Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / Avropa Parlamentinin ATƏT/DTİHB-nin qərəzli hesabatına istinad etməsi təəssüf doğurur

Avropa Parlamentinin ATƏT/DTİHB-nin qərəzli hesabatına istinad etməsi təəssüf doğurur

25.10.2013 [11:50]

Məlum olduğu kimi, oktyabrın 9-da ölkəmizdə prezident seçkiləri azad, şəffaf və demokratik qaydada keçirildi. Bu faktı seçki prosesini izləyən çoxsaylı beynəlxalq müşahidəçilər də təsdiq edib. Amma maraqlıdır ki, bütün digər beynəlxalq müşahidəçilərdən fərqli olaraq, ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosu (ATƏT/DTİHB) Azərbaycandakı bu seçkilərə qeyri-obyektiv münasibətini ortaya qoydu. Belə ki, təşkilatın müşahidə missiyasının seçki ilə bağlı ilkin rəyində qeyri-obyektiv, qərəzli və reallığı əks etdirməyən fikirlərə yer verilir. Təəssüf doğuran odur ki, bu günlərdə Avropa Parlamenti də qəbul etdiyi sənəddə ATƏT-in bu qurumunun rəyinə istinad edir.
Məsələ ilə bağlı Azərbaycanın Avronest PA-da nümayəndə heyətinin rəhbəri, millət vəkili Elxan Süleymanov bildirib ki, prezident seçkilərini Avropa Şurası Parlament Assambleyası (AŞPA), Avropa Parlamenti (AP), ATƏT Parlament Assambleyası kimi nüfuzlu beynəlxalq təşkilatların müşahidə missiyaları ilə bərabər ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun müşahidə missiyası da izləyib. Ümumiyyətlə, builki prezident seçkiləri 50 mindən çox yerli müşahidəçi və dünyanın müxtəlif regionlarını təmsil edən təxminən 100 ölkədən 1400-ə yaxın beynəlxalq müşahidəçi tərəfindən müşahidə edilib. Beynəlxalq müşahidəçilər ABŞ və Avropa ölkələrinin əksəriyyəti daxil olmaqla, dünyanın bütün regionlarını təmsil edirdilər: “Onu da xüsusilə vurğulamaq istərdim ki, ATƏT/DTİHB müşahidə missiyası istisna olmaqla, bütün müşahidə missiyaları və müşahidə qrupları 9 oktyabr seçkilərini azad, şəffaf və ədalətli seçkilər və demokratiyaya irəliləyiş kimi qiymətləndirdilər. Avropanın ən nüfuzlu beynəlxalq qurumları olan Avropa Şurası Parlament Assambleyası (AŞPA) və Avropa Parlamenti (AP) müşahidə missiyaları seçkilərin nəticələrinə dair birgə bəyanat qəbul etdilər. Həmin bəyanatda AŞPA və Avropa Parlamentinin müşahidə missiyaları “Azərbaycana dərs vermək və ya ölkədə demokratik inkişafın səviyyəsini ölçmək üçün deyil, ölkənin demokratiyaya keçidi prosesinə şahidlik etmək və bu prosesi təşviq etmək üçün” gəldiklərini vurğulayaraq, “ümumilikdə seçki günü və ondan əvvəl seçki prosesinin azad, ədalətli və şəffaf, AŞPA, ATƏT standartlarına uyğun keçirildiyini müşahidə” etdiklərini bildirdilər. Bu 2 nüfuzlu beynəlxalq təşkilatın müşahidə missiyalarının birgə bəyanatında, eyni zamanda, Azərbaycan hökumətinin seçkilərdə böyük sayda müşahidəçiləri dəvət etməsini təqdirəlayiq hesab etdikləri, seçkidən əvvəl və seçki günü seçki proseslərinin dinc və peşəkar şəraitdə keçirilməsi, seçki günü seçki məntəqələrində və kənarda təzyiqlərin qeydə alınmadığı, seçki məntəqələrinə yaxın ərazidə polislərin görünmədiyi, əvvəlki seçkilərlə müqayisədə seçki debatlarının daha yaxşı təşkil olunduğu vurğulanıb. Avropa Parlamentinin rəsmi müşahidə missiyasının seçkiləri qiymətləndirmə bəyanatından sitat gətirirəm: “Biz Azərbaycana dərs verməyə gəlməmişik, demokratiyanın prinsiplərini və seçkiləri müşahidə etməyə gəlmişik. Seçkilər azad, şəffaf, ədalətli və demokratiyaya doğru irəliləyişlə, ATƏT və Avropa Şurasının standartlarına uyğun keçirilmişdir”. Müşahidə missiyasının bu müsbət qiymətləndirmələrini görən Azadlıq və Vəhdət evinin rəhbərliyi bərk qəzəblənib və Avropa Parlamentinin qətnamə layihəsinə 32-ci bənd olaraq əlavə qəbul edərək seçkilərin ATƏT standartlarına uyğun olmaması və ATƏT-in tələblərinin yerinə yetirilməməsi iddialarını həmin bəndə daxil edib. Görünür Avropa Parlamentinin rəhbərliyi və Parlament üzvləri 10 oktyabrda ATƏT sədri Leonid Kojaranın AP, AŞPA və ATƏT PA-nın, eləcə də, digər beynəlxalq müşahidə missiyalarının müsbət qiymətləndirməsini unudub və bəlkə də elə bunlardan da qəzəblənib”.
Millət vəkilinin sözlərinə görə, Avropa Parlamenti nəzərə almalıdır ki, DTİHB ATƏT-in çoxsaylı qurumlarından yalnız biridir. Seçkiləri izləyən 4 beynəlxalq qurumdan üçünün - Avropa Parlamenti, AŞPA və ATƏT Parlament Assambleyasının müsbət qiymətləndirmə vermələrinə baxmayaraq, AP-nin kiçik ranqlı məmurlardan təşkil olunmuş ATƏT/DTİHB müşahidə missiyasının qərəzli qətnaməsinə təkidlə əsaslanması Avropa Parlament deputatlarından formalaşmış İnsan Haqları evinə, AP, AŞPA və ATƏT PA-na vurulmuş ağır zərbə, inamsızlıq və etibarsızlıqdır.
Millət vəkili Rauf Əliyev isə bildirib ki, 9 oktyabr tarixində Azərbaycanda ədalətli, şəffaf və bütün demokratik normalara, Avropa və dünya dəyərlərinə söykənən prezident seçkiləri keçirildi. Onun sözlərinə görə, prezident seçkilərinin nəticəsi Azərbaycan xalqının iradəsinin ifadəsini bütövlükdə əks etdirmiş oldu. Millət vəkili qeyd edib ki, 1993 və 2003-cü illərdən öz müdrik seçimini edən Azərbaycan xalqının ölkə Prezidenti İlham Əliyevə olan inamı, etimadı bu seçkilərin nəticəsində bir daha üzə çıxdı. R.Əliyevin bildirdiyinə görə, Azərbaycan xalqının cənab İlham Əliyevi dəstəkləməsinin əsasında isə son 10 il ərzində gedən fundamental dəyişikliklər, hər bir vətəndaşın həyatında baş verən pozitiv məqamlar dayanır.
O deyib ki, 9 oktyabr seçkilərini təxminən 50 mindən çox yerli, 1400-ə qədər beynəlxalq müşahidəçi izləyib. Ümumilikdə götürəndə 9 oktyabr seçkilərini müşahidə edən beynəlxalq müşahidəçilərin seçkilərin gedişi və nəticələri ilə əlaqədar səsləndirdikləri rəylər, fikirlər qaneedicidir. Avropa Parlamentinin seçkilərlə bağlı ATƏT/DTİHB-nin rəyinə istinad etməsinə gəlincə, millət vəkili bildirib ki, bu rəydə indiki prezident seçkilərinə xas olmayan məsələlər Azərbaycan adına yazılmağa cəhd edilir. Onun fikrincə, bu, ya məlumatsızlıqdan, yaxud da birtərəfli qaydada yalnız radikal müxalifətin verdiyi məlumat əsasında hesabatın formalaşmasından irəli gəlir: “Bununla belə, Yeni Azərbaycan Partiyası öz mövqeyini ortaya qoydu, hesabatdakı qüsurlu məqamlara etirazını bildirdi. Hesab edirəm ki, hesabat obyektiv, qərəzsiz və bütün namizədlərə eyni dərəcədə yanaşma mövqeyini ortaya qoymalıdır. Eyni zamanda, Avropa Parlamentində bu addımı atmaqla təşkilatın hansısa maraqlar güddüyü ortaya çıxır. Belə qeyri-ciddi addımlar təşkilata hörmət gətirmir”.
Millət vəkili Jalə Əliyeva da bildirib ki, təkmil qanunvericilik, ölkədə normal seçki mühiti və səsvermənin təmin edilməsi üçün yüksək texniki hazırlıq prezident seçkilərinin yüksək səviyyədə keçirilməsinin başlıca şərtlərindən biri oldu. Onun sözlərinə görə, Azərbaycanda seçki kampaniyası mövcud qanunvericilik və beynəlxalq təcrübəyə uyğun keçirildi: “Seçki prosesinin bütün mərhələlərində prezidentliyə namizədliyini irəli sürmüş şəxslərin öz fəaliyyətini ölkə qanunvericiliyi çərçivəsində həyata keçirməsi üçün zəruri şərait yaradıldı, namizədlər istər Bakıda, istərsə də regionlarda öz seçiciləri ilə görüşlərini sakit, hər hansı qanun pozuntusuna yol vermədən təşkil etdi, onlara ayrılmış təşviqat imkanlarından bərabər şəkildə yararlandılar. Eləcə də, seçki prosesinin təhlükəsizliyi dövlət orqanları tərəfindən lazımi şəkildə təmin olundu və səsvermə günü hər hansı kobud qanun pozuntusu qeydə alınmadı. Prezident seçkilərində cənab İlham Əliyevin parlaq qələbəsi isə xalqımızın dövlətimizin başçısına yüksək etimadının göstəricisidir”.
J.Əliyeva qeyd edib ki, seçki prosesinin vacib elementlərindən biri də müşahidəçilik institutudur. Bu mənada 9 oktyabr seçkiləri on minlərlə yerli, 1400 nəfərə qədər isə beynəlxalq müşahidəçilər izləyib. Onun sözlərinə görə, seçkiləri izləyən beynəlxalq müşahidə missiyalarının mütləq əksəriyyəti bu seçkilərlə bağlı müsbət rəy verib. Millət vəkili deyib ki, yalnız ATƏT/DTİHB-nin rəyi qeyri-obyektiv və qərəzlidir: “Bu günlərdə Avropa Parlamenti də qəbul etdiyi sənəddə həmin qurumun hesabatını əsas götürüb. Bu çox təəssüf doğuran haldır. Əgər Avropa Parlamenti nüfuzlu təşkilat kimi öz imicini qorumaq istəyirsə, hansısa maraqlara yox, obyektivliyə əsaslanan qərarlar qəbul etməlidir”.
Nardar BAYRAMLI

Paylaş:
Baxılıb: 1027 dəfə

Xəbər lenti

Hamısına bax

YAP xəbərləri

YAP xəbərləri

Siyasət

Gündəm

İqtisadiyyat

Analitik

Sosial

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31