Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / Heydər Əliyev Fondunun təşkilatçılığı ilə keçirilən “Azərbaycan günləri” kolmarlılarda böyük maraq doğurub

Heydər Əliyev Fondunun təşkilatçılığı ilə keçirilən “Azərbaycan günləri” kolmarlılarda böyük maraq doğurub

22.02.2013 [02:22]

Azərbaycanı uzaq Fransada tanıtmaq məqsədi ilə Heydər Əliyev Fondunun təşkilatçılığı və ölkəmizin Fransadakı səfirliyinin dəstəyi ilə “Qafqazın mirvarisi olan Azərbaycanın mədəni dəyərləri” layihəsi çərçivəsində bu ölkədə keçirilən “Azərbaycan günləri” ilə bağlı növbəti tədbir Alzas regionunun Kolmar şəhərində reallaşıb.
Tədbir ölkəmizin tarixini və mədəni dəyərlərini əks etdirən sərginin açılışı ilə başlayıb. Şəhər merinin müavini Marianna Şelkova Azərbaycanın yalnız yeraltı təbii sərvətləri ilə deyil, eyni zamanda, zəngin tarixi və mədəni irsi ilə də Qafqazın mirvarisi olduğunu diqqətə çatdırıb.
SSRİ-nin süqutundan sonra Azərbaycanın çətin bir dövr yaşamasına baxmayaraq, ölkədə aparılan islahatlar sayəsində qısa bir müddətdə iqtisadiyyatının sürətli inkişaf yoluna çıxdığını xatırladan merin müavini Şərqlə Qərb arasında körpü rolunu oynayan ölkəmizin qədim “İpək yolu” üzərində yerləşməsi sayəsində mühüm strateji əhəmiyyət daşıdığını vurğulayıb.
M.Şelkova xalqların bir-birinə yaxınlaşmasında, dostluq əlaqələrinin yaranmasında mədəniyyətin misilsiz rol oynadığını qeyd edib.
Şəhər rəsmilərini, qonaqları və sərgi iştirakçılarını salamlayan ölkəmizin Fransadakı səfiri Elçin Əmirbəyov Azərbaycanın qədim tarixini, zəngin mədəniyyətini Fransanın region və əyalətlərində daha yaxından tanıtmaq məqsədi ilə “Qafqazın mirvarisi olan Azərbaycanın mədəni dəyərləri” layihəsinin Heydər Əliyev Fondu tərəfindən təşkil edildiyini və bu layihənin 2012-ci ilin sonlarından başlayaraq həyata keçirildiyini xatırladıb. Layihəyə əsasən, “Azərbaycan günləri”nin Kolmardan bir qədər əvvəl Alzas regionunun daha iki şəhərində - Müluz və Strasburqda da keçirildiyini bildirib.
Azərbaycanın müxtəlif sivilizasiyaların qovuşduğu məkanda yerləşdiyinə diqqət cəlb edən səfir paytaxt Bakı şəhərinin dünyada neft mərkəzi kimi tanınmasına baxmayaraq, ölkəmizin milli və tarixi mədəni dəyərlərinin də yeraltı sərvətləri kimi zəngin olduğunu deyib, sərgidə nümayiş olunan eksponatların kolmarlılarda respublikamızı kəşf etmək istiqamətində xüsusi əhəmiyyət daşıyacağına əmin olduğunu bildirib.
Alzas Regional Şurası prezidentinin birinci müavini, senator Andre Reşard çıxışında bir qrup senator həmkarları ilə Azərbaycana səfərini və bu səfərdən aldığı yüksək təəssüratı xatırladıb, ölkəmizin gənc müstəqil dövlət olmasına baxmayaraq nəinki neft sərvəti, habelə zəngin mədəni dəyərləri ilə artıq dünyada tanındığını, ölkəmizdə turizmin inkişafının fransızların bu ölkə ilə yaxından tanış olmalarına imkan yaratdığını bildirib. O, xalqların bir-birini yaxından tanımaq istiqamətində səy göstərilməsinin vacibliyini vurğulayıb.
Bakı, Şəki, Gəncə və Qəbələdə adət və ənənələr arasında müxtəliflik olduğu kimi, Alzas bölgəsinin də Fransanın digər bölgələrindən fərqləndirən özünəməxsus xüsusiyyətlərindən danışan senator xalqlar arasında bəşəri ideyalara xidmət edən əlaqələrin, xüsusilə Azərbaycan ilə Fransa arasında dostluq telləri ilə yanaşı, iqtisadi əməkdaşlığın inkişaf etdirilməsində ölkəsinin maraqlı olduğunu diqqətə çatdırıb.
Fransada işsizlik probleminə toxunan senator xarici, o cümlədən Azərbaycan investorlarının ölkəsinə, habelə Alzas bölgəsinə sərmayə yatırmaları üçün münbit şəraitin olduğunu və bunun tərəfdaşlığın, ölkələr arasında əlaqələrin, xüsusilə xalqların mədəni münasibətlərinin inkişafında mühüm rol oynayacağını qeyd edib.
Sonda A.Reşard yerli mətbuat nümayəndələrini Azərbaycan ilə bağlı tədbiri geniş işıqlandırmağa çağırıb.
Fevralın 24-dək davam edəcək sərgidə xalqımızın tarixini, mədəni dəyərlərini əks etdirən eksponatlar nümayiş olunur.
Şəhərin bələdiyyə teatrında təşkil olunan Azərbaycanın caz musiqisindən ibarət konserti açıq elan edən şəhərin meri Jilber Meyer Qafqazın mirvarisi olan Azərbaycanın mədəni dəyərlərinin kolmarlılarda xoş təəssürat yaradacağına ümidvar olduğunu bildirib. O, ölkəmizin tarixini, mədəni dəyərlərinin zənginliyini diqqətə çatdırıb, sərgidə nümayiş etdirilən eksponatların - qadın geyimlərinin, xalça və xurcunların, musiqi alətlərinin Azərbaycanın qədim tarixə malik ölkə kimi xarakterizə etdiyini vurğulayıb.
SSRİ-nin süqutundan sonra müstəqillik qazanan gənc ölkəmizin modernləşdiyini vurğulayan mer qısa müddətdə Azərbaycan iqtisadiyyatının sürətli inkişafının bir çox ölkələr üçün əsl nümunə olduğunu, muğam musiqisinin UNESCO tərəfindən qeyri-maddi mədəni irs kimi şedevr əsərlər siyahısına daxil edildiyini bildirib.
Keçən ilin oktyabrında Fransa ilə Azərbaycan arasında diplomatik əlaqələrin yaradılmasının 20 illiyi münasibətilə Parisdə möhtəşəm tədbir keçirildiyini xatırladan mer Fransanın Azərbaycanın müstəqilliyin tanıyan ikinci ölkə olduğunu, bir neçə fransız şirkətinin ölkəmizdə fəaliyyət göstərdiyini vurğulayıb, bu axşam iki xalqı birləşdirən hadisənin Fransa ilə Azərbaycan arasında əlaqələrin daha da möhkəmlənməsinə xidmət edəcəyinə ümid bəslədiyini bildirib.
Səfir Elçin Əmirbəyov konsertin kolmarlıların qiyabi olaraq ölkəmizin zəngin musiqili dünyasına səyahət etməsinə imkan verəcəyinə əminliyini ifadə edib, Fransanın ölkəmiz üçün mühüm tərəfdaş olduğunu qeyd edib. Caz musiqisinin Azərbaycanın zəngin mədəni ənənələrindən xəbər verdiyini xatırladan E.Əmirbəyov caz-muğamın tanınmış azərbaycanlı cazmenler Vaqif Mustafazadənin və Rafiq Babayevin adları ilə bağlı olduğunu, klassik cazla ənənəvi muğam musiqisinin improvizə edildiyini diqqətə çatdırıb, beynəlxalq caz musiqisi festivallarında müvəffəqiyyətlə çıxış edən gənc azərbaycanlıların Bakı Caz Məktəbinin yetirmələri olduğunu və hazırda ölkəmizdə bu musiqinin inkişaf etdiyini vurğulayıb.
Konsertdə gənc incəsənət ustalarının ifasında xalq mahnıları ilə bərabər Avropa caz ustalarının əsərləri də ifa edilib. Gənc ifaçıların çıxışı tamaşaçılar tərəfindən xüsusi maraqla qarşılanıb.
Kolmarlı Kristian Maysterman şəhərdə keçirilən “Azərbaycan günləri” ilə bağlı AzərTAc-a müsahibəsində deyib: “Sərgi ilə tanışlıq məndə ölkənizin qədim tarixi və zəngin mədəniyyəti barədə böyük maraq oyatdı. Qədim xalçalara və onlara vurulan zərif ilmələrə heyran olmamaq mümkün deyildir. Saxsı qablar, misgərlik sənət nümunələri xalqınızın öz tarixini və zəngin mədəni dəyərlərini əsrlər boyu necə qoruyub saxlamasından, eyni zamanda onları bu gün də inkişaf etdirməsindən xəbər verir.
Konsertə gəldikdə isə, onu deyə bilərəm ki, gənc pianoçunun ifa tərzi məni heyrətləndirib. Doğrudan da virtuoz ifaçı idi. Digər tərəfdən isə konsert mənə bir qədər türk musiqisini xatırlatdı. Mən az-çox türk musiqisinə bələdəm. Hər iki xalqın musiqisi arasında müəyyən oxşarlıq hiss etdim. Bu oxşarlıq musiqi ritmlərində və xalq mahnılarının ifasında özünü büruzə verdi. Sonda onu qeyd etmək istəyirəm ki, mən zəngin tarixi və mədəniyyəti olan bir ölkəni özüm üçün kəşf etdim”.

Paylaş:
Baxılıb: 1043 dəfə

Xəbər lenti

Hamısına bax

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

İqtisadiyyat

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30