Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / Milli Məclisdə İnsan hüquqları üzrə müvəkkilin illik məruzəsi dinlənilib

Milli Məclisdə İnsan hüquqları üzrə müvəkkilin illik məruzəsi dinlənilib

06.03.2013 [00:41]

Millət vəkilləri Ombudsmanın məruzəsini müsbət qiymətləndiriblər
Milli Məclisin dünənki iclasında Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkilinin (Ombudsmanın) 2012-ci il üzrə illik məruzəsi dinlənilib. İnsan hüquqları üzrə müvəkkil Elmira Süleymanova bildirib ki, Ombudsman təsisatının ötən 10 il ərzindəki fəaliyyəti insan, vətəndaş hüquq və azadlıqlarının etibarlı müdafiəsinə, insan hüquqlarının pozulmasının qarşısının alınmasına və pozulmuş hüquqların bərpasına, bütövlükdə insan hüquqlarının inkişaf etdirilməsinə yönəlib. Bu da nəticə etibarilə, vətəndaş cəmiyyəti və demokratiya meyarlarına cavab verən dövlətçiliyin daha da möhkəmləndirilməsinə xidmət edir. Azərbaycanın tərəqqisinin tərkib hissəsi kimi daim təşəkkül edən və inkişafda olan təsisatın qazandığı uğurlar dövlətin və onun səlahiyyətli qurumlarının dəstəyi ilə başa gəlib. Onun sözlərinə görə, 2012-ci ildə bütün sahələrdə davam etdirilmiş ardıcıl islahatlar, o cümlədən, irimiqyaslı sosial-iqtisadi tədbirlər nəticəsində dövlət büdcəsi sosialyönümlü olmaqla davamlı şəkildə artıb, vergi və sosial təminat sistemləri təkmilləşdirilib, bir sıra sahələrdə “bir pəncərə” sistemi, habelə “elektron hökumət” uğurla tətbiq edilib, “ASAN” xidmət fəaliyyətə başlayıb, bürokratik əngəllərin aradan qaldırılması və şəffaflığın təmin olunması üzrə işlər genişləndirilib.
“Müvəkkilin fəaliyyəti dövründə onun ünvanına ümumilikdə, 87,870, o cümlədən, 2012-ci ildə 12,470 müraciət daxil olub. Ötən il müvəkkil tərəfindən aparatda, regionda, istintaq təcridxanalarında, hərbi hissələrdə, uşaq, əlil və ahıl evlərinə baxış zamanı 470 şəxs qəbul edilib. Ötən il şəxsiyyət vəsiqəsi, habelə qeydiyyatla bağlı respublikanın şəhər və rayonlarından 89 müraciət daxil olub və hər bir müraciət görülmüş tədbirlər nəticəsində pozulmuş hüquqlar bərpa edilib. Ombudsman aparatına daxil olan şikayətlərdə, həmçinin, qeydiyyat və notariat orqanlarında, bələdiyyələrdə, mənzil-istismar sahələrində və yerli icra hakimiyyəti başçılarının inzibati ərazi vahidləri üzrə nümayəndəliklərində, səhiyyə müəssisələrində, xüsusilə, doğum evlərində, cərrahi müdaxilə ilə müşayiət olunan müalicə prosesində, orta məktəblərdə, uşaq bağçalarında, ali və orta ixtisas müəssisələrində, daşınmaz əmlakın dövlət reyestri xidmətində, tibbi-sosial ekspert komissiyalarında, ünvanlı sosial yardımların təyin olunması, şəxsiyyət vəsiqələrinin və digər zəruri sənədlərin verilməsi, özbaşına tikililərin aparılması zamanı korrupsiya hallarına yol verilməsi öz əksini tapıb” - deyə, E.Süleymanova vurğulayıb.
Məruzəçi qeyd edib ki, 2012-ci ildə Ombudsmana daxil olan şikayətlərin 43,7 faizi icraata qəbul edilib, onlardan 65,2 faizi təmin olunub. E.Süleymanova bildirib ki, ötən il həbs yerlərində saxlanılan şəxslər və məhkumlarla bağlı Ombudsmana 1833 müraciət daxil olub. Müvəkkil hesabatında deyib ki, ötən dövrdə fəaliyyətlərində yol verdikləri qanun pozuntularına görə bəzi rayon məhkəmələrinin və müvfiq orqanların əməkdaşlarına Ombudsmanın iradından sonra intizam icraatı başlanılıb.
“KİV nümayəndələrinin, xüsusilə də, insan hüquqları sahəsində yazan jurnalistlərin peşə hazırlığının yüksəldilməsi, onların hüquqi biliklərinin artırılması məqsədi ilə müvəkkilin təşəbbüsü və təklifi əsasında treninqlər və seminarlar keçirilib, maarifləndirmə ilə bağlı iş aparılıb. Hesab edirəm ki, “Diffamasiya haqqında” qanunun qəbul edilməsi sürətləndirilməlidir. Bununla yanaşı, jurnalistlər qanunun tələblərinə əməl etməlidirlər, öz yazılarında vətəndaşların şəxsi-ailə həyatına müdaxilə etməməli, habelə həqiqətə uyğun olmayan məlumatların yayılmasına yol verməməlidirlər”, deyən müvəkkil hər bir kəsin informasiya almaq hüququ olduğunu, bu hüququn səmərəli təmin edilməsinin zəruriliyini, vətəndaşlara, o cümlədən, jurnalistlərə onları maraqlandıran məlumatları sərbəst şəkildə əldə etmək, topluma yaymaq üçün zəruri şərait yaradılmasının vacibliyini bildirib.
Elmira Süleymanova Fransa Milli Assambleyasında diaspor üzvlərimizin döyülməsi ilə bağlı məsələlərə də Ombudsman institutunun münasibət bildirdiyini, həmin olay zamanı orada olan fransız parlamentarinin deputat səlahiyyətlərinin alınmasını tələb etdiklərini söyləyib: “Azərbaycanda insan hüquqları ilə bağlı nöqsan və problemlərin aradan qaldırılması istiqamətində siyasi iradə və görülən işlər də göz qabağındadır. Hər bir hüquq pozuntusunun aradan qaldırılmasına ciddi yanaşılmalıdır”.
Ümumilikdə, 2011-ci ilə nisbətən 2012-ci ildə mülkiyyət hüquqlarına dair Ombudsmana edilən müraciətlərin sayı 25,8 faiz artıb.
Ombudsman, həmçinin, ölkədə mənzil-kommunal təsərrüfatı sistemində islahatların aparılmasını, Mənzil-İstismar Sahələrinin (JEK) ləğv edilməsini və bu səlahiyyətlərin bələdiyyələrə verilməsini təklif edib: “Ötən il 363 müraciət kommunal xidmətlərlə bağlı olub. Kommunal xidmətlərin aşağı səviyyədə təşkili mövcud problemləri daha da mürəkkəbləşdirir”.
Daha sonra millət vəkilləri məruzəni müzakirə ediblər. Millət vəkili Zahid Oruc bildirib ki, keçən il Ombudsmana hərbi hissələrə baş çəkmək səlahiyyəti verilib. Onun fikrincə, Ombudsman hərbi ombudsman funksiyasını da həyata keçirməlidir.
Millət vəkili Aydın Mirzəzadə Ombudsmanın məruzəsini müsbət qiymətləndirib. Onun sözlərinə görə, bu institut sadəcə, şikayətləri dinləyən bir təsisat deyil: “Hesabatdan göründüyü kimi, Ombudsmanın vaxtaşırı bu və digər məsələyə dair müvafiq dövlət orqanları ilə təmasları, onlara müraciətləri, müəyyən məsələlərin müzakirəsi xeyli şikayətlərin həllinə, ən əsası insanların müəyyən problemlərinin qarşısının alınmasına kömək edir”.
A.Mirzəzadə, həmçinin, Ombudsman Elmira Süleymanovaya regionlarda dinləmələr keçirməyi təklif edib: “İlk dinləməni də seçildiyim Mingəçevir şəhərində təşkil etməyi xahiş edirəm”.
YAP İcra katibinin müavini, millət vəkili Siyavuş Novruzov çıxışında Ombudsmanın illik məruzəsini yüksək qiymətləndirib. Məruzənin geniş sahələri əhatə etdiyini deyən millət vəkillərinin sözlərinə görə, çoxsaylı şikayətlərin həllini tapması da təqdirəlayiqdir. S.Novruzovun fikrincə, bu, E.Süleymanovanın kiçik bir kollektivlə çox böyük işin öhdəsindən gəldiyini göstərir: “İnsan hüquqları elədir ki, bütün sahələri əhatə edir və bütün sahələrdən müraciətlər daxil olur. Hamı çalışır ki, Ombudsman institutu bu müraciətləri baxıb müvafiq işlər həyata keçirsin. Ombudsman aparatı da bu işləri uğurla yerinə yetirir”.
Millət vəkili hesabatda dövlət orqanlarına tövsiyələrin verilməsinə diqqət çəkib: “Bu da Elmira xanımın kiçik bir aparatla kifayət qədər ciddi işlər gördüyünü göstərir. Məruzədən də görünür ki, tək bir sahədən 12 min müraciət daxil olub. Bütün bunlar göstərir ki, Ombudsman institutu çox uğurla fəaliyyət göstərir. Şahidiyik ki, müxtəlif QHT, jurnalist təşkilatları 5 il əvvəl dediklərini indi də təkrarlayır, insan haqlarının pozulduğunu iddia edirlər. Bəzi hüquq müdafiə təşkilatları hüquq müdafiəsini biznesə çevirib. Dana oğrularından pul alıb, bəzilərinin adlarının Avropa Şurasının “siyasi məhbus” siyahısına salmasının şahidi olmuşuq. Ağır cinayət törədənlərin də adları belə siyahılara salınır. Bəzi vəkillər də vəkillik fəaliyyəti yox, ara düzəltməklə məşğul olur. Belə bir dövrdə Elmira Süleymanovanın bu cür fəaliyyət göstərməsi və yaxşı məruzə təqdim etməsi təqdir olunmalıdır”.
Millət vəkili deyib ki, Ombudsman beynəlxalq təşkilatlara əməkdaşlıq edir və Azərbaycanla bağlı real vəziyyəti onların diqqətinə çatdırır. Bu baxımdan, E.Süleymanovanın fəaliyyəti yüksək qiymətləndirilməlidir.
Millət vəkili Elmira Axundova çıxışında Ombudsmanın özünü “siyasi məhbus” adlandıran şəxslərlə bağlı real vəziyyəti beynəlxalq təşkilatlara çatdırmasının vacibliyini vurğulayıb. Qənirə Paşayeva isə deyib ki, məruzədə ən çox şikayətlərin hansı sahələrlə əlaqəli olduğu göstərilib, amma bu problemlərin həllinin tapması tək Ombudsmanın üzərinə düşən məsuliyyət deyil.
Millət vəkillərindən Qüdrət Həsənquliyev, Fərəc Quliyev, Astan Şahverdiyev və Aqiyə Naxçıvanlı da çıxış edərək Ombudsmanın məruzəsini müsbət qiymətləndiriblər.
Ombudsman Elmira Süleymanova müzakirələrin yekununda çıxış edərək millət vəkillərinin sual və təkliflərinə münasibət bildirib.
Sonda İnsan hüquqları üzrə müvəkkilin illik məruzəsi deputatlar tərəfindən müsbət qiymətləndirilərək qəbul edilib.
Nardar BAYRAMLI

Paylaş:
Baxılıb: 1023 dəfə

Xəbər lenti

Hamısına bax

Sosial

Gündəm

Siyasət

YAP xəbərləri

Gündəm

Ədəbiyyat

Analitik

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30