktubu hazırlanıb. Bir neçə bələdiyyədə müsabiqənin keçirilməsinə başlanılıb. 2015-ci ilə qədər bu proses həyata keçiriləcək”.
Müzakirələrdən sonra illik məruzə qəbul olunub.
Nardar BAYRAMLI

Paylaş:
Baxılıb: 980 dəfə

Xəbər lenti

Hamısına bax

İqtisadiyyat

Gündəm

701,6 milyon avro...

29 Aprel 10:34

Analitik

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30