Parlament Miqrasiya Məcəlləsini qəbul edib
25.05.2013 [09:48]
Millət vəkilləri bir sıra beynəlxalq sənədləri də təsdiqləyiblər
Dünən Milli Məclisin növbəti iclası keçirilib. İclasda əvvəlcə millət vəkilləri cari məsələlərlə bağlı çıxışlar ediblər. Parlamentin Sosial siyasət komitəsinin sədr müavini Musa Quliyev çıxış edərək bildirib ki, “Milli qəhrəmanların statusu haqqında” yeni qanun layihəsinin qəbuluna ehtiyac var. Onun sözlərinə görə, bu gün şəhid milli qəhrəmanlarla hazırda sağ olan milli qəhrəmanların sosial statusları, sosial müdafiələri arasında müəyyən boşluqlar var: “Bildiyiniz kimi, Azərbaycan Qarabağ müharibəsində minlərlə şəhid verib və onlardan 211-i Milli Qəhrəman adına layiq görülüb. Həmin milli qəhrəmanlardan hazırda 17-si yaşayır. Ancaq şəhid milli qəhrəmanlarla hazırda yaşayan milli qəhrəmanların sosial statusları arasında ciddi fərqlər var”.
“Xahiş edirəm ki, “Milli qəhrəmanların statusu haqqında” kiçik bir qanun layihəsi qəbul edilsin və şəhid milli qəhrəmanlarla hazırda yaşayan milli qəhrəmanların sosial statusları arasında olan fərqlər həmin sənəddə aradan qaldırılsın”, - deyə komitənin sədr müavini vurğulayıb.
Millət vəkili Qüdrət Həsənquliyev parlamentarilərin xarici dövlətlərə səfərlərinin ölkəmizin nüfuzunun yüksəlməsi baxımından əhəmiyyətini qeyd edib. O Şeyxülislamın rəhbərliyi ilə İran səfərinin, o cümlədən, deputatların Sloveniyaya səfərinin vacibliyini bildirib. Spiker Oqtay Əsədov isə bu cür səfərlərin dövlətimizin maraqlarına uyğun olduğunu vurğulayıb.
Millət vəkili Zahid Oruc isə çıxışında Azərbaycan müəllimlərinin sosial statusunun gücləndirilməsini təklif edib.
Millət vəkili Qənirə Paşayeva 31 may - Ümumdünya Tütünlə Mübarizə Günü ərəfəsində ictimai yerlərdə siqaretin çəkilməsinin qadağan edilməsi haqqında qanun layihəsinin parlamentin müzakirəsinə çıxarılmasını təklif edib.
Milli Məclisin Aqrar siyasət komitəsinin sədri Eldar İbrahimov isə bu yaxınlarda Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Hacı Allahşükür Paşazadənin rəhbərliyi ilə İrana etdikləri səfər barədə məlumat verib. E.İbrahimov orada keçirdikləri görüşlərdən danışıb və iki ölkə arasında problemlərin həlli ilə bağlı İran rəsmilərinin nikbin ifadələr söylədiyini deyib. Onun sözlərinə görə, İranın ali dini rəhbəri Xomeneyi onlarla Azərbaycan dilində danışıb. E.İbrahimov qeyd edib ki, İran rəsmiləri də iki ölkə arasında problemlərin həlli və inkişafında maraqlıdırlar: “Hətta Əli Laricani ilə görüşümüzdə Azərbaycan parlamentinin rəhbərinin İrana səfərinin vacibliyini də vurğuladılar. İran prezidenti isə bildirdi ki, aramıza şeytanlar girmək istəyir, buna imkan vermək olmaz. Mən də burada bəzi deputat həmkarlarımıza müraciət edirəm ki, işğalçı Ermənistan istisna olmaqla qonşu dövlətlərlə bağlı çıxışlarında ehtiyatlı, diqqətli olsunlar”.
Millət vəkili Məlahət İbrahimqızı isə bu günlərdə keçirilən qadınların regional konfransı haqqında məlumat verib. Onun sözlərinə görə, həmin tədbirin iştirakçıları dövlətimizin qadın siyasətini yüksək qiymətləndiriblər: “Eyni zamanda, parlament tərəfindən gender bərabərliyi və məişət zorakılığının qarşısının alınması haqqında qəbul olunan qanunların əhəmiyyətini vurğulayıblar. Həmçinin, qadın sabikarlığının inkişafı ilə bağlı müəyyən təkliflər irəli sürüldü. Xahiş olundu ki, sahibkarlıq fəaliyyəti ilə bağlı qanunlarda qadın iş adamları üçün müəyyən güzəştlər nəzərdə tutulsun”.
Millət vəkili Elman Məmmədov da M.Quliyevin milli qəhrəmanlarla bağlı təklifini dəstəkləyib.
YAP İcra katibinin müavini, millət vəkili Siyavuş Novruzov isə keçmiş deputatların pensiya məsələsinə dair fikirlərini bildirib. O deyib ki, 1995-ci ildə ilk dəfə milli Konstitusiyamız əsasında deputat seçilmiş şəxslərlərlə 2000-ci ildə seçilmiş deputatların pensiyasında çox böyük fərq var: “Baxmayaraq ki, onlar da Konstitusiyaya uyğun olaraq müstəqillik dövründə seçilmiş deputatlardır. Məsələ odur ki, 1995-ci ildə birinci çağırış Milli Məclisin deputatlarının müavinətlərindən sosial sığortaya vəsait cəlb olunmayıb. Bu da büdcədən olmalı idi. Amma bu baş verməyib. Ona görə də, indiki deputatlarla birinci çağırış Milli Məclisin üzvü olmuş şəxslərin pensiyasında çox böyük fərq yaranıb. Bununla əlaqədar müvafiq təşkilatlarla müzakirələr aparılıb məsələnin həll edilməsi yaxşı olardı. Çünki bu məsələ haqda mənə çoxlu sayda müraciətlər daxil olur”.
Daha sonra gündəlikdəki məsələlər müzakirə olunub. İclasda bir sıra dövlətlərarası sənədlər təsdiq olunub. Azərbaycan və Monteneqro arasında imzalanmış bir sıra sənədlər - dostluq münasibətləri və tərəfdaşlıq haqqında Bəyannamə, iki ölkə arasında gəlirlərə görə vergilərə münasibətdə ikiqat vergitutmanın aradan qaldırılması və vergidən yayınmanın qarşısının alınması ilə bağlı Konvensiya və onun tərkib hissəsi hesab edilən Protokol, beynəlxalq kombinə edilmiş daşımalarla bağlı Saziş ratifikasiya olunub.
Həmçinin, iclasda Azərbaycan və Xorvatiya arasında strateji tərəfdaşlıq və dostluq münasibətləri haqqında Zaqreb Bəyannaməsi təsdiq edilib. Qanun layihələrini təqdim edən Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov bildirib ki, bu sənədlər Azərbaycanın həmin ölkələrlə əlaqələrinin inkişlafının göstəricisidir.
İclasda, həmçinin, Miqrasiya Məcəlləsi ikinci oxunuşda müzakirəyə çıxarılıb. Sənəd barəsində məlumat verən parlamentin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli qeyd edib ki, məcəllə miqrasiya sahəsində dövlət siyasətinin həyata keçirilməsi, miqrasiya proseslərinin və bu sahədə yaranan münasibətlərin tənzimlənməsi, habelə əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycanda hüquqi vəziyyəti ilə bağlı normaları müəyyənləşdirəcək.
Məcəllə layihəsində göstərilir ki, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycana gəlməsi, ölkədə olması və ya yaşaması Azərbaycanın suverenliyinə, ərazi bütövlüyünə, onun dünyəvi xarakterinə, Azərbaycan xalqının vahidliyinə, ölkənin milli təhlükəsizliyinə, ictimai asayişə və ya əhalinin sağlamlığına zərər vura biləcəyi hallarda, həmçinin, vətəndaşların və digər şəxslərin hüquqlarının və qanuni mənafelərinin qorunması bunu tələb etdikdə həmin əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin ölkədə olması arzuolunmaz hesab edilə bilər. Həmçinin, şəxsin arzuolunmaz hesab edilməsi 5 il müddətinə müəyyən edilir və müvafiq əsaslar aradan qalxmadıqda eyni müddətə uzadıla bilər. Uzadılmaların sayı isə məhdudlaşdırılmır. Eyni zamanda sənəddə bildirilir ki, Azərbaycanın ərazisində qanuni əsaslarla müvəqqəti olan, müvəqqəti və ya daimi yaşayan əcnəbi və vətəndaşlığı olmayan şəxs arzuolunmaz hesab edildikdə, həmin şəxs qərar qəbul edildiyi andan ölkədə olma və ya yaşama hüququnu itirir.
Müzakirələrdə çıxış edən bəzi millət vəkilləri bu sənəddə xaricdə yaşayan azərbaycanlılar üçün müəyyən imtiyazlar, güzəştlər nəzərdə tutulmasını təklif ediblər. YAP İcra katibinin müavini Siyavuş Novruzov bildirib ki, bu sənədlə ölkəmizə gələn əcnəbilərin hüquqları lazımi səviyyədə qorunacaq. Dövlətin milli təhlükəsizliyinin hər şeydən üstün olduğunu deyən millət vəkilinin sözlərinə görə, dövlətin təhlükəsiziyi ən vacib şərtdir, sonra isə xaricdə yaşayan soydaşlarımız diqqət mərkəzində olmalıdır: “Öz dövlətimizi qorumayandan sonra xaricdəki azərbaycanlıların hüquqlarını da qoruya, dəstəkləyə bilmərik. Biz Azərbaycanın yerləşdiyi həssas regiondakı prosesləri nəzərə alıb mövqeyimizi ortaya qoymalıyıq. Bu, diasporun yığıncağı deyil, miqrasiya məsələsidir. Bu məcəllə ciddi sənəd olmalıdır ki, ölkəmizin milli təhlükəsizliyinə tam cavab versin”.
Müzakirələrdən sonra sənəd ikinci oxunuşda qəbul olunub.
İclasda, həmçinin, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” və “Əmək pensiyaları haqqında” qanunlara dəyişikliklər edilib.
Nardar BAYRAMLI
Xəbər lenti
Hamısına baxAnalitik
29 Aprel 16:16
Dünya
29 Aprel 16:03
Dünya
29 Aprel 15:48
İqtisadiyyat
29 Aprel 15:23
YAP xəbərləri
29 Aprel 14:59
Siyasət
29 Aprel 14:41
Dünya
29 Aprel 14:32
Dünya
29 Aprel 14:09
Siyasət
29 Aprel 13:52
Dünya
29 Aprel 13:42
Hadisə
29 Aprel 13:31
Dünya
29 Aprel 13:19
Sosial
29 Aprel 12:59
Sosial
29 Aprel 12:59
Dünya
29 Aprel 12:54
Dünya
29 Aprel 12:20
İdman
29 Aprel 12:13
Siyasət
29 Aprel 11:55
Gündəm
29 Aprel 11:48
Gündəm
29 Aprel 11:25
Elm
29 Aprel 11:03
Gündəm
29 Aprel 10:59
Gündəm
29 Aprel 10:34
YAP xəbərləri
29 Aprel 10:22
Sosial
29 Aprel 10:12
Hadisə
29 Aprel 10:06
Gündəm
29 Aprel 09:55
İdman
29 Aprel 09:41
Analitik
29 Aprel 09:30
Analitik
29 Aprel 09:17
Sosial
29 Aprel 08:50
Mədəniyyət
29 Aprel 08:34
Elanlar
29 Aprel 07:50
Hadisə
29 Aprel 07:49
Sosial
29 Aprel 07:45
Dünya
28 Aprel 23:25
Dünya
28 Aprel 23:10
Sosial
28 Aprel 22:41
Dünya
28 Aprel 22:19
İqtisadiyyat
28 Aprel 22:10
Dünya
28 Aprel 21:50
Sosial
28 Aprel 21:24
Dünya
28 Aprel 21:09
Elm
28 Aprel 20:43
YAP xəbərləri
28 Aprel 20:31
Dünya
28 Aprel 20:17
YAP xəbərləri
28 Aprel 19:59
Dünya
28 Aprel 19:55
YAP xəbərləri
28 Aprel 19:32
Diaspor
28 Aprel 19:21
YAP xəbərləri
28 Aprel 18:59
YAP xəbərləri
28 Aprel 18:30
Dünya
28 Aprel 18:12
Sosial
28 Aprel 17:20
Mədəniyyət
28 Aprel 17:20
Müsahibə
28 Aprel 17:19
Sosial
28 Aprel 17:18
Elanlar
28 Aprel 17:17
Dünya
28 Aprel 17:06
Xəbər lenti
28 Aprel 17:05
YAP xəbərləri
28 Aprel 16:19
Xəbər lenti
28 Aprel 16:14
Elm
28 Aprel 16:12
İqtisadiyyat
28 Aprel 16:11
Dünya
28 Aprel 15:40
Gündəm
28 Aprel 14:31
Sosial
28 Aprel 14:29
YAP xəbərləri
28 Aprel 14:14
Siyasət
28 Aprel 14:08
Sosial
28 Aprel 14:07

