Şərqin ilk demokratik respublikası - Azərbaycan Xalq Cümhuriyyəti
28.05.2013 [12:26]
Müasir müstəqil Azərbaycan Şərqin ilk demokratik respublikası olan Azərbaycan Xalq Cümhuriyyətinin varisidir
Şərqin ilk demokratik respublikası olan Azərbaycan Xalq Cümhuriyyətinin (AXC) yaranmasından 95 il ötür. Azərbaycan tarixinin şanlı səhifələrindən olan, xalqımızın milli azadlıq mücadiləsinin məntiqi nəticəsi sayılan və müasir dövlətçilik tariximizdə önəmli yerə malik olan Azərbaycan Xalq Cümhuriyyəti XX əsrin Şərqi üçün milli dövlətçilik ənənələri baxımından perspektiv inkişafın əsasına çevrildi. Məhz Xalq Cümhuriyyəti özünün dövlətçilik əsasları və demokratik islahatları ilə müsləman Şərqinin mayakı rolun oynamağı bacardı. 23 ay mövcud olmasına baxmayaraq, Azərbaycan Xalq Cümhuriyyəti böyük bir coğrafiyanın siyasi həyatında mühüm rol oynadı, Cümhuriyyətin fəaliyyəti sayəsində dövlətçilik tariximizin əsasları daha da zənginləşdi.
Bu gün Cümhuriyyətin yaranmasından 95 il ötməsinə baxmayaraq, hər bir azərbaycanlı bu şanlı tarix ilə qürur duyur. XX əsrin sonunda yenidən müstəqillik əldə edən Azərbaycan dövləti Ulu öndər Heydər Əliyevin zəngin siyasi təfəkkürü, idarəçilik təcrübəsi və rasional fəaliyyəti sayəsində Azərbaycan Xalq Cümhuriyyətinin taleyini yaşamaqdan, yəni qısa zamanda müstəqilliyini itirməkdən qurtuldu. Ulu öndər Heydər Əliyev həmin dövrdə ciddi təhdid və təhlükələr qarşısında olan müstəqilliyimizi qorudu və müasir, güclü, nüfuzlu dövlət kimi çıxış edən və böyük bir regionda lider ölkəyə çevrilən Azərbaycanın təməlini qoydu.
Ulu öndər Heydər Əliyev bildirirdi ki, müasir Azərbaycan dövləti məhz 1918-ci ildə yaranmış Azərbaycan Xalq Cümhuriyyətinin varisidir. Bu nöqteyi-nəzərdən, müasir Azərbaycanın hər bir uğuru tariximizin parlaq səhifəsinə çevrilmiş Azərbaycan Xalq Cümhuriyyətinin əsasını qoyduğu ənənələri özündə yaşadır və bununla da dövlətçilik ənənələri müasir dəyərlərlə sintez olunaraq inkişaf etdirilir.
Milli istiqlaliyyət mücadiləsinin şanlı səhifəsi - Azərbaycan Xalq Cümhuriyyətinin yaranması
Ötən əsrin ilk 20 ili bir sıra xalqların həyatında mühüm hadisələrlə yadda qaldığı kimi Azərbaycan xalqının da tarixində silinməz izlər qoydu. Bu, o dövr idi ki, çar Rusiyasının devrilməsinin ardından “xalqlar həbsxanası” sayılan böyük bir imperiyanın təsirində olan millətlər öz müstəqillikləri uğrunda mübarizəyə qalxır, istiqlaliyyətləri üçün mücadilə aparırdılar.
Həm qədim dövlətçilik ənənələrinə, həm də müasir idarəçilik mədəniyyətinə sahib olan Azərbaycanda da milli istiqlaliyyət uğrunda mübarizə xalqımızın milli mücadiləsinin əsasını təşkil edirdi. Azərbaycan ziyalılarının, görkəmli ictimai-siyasi xadimlərin mühüm bir hissəsi, o cümlədən Əlimərdan bəy Topçubaşov başda olmaqla peşəkar hüquqşünaslar Rusiyanın Dövlət Dumasında zəngin idarəçilik təcrübəsi qazanmışdılar. Onlar müstəmləkə zülmünün hökmranlıq etdiyi Rusiya mütləqiyyətindən tamamilə fərqlənən, bütün insan və vətəndaş hüquq və azadlıqlarının təmin olunduğu demokratik respublika sistemi yaratmaq iddiası və iradəsində idilər. Azərbaycan Xalq Cümhuriyyəti xadimlərinin demokratik dövlət yaratmaq ideyaları onların hələ Rusiya Dövlət Dumasında fəaliyyət göstərdikləri dövrdə formalaşmışdı. Buna görə də, Azərbaycan Xalq Cümhuriyyətinin parlamentli respublika kimi formalaşması reallığı tarixi zərurətdən doğurdu.
1917-ci ilin oktyabrında çar Rusiyasında baş verən hakimiyyət çevrilişi nəticəsində Cənubi Qafqazdan Rusiyanın Müəssislər Məclisinə seçilən deputatlar Petroqrada və Moskvaya gedə bilmədilər. Onlar 1918-ci il fevralın 14-də Tiflisdə Zaqafqaziyanın ali hakimiyyət orqanı olan Zaqafqaziya Seymini, başqa sözlə, Zaqafqaziya Parlamentini yaratdılar. Zaqafqaziya Seymində Müsəlman Fraksiyasını Müəssislər Məclisinə seçkilər zamanı Azərbaycanın, habelə bütün Cənubi Qafqazın bir milyondan çox türk-müsəlman seçicisinin səsini qazanmış 44 deputat təmsil edirdi. Zaqafqaziya Seyminin Müsəlman Fraksiyası, faktiki olaraq, Zaqafqaziya Müsəlman Şurası, daha doğrusu, Zaqafqaziya Müsəlman Parlamenti funksiyasını yerinə yetirirdi. Zaqafqaziya Seyminin ən aktiv üzvləri olan Azərbaycan nümayəndələri 1918-ci il aprelin 9-da Zaqafqaziya Seyminin - Zaqafqaziyanın müstəqilliyini elan etdi və Birləşmiş Zaqafqaziya Cümhuriyyəti yaradıldı. Bununla belə, istər daxili, istərsə də xarici siyasət sahəsində kəskin ziddiyyətlərin ortaya çıxması Zaqafqaziya Seymini dağıtdı və mayın 25-də gürcü nümayəndələr, mayın 27-də Seymin Müsəlman Fraksiyası Seymdən ayrıldıqlarını bəyan etdilər. Zaqafqaziya Müsəlman Şurasının ayrıca iclasında isə Azərbaycanın müstəqilliyinin elan edilməsinə qərar verildi. 1918-ci il mayın 27-də keçirilən həmin iclasda Azərbaycan Milli Şurasının Rəyasət Heyəti və sədri seçildi. Məhəmməd Əmin Rəsulzadə Milli Şuranın sədri oldu. Mayın 28-də Həsən bəy Ağayevin sədrliyi ilə Azərbaycan Milli Şurasının tarixi iclası keçirildi. Həmin iclasda iştirak edən Həsən bəy Ağayev (sədr), Mustafa Mahmudov (katib), Fətəli xan Xoyski, Xəlil bəy Xasməmmədov, Nəsib bəy Yusifbəyli, Mir Hidayət Seyidov, Nəriman bəy Nərimanbəyov, Heybət Qulu Məmmədbəyov, Mehdi bəy Hacınski, Əli Əskər bəy Mahmudbəyov, Aslan bəy Qardaşov, Sultan Məcid Qənizadə, Əkbər Ağa Şeyxülislamov, Mehdi bəy Hacıbababəyov, Məmməd Yusif Cəfərov, Xudadat bəy Məlik-Aslanov, Rəhim bəy Vəkilov, Həmid bəy Şahtaxtinski, Firidun bəy Köçərlinski, Camo bəy Hacınski, Şəfi bəy Rüstəmbəyov, Xosrov Paşa bəy Sultanov, Cəfər Axundov, Məhəmməd Məhərrəmov, Cavad Məlik-Yeqanov və Hacı Molla Səlim Axundzadə Azərbaycanın İSTİQLAL BƏYANNAMƏSİNİ qəbul etdilər.
İstiqlal Bəyannaməsi bütün türk-müsəlman dünyasında, ümumiyyətlə, bütün Şərqdə ilk dəfə olaraq Azərbaycanda ən demokratik respublika idarə üsulunun-parlamentli respublikanın yaradılacağından xəbər verirdi. Azərbaycan Milli Şurasının İstiqlal Bəyannaməsində göstərilirdi ki, artıq Azərbaycan xalqı hakimiyyətə malik olduğu kimi, Cənub-şərqi Zaqafqaziyanı əhatə edən Azərbaycan da tamhüquqlu müstəqil bir dövlətdir. Müstəqil Azərbaycan dövlətinin idarə forması isə Xalq Cümhuriyyətidir. Azərbaycan Xalq Cümhuriyyəti bütün millətlərlə, xüsusilə qonşu olduğu millətlər və dövlətlərlə mehriban münasibətlər yaratmaq əzmindədir: “Azərbaycan Xalq Cümhuriyyəti milliyyətindən, məzhəbindən, sinfindən, silkindən və cinsindən asılı olmayaraq öz sərhədləri daxilində yaşayan bütün vətəndaşlarına siyasi hüquqlar və vətəndaşlıq hüququ təmin edir. Azərbaycan Xalq Cümhuriyyəti öz ərazisi daxilində yaşayan bütün millətlərin sərbəst inkişafı üçün geniş imkanlar yaradır. Müəssislər Məclisi toplanıncaya qədər Azərbaycanın başında xalqın seçdiyi Milli Şura və Milli Şura qarşısında məsuliyyət daşıyan Müvəqqəti hökumət durur”.
Azərbaycan Milli Şurası həmin iclasında, eyni zamanda, bitərəf Fətəli xan Xoyskinin başçılığı ilə Azərbaycan Xalq Cümhuriyyətinin ilk Müvəqqəti Hökumətinin tərkibini də təsdiq etdi.
Azərbaycan Xalq Cümhuriyyəti zəngin dövlətçilik ənənələri və idarəetmə mədəniyyəti formalaşdırdı
Qeyd etmək lazımdır ki, 23 ay mövcud olmasına baxmayaraq, Azərbaycan Xalq Cümhuriyyəti böyük dövlətçilik tarixinə sahib olan Azərbaycanın həyatında mühüm rola malik oldu. 1918-ci ilin 28 Mayında Şərqin ilk demokratik respublikası kimi yaradılan AXC Türk dünyasında ilk dünyəvi dövlət kimi tarixə düşdü. Cəmi 23 ay yaşayan Cümhuriyyət dövlət quruculuğu sahəsində mühüm qərarları ilə yadda qaldı. 1918-ci il iyunun 26-da Xalq Cümhuriyyətinin hökuməti Azərbaycanın ilk Milli Ordu hissəsinin - əlahiddə diviziyanın yaradılması barədə qərar qəbul etdi. Həmin dövrdə Cümhuriyyət hökumətinin tabeliyində olan hərbi qüvvələr türk (Osmanlı) ordu hissələri (“Qafqaz İslam Ordusu”) ilə birlikdə Nuru paşanın komandanlığı altında “Bakı Kommunası”nın qoşunları ilə qızğın döyüşlər aparırdı. Cümhuriyyətin Hərbi Nazirliyinin təşkili barədə qərar bir qədər sonra - avqustun 1-də verildi. Nazirlik özü isə 1918-ci ilin dekabrında fəaliyyətə başladı. Keçmiş çar Rusiyası ordusunun generallarından Səməd bəy Mehmandarov hərbi nazir, Əliağa Şıxlinski hərbi nazirin müavini təyin edildilər. Həmin ayın 27-də isə Azərbaycanın tarixində ilk dəfə olaraq Azərbaycan dilinin dövlət dili elan edilməsi haqqında qərar qəbul olundu. 2 iyul 1918-ci il tarixdə isə Xalq Cümhuriyyəti Nazirlər Şurasının sədri və daxili işlər naziri Fətəli xan Xoyski ölkədə ilk polis bölümünün yaradılması barədə əmr verdi. Bununla da Azərbaycan polis orqanlarının əsası qoyuldu. 1918-ci il noyabrın 9-da Azərbaycanın indiki üçrəngli dövlət bayrağı qəbul edildi. Eyni zamanda, Azərbaycan vətəndaşları haqqında qanun da qəbul olundu.
Azərbaycan Xalq Cümhuriyyəti mövcud olduğu 23 ayda həm də xalqımızı dünyaya tanıtmaqla mühüm bir tarixi missiyanı yerinə yetirmiş oldu. Bu mənada, yürüdülən xarici siyasətinin ən önəmli uğurlarından biri kimi Versal Ali Şurası tərəfindən 1920-ci ilin yanvarında Azərbaycanın de-fakto müstəqil dövlət kimi tanınmasına nail olunması xüsusi qeyd edilməlidir. Artıq 1919-cu ilin sonlarında Azərbaycan Xalq Cümhuriyyəti 20-dən çox ölkə ilə diplomatik əlaqələr yaratmışdı.
Qeyd etmək lazımdır ki, Azərbaycan Milli Şurasının 1918-ci il noyabrın 19-da M.Ə.Rəsulzadənin sədrliyi ilə keçirilən iclasında çox mühüm qərarlar qəbul olundu. O zaman Azərbaycan Xalq Cümhuriyyətinin fövqəladə dərəcədə çətin və mürəkkəb şəraitdə fəaliyyət göstərməsinə baxmayaraq, Xalq Cümhuriyyəti son dərəcə demokratik inkişaf yolu tutdu. 19 noyabr tarixli həmin iclasda qeyd olundu ki, Azərbaycan ərazisində yaşayan bütün millətlər parlamentdə təmsil olunmalıdır. Azərbaycan Milli Şurası ölkə əhalisinin (2 milyon 750 min nəfər) hər 24 min nəfərinə 1 nəfər nümayəndə hesabı ilə 120 nəfərdən ibarət olmalı idi. Onlardan 80 nəfər müsəlmanları, 21 nəfər erməniləri, 10 nəfər rusları, 1 nəfər almanları və 1 nəfər yəhudiləri təmsil etməli idi. Sayları çox az olduğu üçün parlament seçkilərində iştirak etmək hüquqları olmadığı halda, gürcülər və polyaklar da hər etnosa bir deputatla parlamentdə təmsil olunmalı idilər.
1918-ci ilin dekabr ayının 7-də Azərbaycan Parlamentinin təntənəli açılışı oldu. Bu, bütün müsəlman Şərqində o dövrün ən demokratik prinsipləri əsasında formalaşdırılan ilk parlament idi. Əlimərdan bəy Topçubaşov parlamentin sədri, Həsən bəy Ağayev isə onun birinci müavini seçildi. Parlament qəbul etdiyi qərarlarla milli dövlətçiliyin əsaslarının formalaşması və gücləndirilməsinə tarixi töhfələr vermiş oldu.
Milli dövlətçiliyin əsaslarının gücləndirilməsi istiqamətində növbəti addımlar
AXC-nin şanlı tarixindən bəhs edərkən milli dövlətçilik nöqteyi-nəzərindən mühüm əhəmiyyət kəsb edən bir məsələyə xüsusi diqqət yetirmək lazımdır. Belə ki, Cümhuriyyət parlamenti milli dövlətçiliyin gücləndirilməsi nöqteyi-nəzərindən böyük əhəmiyyət daşıyan - xalq maarifinin inkişafına çox mühüm təkan verən vəzifələrdən birini reallaşdırdı. Ali qanunverici orqan tərəfindən 1918-ci il 27 iyun tarixli qərarı qəbul edildi. Qərara əsasən, Azərbaycan dili dövlət dili elan olundu. Lakin ana dilini mükəmməl bilən ixtisaslı kadrların olmaması qərarın həyata keçirilməsini müəyyən qədər çətinləşdirirdi. Buna görə də, inzibati idarə orqanlarında, məhkəmə işində və başqa sahələrdə Azərbaycan dilini bilən ixtisaslı kadrlar hazırlanana qədər müvəqqəti olaraq digər dillərdən istifadəyə yol verilirdi. Cümhuriyyət hökuməti milli kadrların yetişdirilməsinə, bu sahədə təhsilin tamamilə yenidən qurulmasına xüsusi əhəmiyyət verirdi. Təhsil sahəsində həyata keçirilən ilk mühüm tədbir məktəblərin milliləşdirilməsi oldu.
Azərbaycan hökumətinin 1918-ci il 28 avqust tarixli qərarında göstərilirdi ki, bütün ibtidai tədris müəssisələrində təhsil şagirdlərin ana dilində aparılmalı və dövlət dili olan Azərbaycan dilinin tədrisi icbari surətdə həyata keçirilməlidir. Azərbaycan dilini bilməyən şagirdlər üçün üçüncü və dördüncü siniflərdə ana dili intensiv şəkildə tədris olunurdu ki, 2 ildən sonra həmin şagirdlər artıq öz dillərində təhsillərini davam etdirə bilsinlər.
Təhsildən bəhs edərkən vurğulamaq gərəkdir ki, Cümhuriyyət Parlamentinin 1919-cu ilin sentyabr ayının 1-də Bakı Dövlət Universitetinin təsis olunması haqqında qəbul etdiyi qanun xüsusi əhəmiyyətə malikdir. Milli universitetin açılması Cümhuriyyət xadimlərinin xalqımız qarşısında çox mühüm tarixi xidməti idi. Sonralar Azərbaycan Xalq Cümhuriyyəti süqut etsə də, Cümhuriyyət ideyalarının yaşamasında və xalqımızın yenidən müstəqilliyə qovuşmasında Bakı Dövlət Universiteti misilsiz rol oynadı.
Beləliklə, Azərbaycan Xalq Cümhuriyyəti hökuməti Azərbaycan xalqının son 400 illik tarixi ərzində ilk dəfə olaraq, Azərbaycan dilinə dövlət dili statusu verdi və digər dövlət orqanları ilə yanaşı, məhkəmə sisteminin də dövlət dilində fəaliyyət göstərməsi haqqında qərar qəbul etdi. Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin “Dövlət dili haqqında” 27 iyun 1918-ci il tarixli qərarında dövlət dilinin Azərbaycan türkcəsi kimi təsbit edildiyi, bundan sonra bütün məhkəmə orqanları və digər qurumlarda vəzifələr daşıyanların bu dili bilənlər olacağı bəyan edilmişdir.
Milli istiqlaliyyətə vurulan zərbə və AXC-nin süqutu
Bütün bunlara baxmayaraq, Odlar Diyarı daha bir işğal faktı ilə üz-üzə qaldı. 27 aprel 1920-ci il tarixdə Bolşevik Rusiyasının XI Ordusu Bakıya daxil oldu. Bu vaxt Xalq Cümhuriyyətinin ordu hissələri Qarabağda və Gəncəbasarda qiyamçı erməni qüvvələri ilə döyüşdə idi, azsaylı sərhəd qoşunları isə rus ordusuna müqavimət göstərə bilməmişdi. Bolşevik rəhbərliyi - Azərbaycan K(b)P MK və Rusiya K(b)P Qafqaz Diyar Komitəsinin Bakı Bürosu hakimiyyəti təhvil vermək barədə Xalq Cümhuriyyətinin parlamentinə ultimatum verdi. Meydana çıxmış situasiyanı dəyərləndirən parlament gərgin müzakirələrdən sonra ultimatumla razılaşdı və hakimiyyətin kommunistlərə verilməsi barədə qərar qəbul edildi. Parlamentin qərarında Azərbaycanın istiqlaliyyətinin və ərazi bütövlüyünün qorunması, Milli Ordunun saxlanılması, siyasi partiyalara fəaliyyət azadlığı, Cümhuriyyətin dövlət xadimlərinə təqiblərin olmaması barədə şərtlər yer almışdı. Lakin bolşeviklər sonradan bu şərtlərin heç birinə əməl etmədi. Beləliklə, Azərbaycan Xalq Cümhuriyyəti Sovet Rusiyasının hərbi təcavüzü nəticəsində 1920-ci ilin aprel ayının 28-də süqut etdi.
AXC-nin Azərbaycanın dövlətçilik tarixindəki rolu daim xatırlanır, Cümhuriyyət rəhbərlərinin xatirəsi əziz tutulur
Tarix hər zaman ədalətin gec də olsa, bərpa olunması ilə təkrarlanıb. XX əsrin əvvəlində xalqımız qarşısında tarixi əhəmiyyət kəsb edəcək işlər görməyi qarşısına məqsəd qoyan Azərbaycan Xalq Cümhuriyyətinin süqutundan 71 il sonra xalqımız bir daha müstəqillik əldə etdi. Məlum olduğu kimi, 1991-ci il oktyabrın 18-də qəbul olunan Konstitusiya Aktında Azərbaycan Respublikasının AXC-nin siyasi varisi olması elan olundu. Bəzən “tarix təkrar olunur” deyirlər və 1993-ci ildə də tarixin təkrar olunmaması, müstəqilliyin itirilməməsi üçün xalqımız Ümummilli liderimiz Heydər Əliyevi Azərbaycanda siyasi hakimiyyətə dəvət etdi. Məhz Ümummilli lider Heydər Əliyevin müəyyənləşdirdiyi strateji kurs sayəsində siyasi, hüquqi, iqtisadi, sosial, mədəni, ideoloji və digər sahələrdə əldə edilən nailiyyətlər Azərbaycanı müasir, müstəqil və güclü milli dövlətə çevirdi. Müasir, müstəqil dövlət kimi çıxış edən ölkəmiz özünün tərəqqisi ilə milli inkişafın Azərbaycan modelinin əsasını qoydu.
Bir məqəma xüsusi diqqət yetirmək gərəkdir ki, Azərbaycan dövlətçiliyini, milli maraqlarımızı hər şeydən üstün tutan böyük siyasi xadim, xalqımızın Ümummilli lideri Heydər Əliyev hər zaman Azərbaycan Xalq Cümhuriyyətinin ölkəmizin müstəqillik tarixində mühüm yerə malik olduğunu bildirirdi. Ulu öndər Heydər Əliyev müasir Azərbaycan dövlətinin məhz 1918-ci ildə yaranmış Azərbaycan Xalq Cümhuriyyətinin varisi olmasını dəfələrlə bəyan edib. Bu nöqteyi-nəzərdən, müasir Azərbaycanın hər bir uğuru tariximizin parlaq səhifəsinə çevrilmiş Azərbaycan Xalq Cümhuriyyətinin formalaşdırdığı ənənələri özündə yaşadır və inkişaf etdirir.
AXC-nin Azərbaycanın dövlətçilik tarixindəki rolu daim xatırlanır, Cümhuriyyət rəhbərlərinin xatirəsi əziz tutulur. Bu baxımdan, Ulu öndər Heydər Əliyevin üçüncü minillik münasibətilə Azərbaycan xalqına müraciətində Cümhuriyyətlə bağlı səsləndirdiyi fikirlər olduqca əlamətdar və yaddaqalandır. O, Azərbaycan Milli Şurasının qəbul etdiyi tarixi bəyannaməni yüksək qiymətləndirərək sənəddə əks olunmuş prinsiplərin - Azərbaycan xalqının öz müqəddəratını müəyyən etmək, insanların hüquq bərabərliyinə hörmət, bütün xarici dövlətlərlə, habelə, qonşu xalqlarla dinclik və əmin-amanlıq şəraitində yaşamaq, bir-birinin suverenliyinə və ərazi bütövlüyünə hörmətlə yanaşmaq prinsiplərinin Azərbaycan Xalq Cümhuriyyətinin beynəlxalq nüfuzunu artırdığını vurğulayıb. Ümummilli liderimiz həmin çıxışında Azərbaycan Xalq Cümhuriyyətinin sonrakı nəsillərin yaddaşında xalqımızın tarixinin ən parlaq səhifələrindən biri kimi həmişə qalacağını söyləyib. Ulu öndər, həmçinin, bəyan edib ki, AXC-nin qısa müddətdə həyata keçirdiyi tədbirlər xalqımızın tarixində silinməz iz buraxıb, milli dövlətçilik ənənələrimizin bərpası işində böyük rol oynayıb: “Ən əsası odur ki, Azərbaycan Xalq Cümhuriyyəti az yaşasa da, xalqımızda azadlıq, müstəqillik fikirlərini daha da gücləndirmiş oldu”.
Ulu öndər Cümhuriyyətin yaradılmasında müstəsna xidmətləri olan Məhəmməd Əmin Rəsulzadə, Əlimərdan bəy Topçubaşov, Fətəli xan Xoyski, Həsən bəy Ağayev, Nəsib bəy Usubbəyov, Mehdi bəy Hacınski, Məmməd Yusif Cəfərov, Xudadat bəy Rəfibəyov, Əkbər ağa Şeyxülislamov, Teymur bəy Makinski, Səməd bəy Mehmandarov, Əliağa Şıxlinski, Sultan Məcid Qənizadə, Xəlil bəy Xasməmmədov, Əhməd bəy Pepinov, Şəfi bəy Rüstəmbəyov kimi görkəmli ictimai xadimlərin adlarını çəkərək onların xatirəsinin qədirbilən Azərbaycan xalqı tərəfindən böyük ehtiram hissi ilə yad edildiyini söyləyib.
Azərbaycan Xalq Cümhuriyyətinin 85 illiyi münasibətilə xalqa müraciət edən Ulu öndər Heydər Əliyev Şərqdə ilk demokratik dövlət olan Azərbaycan Xalq Cümhuriyyətini Avropanın demokratik dəyərləri ilə Şərq mədəniyyətinin xüsusiyyətlərini üzvi şəkildə birləşdirən yeni dövlət və cəmiyyət nümunəsi kimi xarakterizə edirdi: “Cəmi 23 ay fəaliyyət göstərməsinə baxmayaraq, ilk respublika dövründə həyata keçirilən tədbirlər müstəqil dövlətçiliyimizin əsaslarının yaradılması və gələcək inkişaf yolunun müəyyənləşdirilməsi baxımından mühüm əhəmiyyət kəsb etdi. Gördüyü bir sıra məqsədyönlü işlər Xalq Cümhuriyyəti hökumətinin yürütdüyü siyasətin miqyasını, mahiyyət və mənasını əyani şəkildə səciyyələndirir”.
Qeyd etmək lazımdır ki, Azərbaycan Xalq Cümhuriyyətinə, onun yaradıcılarına hörmət bu gün də davam edir. 2007-ci ildə Bakıda “İstiqlaliyyət Bəyannaməsi” abidəsinin açılışı oldu. Açılış mərasimində iştirak edən Azərbaycan Prezidenti İlham Əliyev 1918-ci il mayın 28-də Tiflisdə elan edilən Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasını dünya miqyasında tarixi hadisə adlandırdı.
Həmin gün 28 May - Respublika günü münasibətilə Azərbaycan Prezidenti İlham Əliyevin adından təşkil olunan rəsmi qəbulda nitq söyləyən dövlət başçısı AXC-nin Azərbaycan tarixindəki rolunu qeyd edərək Şərqin ilk demokratik Cümhuriyyətinə olan hörməti ifadə edib: “Azərbaycan xalqı və Azərbaycan dövləti respublikanın fəaliyyətinə və onu yaradanların xatirəsinə çox böyük hörmətlə yanaşır. Bu hörmətin əlaməti olaraq bu gün biz Bakının mərkəzində Azərbaycan Xalq Cümhuriyyətinə həsr edilmiş abidənin açılışını qeyd etdik. O gözəl abidə paytaxtımızın gözəl guşələrinin birində - İstiqlaliyyət küçəsində ucaldıldı”.
Prezident İlham Əliyev 2012-ci il mayın 25-də 28 May - Respublika Günü münasibətilə təşkil olunan rəsmi qəbuldakı nitqində də AXC-nin Azərbaycan xalqı üçün tarixi hadisə olduğunu vurğulayıb: “Azərbaycan Xalq Cümhuriyyətinin yaradılması tarixi hadisə idi. Xalqımız üçün tarixi hadisə idi. Ona görə ki, Azərbaycan xalqı əsrlər boyu arzuladığı müstəqilliyə qovuşurdu. İslam dünyası üçün də tarixi hadisə idi, ona görə ki, ilk dəfə olaraq müsəlman Şərqində demokratik respublika yaranırdı”.
Dövlət başçısı, Cümhuriyyətin ömrünün çox qısa olmasına baxmayaraq, az zaman çərçivəsinə çox böyük işlər gördüyünü qeyd edib: “Dövlət atributları qəbul edildi. Dövlət bayrağımız təsdiq edildi. Dahi bəstəkarımız Üzeyir Hacıbəylinin əsəri olan Azərbaycan dövlət himni qəbul olundu. Digər istiqamətlərdə müsbət işlər görülmüşdür. Dövlət strukturları yaradılmışdır. Bir sözlə, ölkəyə xas olan bütün atributlar mövcud idi”.
Azərbaycan Xalq Cümhuriyyətinin taleyi bir daha sübut etdi ki, müstəqilliyi əldə etməklə onu qoruyub saxlamaq eyni dərəcədə vacib məsələdir. Bu mənada qeyd etmək lazımdır ki, 1993-cü ildə xalqın təkidli tələbi ilə ikinci dəfə hakimiyyətə gələn Ümummilli liderimiz Heydər Əliyev həm də xalqımızın milli müstəqilliyinin xilaskarıdır. Prezident İlham Əliyevin qeyd etdiyi kimi, Azərbaycan Xalq Cümhuriyyətinin qısa tarixi bir daha onu göstərir ki, hər hansı bir qələbəni, nailiyyəti əldə etməkdən daha çətin, daha məsuliyyətli vəzifə onu qoruyub saxlamaqdır.
Nəticə etibarilə, Azərbaycan Xalq Cümhuriyyətinin xalqımızın tarixindəki əvəzolunmaz xidmətləri danılmazdır. İllər ötsə, nəsillər dəyişsə də, Azərbaycan Xalq Cümhuriyyətinin tariximizdəki yüksək yeri və onun qurucularının əvəzsiz xidmətləri hər bir azərbaycanlının qəlbində yaşayacaqdır.
“Yeni Azərbaycan”ın Analitik Qrupu
Xəbər lenti
Hamısına baxYAP xəbərləri
29 Aprel 23:28
Dünya
29 Aprel 23:18
Dünya
29 Aprel 22:50
Dünya
29 Aprel 22:23
Dünya
29 Aprel 21:46
Dünya
29 Aprel 21:14
Sosial
29 Aprel 20:59
Dünya
29 Aprel 20:25
İqtisadiyyat
29 Aprel 19:53
Dünya
29 Aprel 19:32
Dünya
29 Aprel 19:18
Maraqlı
29 Aprel 18:30
Siyasət
29 Aprel 18:12
YAP xəbərləri
29 Aprel 17:40
Maraqlı
29 Aprel 17:25
Sosial
29 Aprel 17:06
Dünya
29 Aprel 16:39
Analitik
29 Aprel 16:16
Dünya
29 Aprel 16:03
Dünya
29 Aprel 15:48
İqtisadiyyat
29 Aprel 15:23
YAP xəbərləri
29 Aprel 14:59
Siyasət
29 Aprel 14:41
Dünya
29 Aprel 14:32
Dünya
29 Aprel 14:09
Siyasət
29 Aprel 13:52
Dünya
29 Aprel 13:42
Hadisə
29 Aprel 13:31
Dünya
29 Aprel 13:19
Sosial
29 Aprel 12:59
Sosial
29 Aprel 12:59
Dünya
29 Aprel 12:54
Dünya
29 Aprel 12:20
İdman
29 Aprel 12:13
Siyasət
29 Aprel 11:55
Gündəm
29 Aprel 11:48
Gündəm
29 Aprel 11:25
Elm
29 Aprel 11:03
Gündəm
29 Aprel 10:59
Gündəm
29 Aprel 10:34
YAP xəbərləri
29 Aprel 10:22
Sosial
29 Aprel 10:12
Hadisə
29 Aprel 10:06
Gündəm
29 Aprel 09:55
İdman
29 Aprel 09:41
Analitik
29 Aprel 09:30
Analitik
29 Aprel 09:17
Sosial
29 Aprel 08:50
Mədəniyyət
29 Aprel 08:34
Elanlar
29 Aprel 07:50
Hadisə
29 Aprel 07:49
Sosial
29 Aprel 07:45
Dünya
28 Aprel 23:25
Dünya
28 Aprel 23:10
Sosial
28 Aprel 22:41
Dünya
28 Aprel 22:19
İqtisadiyyat
28 Aprel 22:10
Dünya
28 Aprel 21:50
Sosial
28 Aprel 21:24
Dünya
28 Aprel 21:09
Elm
28 Aprel 20:43
YAP xəbərləri
28 Aprel 20:31
Dünya
28 Aprel 20:17
YAP xəbərləri
28 Aprel 19:59
Dünya
28 Aprel 19:55
YAP xəbərləri
28 Aprel 19:32
Diaspor
28 Aprel 19:21
YAP xəbərləri
28 Aprel 18:59
YAP xəbərləri
28 Aprel 18:30
Dünya
28 Aprel 18:12

