Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / Ədalətin bərpasına aparan yol...

Ədalətin bərpasına aparan yol...

14.11.2025 [11:25]

Azərbaycan tarix boyu sülhün, ədalətin və qonşuluq münasibətlərində qarşılıqlı hörmətin tərəfdarı olub. Xalqımız heç vaxt müharibə, işğal, təcavüz yolu seçməyib. Bizim gücümüz ədalətdən, iradəmiz haqdan qaynaqlanıb. Lakin bəzən sülhün dəyəri yalnız müharibənin gətirdiyi dərslərlə anlaşılır - Azərbaycan da məhz bu reallığı yaşadı. Daha doğrusu, yaşamaq məcburiyyətində qaldı... Uzun illər işğal altında qalan torpaqlarımız üçün diplomatik yolla, beynəlxalq hüququn çərçivəsində ədalət axtardıq. BMT qətnamələrinə, beynəlxalq təşkilatların çağırışlarına baxmayaraq, Ermənistan işğalçı siyasətindən əl çəkmədi. Onlar hətta Azərbaycan xalqının səbrini zəiflik, sülhpərvərliyini acizlik kimi dəyərləndirdilər. Halbuki bu, sülhə inamın, ədalətə sadiqliyin göstəricisi idi. Amma hər bir səbrin son həddi, hər bir dözümün bir dönüş nöqtəsi var. Azərbaycan da artıq bu döngəyə çatmışdı. 30 ildən çox davam edən sülh təşəbbüsləri nəticə vermədi, əksinə, Ermənistanın revanşist iddialarını daha da artırdı. Sülh istəklərinə cavab olaraq təxribatlar, sərhəd hücumları və yeni ərazi iddiaları ilə üz-üzə qaldıq. Azərbaycan dövləti dəfələrlə bəyan etmişdi: “Əgər sülh yolu ilə nəticə əldə olunmasa, biz torpaqlarımızı hərbi yolla azad edəcəyik”. 2020-ci ilin payızında bu qərar reallığa çevrildi. Vətən müharibəsi ədalətin bərpası, sülhün və haqqın qorunması uğrunda aparılan mübarizə kimi tarixə yazıldı. O günlərdən artıq 5 il ötür - artıq Azərbaycan qalib dövlətdir: ədalətin, haqqın və sülhün qalibi. Ermənistan isə ən azından bundan sonrakı mərhələdə reallıqlardan düzgün nəticə çıxarmalıdır - tarixin tək bir ibrəti var: sülhü gecikdirmək mümkündür, amma onun qarşısını almaq, əsla...

Ermənistan sülh çağırışlarını eşitmədi...

Azərbaycan müstəqilliyini bərpa etdiyi ilk illərdən etibarən regionda sülhün, ədalətin və sabitliyin bərqərar olmasını qarşısına məqsəd qoymuşdu. Xalqımız 30 ilə yaxın müddətdə sülhün bərpası üçün diplomatik, hüquqi və beynəlxalq vasitələrdən istifadə etdi. Hətta torpaqları işğal altında olduğu, bir milyondan artıq soydaşımızın qaçqın və məcburi köçkün vəziyyətində yaşadığı bir zamanda belə Azərbaycan beynəlxalq hüququn prinsiplərindən kənara çıxmadı. Azərbaycanın istəyi isə sadə və qanunauyğun idi - ədalətin təmin olunması, BMT-nin qətnamələrinin icrası, torpaqlarımızın qeyd-şərtsiz azad edilməsi. Amma Ermənistan və onun havadarları bu çağırışlara qulaq asmadılar. Əksinə, Azərbaycanı zəif görüb, vurğulandığı kimi, onun sülhpərvərliyini acizlik kimi qələmə verdilər. İşğalçı dövlət 30 il ərzində beynəlxalq hüquqa meydan oxuyaraq yeni reallıqlar yaratmağa, status-kvonu möhkəmləndirməyə çalışdı. Onlar düşünürdülər ki, Qarabağ münaqişəsi əbədi olaraq davam edəcək, Azərbaycan isə bu vəziyyətlə barışacaq.

Lakin tarixin gedişatı hər zaman ədalətin tərəfində olur. Ermənistanın təkəbbürü, öz gücünü şişirtməsi və məğlubedilməzlik mifinə inanması nəticədə onları əsl həqiqətlə üz-üzə dyanmağa məcbur etdi. Nikol Paşinyanın hakimiyyətə gəlişindən sonra münaqişənin tənzhimlənməsinə ümidlər yaransa da, tam əksi yaşandı - yeni ərazi iddiaları meydana çıxdı, “yeni müharibə - yeni torpaqlar” şüarı səsləndirildi. Bu isə artıq sülh prosesinə son nöqtəni qoyurdu.

Azərbaycan belə bir təhdid qarşısında susa bilməzdi. Dövlətimiz açıq şəkildə bəyan etdi ki, əgər sülh danışıqları nəticə verməsə, onda öz torpaqlarını hərbi-siyasi yolla azad edəcək. 2020-ci ilin payızında başlayan Vətən müharibəsi məhz bu haqlı mövqedən doğdu. Azərbaycan 44 gün ərzində təkcə torpaqlarını azad etmədi, həm də beynəlxalq hüququn prinsipial şəkildə bərpasını təmin etdi. Noyabrın 8-də Bakının Azadlıq meydanında Vətən müharibəsində Qələbənin beşinci ildönümünə həsr olunmuş Hərbi paradda çıxış edən Prezident İlham Əliyev bildirib ki, Ermənistan düzgün nəticə çıxara bilməmişdi və İkinci Qarabağ müharibəsi ərəfəsində daha da azğınlaşmışdı, bizə qarşı yeni ərazi iddiaları ilə çıxış etməyə başlamışdı: “Onlar bizi yeni müharibə ilə hədələyirdilər. Hətta deyirdilər ki, onlar yeni torpaqlar uğrunda yeni müharibə aparacaqlar və Azərbaycanı tam işğal edəcəklər”.

Separatizmin sonu: miflərin dağılması və...

Azərbaycan dövlətinin siyasi xəttində separatizmə qarşı dözümsüzlük mühüm yer tutur. Bizim tariximiz, milli yaddaşımız və dövlətçilik təcrübəmiz bunu sübut edir. Qarabağda yaradılmış qondarma regim illərlə xarici dairələrdən aldığı dəstək hesabına özünü “müstəqil dövlət” kimi təqdim etməyə çalışırdı. Bu qurum Ermənistanın, eləcə də bəzi xarici dairələrin aləti idi. Onlar düşünürdülər ki, Azərbaycanın hüquqi və beynəlxalq təsir imkanlarını məhdudlaşdırmaqla regionda daimi bir ocağı saxlaya biləcəklər.

Separatçıların təbliğat maşını o qədər azğınlaşmışdı ki, artıq reallıq hissini itirmişdilər. Özlərini “güclü ordu”, “mübariz xalq” kimi qələmə verirdilər. Ermənistanda isə bu uydurma miflər dövlət ideologiyasına çevrilmişdi. Onların əsas hədəfi Azərbaycan xalqının iradəsini sındırmaq, məğlubiyyətlə barışmasını təmin etmək idi. Prezident İlham Əliyev nitqində bildirib ki, deyirdilər ki, onların tankları Bakı küçələrində olacaq: “Deyirdilər ki, onlar Bakıda çay içəcəklər. Əslində, onların bu arzuları həyata keçdi. Onları biz gerçəkləşdirdik. Onların tankları bu gün Hərbi Qənimətlər Parkında nümayiş etdirilir. Erməni hərbi cinayətkarları bu gün Bakıda məhkəmə qarşısında cavab verirlər və istintaq təcridxanasında Azərbaycan çayını içirlər”.

2020-ci ilin Vətən müharibəsi bütün bu mifləri yerlə-yeksan etdi. Azərbaycan ordusu illərlə hazırlanan azadlıq planını mükəmməl şəkildə icra etdi. Prezident, Ali Baş Komandan İlham Əliyevin liderliyi ilə Azərbaycan ordusu həm taktiki, həm də mənəvi üstünlüyü ələ aldı. 2023-cü iliin sentyabrında isə cəmisi 24 saat çəkən əməliyyat nəticəsində separatçı rejim darmadağın edildi - “Bakıda çay içəcəyik” deyənlər bu gün təcridxanalarda Azərbaycan ədalətinin qarşısında cavab verirlər. Bu, təkcə hərbi qələbə deyildi - bu, ideoloji və mənəvi qələbə idi. Azərbaycan sübut etdi ki, separatizm XXI əsrdə yaşaya bilməz, beynəlxalq hüquq və ərazi bütövlüyü prinsipləri dəyişməzdir. Dünya birliyi bu gün Azərbaycanın yaratdığı reallığı qəbul edir. Separatizmin bütün formaları - istər Qarabağda, istərsə də dünyanın digər bölgələrində - bu qələbədən sonra legitimliyini itirib.

Azərbaycanın mövqeyi dəyişməzdir

Azərbaycanın heç vaxt kiminsə torpağını ələ keçirmək kimi bir məqsədi olmayıb. Bizim siyasətimiz sülhə, sabitliyə və əməkdaşlığa əsaslanır. Azərbaycan torpaqları azad edərkən belə dağıdıcı deyil, qurucu güc kimi çıxış etdi. Müharibədən dərhal sonra azad olunmuş ərazilərdə bərpa və yenidənqurma işlərinə başlanması, “Böyük Qayıdış” proqramının həyata keçirilməsi bunun bariz nümunəsidir.

Azərbaycan bütün dünyaya göstərdi ki, ədalət uğrunda mübarizə həm də sülh uğrunda mübarizədir. Dövlət başçısı İlham Əliyev dəfələrlə bəyan edib ki, regionda dayanıqlı sülhün təmin olunması üçün Ermənistan real addımlar atmalı, ədalət prinsiplərinə əsaslanan sülh müqaviləsini imzalamalıdır. Amma təəssüf ki, bu gün də İrəvanda revanşist qüvvələr, xarici təsir dairələrinin kuklaları sülhün reallaşmasına mane olmağa çalışır. Azərbaycan isə mövqeyində qətidir. Biz sülh istəyirik, amma sülh zədalətin təntənəsi olmalıdır. Biz gücümüzü Vətən müharibəsində göstərdik, dövlətçiliyimizin, xalqımızın birliyinin gücü sayəsində qalib gəldik. Bu gün Azərbaycan regionun aparıcı gücüdür və onun sülh təşəbbüsləri beynəlxalq səviyyədə dəstəklənir.

Sülh reallığa və həqiqətə söykənməlidir...

Ermənistan uzun illər boyu Azərbaycanla sülhə gəlmək imkanı qazansa da, onu dəyərləndirə bilmədi. Azərbaycanın səbrini, sülhpərvərliyini yanlış anladı. Amma tarix göstərdi ki, ədaləti təxirə salmaq onun qarşısını almaq deyil. Azərbaycan haqq mübarizəsini sona çatdırdı, ərazi bütövlüyünü bərpa etdi və regionda yeni reallıq yaratdı. Bu gün də Azərbaycan eyni prinsipial mövqedədir: sülh, əməkdaşlıq və qarşılıqlı hörmət üzərində qurulmuş gələcək. Ermənistan isə nəhayət anlamalıdır ki, sülhün alternativi yoxdur. Azərbaycan qalib ölkə olaraq ədalətin, inkişafın və sabitliyin yolundadır - və bu yol artıq geri dönüşü olmayan yoldur. Bunun üçün son addımı atmalı - özünün konstitusiyasında müvafiq dəyişikliyi etməli və sülhə imza atmalıdır...

P.SADAYOĞLU

Paylaş:
Baxılıb: 58 dəfə

Xəbər lenti

Hamısına bax

İqtisadiyyat

Siyasət

Analitik

79 ildən sonra...

14 Noyabr 10:19

Analitik

3 saatlıq görüş...

14 Noyabr 09:58

Analitik

Şatdaun sona çatdı...

14 Noyabr 09:31  

Ədəbiyyat

Maraqlı

Zəhərli şirinlik...

14 Noyabr 08:52  

MEDİA

YAP xəbərləri

İqtisadiyyat

Siyasət

Siyasət

Mədəniyyət

MEDİA

Analitik

Arxiv
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30