Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / Azərbaycan Ağsaqqallar Şurasının növbədənkənar VI qurultayı keçirilib

Azərbaycan Ağsaqqallar Şurasının növbədənkənar VI qurultayı keçirilib

19.02.2013 [01:09]

Azərbaycan ağsaqqalları qarşıdan gələn prezident seçkilərində ölkəmizin dinamik inkişafını təmin edən Ulu öndər Heydər Əliyevin siyasi kursunun layiqli davamçısı, Azərbaycana beynəlxalq aləmdə böyük nüfuz qazandıran İlham Əliyevin namizədliyini dəstəkləyir, cəmiyyətimizin bütün üzvlərini onun ətrafında sıx birləşməyə çağırırlar
Fevralın 16-da Azərbaycan Ağsaqqallar Şurasının (AAŞ) növbədənkənar VI qurultayı keçirilib.
AzərTAc xəbər verir ki, qurultayda dövlət və hökumət rəsmiləri, Milli Məclisin deputatları iştirak ediblər.
Qurultayı açan Şuranın sədr müavini, Milli Məclisin deputatı Fəttah Heydərov tədbirdə iştirak etmək üçün seçilmiş 186 nəfərdən 179-nun qeydiyyatdan keçdiyini bildirib.
Azərbaycanın dövlət himni səsləndirilib.
Sonra Ulu öndər Heydər Əliyevin, Şuranın sabiq sədri akademik Budaq Budaqovun, eləcə də V qurultaydan ötən dövrdə dünyasını dəyişmiş üzvlərin, torpaqlarımızın ərazi bütövlüyü uğrunda şəhid olmuş oğul və qızlarımızın xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Prezident Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov dövlətimizin başçısı İlham Əliyevin qurultaya təbrik məktubunu oxuyub.
Azərbaycan Prezidentinin təbrik məktubu hərarətli alqışlarla qarşılanıb.
Qurultayın işçi orqanları seçiləndən sonra gündəlik təsdiq edilib, hesabat məruzəsi dinlənilib.
Hesabat məruzəsi ilə çıxış edən Şuranın sədr müavini Bayram Yusifov diqqətə çatdırıb ki, 1990-cı ildə yaradılmış Azərbaycan Ağsaqqallar Şurası qısa müddətdə şərəfli yol keçib. Şura bu gün ölkəmizdə vətəndaş cəmiyyəti təsisatları arasında xüsusi yer tutur.
Hesabat məruzəsində qeyd edilib ki, son illərdə ölkəmizin dinamik inkişafı, bütün sahələrdə əldə olunmuş uğurlar cəmiyyətin strukturunda əsaslı dəyişikliklər yaradıb ki, bu da Şuranın öz fəaliyyətini günün tələbləri səviyyəsində qurmasını zərurətə çevirib.
Sonra AAŞ-nin təftiş komissiyasının sədri Tofiq Mirzəyev komissiyanın hesabatını təqdim edib, qurumun hesabına daxil olan vəsaitin qurultaylararası dövrdəki dinamikasını diqqətə çatdırıb.
Mandat komissiyasının sədri Sadiq Abdullayev məruzə edərək bildirib ki, qurultaya seçilmiş 186 nümayəndədən 10-u Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvü, 11-i müxbir üzvü, 30-u professor, 22-si elmlər doktoru, 4-ü elmlər namizədidir. Qurultay nümayəndələrindən müxtəlif dövlət təltifləri və fəxri adlara layiq görülənlərin sayı 128-dir.
Sonra məruzələr ətrafında çıxışlar olub.
Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvləri, akademiklər Teymur Bünyadov, Vasim Məmmədəliyev, İsmayıl İbrahimov, müxbir üzv Sudeyif İmamverdiyev, Naxçıvan Ağsaqqallar Şurasının sədri Əbülfəz Əsgərov, Yeni Azərbaycan Partiyası Səbail rayon təşkilatının sədri, AAŞ-nin üzvü Zahid Qaralov, Gəncə Ağsaqqallar Şurasının sədri Arif Qurbanov, Qafqaz Müsəlmanları İdarəsinin sədri Allahşükür Paşazadə çıxış ediblər.
Çıxışlarda bildirilib ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan dövləti vaxtilə Ulu öndərimiz Heydər Əliyevin respublika ağsaqqallarına göstərdiyi diqqət və qayğını davam etdirir. Azərbaycanın sürətlə inkişaf etdiyini, əhalinin rifah halının yaxşılaşdığını vurğulayan ağsaqqallar diqqətə çatdırıblar ki, bütün xalqımız kimi, onlar da müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin xidmətlərini heç zaman unutmayacaqlar.
Ağsaqqallar son illərdə Azərbaycanın dünyada sürətli inkişaf edən dövlətə çevrildiyini, dövlətimizin başçısının həyata keçirdiyi tədbirlər sayəsində bütün sahələrdə uğurlar qazanıldığını vurğulayıblar. Qeyd edilib ki, bu gün Azərbaycanda ağsaqqalların ictimai-siyasi fəallığının təmin edilməsi üçün hər cür şərait yaradılıb. Xüsusən gənc nəslin tərbiyəsində onların rolu yüksək qiymətləndirilir. Bildirilib ki, Azərbaycan ağsaqqalları qarşıdan gələn prezident seçkilərində ölkəmizin dinamik inkişafını təmin edən Ulu öndər Heydər Əliyevin siyasi kursunun layiqli davamçısı, Azərbaycana beynəlxalq aləmdə böyük nüfuz qazandıran İlham Əliyevin namizədliyini dəstəkləyir, cəmiyyətimizin bütün üzvlərini onun ətrafında sıx birləşməyə çağırırlar.
Əkrəm Naibovun “Daş yuxular” yazısına münasibət bildirən ağsaqqallar ölkəmizlə bağlı həqiqətləri qəsdən təhrif edən, Azərbaycan xalqını təhqir edən “yazıçı”nın mövqeyini milli mənəvi dəyərlərə zərbə hesab etdiklərini deyiblər. Bildiriblər ki, Əkrəm Naibov və onun arxasında dayanan qüvvələr Azərbaycan xalqının birliyinə, ölkəmizin haqq səsinin tanıdılmasına mane ola bilməyəcəklər.
Çıxışlarda, həmçinin Fəttah Heydərovun böyük təşkilatçılıq və idarəçilik qabiliyyətinə malik olduğu vurğulanıb, Azərbaycan Ağsaqqallar Şurasının sədri vəzifəsinə onun namizədliyi irəli sürülüb.
Qurultayda çıxış edən Prezident Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov deyib ki, ağsaqqalları “Azərbaycan cəmiyyətinin, milli mənəvi dəyərlərimizin qızıl fondu” adlandıran Ulu öndər Heydər Əliyev hər zaman onlara böyük diqqət və qayğı göstərib. Azərbaycanda elə bir təşkilat yoxdur ki, onun sıralarında bu qədər dəyərli insan toplaşsın. Azərbaycan cəmiyyətinin qaymağı bu təşkilatda təmsil olunur. Ölkəmizin bütün adlı-sanlı ziyalıları bu təşkilatın üzvləridir.
Bildirilib ki, Prezident İlham Əliyevin qurultaya təbrik məktubunda da ağsaqqalların Azərbaycan cəmiyyətinin ən dəyərli nümayəndələri olduğu xüsusilə vurğulanıb. Azərbaycan cəmiyyətinin ən dəyərli nümayəndələri ilə bir yerdə olmaq hər birimiz, cəmiyyətimiz, dövlətimiz üçün ciddi məqamdır və bu qurultayın dəyəri də elə bununla ölçülür.
Ağsaqqallıq ənənələrinin tarixindən danışan Əli Həsənov diqqətə çatdırıb ki, Azərbaycanda ilk yazılı mənbə olan “Kitabi-Dədə Qorqud” dastanında da ağsaqqal institutu həmişə hamının hörmətlə yanaşdığı, cəmiyyətin idarəçiliyində əsas söz sahibi olan, bütün məsələlərdə öz məsləhəti ilə cəmiyyətin idarəçiliyində iştirak edən bir institut olubdur. Dədə Qorqud həmin institutun başında duran şəxs olub. Ondan sonra gələn qəbilə ağsaqqallarının, rəhbərlərinin sözü insanlar üçün qanun sayılıb.
Diqqətə çatdırılıb ki, sonrakı dövrdə - mərkəzləşmiş Azərbaycan dövlətinin hökmdarı Şah İsmayılın sarayında da əsas institut - əsas məsləhət verənlər bu cəmiyyətin ağsaqqalları olublar. Bu institut Şah İsmayılın hakimiyyəti dövründə “Lələlər məclisi” olub. Azərbaycan cəmiyyətinin ən dəyərli ağsaqqalları lələlər qismində Şah İsmayılın sarayında fəaliyyət göstəriblər.
Ağsaqqallığın cəmiyyətdə qazanılmış hörmət, nüfuz, ad və dəyər olduğunu vurğulayan Əli Həsənov bildirib ki, müstəqil Azərbaycan dövlətində ağsaqqallıq institutunun tarixi Ümummilli liderimiz Heydər Əliyevin adı ilə bağlıdır. Heydər Əliyevin hakimiyyətə qayıdışından əvvəl Azərbaycan Ağsaqqallar Şurası təsis olunmuşdusa da 1992-1993-cü illərdə hakimiyyətdə olanlar keçmişin bütün dəyərlərindən imtina etmişdilər. Ümummilli liderimiz yenidən siyasi hakimiyyətə qayıdışından sonra bütün keçmiş dəyərləri bərpa etdi və ağsaqqallar təzyiqlərdən xilas oldular.
Diqqətə çatdırılıb ki, 1993-cü ildə ölkə parçalanmaq təhlükəsi ilə üzləşəndə Ümummilli liderə məktub göndərən insanların böyük əksəriyyəti ağsaqqallar idi. O vaxtdan başlayaraq, ağsaqqallıq institutu Azərbaycan cəmiyyətinin ciddi təsisatına çevrilib.
Əli Həsənov ağsaqqalların bu gün Azərbaycan cəmiyyətində təkcə gənc nəslin tərbiyəsində, milli mənəvi dəyərlər sisteminin formalaşdırılmasında və mühafizəsində deyil, eyni zamanda, ölkəmizin gələcək inkişaf strategiyasının müəyyənləşməsində iştirak etdiklərini xüsusi vurğulayıb. Şöbə müdiri deyib ki, sizin tövsiyələrinizə hər zaman biz dövlət məmurlarının, gənclərimizin, bütün Azərbaycanın ehtiyacı var. Ağsaqqallar müdrikliyin, inkişafın, təcrübənin rəmzidirlər. Gənclər istedadlı, enerjili ola bilərlər. Amma nəsilləri birləşdirən bir rabitə, gənc nəsil ilə bugünkü müdrik ağsaqqallıq arasında bağlılıq olmasa tarazlıq pozular və cəmiyyətlərdə çalxalanma baş verər. Prezident İlham Əliyev Azərbaycan ağsaqqallarına güvənir, ümid edir və sizinlə bundan sonra da ölkəmizin gələcək inkişafı istiqamətində birgə irəliləməyə hazır olduğunu diqqətinizə çatdırır.
Qarşıdan tale yüklü seçkilərin gəldiyini vurğulayan şöbə müdiri Azərbaycanın mühüm bir dövrə qədəm qoyduğunu bildirib. Azərbaycan cəmiyyəti və dövləti elə bir mərhələyə qədəm qoyub ki, dünyanın ən inkişaf etmiş ölkələri ilə bir sırada BMT Təhlükəsizlik Şurasında təmsil olunur. Amma bizim dövlətin də rəqibləri, bugünkü inkişafımızı gözü götürməyənlər var. Bu sıraya bəzi qonşu dövlətlər, dairələr, Ermənistan və erməni diasporu daxildir. Ona görə də bu gün öz yazıçılarımızın, şairlərimizin, qeyri-hökumət təşkilatlarımızın, jurnalistlərimizin, siyasi partiyalarımızın əli ilə Azərbaycana zərbə vurmaq istəyənlər var.
Əli Həsənov qeyd edib ki, daxildə də Azərbaycanın inkişafını dayandırmaq istəyən qüvvələr mövcuddur. Azərbaycan on milyonluq əhalisi ilə bölgədə müstəqil siyasət yeridən dövlətə çevrilib. Prezident İlham Əliyev müstəqil siyasət yeridir, Azərbaycanın maraqlarına xidmət etməyən heç bir məsələ ilə razılaşmır. Belə bir mərhələdə ölkə daxilində qarşıdurma yaratmaq istəyənlər var və onların qarşısını yalnız ağsaqqallar ala bilər. Əminəm ki, qarşıdan gələn siyasi fəallıq dövründə Ağsaqqallar Şurası bütün proseslərin başında dayanacaq. Qoy, cəmiyyət sizdən nümunə götürsün, fikirlərinizlə idarə olunsun. Dövləti idarə etməli, yönəltməli, mənfi insanları cəmiyyəti idarə etməkdən sıxışdırıb kənarlaşdırmalıyıq.
Sonra təşkilati məsələlərə baxılıb, hesabat məruzəsi və mandat komissiyasının hesabatı səsə qoyularaq qəbul edilib.
AAŞ-nin Nizamnaməsinə əlavə və dəyişikliklər edilib, Şuranın fəaliyyətinin əsas istiqamətləri təsdiq olunub.
Daha sonra Şuranın rəhbər orqanları seçilib.
Fəttah Səməd oğlu Heydərov açıq səsvermə yolu ilə Azərbaycan Ağsaqqallar Şurasının sədri seçilib.
Onu bu vəzifəyə seçdiklərinə görə qurultay iştirakçılarına minnətdarlığını çatdıran Fəttah Heydərov bildirib ki, biz əl-ələ verərək birgə fəaliyyətlə qarşıda duran vəzifələrin öhdəsindən gələcəyik. Çünki cəmiyyətimizdə ağsaqqal sözünə, nəsihətinə həmişə ehtiyac olub. Ən çətin faciələrin, ağır durumların qarşısı ağsaqqal sözü ilə alınıb, ən böyük uğurların təməlində ağsaqqal iradəsi dayanır.
Ulu öndər Heydər Əliyevin ən böyük ağsaqqalımız olduğunu vurğulayan Fəttah Heydərov Ümummilli liderin bütün mənalı ömrünü Azərbaycanın inkişafına həsr etdiyini diqqətə çatdırıb. Ağsaqqallarımız Ulu öndərin 1970-ci illərdə Azərbaycan üçün xidmətlərini çox yaxşı xatırlayırlar. Heydər Əliyevin əziz xatirəsi hər zaman bizim qəlbimizdə yaşayacaq. Çünki Ulu öndər 1993-cü ildə Azərbaycanda hakimiyyətə qayıdışı ilə ölkəmizi parçalanmaq təhlükəsindən xilas edib. Müstəqilliyimizin əvvəllərində başımıza bu faciələr, müsibətlər ona görə gəlib ki, o dövrdə biz ağsaqqalsız qalmışdıq.
Qeyd olunub ki, bu gün Azərbaycan ağsaqqalları Ulu öndər Heydər Əliyevin siyasi kursunu layiqincə davam etdirən, ölkəmizi sürətli inkişaf yoluna çıxaran Prezident İlham Əliyevi yaxından dəstəkləyirlər. Ağsaqqallarımızın əsas vəzifəsi müasir gəncliyimizi milli vətənpərvərlik ruhunda yetişdirmək, onları düzgün yola - Heydər Əliyev yoluna istiqamətləndirmək, cəmiyyətimizi narahat edən məsələlərin həllində fəal iştirak etmək, dövlətimizin yürütdüyü siyasəti dəstəkləməkdir. Azərbaycan ağsaqqalları dövlətimizin inkişafı yolunda Prezident İlham Əliyevə güvənir, etimad göstərir və qarşıdan gələn prezident seçkilərində onun namizədliyini dəstəkləyir. Çünki dövlətimizin başçısının hər bir uğuru istər ölkəmizdə, istərsə də beynəlxalq aləmdə açıq-aşkar görünür. Biz bütün bu xidmətlərinə, eləcə də ölkəmizdə ağsaqqallara göstərdiyi yüksək diqqət və qayğıya görə Prezident İlham Əliyevə minnətdarlığımızı bildiririk.
Fəttah Heydərov diqqətə çatdırıb ki, cəmiyyətimizdə Azərbaycanın çörəyi ilə böyüməyinə, yüksək mükafatlarla, fəxri adlarla təltif edilməyinə baxmayaraq, dövlətimizə, xalqımıza xəyanət edən insanların olması təəssüf doğurur. Belə insanlar və onları dəstəkləyənlər bilsinlər ki, Azərbaycan xalqının birliyi möhkəmdir və belə dönüklər bizə mane ola bilməzlər.
Sonra AAŞ-nin 67 nəfərdən ibarət Məclisi, nəzarət-təftiş komissiyasının və idarə heyətinin tərkibi seçilib.
Qurultayın qətnaməsi oxunub.
Azərbaycan Ağsaqqallar Şurasının (AAŞ) növbədənkənar VI qurultayının nümayəndələri Prezident İlham Əliyevə müraciət qəbul ediblər.
Bununla da AAŞ-nin növbədənkənar VI qurultayı öz işini başa çatdırıb.

Paylaş:
Baxılıb: 1084 dəfə

Xəbər lenti

Hamısına bax

Sosial

Gündəm

Siyasət

YAP xəbərləri

Gündəm

Ədəbiyyat

Analitik

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30