Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / Naxçıvan şəhərinin Əliabad qəsəbəsində 16 nömrəli tam orta məktəbin binası istifadəyə verilib

Naxçıvan şəhərinin Əliabad qəsəbəsində 16 nömrəli tam orta məktəbin binası istifadəyə verilib

27.11.2013 [09:26]

Son illər Naxçıvan Muxtar Respublikasında təhsilin maddi-texniki bazasının gücləndirilməsi istiqamətində ardıcıl tədbirlər həyata keçirilib, yeni məktəb binaları tikilərək və ya əsaslı şəkildə yenidən qurularaq istifadəyə verilib, təhsil infrastrukturu yenilənib.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin mətbuat xidmətindən AzərTAc-a bildiriblər ki, noyabrın 26-da Naxçıvan şəhərinin Əliabad qəsəbəsində 16 nömrəli tam orta məktəbin yeni binası istifadəyə verilib.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov açılış mərasimində iştirak edib.
Tədbirdə çıxış edən Naxçıvan şəhər İcra Hakimiyyətinin başçısı Vüqar Səfərov deyib ki, bu gün muxtar respublikamızda təhsilin inkişafı sahəsində ardıcıl tədbirlər görülür. Naxçıvan şəhərində təhsil ocaqları müasir tələblər səviyyəsində qurulub, yeni məktəb binaları tikilib. Son illər Naxçıvan şəhərində 14 məktəb binası istifadəyə verilib. Hazırda isə 1 məktəb binasında tikinti işləri davam etdirilir. Tikilən və ya əsaslı şəkildə yenidən qurulan məktəb binalarında müasir informasiya-kommunikasiya texnologiyalarının tətbiqi təhsilin keyfiyyətinin yüksəldilməsinə səbəb olub.
Ali Məclisinin Sədri Vasif Talıbov tədbirdə çıxış edərək deyib: “Ölkəmizdə təhsilin inkişafına hərtərəfli dövlət qayğısı göstərilir, bu sahənin maddi-texniki bazası gücləndirilir. Yeni məktəb binaları tikilir, tədrisin müasir tələblər səviyyəsində qurulması üçün lazımi şərait yaradılır. Görülən işlərin davamı kimi Əliabad qəsəbəsində 16 nömrəli tam orta məktəbin binası da müasir tələblər səviyyəsində yenidən qurularaq istifadəyə verilmişdir”.
Ali Məclisin Sədri bu münasibətlə kollektivi təbrik edib və deyib: “Hər bir ölkənin gələcək inkişafı məktəblərdən asılıdır. Ona görə ki, bu gün məktəblərdə yetişdirilən gənc nəsil dövlətin gələcək inkişafını müəyyən edəcəkdir. Ümummilli liderimiz Heydər Əliyev bu amili yüksək qiymətləndirərək deyirdi: “Məktəbin ən əsas vəzifəsi xalqımıza və ölkəmizə dəyərli vətəndaşlar hazırlamaqdır”.
“Məktəbin qarşısında duran əsas vəzifələrdən birincisi təhsilli gənclər hazırlamaqdırsa, ikincisi isə ölkəmiz və xalqımız üçün əsl vətəndaş yetişdirməkdir”, - deyən Ali Məclisin Sədri bildirib ki, ölkəmizdə məktəb işinə, gənclərin hərtərəfli hazırlanmasına xüsusi diqqət yetirilir. Çünki hər bir vətəndaş dövlətin gələcəyi üçün cavabdehlik daşımalıdır. Azərbaycan müstəqil dövlət kimi dünya ölkələri içərisində öz layiqli yerini tutub. Bu yeri daha da möhkəmləndirmək, ölkəmizi daha da inkişaf etdirmək üçün isə təhsilli və vətənpərvər gənclər lazımdır. Ona görə də məktəbdə təhsil alan hər bir gənc hərtərəfli biliyə sahib olmalı, müəllim tələbkarlığı və şagird çalışqanlığı artırılmalı, təhsilli və intellektli gənclər yetişdirilməlidir.
Pedaqoji kollektivin fəaliyyətini yüksək qiymətləndirən Ali Məclisin Sədri deyib ki, 16 nömrəli tam orta məktəbdə qazanılan nailiyyətlər tələbkarlığın, işə məsuliyyətlə yanaşmanın və müəllim-şagird münasibətlərinin düzgün qurulmasının nəticəsidir. Ötən tədris ilində məktəbin məzunlarının ali və orta ixtisas məktəblərinə qəbul olunması, tələbə adını qazanan 23 məzundan 5-nin 500-700 intervalında yüksək bal toplaması məktəbin nailiyyətidir. Ali Məclisin Sədri qazanılan uğurlara görə məktəbin kollektivinə təşəkkürünü bildirib, onlara tədrisdə uğurlar arzulayıb.
Rəmzi açılışı bildirən lent kəsildikdən sonra məktəb binasına baxış olub.
Məlumat verilib ki, 846 şagird yerlik məktəb binası zirzəmi ilə birlikdə 4 mərtəbədən ibarətdir. Binada 47 sinif otağı, kimya, biologiya və fizika laboratoriyaları, hərbi kabinet, 3 kompyuter otağı, kitabxana, idman zalı və bufet var.
Muxtar respublikanın orta məktəb kitabxanalarının bədii və elmi ədəbiyyatlarla təchiz olunması şagirdlərin mütaliə imkanlarını xeyli artırıb. Bu günə qədər muxtar respublikanın ümumtəhsil məktəblərinə 1 milyon 700 mindən artıq dərslik, 620 min 117 ədəd bədii ədəbiyyat verilib. 16 nömrəli məktəbin kitabxanasında 12 min 490 kitab var. Kitabxanaya bir ədəd kompyuter qoyulub, elektron kataloq yaradılıb.
Ali Məclisin Sədri məktəbə ilk dəfə qədəm qoyan birinci sinif şagirdlərinin dərs prosesi ilə maraqlanıb. Bildirilib ki, 2013-2014-cü tədris ilində məktəbdə birinci sinfə 58 şagird qəbul olunub.
Son illər məktəblərin informasiya-kommunikasiya texnologiyaları ilə təminatı Proqramına əsasən təhsil ocaqlarının kompyuterləşdirilməsi sahəsində həyata keçirilən tədbirlər daha intensiv xarakter alıb, muxtar respublikanın ümumtəhsil məktəblərində 3 min 267 kompyuter dəsti və 500-dən artıq elektron lövhə quraşdırılıb. Məktəbin kompyuter otaqlarında da internetə çıxışı olan 57 kompyuter dəsti quraşdırılıb, 4 elektron lövhəli sinif yaradılıb.
Hərbi kabinetdə yaradılan şərait dərslərin yüksək səviyyədə tədrisinə, şagirdlər arasında hərb sənətinə marağın artmasına imkan verəcək. Məktəbin fizika, kimya və biologiya laboratoriyalarında da ən müasir sınaq-təcrübə avadanlıqları quraşdırılıb, əyani vəsaitlər qoyulub.
Təhsil ocaqlarında idman dərslərinin yüksək səviyyədə tədrisi şagirdlərin sağlam böyüməsi ilə yanaşı, həm də gənc idmançıların yetişdirilməsində mühüm əhəmiyyətə malikdir. 16 nömrəli tam orta məktəbdə də idman dərslərinin günün tələbləri səviyyəsində tədrisi üçün lazımi şərait yaradılıb, müasir idman zalı, futbol meydançası və açıq idman qurğuları istifadəyə verilib.
Ali Məclisin Sədri müəllimlərlə söhbət zamanı deyib ki, müasir məktəb binalarının tikilməsi təhsilin inkişafında başlıca amildir. Şagirdlərin hərtərəfli biliklərlə təmin edilməsi, milli dəyərlərə və dünyagörüşünə malik olan vətənpərvər gəncliyin yetişdirilməsi pedaqoji kollektivin qarşısında duran əsas vəzifələrdir. Məktəb binasında yaradılan şərait bu vəzifələrin uğurla yerinə yetirilməsinə imkan verəcək.
Məktəbin müəllimləri yaradılan şəraitə görə minnətdarlıq edib və bundan sonra daha səylə çalışacaqlarını bildiriblər.
Təhsil ocağının həyətində geniş abadlıq işləri aparılıb, meyvə bağı salınıb, işıqlandırma sistemi quraşdırılıb.

Paylaş:
Baxılıb: 1174 dəfə

Xəbər lenti

Hamısına bax

Analitik

Gündəm

Avropada birinci!

02 May 11:59  

Siyasət

Gündəm

Analitik

Ədəbiyyat

Balaca Buker

02 May 08:54

Ədəbiyyat

Şənbə üçün nəzm

02 May 08:31  

YAP xəbərləri

YAP xəbərləri

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31