Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / Uruqvaylı qonaqlar Heydər Əliyev Mərkəzindən xoş təəssüratla ayrılıblar

Uruqvaylı qonaqlar Heydər Əliyev Mərkəzindən xoş təəssüratla ayrılıblar

22.05.2013 [11:02]

Azərbaycana səfərə gələn Uruqvay parlamentinin sədri Herman Kardosonun başçılıq etdiyi nümayəndə heyəti mayın 21-də Heydər Əliyev Mərkəzində olub.
AzərTAc xəbər verir ki, nümayəndə heyətinə dünya memarlığının nadir incilərindən olan Heydər Əliyev Mərkəzi barədə məlumat verilib. Bildirilib ki, Mərkəz Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin dövlətçilik fəlsəfəsinin, azərbaycançılıq məfkurəsinin, Ulu öndərin irsinin dərindən öyrənilməsi və tədqiqi istiqamətində fəaliyyət göstərir. Həmçinin Mərkəz Azərbaycan tarixinin, dilinin, mədəniyyətinin və digər milli sərvətlərinin beynəlxalq aləmdə tanıdılması, təbliği, eləcə də elm, təhsil, mədəniyyət, səhiyyə, idman, ekologiya və iqtisadiyyatın müxtəlif sahələrinin inkişafına xidmət edən layihələr həyata keçirir.
Qeyd olunub ki, Mərkəz dünya şöhrətli memar Zaha Hadidin layihəsi əsasında tikilib. Nadir memarlıq nümunələrindən olan və çoxfunksiyalılığı ilə seçilən bu Mərkəz artıq dünya memarlığı siyahısına daxil edilib. Burada rəsmi qəbullar, müxtəlif beynəlxalq konfranslar, iclaslar və digər tədbirlərin keçirilməsi üçün hər cür şərait yaradılıb.
Mərkəzdəki Heydər Əliyev Muzeyi də uruqvaylı qonaqlarda böyük maraq doğurub.
Diqqətə çatdırılıb ki, Muzey Ümummilli lider Heydər Əliyevin 90 illik yubileyi ərəfəsində istifadəyə verilib. Muzeydə toplanan məlumatlar ziyarətçilərə interaktiv formada çatdırılır. Üç mərtəbədən ibarət Muzeydə Ümummilli lider Heydər Əliyevin həyat yolu, Ulu öndər barədə maraqlı faktlar foto və videomateriallar vasitəsilə təqdim olunur. Muzey forma ilə yanaşı, məzmun orijinallığı ilə də seçilir. Burada materiallar iki paralel kontekstdə verilir. Ziyarətçilərə Ümummilli lider Heydər Əliyevin 1923-cü ildən 2003-cü ilədək ömür yolu ilə yanaşı, müxtəlif tarixi dövrlərdə Azərbaycanın ictimai-siyasi həyatında, mədəniyyət, iqtisadiyyat, idman sahələrində baş verən önəmli hadisələr barədə məlumatlar çatdırılır. Muzeyin “Şəkillərə həkk olunan ömür”, “Azərbaycanın ictimai-siyasi həyatı”, “Dövlətçiliyimiz, irsimiz, nailiyyətlərimiz” bölmələrində Ulu öndərin həm sovet hakimiyyəti dövründə, həm də müstəqillik illərində həyata keçirdiyi fəaliyyət konsepsiyasının müxtəlif aspektləri virtual təqdim edilir. Hər bir mövzuya aid materiallar səsli formada həm Azərbaycan, həm də ingilis dilində verilir.
Muzeydə nümayiş etdirilən və 1969-cu ildən 2003-cü ilədək Ulu öndər Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi dövrlərdə xidməti istifadəsində olan avtomobillər də qonaqların marağına səbəb olub.
Bildirilib ki, Muzeyin ən maraqlı bölmələrindən biri də Ulu öndərin müxtəlif ölkələrin rəhbərləri ilə görüşlərini əks etdirən multimedia zalıdır. Buradakı qlobusda ölkələrin üzərinə toxunmaqla arxa fonda Ulu öndər Heydər Əliyevin dövlət başçıları ilə görüşlərinin və Ümummilli liderə təqdim olunan hədiyyələrin fotoları əks olunur. Bundan əlavə, zalda Ümummilli liderin hərbi və mülki geyimləri, o cümlədən Onun iş masası da sərgilənir. Dahi şəxsiyyətin müxtəlif illərdə təltif olunduğu ordenlər və medallar ekspozisiyanın ən qiymətli nümunələri sırasındadır.
Qonaqlar Mərkəzdə “Azərbaycan inciləri” sərgisi ilə də tanış olublar. Bildirilib ki, Azərbaycanın tarixini və mədəniyyətini əks etdirən bu ekspozisiyada ölkənin tükənməz təbii sərvətləri, çoxəsrlik tarixi, mədəni irsinə dair nadir eksponatlar nümayiş olunur. Qədim sənət növlərinin, xüsusilə də Azərbaycan xalçaçılıq məktəblərinin nadir nümunələrinin əks olunduğu sərgidə misgərlik məmulatının təqdimatı da xüsusi maraq doğurur. Qədim musiqi alətlərimiz orijinal qaydada - səsli formada təqdim edilir. Milli geyimlərimizin, qədim sikkələrin təqdim olunduğu sərgidə tolerantlıq ünvanı kimi tanınan Azərbaycanda müxtəlif dinlərə aid müqəddəs kitablar da ziyarətçilərin diqqətinə çatdırılır.
Mərkəzdəki “Mini Azərbaycan” sərgisi isə Bakıdakı və regionlardakı tarixi memarlıq abidələrinin tanıdılması baxımından mühüm əhəmiyyət kəsb edir. Layihə çərçivəsində 24 tarixi binanın və memarlıq nümunəsinin maketi təqdim olunur. Ziyarətçilərə hər bir bina, onun memarlıq üslubu haqqında məlumatlar, maraqlı faktlar çatdırılır.
Sonra uruqvaylı qonaqlar Mərkəzin “Auditorium” bölməsindəki ikinci konfrans zalı ilə də tanış olublar. Bildirilib ki, ümumi sahəsi 1811 kvadratmetr olan zal müxtəlif yerli və beynəlxalq tədbirlərin keçirilməsi üçün nəzərdə tutulub.
Nümayəndə heyətinin rəhbəri, Uruqvay parlamentinin sədri Herman Kardoso Mərkəzin xatirə kitabına ürək sözlərini yazıb.
Qonaqlar dünya memarlığının nadir incilərindən olan Heydər Əliyev Mərkəzi ilə tanışlıqdan xoş təəssüratla ayrılıblar.

Paylaş:
Baxılıb: 1035 dəfə

Xəbər lenti

Hamısına bax

YAP xəbərləri

Gündəm

Gündəm

Gündəm

İqtisadiyyat

MEDİA

İqtisadiyyat

Mədəniyyət

İqtisadiyyat

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30