Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / Azərbaycan-Avropa İttifaqı əlaqələri yeni mərhələyə daxil olur

Azərbaycan-Avropa İttifaqı əlaqələri yeni mərhələyə daxil olur

15.01.2014 [09:37]

Prezident İlham Əliyev: 2014-cü ildə Avropa İttifaqı-Azərbaycan strateji əlaqələrinin gələcək formatı müəyyən edilməlidir


Məlum olduğu kimi, Avropa İttifaqı (Aİ) ilə çoxsahəli əməkdaşlıq Azərbaycanın Qərbə inteqrasiya siyasətinin mərkəzində dayanır və bu kontekstdə, 2013-cü il qarşılıqlı münasibətlərin daha da möhkəmlənməsi baxımından bir sıra uğurlarla yadda qalıb.
Məlumat üçün bildirək ki, ötən il ərzində Azərbaycan-Avropa İttifaqı əlaqələrində mühüm irəliləyişlərdən biri qurumun Vilnüsdə keçirilən III “Şərq tərəfdaşlığı” Sammitində tərəflər arasında sadələşdirilmiş viza müqaviləsinin imzalanması oldu. Bu müqavilənin imzalanması Avropa İttifaqının Azərbaycanla əlaqələrin möhkəmləndirilməsində maraqlı olduğunu, həmçinin, ölkəmizin qurum və ona daxil olan dövlətlərlə əməkdaşlığı bundan sonra da yüksək səviyyədə davam etdirmək niyyətini göstərdi.
Təsadüfi deyil ki, Nazirlər Kabinetinin 2013-cü ilin sosial-iqtisadi inkişafının yekunlarına və 2014-cü ildə qarşıda duran vəzifələrə həsr olunmuş iclasındakı nitqində Prezident İlham Əliyev bu məsələyə toxunaraq əldə olunan razılaşmanı önəmli saziş adlandırıb: “Bu, bizim Avropa İttifaqı ilə olan münasibətlərimizin təzahürüdür. Bu münasibətlər gələcəkdə də inkişaf edəcəkdir”.
HÜQUQİ DÖVLƏT QURUCULUĞUNUN UĞURLU GÖSTƏRİCİLƏRİ
Qeyd etmək yerinə düşər ki, Azərbaycan-Avropa İttifaqı əlaqələrinin əhatə etdiyi sahələr içərisində demokratik, hüquq dövləti quruculuğu, insan hüquq və azadlıqlarının yüksək səviyədə müdafiəsinin təmin edilməsi məsələləri də dayanır. Bu baxımdan, ötən il oktyabrın 9-da keçirilən prezident seçkiləri Azərbaycanın demokratik dövlət quruculuğuna nail olmasının şəksiz təsdiqi oldu.
Ümumiyyətlə, Azərbaycanda demokratik, hüquqi dövlət quruculuğu geniş təcrübəyə əsaslanır və əsası Ümummilli lider Heydər Əliyev tərəfindən qoyulan demokratik islahatlar ölkəmizin bu yolda qətiyyətli olduğunu göstərdi. Daha dəqiq desək, müstəqil Azərbaycanda vətəndaşların hüquq və azadlıqlarının qorunması, xalqın siyasi iradəsinin seçkilərdə öz əksini obyektiv surətdə əks etdirməsi 1995-ci il noyabrın 12-də keçirilən referendum nəticəsində Konstitusiyanın qəbulu ilə özünün möhkəm hüquqi əsasına sahib oldu. Azərbaycan vətəndaşlarının ən müxtəlif məsələlərlə bağlı hüquq, vəzifə və azadlıqlarının əks olunduğu ölkə Konstitusiyası öz mükəmməlliyi ilə uzunmüddətli demokratiya ənənələrinə malik olan dövlətlərin ali qanunlarından heç də geridə qalmır. Bununla yanaşı, seçki sisteminin və qanunvericiliyinin Avropa standartlarına uyğunlaşdırılması hakimiyyət bölgüsünün demokratik əsaslarda formalaşdırılmasına imkan verdi. Ölkədə keçirilən seçkiləri müşahidə edən beynəlxalq təşkilatların hesabatlarında əksini tapan müsbət rəylər isə hər növbəti seçkinin əvvəlkindən daha yüksək səviyyədə təşkil olunduğunu, şəffaflıq, bərabərlik prinsiplərinin qorunduğunu təsdiqləyir.
Hazırda demokratik Azərbaycan sosial, siyasi, iqtisadi, mədəni və intellektual transformasiyanı özündə əks etdirən hərtərəfli modernləşmə yolunda inamla irəliləyir. İqtisadi sahədə liberallaşma, bazar iqtisadiyyatına keçid və dünya iqtisadiyyatına inteqrasiya proseslərinin uğurla sürdürülməsi nəticəsində Azərbaycan iqtisadiyyatı bir neçə il bundan əvvəl keçid dövrünü başa vurub.
Bununla yanaşı, ölkədə ölüm hökmünün, mətbuat üzərində senzuranın ləğv edilməsi, ənənə halını alan əfv fərmanlarının imzalanması, həmçinin, hər il minlərlə məhbusa amnistiya elan edilməsi, korrupsiyaya və rüşvətxorluğa qarşı mübarizə, qanunun aliliyinin təmin edilməsi, sənədləşdirmə, qeydiyyat, vergi ödəmələri ilə bağlı proseslərin sadələşdirilməsi kimi çoxsaylı humanist qərarlar Azərbaycanın həqiqətən hüquqi bir dövlət kimi formalaşdığını təsdiqləyir.
AZƏRBAYCAN AVROPANIN MÜHÜM ENERJİ TƏRƏFDAŞIDIR
Məlum olduğu kimi, 2013-cü il həm də Azərbaycanın enerji siyasətində böyük uğurlarla yadda qalıb. Belə ki, “Əsrin müqaviləsi”nin imzalandığı dövrdən etibarən dünyada əsasən neft ölkəsi kimi tanınan Azərbaycan 2013-cü ildə atdığı addımlarla, eyni zamanda, beynəlxalq aləmdə özünü mühüm qaz ixracatçısı kimi də tanıtmağa başlayıb.
Qeyd edək ki, bu istiqamətdə ilk böyük nailiyyət 2007-ci ildə Bakı-Tbilisi-Ərzurum (BTƏ) qaz kəmərinin istifadəyə verilməsi oldu. Bu baxımdan, Avropanın “mavi yanacaq” bazarlarında əsas iştirakçılardan birinə çevrilmək niyyətində olan Azərbaycanın təşəbbüsü ilə qəbul olunan Trans-Anadolu qaz kəməri (TANAP) layihəsi həm ölkəmizin, həm də qitə dövlətlərinin enerji maraqlarına cavab verir. Çünki, bu layihə ilə Azərbaycanın Avropanın ən yaxın və etibarlı enerji tərəfdaşı olması bir daha təsdiqini tapır. Xatırladaq ki, hələ Avropa Komissiyasının sədri Xose Manuel Barrozunun 2011-ci ildə Azərbaycana səfəri zamanı “Cənub qaz dəhlizi” ilə bağlı Anlaşma Memorandumu imzalanıb. Bu layihənin həyata keçirilməsi üçün həlledici razılaşmalardan biri də “Azərbaycan Respublikası Hökuməti və Türkiyə Respublikası Hökuməti arasında Trans-Anadolu təbii qaz boru kəməri sisteminə dair” 2012-ci il iyunun 26-da İstanbul şəhərində imzalanmış Sazişdir.
Eyni zamanda, TANAP layihəsi Trans-Xəzər qaz kəmərinin gerçəkləşməsi üçün də yeni imkanlar yaradacaq. Qazaxıstan və Türkmənistanın gələcəkdə bu layihəyə qoşulacağı təqdirdə Azərbaycan həm də qaz nəqlində mühüm tranzit ölkəyə çevriləcək. Ümumiyyətlə, TANAP layihəsi ilə Şərq-Qərb enerji dəhlizinin formalaşmasında Azərbaycanın rolu daha da artacaq.
Bildiyimiz kimi, TANAP layihəsi Azərbaycan qazının Türkiyə ərazisi vasitəsilə Mərkəzi və Cənubi Avropanın sərhədlərinə çatdırılmasını nəzərdə tutur. Qazın Avropa ölkələrinə daşınmasını həyata keçirmək üçün isə 2013-cü ilin iyun ayında “Şahdəniz” Konsorsiumu Trans-Adriatik qaz kəməri (TAP) layihəsini seçib. Azərbaycanın enerji siyasətində böyük irəliləyişə yol açan bu qərar Azərbaycan qazının Yunanıstan və Albaniya vasitəsilə, Adriatik dənizi ilə İtaliyanın cənubuna, oradan da Qərbi Avropaya nəqlini nəzərdə tutur. TAP “Cənub qaz dəhlizi”nin əsas halqası sayılır.
Beləliklə, sadalanan bütün mərhələlərin gerçəkləşəcəyi təqdirdə Azərbaycan öz qazını münasib qiymətlərlə birbaşa Avropa bazarlarına çıxara biləcək.
Sözsüz ki, 2013-cü ilin ən yaddaqalan və uğurlu nəticələrindən biri dekabrın 17-də Bakıda “Şahdəniz-2” üzrə yekun investisiya qərarının imzalanması oldu. “Şahdəniz-2”nin təsdiq edilməsi layihənin artıq reallaşdırılma mərhələsinə qədəm qoymasından xəbər verir.
Azərbaycanın ən böyük təbii qaz mənbəyi olan “Şahdəniz” yatağının ümumi ehtiyatları 1,2 trilyon kubmetr həcmində dəyərləndirilir. Bu, Azərbaycanın gələcəkdə sürətli inkişafını təmin etmək üçün mühüm imkandır. “Şahdəniz-2” layihəsinin gerçəkləşməsi “Cənub qaz dəhlizi” vasitəsilə “mavi yanacağın” Xəzər dənizindən Avropadakı bazarlara çatdırılacağı deməkdir. Bu, eyni zamanda, Azərbaycanın enerji sektoruna böyük həcmdə yeni investisiyaların yatırılmasına və yeni iş yerlərinin yaradılmasına da səbəb olacaq.
Beləliklə, Bakı-Tbilisi-Ərzurum qaz kəməri Azərbaycan qazını Gürcüstandan keçməklə, Türkiyənin şərq hissəsinə daşıyır. Tikiləcək TANAP kəməri qazı Türkiyənin şərqindən qərbinə daşıyacaq, yəni Avropa ilə sərhəddə gətirəcək. TAP boru kəməri isə qazın buradan Avropa ölkələrinə paylanmasına imkan verəcək. Bu Avropada “mavi yanacaq” bazarını genişləndirəcək, istehlakçı ölkələr isə enerji mənbələrinin çoxaldılması yolu ilə öz təhlükəsizliklərini daha etibarlı təmin edə biləcəklər.
Təsadüfi deyil ki, Bakıda “Şahdəniz-2” layihəsi üzrə yekun investisiya sazişinin imzalanması Avropanın rəsmi dairələrində sevinclə qarşılanıb. Çünki “Şahdəniz-2” layihəsi üzrə yekun investisiya sazişinin imzalanması Avropanın daha güclü enerji təhlükəsizliyinə qapı açmağa imkan verir.
Beləliklə, bu gün Azərbaycanın dünya enerji bazarlarında hasilatçı ölkə olaraq ön sıralara doğru irəliləməsi danılmaz həqiqətdir. Düzgün enerji siyasəti sayəsində Azərbaycan özünün inkişafını təmin edir, eyni zamanda, çoxsaylı tərəfdaşlar qazanmaqla, beynəlxalq aləmdəki nüfuzunu və mövqelərini durmadan gücləndirir.
Sadalananlar onu göstərir ki, istər siyasi, istərsə də iqtisadi sahədə Azərbaycan-Avropa İttifaqı əlaqələri yeni mərhələyə yüksəlir. Münasibətlərin inkişafı, yeni mərhələyə daxil olması əlaqələrin yeni formatının yaradılmasına da ehtiyac yaradır. Prezident İlham Əliyev Nazirlər Kabinetinin 2013-cü ilin sosial-iqtisadi inkişafının yekunlarına və 2014-cü ildə qarşıda duran vəzifələrə həsr olunmuş iclasındakı nitqində belə bir addımın zəruriliyini qeyd edib: “Hazırda - təbii ki, 2014-cü ildə Avropa İttifaqı-Azərbaycan strateji əlaqələrinin gələcək formatı müəyyən edilməlidir”.
Belə bir formatın yaradılacağı təqdirdə mövcud potensialdan maksimum dərəcədə yararlanmaqla qarşılıqlı münasibətlərin səmərəli nəticələrini əhəmiyyətli dərəcədə artırmaq mümkün olacaq.
Hülya

Paylaş:
Baxılıb: 999 dəfə

Xəbər lenti

Hamısına bax

YAP xəbərləri

Sosial

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31