Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / Xalqın seçimi!

Xalqın seçimi!

20.09.2013 [10:37]

Şübhəsizdir ki, Azərbaycanın bu günü və gələcək taleyi baxımından önəmli tarixi hadisə olan 9 oktyabr prezident seçkiləri yaddaşlara iqtidar-xalq birliyinin daha bir parlaq təcəssümü, xalqımızın öz liderinə olan sonsuz inam və etibarının, dərin məhəbbətinin əyani təsdiqi kimi həkk olunacaq. Azərbaycan seçicilərinin əsas rəyi və beynəlxalq təşkilatların apardıqları təhlillərin ümumi nəticəsi ondan ibarətdir ki, tam aşkarlıq, demokratik, azad və şəffaf şəraitdə keçiriləcək prezident seçkilərində Azərbaycan vətəndaşları dövlətçiliyimizin daha da möhkəmlənməsinə, demokratiyanın inkişafina və özünün firavan gələcəyinə yekdilliklə səs verəcək.
Azərbaycanın son illər əldə etdiyi möhtəşəm uğurları təmin edən əsas səbəbi Ulu öndərimizin dəqiqliklə işləyib hazırladığı ümumi strategiya, müdrik siyasi kursdursa, digər mühüm səbəb isə Prezident İlham Əliyevin şəxsiyyəti, Onun müstəsna bacarıq və qabiliyyəti, Azərbaycanda və dünyada baş verən proseslərə təsir etmək səriştəsi, nüfuzlu siyasətçi və dövlət xadimi kimi yetişməsi, mahir diplomatik gedişləri, bir sözlə, dünyada tanınan, şəxsiyyətinə və fəaliyyətinə hörmətlə yanaşılan lider səviyyəsinə yüksəlməsidir. Burada möhtərəm İlham Əliyevin şəxsi keyfiyyətlərini, yüksək intellektini və mədəniyyətini, təvazökarlığını faydalı şəkildə sintezləşdirmək bacarığını da xüsusi olaraq önə çəkmək vacibdir. Azərbaycanın siyasi arenası üçün sözün həqiqi mənasında çox uğurlu dövlət başçısı olduğunu sübut edən cənab İlham Əliyev Öz siyasi simasında Qərb standartlarındakı aristokratik siyasi rəftarın, rasional düşüncə tərzinin, praqmatizmin milli mentalitetlə son dərəcə dəqiqliklə uzlaşdırılmış ansamblını yaratmağa nail olmuşdur.
Möhtərəm İlham Əliyevin 10 illik Prezidentliyi dövründə əldə olunan möhtəşəm nailiyyətlərin canlı şahidləri kimi qəti əminliklə söyləyə bilərik ki, müstəqil Azərbaycan dövləti bu illər ərzində bir neçə 10 illərə bərabər sürətli inkişaf yolu keçib. Dövlətimizin başçısının yürütdüyü uğurlu daxili və xarici siyasət bir-birini tamamlayaraq Azərbaycanın milli maraqlarının maksimum dərəcədə təmin olunmasına yönəlib. Həm ölkə daxilində gedən proseslər, həm də Azərbaycanın dünyada daim möhkəmlənən mövqeyi deməyə əsas verir ki, indiyədək aparılmış və bu gün də dönmədən davam etdirilən siyasət düzgündür və xalqımızın maraq və mənafeyinə uyğundur.
Cənab İlham Əliyevin rəhbərliyi ilə iqtisadi və siyasi islahatların paralel şəkildə aparılması ölkəmizə böyük uğurlar gətirib. 2003-cü ildə keçirilən prezident seçkilərində xalqımızın iradəsinə arxalanan, siyasətini milli maraqlarımızın tam təmin olunması üzərində quran, Ümummilli liderimiz Heydər Əliyevin müəyyənləşdirdiyi dinamik inkişaf strategiyasını rəhbər tutan və regionda çox böyük nüfuza malik olan İlham Əliyevin yenidən dövlətimizin başçısı seçilməsi ilə müasir tariximizdə keyfiyyətcə yeni mərhələnin başlanğıcı qoyulub. Bütün sahələrdə köklü dəyişikliklərlə, xalqın rifah halının daim yaxşılaşdırılması, Azərbaycanın dünyadakı rolunun yüksəlməsi ilə müşayiət olunan bu mərhələ daxili və xarici siyasi kursumuzda möhtəşəm uğurlarla, nəhəng abadlıq və quruculuq işləri və dünyada analoqu olmayan dinamik iqtisadi inkişafla yadda qalıb. Azərbaycanın hərtərəfli və dinamik inkişafı, yeni iş yerlərinin açılması, enerji sahəsi ilə yanaşı, qeyri-neft sektorunun tərəqqisinə nail olmaq, milli sahibkarlığın formalaşması və inkişafı, əhalinin aztəminatlı hissəsinin, bütövlükdə isə hər bir vətəndaşın maddi rifah halının yüksəldilməsi, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüquq normaları çərçivəsində ədalətli həlli, diaspor və lobbiçilik fəaliyyətinin gücləndirilməsi, Azərbaycanın milli mənafeyinə cavab verən balanslaşdırılmış xarici siyasətin yürüdülməsi, Qərbə inteqrasiya prosesinin sürətləndirilməsi vahid siyasi platformaya söykənən, çoxşaxəli və genişmiqyaslı bu qlobal strateji xəttin prioritet istiqamətləridir.
2003-cü ildə Azərbaycan xalqı cənab İlham Əliyevi Prezident seçməklə bir daha Heydər Əliyev siyasi kursuna inamını, etibarını ifadə etdi. Ötən 10 il xalqın öz inamında yanılmadığını, bu tarixi seçimin Azərbaycanın taleyində nə qədər böyük rol oynadığını əyani şəkildə təsdiqlədi. Prezidentliyin ilk günlərindən Özünü peşəkar siyasətçi və dövlət xadimi kimi təsdiqləyən İlham Əliyevin siyasi-psixoloji portretinin əsasını təşkil edən komponentlər Onun Azərbaycan siyasi arenası üçün son dərəcə uğurlu dövlət başçısı olduğunu sübut etdi.
Bu gün Azərbaycan siyasətində proseslər elə bir dinamik və açıq müstəvidə cərəyan edir ki, insanların seçim və müqayisə etmək üçün kifayət qədər imkanları vardır. Sözsüz ki, öz prinsiplərinə sadiqlik və intellektual imkanları baxımından Prezident İlham Əliyev heç bir siyasətçiyə bənzəmir. Azərbaycan Prezidenti cənab İlham Əliyev Ulu öndərimiz Heydər Əliyevin idarəçilik məktəbindən bəhrələnərək bu məktəbin daha da təkmilləşdirilməsinə təkan vermiş, onu müasir tələblər səviyyəsinə qaldırmışdır. Ümummilli liderimizin xalqın etimadına və dəstəyinə arxalanaraq apardığı uğurlu daxili siyasət təcrübəsindən bəhrələnən cənab İlham Əliyev həmin yolu məharətlə davam etdirir. Onun mütəmadi olaraq bölgələrə səfərləri, ictimaiyyətin, sadə peşə adamlarının və əhalinin müxtəlif təbəqələri ilə görüşləri buna nümunədir. Mütəmadi keçirilən belə görüşlər zamanı dövlətimizin başçısı xalqla təmasda olmaqla onların problem və qayğılarını öyrənir, əhalini narahat edən problemlərlə bilavasitə Özü yaxından tanış olur. Prezident Özünün əsas vəzifələrini açıqlayarkən bəyan edib ki, bizim əsas məqsədimiz insanlarımızın daha firavan yaşamasını təmin etməkdir. Odur ki, görülən bütün işlər məhz qüdrətli Azərbaycan dövlətinin və xalqının gələcəyi naminədir.
Bu gün cənab İlham Əliyevin dövlət başçısı kimi əldə etdiyi böyük nailiyyətlər heç də təsadüfi deyil. İlham Əliyev hələ dövlətimizin başçısı seçilənə qədər də böyük siyasətdə Özünü layiqli lider kimi təsdiqləmişdir. Xatırlatmaq yerinə düşər ki, 2003-cü ildə Ulu öndərimiz Heydər Əliyev seçkilər ərəfəsində Azərbaycan xalqına tarixi müraciətində ölkəmizin gələcək inkişafının, dövlət müstəqilliyimizin möhkəmliyinin yüksək intellektli, praqmatik düşüncəli, müasir dünya siyasəti və iqtisadiyyatının gözəl bilən, enerjili və təşəbbüskar bir şəxsiyyətin İlham Əliyevin simasında etibarlı əldə olacağına qəti inamını ifadə etmişdir. “İnanıram ki, Mənim axıra çatdıra bilmədiyim taleyüklü məsələləri, planları, işləri sizin köməkliyinizlə, dəstəyinizlə İlham Əliyev başa çatdıra biləcəkdir”.
Və bu gün böyük fəxrlə deyə bilərik ki, Ulu öndərimiz Heydər Əliyevin arzularını Prezident İlham Əliyev həyatda reallaşdırıb. “Bakı-Tbilisi-Ceyhan” neft kəməri, “Bakı-Tbilisi-Ərzurum” qaz kəməri layihələrinin həyata keçməsi əsası “Əsrin müqaviləsi” ilə qoyulan milli neft strategiyamızın təntənəsidir. İndi Azərbaycan təkcə neft deyil, həm də qaz ixrac edən zəngin enerji ehtiyatlarına malik ölkə kimi dünyada tanınır. Xəzərin Azərbaycan sektorundakı zəngin karbohidrogen ehtiyatları hələ 100 il bundan sonrakı dövr üçün də kifayət edəcəkdir. Təsadüfi deyil ki, bu gün dünyada, xüsusən, Qərbin enerji bazarında Azərbaycanın xüsusi yeri və çəkisi var.
Hazırda Azərbaycanın hər tərəfli inkişafı üçün bütün sahələr üzrə xüsusi inkişaf proqramları və işin yerinə yetirilməsi üçün işlək icra mexanizmləri mövcuddur. Məhz bunun nəticəsidir ki, müstəqil Azərbaycan dövləti son illərdə iqtisadi artım sürətinə görə dünyada liderliyini inamla qoruyub saxlayır. Bütövlükdə son 10 il ərzində Azərbaycan iqtisadiyyatı dünyada analoqu olmayan dinamik inkişaf yolu keçmiş, ölkə iqtisadiyyatı 3 dəfə, dövlət büdcəsi təxminən 20 dəfəyə yaxın artmış, valyuta ehtiyatlarımız 20 milyard dolları ötmüşdür. Göründüyü kimi, həyata keçirilən köklü sosial-iqtisadi islahatlar, qəbul edilmiş mühüm dövlət proqramlarının, xüsusən də, regional inkişaf proqramının uğurla reallaşması öz gözəl bəhrəsini verir.
2008-2013-cü illər üçün nəzərdə tutulan Regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramının demək olar ki, 4 il ərzində yerinə yetirilməsi sayəsində paytaxtla yanaşı, bütün bölgələrimizin, hətta ən ucqar kəndlərin belə siması büsbütün dəyişib, abadlıq-quruculuq işləri geniş vüsət alıb, yerlərdə müasir infrastruktur yaradılıb. Son 10 ildə 1,2 milyon yeni iş yerlərinin açılması, yoxsulluq səviyyəsinin 44,7 faizdən 5,5 faizə endirilməsi, rayon və kəndlərimizdə minlərlə sənaye və emal müəssisələrinin, yüksək standartlara cavab verən təhsil və səhiyyə ocaqlarının, müasir olimpiya komplekslərinin, xidmət obyektlərinin inşası uğurlarımızın sadəcə bir hissəsidir.
Son 10 ildə, həmçinin, ölkədə minimum əməkhaqqı 11,7 dəfə, dövlət büdcəsi üzrə əməyin ödənişi fondunun məbləği 3,9 dəfə, əsas sosial müavinətlərə yönəldilmiş vəsaitlərin məbləği, orta aylıq əməkhaqqı dəfələrlə artırılmışdır.
Azərbaycan dövlətinin enerji müstəqilliyini və təhlükəsizliyini təmin etmək üçün mövcud elektrik stansiyalarının yenidən qurulması və əlavə enerji mənbələrinin yaradılması məqsədilə ölkənin 5 regionunda 862,4MVt gücü olan modul tipli elektrik stansiyası tikilib istifadəyə verilmişdir. Görülən tədbirlər nəticəsində elektrik enerjisi istehsalının həcmi xeyli miqdarda artmış və daxili tələbat tam həcmdə ödənilməklə yanaşı, respublika bu sahədə ixracatçıya çevrilmişdir.
Dövlətimizin başçısı İlham Əliyevin bölgələrə mütəmadi səfərləri, əhali ilə səmimi görüşləri, problemləri ilə yerindəcə tanış olması və onların həlli yolunda konkret addımlar atması, həyata keçirilən işlərə bilavasitə nəzarət etməsi ölkəmizin hərtərəfli inkişafına yol açan əsas amillərdəndir. Həyata keçirilən siyasi kursun diqqəti çəkən mühüm cəhətlərindən biri də qəbul edilən proqramların reallaşdırılması üçün işlək mexanizmlərlə yanaşı, gündəlik nəzarətin olması və onların tam həcmdə vaxtında yerinə yetirilməsinin təmin edilməsidir. Prezident regionlara səfərləri zamanı bu məsələyə toxunaraq demişdir: “Atılan bütün addımlar Azərbaycan xalqının gələcəyi naminədir. Müxtəlif proqramlar qəbul edilibdir. Mənim də regionlara səfərim bu proqramların icrası ilə bağlıdır. Bir var ki, proqram qəbul edəsən, bir də var ki, onun icrası uğurla getsin. Məni ən çox maraqlandıran məhz ikinci cəhətdir. Görürəm ki, proqramlar öz həllini tapır”.
Xarici siyasətə gəldikdə isə Avropa İttifaqı ilə əməkdaşlığı genişləndirməyə çalışan Azərbaycan Avropanın enerji təhlükəsizliyinin təminatına öz layiqli töhfəsini verir. Dünya ölkələri, xüsusən də, Qərb enerji təhlükəsizliyi məsələlərində Azərbaycanla əməkdaşlığı genişləndirmək marağını açıq şəkildə ortaya qoyub. Azərbaycanın fəal iştirakı ilə Xəzər-Qara dəniz, Baltik-Aralıq dənizləri və Avropa İttifaqı regionunda enerji əməkdaşlığının gücləndirilməsi istiqamətində genişmiqyaslı iş aparılır. Artıq “Bakı-Tbilisi-Ceyhan” boru kəməri Azərbaycan nefti ilə yanaşı, Qazaxıstan neftinin nəqli üçün də istifadə edilir ki, bu da çox mühüm hadisə, geniş işbirliyinin nəticəsidir. Hazırda neft kəmərləri ilə yanaşı, TANAP kimi nəhəng qaz layihəsinin reallaşdırılmasında da Azərbaycanın önəmli və strateji rolu danılmazdır. Prezident İlham Əliyev “Bakı-Tbilisi-Ceyhan”, “Bakı-Tbilisi-Ərzurum”, “Bakı-Supsa”, “Odessa-Broda-Plotsk-Qdansk”, “TGİ” layihələrinin əhəmiyyətindən danışarkən xüsusi vurğulayıb: “Onların hamısının bu gün yeganə mənbəyi var: Xəzər dənizi və daha dəqiq desək, Azərbaycan!” Bir sözlə, ölkəmizin təşəbbüsü ilə bölgədə yaradılmış yeni enerji dəhlizləri qlobal masştabda enerji təhlükəsizliyi məsələlərinə, ikitərəfli və çoxtərəfli əlaqələrin güclənməsinə xidmət göstərir.
Azərbaycanın birbaşa iştirakı və təşəbbüsü ilə bölgədə, eyni zamanda, nəhəng nəqliyyat infrastrukturu formalaşır, yeni layihələr həyata vəsiqə alır. Avropanı Asiya ilə, Şimalla Cənubu birləşdirən Bakı-Tbilisi-Qars dəmir yolu layihəsi bu baxımdan olduqca mühümdür. İqtisadi cəhətdən çox sərfəli olan bu dəmir yolu, eyni zamanda, region dövlətləri arasında mövcud olan dostluq, qardaşlıq münasibətlərini daha da gücləndirəcəkdir.
Müstəqil Azərbaycan dövlətinin dünyadakı nüfuzu daim artmaqdadır. Bu baxımdan, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın yürütdüyü məqsədyönlü xarici siyasət nəinki keçmiş ittifaq respublikaları, eləcə də, bütün region üçün bir nümunə, model sayıla bilər. Son 10 ildə qazanılan nailiyyətlərdən danışarkən Azərbaycanın regionun lideri olduğunu xüsusi qeyd etmək lazımdır. Ölkəmiz siyasi və iqtisadi güc mərkəzi kimi hətta regional çərçivədən kənara çıxmağa başlayıb. Azərbaycan müstəqil, balanslaşdırılmış, düşünülmüş xarici siyasət yürüdür. Bu siyasət dünya ölkələri, beynəlxalq təşkilatlarla əməkdaşlığın möhkəmlənməsinə, Qərbə, Avroatlantik strukturlara, dünya iqtisadiyyatına inteqrasiya prosesinin sürətləndirilməsinə yönəlib. Xarici siyasətimizin əsas missiyalarından biri məhz bundan ibarətdir ki, Azərbaycan bu əməkdaşlığı özünün maraqlarının təmin edilməsinə, qarşısına çıxan problemlərin həllinə istiqamətləndirir, bununla da öz məqsədlərinə nail olur. Bu, bir daha sübut edir ki, gənc dövlətlər həmişə yalnız güclü dövlət başçısının rəhbərliyi altında öz müstəqilliklərini qoruya, onu daha da möhkəmləndirə bilərlər. Müstəqil Azərbaycan dövlətinin, onun bugünkü möhtəşəm uğurlarının timsalında bu reallıq özünü tam aydın göstərir. Düzgün qurulmuş iqtisadi sistem, həyata keçirilən islahatlar, qabaqlayıcı tədbirlər və bütün bunların nəticəsində formalaşmış bazanın nəticəsidir ki, Azərbaycan iqtisadiyyatı bütün dünya ölkələrinin ciddi şəkildə itkilərlə yaşadığı maliyyə böhranının təsirlərini minimum səviyyədə hiss edir. Dünyanı bürüyən qlobal iqtisadi böhran şəraitində Azərbaycan son illərdə öz sürətli iqtisadi inkişaf tempini saxlamış və yürüdülən düzgün siyasətin məntiqi nəticəsi birmənalı olaraq təsdiqləyir ki, Azərbaycanda Prezident İlham Əliyevə alternativ yoxdur.
Bildiyimiz kimi, 2011-ci ildə oktyabr ayında Azərbaycan 155 ölkənin səsini qazanaraq, çox gərgin mübarizə şəraitində, dünyanın ən nüfuzlu təşkilatı sayılan BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü seçildi. Bu seçimlə 20 il ərzində müstəqil Azərbaycanın dünya birliyinə qazandırdıqları uğurlarla özünü təsdiq və təsbit etdirməsi və ölkəmizin bu mötəbər təşkilatın sadiq olduğu ideyalara, sülhə, təhlükəsizliyə, demokratiyaya, ədalətə xidmət etməsi təkzibolunmaz həqiqətlərdir. BMT-də səsvermənin nəticələri dünya miqyasında 155 ölkənin Azərbaycana olan inamı, dəstəyi hörmətin və rəğbətin bariz nümunəsidir. Şübhə yoxdur ki, BMT Təhlükəsizlik Şurasının iclasının Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Sədrliyi ilə keçirilməsi hər bir vətənpərvər azərbaycanlının qəlbində çox böyük qürur və iftixar hissi doğurdu. Bu tarixi qələbə Azərbaycan xalqının və onun layiqli Prezidenti cənab İlham Əliyevin son illərdə gördüyü titanik işlərin və əldə etdiyi böyük uğurların məntiqi nəticəsidir.
Prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycanda yüksək texnologiyaların tətbiqinə və ölkədə kosmik sənayenin yaradılmasına çox böyük diqqət göstərilir. 2008-ci ildən Azərbaycanda kosmik sənayenin yaradılması, 2009-cu ildə ölkədə kosmik sənayenin yaradılması və inkişafı üzrə Dövlət proqramlarının təsdiqi, 2010-cu ildə “Azərkosmos” Açıq Səhmdar Cəmiyyətinin yaradılması və nəhayət 2013-cü ilin ölkədə “İnformasiya və kommunikasiya texnologiyaları” ili elan edilməsi və ilk “Azərspace - 1” süni peykimizin kosmosa çıxarılması ilə nəticələndi.
Avropa Olimpiya Komitəsinin Baş məclisində böyük səs çoxluğu ilə Birinci Avropa Oyunlarının ilk dəfə Bakı şəhərində keçirilməsi haqqında qərarın qəbulu Azərbaycan Respublikasının Prezidenti, Milli Olimpiya Komitəsinin Sədri cənab İlham Əliyevin son illərdə apardığı uğurlu siyasətin nəticəsində ölkəmizin beynəlxalq nüfuzunun artması, şəhər və rayonlarımızda yaradılmış idman infrastrukturunun dünya səviyyəsinə və dünya standartlarına cavab verməsi, mötəbər beynəlxalq tədbirlərin keçirilməsində mühüm təcrübənin əldə olunması, idmançılarımızın qazandıqları böyük uğurlar, ölkə iqtisadiyyatının dinamik inkişafı Azərbaycanın dünyada etibarlı tərəfdaş ölkələr sırasına daxil olmasının məntiqi nəticəsidir.
İndi ölkəmizin qarşısında 20 il ərzində üzləşdiyi yalnız bir problem Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli dayanır. Ermənistanın Azərbaycana qarşı işğalçılıq siyasəti nəinki Azərbaycan üçün, həm də Cənubi Qafqaz regionunun təhlükəsizliyi baxımından böyük maneədir.
Məhz dövlətimizin başçısı İlham Əliyevin apardığı gərgin iş və görülən tədbirlər sayəsində dünya ölkələri və nüfuzlu beynəlxalq təşkilatlar Azərbaycanın haqq işini dəstəkləyir, ölkəmizin ərazi bütövlüyünü tanıyırlar. Ermənistanın bir çox beynəlxalq təşkilatlar, o cümlədən, Avropa Şurası tərəfindən işğalçı dövlət kimi tanınması, yürütdüyü təcavüzkar siyasətin pislənilməsi Azərbaycanın diplomatik qələbəsidir. Son 10 il ərzində Azərbaycanda bütün çadır şəhərcikləri ləğv edilərək 140 min məcburi köçkün yeni inşa olunmuş müasir qəsəbələrə köçürülərək, hər cür şəraiti və lazımi avadanlığı olan fərdi evlərlə təmin olunublar. Xalqımız qəti əmindir ki, Prezident İlham Əliyevin səyləri nəticəsində torpaqlarımız tezliklə işğaldan azad olunacaq, qaçqın və məcburi köçkünlərimiz öz doğma torpaqlarına qayıdacaqlar.
Ali Baş Komandan, Respublika Prezidenti cənab İlham Əliyev tərəfindən ordu quruculuğuna da çox böyük diqqət göstərilir. Müharibə şəraitində olan ölkəmiz üçün ordu quruculuğu və qüdrətli ordu yaradılması olduqca vacibdir. Digər tərəfdən Azərbaycan həm siyasi, həm də iqtisadi cəhətdən Ermənistandan qat-qat güclüdür, bölgədə ən qüdrətli orduya malikdir və Azərbaycanın hərbi xərcləri bütövlükdə Ermənistanın büdcəsindən çoxdur.
Əgər 2003-cü ildə hərbi məqsədlər üçün büdcədən ayırmalar 163 milyon dollar təşkil edirdisə, 2013-cü ildə bu rəqəm 3,7 milyarda çatdırılıb. Azərbaycan Ordusu ən müasir silah və sursatla təchiz edilib. Artıq Azərbaycanda yerli hərbi istehsal inkişaf etmiş, çoxlu hərbi zavodlar qurulmuş və həmin zavodlarda 750 adda hərbi məhsul istehsal edilir.
Münaqişənin sülh yolu ilə həllinə üstünlük verməsinə, sülhsevər siyasətinə baxmayaraq, Azərbaycan istənilən yolla öz torpaqlarını işğaldan azad edəcək. Prezident İlham Əliyev Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı Azərbaycanın qəti və prinsipial mövqeyini bütün dünyaya bəyan edib. Münaqişə yalnız ölkəmizin ərazi bütövlüyü və beynəlxalq hüquq normaları çərçivəsində öz həllini tapmalıdır. Odur ki, bu taleyüklü problemin məhz uzunmüddətli hakimiyyət və güclü dövlət prizmasından həlli daha aktualdır.
Xalqımız əmindir ki, Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında qüdrətli Azərbaycan Ordusu Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllində öz sözünü deyəcək, işğal altında olan ərazilərimiz azad ediləcək və Azərbaycan beynəlxalq aləm tərəfindən tanınan ərazi bütövlüyünü bərpa edəcəkdir.
Prezident İlham Əliyevin ötən 10 il ərzində gördüyü işlər və hazırki fəaliyyəti deməyə əsas verir ki, O, Heydər Əliyevin nurlu ideyalarının sadəcə davamçısı yox, eyni zamanda, bu ideyaları XXI əsrin tələblərinə, dövrün, zamanın ruhuna uyğun olaraq təkmilləşdirməyə və inkişaf etdirməyə qadir olan bir liderdir. Bu baxımdan Azərbaycanda elm, mədəniyyət, incəsənət, ədəbiyyat sahələrində, həmçinin, milli-mənəvi, dini dəyərlərin qorunması və möhkəmləndirilməsi sahəsində görülən mühüm işlər də xüsusi qeyd olunmalıdır. Hazırda Azərbaycanda elm və təhsil sürətlə inkişaf etdirilir. Azərbaycanlı tələbələr dövlət hesabına dünyanın aparıcı dövlətlərinin ən yaxşı universitetlərində təhsil alırlar. Onlar gələcəkdə yüksək peşəkar mütəxəssislər kimi Azərbaycanın inkişafına öz töhfələrini verəcəklər.
Ölkənin sosial-mədəni sahəsinin inkişafında Heydər Əliyev Fondunun fəaliyyəti də olduqca təqdirəlayiqdir. Fondun apardığı qlobal işlər həm respublikamızda, həm də onun hüdudlarından çox-çox uzaqlarda böyük nüfuz qazanmışdır. Ümummilli lider, görkəmli dövlət xadimi Heydər Əliyevin nurlu ideyalarını zamanın tələblərinə uyğun uğurla həyata keçirən möhtərəm Prezidentimiz İlham Əliyevin hərtərəfli inkişaf etdirdiyi Azərbaycanın dinamik yüksəlişində Fondun prezidenti, Milli Məclisin deputatı, UNESCO-nun və İSESCO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın xidmətləri əvəz olunmazdır.
Heydər Əliyev Fondunun xətti ilə insanların sosial şəraitini yaxşılaşdırmaq məqsədilə respublikanın şəhər və rayonlarında yüzlərlə məktəb tikilib, uşaq evləri, mədəniyyət obyektləri təmir edilib, qəsəbələrdə yeni yollar və su xətləri çəkilib. Milli-mənəvi dəyərlərimizin qorunub saxlanılması, Azərbaycan xalqının görkəmli şəxsiyyətlərinin və əlamətdar hadisələrinin yubileylərinin qeyd edilməsinin UNESCO-nun proqramına salınması, respublikada ümumbəşəri əhəmiyyət kəsb edən beynəlxalq konfransların keçirilməsi olduqca təqdirəlayiqdir.
Azərbaycanı beynəlxalq aləmdə ləyaqətlə təmsil etməsi, onun haqq işinin və milli-mənəvi dəyərlərinin dünyaya çatdırılmasında Mehriban xanım Əliyeva yorulmadan olduqca əzmkar, məqsədyönlü və çoxşaxəli iş aparır.
Bəzi müxalifət partiyaları rəhbərlərinin prezident seçkilərinə qara yaxmalarının əsl səbəbi onların iddia etdikləri bəzi bəhanələr deyil. Onlar yaxşı bilirdilər ki, İlham Əliyevlə siyasi mübarizə aparmaq gücündə deyillər.
Ümumiyyətlə, bu gün ölkəmizin hərtərəfli inkişafı bir daha təsdiq etdi ki, Azərbaycanda Heydər Əliyev siyasətinin alternativi yoxdur. Bu siyasətin Prezident İlham Əliyev tərəfindən uğurla həyata keçirilməsi yaxın illərdə Azərbaycanı dünyanın ən müasir və qüdrətli dövlətləri sırasına çıxaracaqdır. Azərbaycan xalqı isə özünün firavan gələcəyinin təminatçısı olan bu siyasətə daima sadiq qalacaqdır.
Azərbaycan xalqının qəti qərarı budur ki, onun layiqli Prezidenti var, öz taleyini Heydər Əliyev siyasətinin layiqli davamçısı İlham Əliyev şəxsiyyətinə bağlamaqda yanılmayıb. Xalq öz Prezidenti İlham Əliyevə inanır, Onun xidmətlərini qiymətləndirir və növbəti 5 ildə öz taleyini Ona etibar edəcək.
Azərbaycan seçicilərinin İlham Əliyevə göstərdiyi bu böyük inam Onun rəhbərliyi ilə ötən 10 ildə həyata keçirilən uğurlu daxili və xarici siyasətin, ölkəmizin beynəlxalq aləmdə artan nüfuzu, iqtisadiyyatımızın sürətlə inkişafının, geniş quruculuq və abadlıq işlərinin regionların sosial-iqtisadi tərəqqisinə dair möhtəşəm layihələrin uğurla reallaşmasının, milli-mədəni dəyərlərimizin daha da inkişaf etdirilməsinin, bütün sahələrdə aparılan demokratik islahatların, vətəndaş cəmiyyətinin bərqərar olunmasının və ölkəmizin əldə etdiyi digər böyük nailiyyətlərin məntiqi nəticəsidir.
Yusif Hümbətov
“Azərsutikinti” Səhmdar
Cəmiyyətinin sədri,
YAP İdarə Heyətinin üzvü

Paylaş:
Baxılıb: 1145 dəfə

Xəbər lenti

Hamısına bax

Gündəm

Avropada birinci!

02 May 11:59  

Siyasət

Gündəm

Analitik

Ədəbiyyat

Balaca Buker

02 May 08:54

Ədəbiyyat

Şənbə üçün nəzm

02 May 08:31  

YAP xəbərləri

YAP xəbərləri

Siyasət

Gündəm

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31