Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / “Zəngəzur toponimləri”

“Zəngəzur toponimləri”

20.06.2013 [00:34]

Yeni Azərbaycan Partiyasının təşkilatçılığı ilə Musa Quliyevin yeni kitabının təqdimat mərasimi keçirilib
Dünən Yeni Azərbaycan Partiyasının (YAP) təşkilatçılığı ilə partiyanın Siyasi Şurasının üzvü, Milli Məclisin Sosial siyasət komitəsinin sədr müavini, şair-publisist Musa Quliyevin (Urud) “Zəngəzur toponimləri” kitabının təqdimat mərasimi keçirilib.
Təqdimat mərasimini giriş sözü ilə açan YAP İcra katibinin müavini, Milli Məclisin deputatı Mübariz Qurbanlı bildirib ki, Musa Urudun bu kitabı Vətənimizin ən qədim və zəngin tarixə malik bölgələrindən biri olan Zəngəzurun yer adlarının tədqiqinə həsr edilib. Onun sözlərinə görə, M.Urud bütün fəaliyyətində vətənpərvər şəxs kimi özünü təsdiq edib. Belə ki, o, həm Milli Məclisdə, həm də beynəlxalq təşkilatlar çərçivəsində fəaliyyətində Ermənistanın ölkəmizə qarşı təcavüzünü ifşa edir. M.Qurbanlı deyib ki, M.Urud siyasi fəaliyyətlə yanaşı, yaradıcılıq işləri ilə də məşğuldur. Məhz bu fəaliyyətin nəticəsi kimi indiyə qədər “Urud”, “Zəngəzur”, “Uruda iki səfər” kitabları ərsəyə gəlib.
“Bildiyimiz kimi, indiki Ermənistan tarixi Azərbaycan torpaqlarında yaradılıb. İşğalçı Ermənistan dövləti tarixi saxtalaşdırmağa çalışır. Bu məqsədlə Qərbi Azərbaycanın tarixi yer adlarını, yəni, türk mənşəli toponimləri dəyişdiriblər. Bununla da, guya Qafqazın aborigen xalqı olduqlarını nümayiş etdirməyə çalışırlar. Amma Musa Urudun müəllifi olduğu kitab tarixi faktlara əsaslanır və ermənilərin yalan təbliğatını ifşa edir. Tarixdə həqiqət qızıla bənzəyir, yalan isə çürüyür. Belə kitablar Azərbaycanla Ermənistan arasında ideoloji müharibədə bizə üstünlük verir. Azərbaycan Prezidenti İlham Əliyev dəfələrlə bəyan edib ki, indiki Ermənistan dövləti tarixi Azərbaycan torpaqlarında yaradılıb. Bu nəşrlər Prezidentimizin rəhbərliyi ilə həyata keçirilən hücum diplomatiyasına bir dəstəkdir” - deyə, YAP İcra katibinin müavini vurğulayıb. Azərbaycanlıların Ermənistandan son deportasiyasından 25 il ötdüyünü xatırladan M.Qurbanlının fikrincə, bu məsələ beynəlxalq müstəviyə çıxarılmalıdır.
Daha sonra mərasim iştirakçıları M.Urudun müəllifi olduğu “Parçalanan xəritə: Zəngəzur” filminə baxıblar.
Mərasimdə Milli Məclisin sədr müavini Valeh Ələsgərov çıxış edərək “Zəngəzur toponimləri” kitabının nəşr olunmasını yüksək qiymətləndirib. O qeyd edib ki, bu nəşr özündə tarixi həqiqətləri əks etdirir: “Sanki müəllif kitabı qələmi ilə deyil, canının qanı ilə yazıb. Burada doğma torpaq həsrəti açıq-aydın görünür. Bu nəşr ermənilərə, xüsusilə, tutarlı cavabdır ki, həmin torpaqlar onların deyil. Belə kitablar bizi həmin doğma torpaqlara səsləyir. Biz o torpaqlara qayıtmalıyıq”.
Milli Məclisin Mədəniyyət komitəsinin sədri Nizami Cəfərov çıxışında deyib ki, tarix boyu ermənilərin ideologiyası saxtakarlığa söykənib. Onun sözlərinə görə, belə bir şəraitdə tarixi faktlara əsaslanan kitablar akademik səviyyəyə qalxır, cəmiyyətə təsir göstərir. Bu baxımdan, Musa Urudun müəllifi olduğu “Zəngəzur toponimləri” kitabı da böyük əhəmiyyət kəsb edir: “Toponimiya sahəsində əsərlər üç elm sahəsini özündə birləşdirir. Bunlar filologiya, coğrafiya və tarix elmləridir. M.Urudun kitabında bu amillər birləşib. Diqqət çəkən digər məqam odur ki, kitabda Zəngəzur toponimlərinin etnik əsaslara malik olduğu görünür. Yəni, yer adlarının bir çoxu etnik tayfaları özündə əks etdirir ki, bunlar da türk tayfalarıdır. Bu amilin də tarixi həqiqətlərin sübut olunması baxımından böyük üstünlüyü var. Bu kitabla Musa Urud erməni yalanlarına tarixi faktlarla cavab verir”.
AMEA-nın müxbir üzvü Vəli Əliyev çıxışında deyib ki, Zəngəzur xalqımızın tarixən gözəl diyarlarından biri olub. Onun sözlərinə görə, toponimika tarix elminin əsas mənbəyindən biridir. Tarixçi alim bildirib ki, bu bölgədəki 838 toponimin ətraflı izahı verilən kitabı müəllifin elmi-publisistik “Zəngəzur” kitabının ikinci hissəsi də hesab etmək olar: “Kitabda müasir eranın əvvəllərindən ta çağdaş günümüzə qədərki mənbələr, sənədlər, elmi ədəbiyyat və xəritələr, habelə yerli sakinlərin məlumatları əsasında Zəngəzurdakı toponimlər tədqiq edilib. Həmçinin, toponimlərin etimologiyası, bölgənin mədəni-etnoqrafik mənzərəsi ətraflı tədqiq edilib, bu qədim türk torpaqlarında yaşayan insanların həyatı, məişəti və mübarizəsi toponimlərin dili ilə oxuculara çatdırılıb. Bu kitab tarixi faktları özündə əks etdirir. Ulu öndər Heydər Əliyev də alimlərimizə tarixi düzgün yazmağı tövsiyə edirdi”.
Azərbaycan Yazıçılar Birliyinin katibi, “525-ci qəzet”in baş redaktoru Rəşad Məcid M.Urudun yaradıcılığından danışaraq onu yüksək dəyərləndirib.
AVP sədri, millət vəkili Fəzail Ağamalı da bildirib ki, Zəngəzur xalqımızın ən gözəl tarixi yurdlarından biridir. Bu bölgədə boya-başa çatdığını deyən F.Ağamalı hər zaman doğma torpağın həsrəti ilə yaşadığını vurğulayıb. “Xatırladım ki, vaxtilə Ulu öndər Heydər Əliyev Zəngəzurun tarixi haqqında kitablar yazmağı tövsiyə etmişdi. O zaman bu iş M.Uruda həvalə olundu və o, uğurla “Zəngəzur” kitabını ərsəyə gətirdi. Bu gün Prezident İlham Əliyev də bütün mötəbər tribunalarda çıxışlarında Azərbaycanın tarixi torpaqları haqqında cəsarətli fikirlər səsləndirir. Hesab edirəm ki, bu kitab dövlət başçısının çağırışlarına M.Urudun bir vətəndaş kimi töhfəsidir”.
F.Ağamalı bu kitabın xarici dillərə də tərcümə olunub yayılmasını təklif edib.
Tədbirdə filologiya elmləri doktoru Buludxan Xəlilov ermənilərin saxtakarlığından geniş bəhs edib. O bildirib ki, ermənilər “Gülüstan” və “Türkmənçay” müqavilələrindən sonra Qafqaza köçürülməyə başlayıb: “Onların Qafqaza köçürülməsində siyasi maraqlar var. Bu köçürmələr həm də onu sübut edir ki, ermənilər üçün vətən anlayışı yoxdur”.
Mərasimdə, həmçinin, YAP İdarə Heyətinin üzvü Kərim Kərimov və Milli Məclisin Sosial qanunvericilik şöbəsinin müdiri Adilə Abbasova çıxış edərək “Zəngəzur toponimləri” kitabının əhəmiyyətini vurğulayıblar.
Sonda kitabın müəllifi Musa Urud çıxış edərək bu nəşr haqqında məlumat verib və kitabın ərsəyə gəlməsində zəhməti olanlara təşəkkürünü bildirib. M.Urud bu kitabı Türk dünyasının yetişdirdiyi ən böyük şəxsiyyətlərdən biri, müasir Azərbaycan dövlətinin qurucusu Heydər Əliyevin anadan olmasının 90 illik yubileyinə ithaf etdiyini deyib. Müəllif qeyd edib ki, yaxın zamanlarda kitab rus dilində nəşr olunacaq və onun Rusiyada təqdimatı keçiriləcək.
Nardar BAYRAMLI

Paylaş:
Baxılıb: 1235 dəfə

Xəbər lenti

Hamısına bax

YAP xəbərləri

Gündəm

Gündəm

Gündəm

İqtisadiyyat

MEDİA

İqtisadiyyat

Mədəniyyət

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31