Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / “Gənclərin dövlətin ictimai-siyasi həyatında rolu” mövzusunda növbəti seminar keçirilib

“Gənclərin dövlətin ictimai-siyasi həyatında rolu” mövzusunda növbəti seminar keçirilib

28.05.2013 [12:27]

Əli Əhmədov: Azərbaycanda layiqli, ləyaqətli gənclik formalaşıb və bu gəncliyin gələcəyə hazırlanması ilə əlaqədar müxtəlif layihələrin həyata keçirilməsi, bütövlükdə, gəncliyin inkişafı baxımından da, gəncliyin ictimai-siyasi həyatımızda rolunun yüksəldilməsi baxımından da mühüm əhəmiyyət kəsb edir
Mayın 25-də Yeni Azərbaycan Partiyası (YAP) Gənclər Birliyinin və “Gənclərin İntellektual İnkişafına Yardım” İctimai Birliyinin birgə reallaşdırdıqları layihə çərçivəsində “Gənclərin dövlətin ictimai-siyasi həyatında rolu” mövzusunda növbəti seminar keçirilib. Tədbirdə ölkəmizin 27 regionundan, eləcə də Bakı və Sumqayıt şəhərlərindən gənclər iştirak ediblər.
Seminarda çıxış edən YAP Sədrinin müavini-İcra katibi, Milli Məclisin deputatı Əli Əhmədov öncə həyata keçirilən bu layihənin əhəmiyyətindən danışıb: “Artıq bir neçə gündür iştirak etdiyiniz bu layihə günümüzdə əhəmiyyət daşıyan layihələrdən biridir. Azərbaycanda layiqli, ləyaqətli gənclik formalaşıb və bu gəncliyin gələcəyə hazırlanması ilə əlaqədar müxtəlif layihələrin həyata keçirilməsi, bütövlükdə, gəncliyin inkişafı baxımından da, gəncliyin ictimai-siyasi həyatımızda rolunun yüksəldilməsi baxımından da mühüm əhəmiyyət kəsb edir. Hesab edirəm ki, YAP Gənclər Birliyinin və “Gənclərin İntellektual İnkişafına Yardım” İctimai Birliyinin təşkil etdiyi bu seminar-treninq sizin hər biriniz üçün kifayət qədər sərfəli olacaq. Siz çox əhəmiyyətli fikir mübadiləsi aparmaq imkanı qazanacaqsınız və eyni zamanda, burada canlı ünsiyyət quracaqsınız ki, bu ünsiyyət gələcəkdə də sizin bir-birinizlə əlaqələrinizin davam etdirilməsinə kömək edəcək”.
YAP Sədrinin müavini deyib ki, Azərbaycan gəncliyi ölkənin ictimai-siyasi həyatında əhəmiyyətli bir yer tutur: “Güman edirəm ki, Azərbaycan gəncliyi gələcəyə böyük ümidlərlə baxan gənc nəsil kimi fomalaşıb. Bütövlükdə, hər bir cəmiyyətin gələcəyi gəncliklə, gənc nəsillə bağlıdır. Təbii ki, Azərbaycanın gələcəyini də biz bugünkü gəncliklə əlaqələndiririk və hesab edirik ki, bugünkü gənclik Azərbaycanın gələcəyidir. Azərbaycanın gələcəyinin təmin edilməsi bu gəncliyin öz üzərinə götürdüyü vəzifələrlə bilavasitə əlaqədardır. Azərbaycan cəmiyyətindəki gənclər ölkəmizin ictimai-siyasi həyatında, bütövlükdə, cəmiyyətin siyasi sistemində əhəmiyyətli rol oynayırlar və çox əhəmiyyətli vəzifələr həyata keçirməkdədirlər. Düşünürüm ki, gəncliyin ən mühüm vəzifəsi gələcəyin estafetini əlinə götürüb, bu estafeti layiqlə daşımaqdan ibarətdir. Güman edirəm ki, bugünkü gənclik bu vəzifəni, bu missiyanı yerinə yetirməyə hazırdır”.
Son 20 il ərzində Azərbaycanda əhalinin 2 milyon nəfər artdığını deyən YAP-ın İcra kaitibi “Bu, o deməkdir ki, Azərbaycanın demoqrafik strukturunda gənclər əhəmiyyətli rol oynamaqdadırlar. Bunun özü müsbət bir meyil kimi qiymətləndirilməlidir. Ən azından, Azərbaycan cəmiyyəti gənc bir cəmiyyət kimi, bu gün mövcuddur və bu, ölkəmizin gələcəyinin parlaq olmasından xəbər verir”, - deyə əlavə edib.
Əli Əhmədovun sözlərinə görə, gənclərin cəmiyyətin demoqrafik strukturunda, əhalinin tərkibində sayının çox olması bir yandan gənclərin, digər bir yandan isə cəmiyyətin üzərinə gəncliyin inkişafının təmin edilməsi ilə bağlı əhəmiyyətli vəzifələr qoyur: “Güman edirəm ki, bu vəzifələrin bir-biri ilə ahəngdar inkişafının təmin edilməsi bütövlükdə dövlətimizin gənclərlə bağlı müəyyənləşdirdiyi siyasətin əsas xəttinin özəyini, nüvəsini təşkil edir. Qeyd etmək lazımdır ki, Azərbaycanın bugünkü dövlət siyasətində gəncliyə böyük əhəmiyyət verilməkdədir. Gəncliyin inkişafı, gənclərin vətənpərvərlik ruhunda tərbiyə olunması, onların gələcək həyata hazırlanması, eyni zamanda, gənclərin müasir dünyagörüşü ruhunda formalaşdırılması hökumətimizin müəyyənləşdirdiyi gənclər siyasətinin qarşısında duran ən vacib vəzifələrdən biridir. Məmnunluq hissi ilə qeyd etmək lazımdır ki, bu vəzifənin yerinə yetirilməsi üçün mühüm proqramlar müəyyənləşdirilib. Bu proqramın içərisində bir yandan gənclərin yüksək biliklərə, təhsillərə yiyələnməsi ilə bağlı vəzifələrin həyata keçirilməsi dayanır, digər bir tərəfdən, vətənpərvərlik tərbiyəsi bu proqramın mühüm tərkib hissəsini təşkil edir. Eyni zamanda, milli-mənəvi dəyərlərimizə uyğun şəkildə gəncliyin tərbiyə edilməsi Azərbaycanın gənclərlə bağlı dövlət siyasətində əhəmiyyətli yer tutan vəzifələrdən biridir. Təbii ki, gənclərin sağlam böyüməsi, sağlam gənclik ruhunda tərbiyələndirilməsi bu proqramın vacib tərkib hissələrindən biridir. Ümumiyyətlə, Azərbaycan dövləti gənclərə həmişə böyük qayğı və diqqət göstərir. Onların təhsil almaları, işləmələri və layiqli vətəndaş kimi yetişmələri üçün hər cür şərait yaradılıb. Azərbaycan dövləti bu siyasətin reallaşdırılması istiqamətində son illər bir sıra layihələr həyata keçirib”.
Əli Əhmədov bildirib ki, bu gün Azərbaycan gəncliyi ilə bağlı bizim apardığımız bütün söhbətlərin əsas hədəfi, birincisi, ölkəmizin gələcəyinin təmin edilməsi ilə əlaqədardırsa, ikincisi də, Azərbaycanın vətənpərvər gənclərinin formalaşması ilə bağlıdır: “Güman edirəm ki, vətənpərvərlik tərbiyəsi də Azərbaycan gəncliyi ilə əlaqədar bizim müəyyənləşdirdiyimiz siyasətin mərkəzində duran əsas məqsədlərdən biridir. Bütövlükdə, vətənpərvərlik gəncliyin özünü ifadəsinin ən başlıca formalarından biridir. Gənc bir insan özünü müxtəlif formalarda ifadə edir və gəncliyin özünü ifadə etməsinin ən vacib formalarından biri, təbiidir ki, vətənpərvərlikdir. Və Azərbaycanın indiki tarixi şəraitində gəncliyin vətənpərvərlik ifadəsi xüsusilə əhəmiyyət kəsb edir. Hesab edirəm ki, gəncliyin vəzifəsi təkcə vətəni qorumaqdan, vətənin keşiyini çəkməkdən ibarət deyil, eyni zamanda, gəncliyin ən mühüm vəzifələrindən biri həm də vətənin-Azərbaycanın təəssübünü çəkməkdən ibarətdir. Bu isə hər bir gənc insanın üzərinə düşən ən vacib vəzifələrdən biridir. Vətənin təəssübünü çəkmək yaxşı bilik əldə etməkdən, milli-mənəvi dəyərlərə yiyələnməkdən və bunu öz davranışında, fəaliyyətində ifadə etməkdən, vətənin hər bir qələbəsinə, hər bir uğuruna, hər bir inkişafına, bu və ya digər sahələrdə əldə etdiyi nailiyyətlərə sevinməkdən, vətənin inkişafı üçün əlindən gələn hər şeyi etməyə hazır olmaqdan ibarətdir. Vətənin təəssübünü çəkmək vətəndən kənarda olduqda öz vətəninin qayğıları ilə yaşamaq və həmin vətənin vətəndaşı kimi layiqli davranış nümayiş etdirməkdən ibarətdir. Güman edirəm ki, bugünkü Azərbaycan gəncliyinin üzərinə düşən ən vacib vəzifələrdən biri də bundan ibarətdir.
Bu gün yüksək təhsil almadan, gələcəyin Azərbaycanının inkişaf etdirilməsi kimi çox şərəfli, eyni zamanda, çətin bir vəzifəni öz üzərinə götürüb bu vəzifəni layiqincə həyata keçirmək mümkün deyil. Bu gün Azərbaycanın milli-mənəvi dəyərlərinə yiyələnmədən gələcək Azərbaycanın layiqli vətəndaşları olmaq mümkün deyil. Bu gün Azərbaycanın uğurlarına sevinmədən gələcək Azərbaycanın uğurlarını təmin etmək mümkün deyil. Və gələcək Azərbaycan da, təbii ki, gənclərlə bağlıdır. Gənclərin bilavasitə həyatı ilə bağlıdır. Bu mənada, bugünkü gəncliyin üzərinə düşən ən mühüm vəzifələr istənilən sahədə gələcəklə bağlı Azərbaycanın inkişafına töhfə verməyə çalışmaqdan ibarətdir”.
Azərbaycanda layiqli gəncliyin formalaşdığını, Azərbaycanın dövlət siyasətində gənclərə böyük önəm verildiyini deyən Əli Əhmədov vurğulayıb ki, dövlətimiz gənclərlə bağlı bütün layihələri layiqincə yerinə yetirir, onların ölkəmizin ictimai-siyasi həyatında iştirakı istiqamətində bir sıra tədbirlər həyata keçirir: “Gənclərin ictimai-siyasi fəallığının yüksəldilməsi üçün Prezidentimizin həyata keçirdiyi siyasət çərçivəsində geniş proqram müəyyənləşdirilib. Bu proqramın birinci istiqaməti gənclərin ictimai-siyasi həyatda yaxından iştirak etməsi üçün lazım olan şəraitin yaradılması ilə bağlıdır. Azərbaycanda mütəmadi olaraq müxtəlif seçkilər keçirilir və həmin seçkilərdə gənclər özlərinin ictimai-siyasi həyatda fəal mövqelərini ortaya qoymaq imkanları əldə edirlər. Buna misal olaraq 2004-cü ildə keçirilən bələdiyyə seçkilərində gənclərin yaxından və geniş bir şəkildə iştirak etdiyini diqqətinizə çatdırmaq istəyirəm. Həmin seçkilər nəticəsində bələdiyyələrə seçilənlərin təxminən 30 faizə qədərini gənc oğlanlar və qızlar təşkil edirdilər. Bu, gənclərin ictimai-siyasi həyatda fəallığının, yüksək iştirakçılığının təmin edilməsi istiqamətində atılan çox ciddi addımlardan biridir. Bələdiyyələr gənclərin ictimai və siyasi həyatda yaxından iştirak etməsi üçün ən gözəl meydançalardan biri hesab edilə bilər. Bu, elə bir platformadır ki, gənc yaşadığı bələdiyyənin nümunəsində özünün fəallığını nümayiş etdirmək, özünün ictimai-siyasi həyatda iştirak etmək bacarığına malik olduğunu təsdiq etmək və özünü ifadə etmək imkanları əldə edir. Eyni zamanda, gələcəkdə daha böyük ictimai-siyasi fəallıq üçün təcrübə qazanmaq imkanı əldə etmiş olur”.
YAP Sədrinin müavini-İcra katibi Əli Əhmədov onu da bildirib ki, ictimai-siyasi həyatda iştirakçılıq yalnız seçki kampaniyalarında iştirak etmək, seçkili orqanlarda təmsil olunmaqla məhdudlaşmır: “Bütövlükdə, ölkəmizin ictimai-siyasi həyatında yaxından iştirak etmək üçün daha geniş imkanlar, daha müxtəlif formalar mövcuddur. Və mən qeyd etmək istəyirəm ki, YAP-da təmsil olunmağın özü də ölkəmizin ictimai-siyasi həyatında yaxından iştirak etmək iddiasında olan gənclərin öz iddialarını həyata keçirmələri üçün çox əhəmiyyətli bir imkan əldə etməsini ifadə edir. YAP Azərbaycanın iqtidarda olan partiyasıdır və ölkəmizin ictimai-siyasi həyatında hakim mövqe tutmaqla, ölkəmizin ictimai-siyasi proseslərinə əhəmiyyətli töhfələr vermək imkanlarına malikdir. YAP-ın gənclər üçün açdığı böyük imkanlar gənc oğlan və qızların Azərbaycanın ictimai-siyasi həyatında sağlam iddialarını həyata keçirmələri üçün böyük imkan yaratmış olur. YAP-ın 600 min üzvündən təxminən 40 faizi gənclərdir ki, bu da 200-250 min insan deməkdir. Bu da onu göstərir ki, gənclər ictimai-siyasi proseslərdə çox fəal iştirak edirlər. Məmnunluqla demək istəyirəm ki, YAP sıralarında olan gənclərimiz bütövlükdə Azərbaycanın ictimai-siyasi həyatında fəal olan gəncləri özündə əks etdirir. YAP-ın bütövlükdə fəaliyyətində partiyamızın sıralarında gənclər yaxından iştirak edirlər və partiyanın həyatında yaxından iştirak etməklə, ölkəmizin ictimai-siyasi həyatında yaxından iştirak etmək imkanları qazanmış olurlar”.
Çıxışında Azərbaycan gənclərinin ictimai-siyasi həyatda fəallığının artması istiqamətində həyata keçirilən digər tədbirlər barədə də ətraflı məlumat verən Əli Əhmədov deyib ki, Ümummilli lider Heydər Əliyev tərəfindən formalaşdırılan gənclər siyasətini Prezident İlham Əliyev uğurla davam etdirir. Dövlətimizin başçısının həyata keçirdiyi uzaqgörən siyasət nəticəsində ölkə iqtisadiyyatı sürətlə inkişaf etməkdədir. Bu inkişafın, öz növbəsində, gələcək nəsillər qarşısında yeni tələblər qoyduğunu deyən YAP Sədrinin müavini “bugünkü gənclik həmin tələblərə uyğun şəkildə yetişməyə hazırlanmalıdır. Siz özünüzü daha müasir dünyagörüşü, daha yüksək biliklər səviyyəsi, daha yüksək peşəkarlıq səviyyəsi, daha qətiyyətli vətənpərvərlik mövqeyi olan vətəndaşlar kimi formalaşmağa, yetişməyə hazır hiss etməlisiniz. Bu isə sizin hər birinizin öz üzərinizdə daha çox işləməyinizi, daha dərin biliklərə, daha yüksək peşəkarlıq səviyyəsinə yiyələnməyinizi tələb edir” sözlərini də əlavə edib.
Əli Əhmədov qeyd edib ki, bugünkü gənclik Azərbaycanın inkişafına öz töhfələrini verməkdədir: “Ən böyük töhfə isə ondan ibarət olacaq ki, siz Azərbaycanı istənilən formada, istənilən yerdə layiqincə təmsil edə biləsiniz, Azərbaycanın təəssübünü çəkə biləsiniz, Azərbaycanın mənafeyini qorumaq lazım gələndə heç bir şeydən çəkinmədən ölkəmizin dövlət və milli mənafeyini qorumağı bacarasınız. Azərbaycanda çox layiqli gənclik formalaşıb və bu gənclik Azərbaycanın parlaq gələcəyini təmin edəcək. Bu gənclər gələcək qüdrətli, möhtəşəm Azərbaycanın çox ləyaqətli vətəndaşları olacaqlar. Böyük məmnunluq hissi ilə qeyd etmək istəyirəm ki, bu vətəndaşların əhəmiyyətli bir hissəsi YAP-ın gənc üzvləridir”.
Seminarda çıxış edən gənclər və idman nazirinin müavini İntiqam Babayev diqqətə çatdırıb ki, gənclər ölkəmizin ictimai-siyasi həyatına kifayət qədər təsiretmə imkanına malikdirlər. Azərbaycanda gənclərin ideyalarını, təkliflərini gerçəkləşdirməsi istiqamətində hər cür şərait yaradılıb. Ulu öndər Heydər Əliyevin gənclərə qayğısından danışan İntiqam Babayev qeyd edib ki, Ümummilli lider gənclərin yüksək vəzifələrə irəli çəkilməsini daim diqqət mərkəzində saxlayıb. Hazırda bu siyasət Prezident İlham Əliyev tərəfindən də uğurla davam etdirilir.
Sonda seminar iştirakçılarının sualları cavablandırılıb.
Nadir AZƏRİ

Paylaş:
Baxılıb: 1343 dəfə

Xəbər lenti

Hamısına bax

İqtisadiyyat

Gündəm

701,6 milyon avro...

29 Aprel 10:34

Analitik

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30