Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Xəbər lenti / Yeganə üç “Şöhrət” ordenli naxçıvanlı hərbçi və pedaqoq Rəhim Rəhimov

Yeganə üç “Şöhrət” ordenli naxçıvanlı hərbçi və pedaqoq Rəhim Rəhimov

07.05.2026 [10:47]

9 may artıq öz qəhramanlıq tarixinin 81-ci ildönümünü qeyd edir. Azərbaycan həmin dövrlərdə SSRİ-nin tərkib hissəsinə daxil olduğu üçün Almanların ölkə sərhədlərini pozması azərbaycanlıları da narahat edirdi. Müharibə dövrlərində Azərbaycanın müxtəlif regionlarından olan igidləri öz qəhramanlıqları və döyüş yolu ilə tarixin şanlı səhifələrinə silinməz izlər qoymuşdur. Onlardan biri isə Naxçıvanın yeganə “Şöhrət” ordeninin hər üç dərəcəsinə layiq görülmüş qəhramanı Rəhim Cəfər oğlu Rəhimov idi… Naxçıvanın qəhrəmanı Baş çavuş Rəhimovun şanlı döyüş və həyat yolu bu gün də qürur mənbəyimiz kimi xatırlanmalıdır. Uşaq yaşlarımdan anamın bizə danışdığı xatirələrdə babası Rəhim Rəhimov hafizəmizə yenilməz qəhraman kimi yazılmışdı. Albomda hələ də bizimlə yaşayan, medalları və ailəsi ilə birgə fotoları evimizin kiçin rəfində yenə yaşamaqdadır. Həmişə evimizin rəflərinin birində diqqətlə saxlanılan 3-4 saralmış vərəq diqqətimi çəkirdi. O zamanlar, yəni 1985-ci ildə anam öz babası Rəhimovla söhbətləşərək onun döyüş yolunu kağızlara qeyd etmişdi... Məndə öz növbəmdə Rəhimovun nəticəsi olaraq belə bir qəhramanın həyat və döyüş yolunu yenidən qələmə almağı özümə borc bildim. 

9 may – Böyük Vətən müharibəsinin 81-ci qələbə ildönümündə Babək rayonunun Təzəkənd kəndindən olan bu igidin adı xüsusi hörmətlə anılır. 15 mart 1920-ci ildə Babək rayonunun Təzəkənd kəndində anadan olan Rəhim Rəhimovun Atası Cəfər Kərim oğlu Rəhimov Sosialist İnqilabına qədər yoxsul kəndli həyatı yaşamış, inqilabdan sonra isə kolxoz sıralarına qoşulmuş, 1939-cu ildə dünyasını dəyişmişdir. Rəhim Rəhimov ibtidai təhsilini Xıncab kəndində başa vurduqdan sonra, Cəhri kənd natamam orta məktəbinə daxil olub. Həmin məktəbi 1936-cı ildə əla qiymətlərlə bitirdikdən sonra 1939-1940-cı illərdə Naxçıvan Pedaqoji Texnikumunda təhsilini başa vuraraq öz kəndlərində sinif müəllimi təyin olunub.  1940-cı ildə Naxçıvan Rayon Hərbi Qeydiyyat və Kommisarlıq İdarəsi tərəfindən Qırmızı Ordu sıralarına çağrılıb. 1941-ci il hərbi xidmətdə əvvəlcə İrəvan, sonra isə İranın Xoy şəhərində xidmət etdikdən sonra, Naxçıvan şəhərinə qayıdaraq kiçik komandirlik məktəbində təhsil alıb. “Baş Çavuş” rütbəsi aldıqdan sonra 402-ci atıcı diviziyanın 833-cü atıcı alayında 82 mm minaatanına komandir təyin olunub. 1942-ci ildə Mozdok ətrafında şiddətli vuruşmalar zamanı sağ qolundan güllə yarası alan Baş çavuş Rəhimov hərbi xəstəxanaya yerləşdirilir. Bakı şəhərində yerləşən 1645 nömrəli xəstəxanada müalicə olunduqdan sonra 1943-cü ilin 15 yanvar tarixində 210 nömrəli ehtiyat alayına qayıdaraq oradan yenidən cəbhəyə göndərilərək 1-ci və 167-ci Qvardiya Atıcı Alayında köməkçi tüfəng tağım komandiri vəzifəsində xidmət edib. 

1944-cü ilin yanvar ayında 252-ci qvardiya atıcı alayında almanlarla vuruşmağa başlayıb. Velikiye-Luki şəhərinin alınmasında göstərdiyi şücaətdə üç dəfə yaralandığına görə 1944-cü ilin mart ayında “İgidliyə görə” medalı ilə təltif olunub.  Düşmənə qarşı amansız vuruşmada aldığı yaraya baxmayaraq Vitebski şəhərinin Olxovniki kəndi yaxınlığındakı düşmənin iki minaatanını və bir çox canlı qüvvəsini öz minaatanı ilə məhv etdikdən sonra  1944-cü ilin fevralın 10-da xəstəxanaya yerləşdirilmiş, göstərdiyi qəhramanlığa görə 1-ci Qvardiya Atıcı Diviziyasının 7/n nömrəli 12 fevral 1944-cü il tarixli əmri ilə qvardiyanın Baş çavuşu Rəhimov III dərəcəli “Şöhrət Ordeni”nə layiq görülüb. Vitebski şəhəri yaxınlığındakı döyüşdə kontuziya olaraq Kalenin şəhərindəki xəstəxanada müalicə olunduqdan sonra öz bölməsinə qayıda bilmədiyi üçün ordeni təhvil götürə bilməmiş və birbaşa İkinci Pribaltika cəbhəsinə yollanmışdır. O zamanlar 83-cü qvradiya atıcı dviziyanın 252-ci alayında 82 mm minaatanda komandir rəhbər Tederov idi. Rəhimov həmin dövrdə, 1944-cü ilin mart ayında Sovet İttifaqı Kommunist Partiyası sıralarına daxil olmuşdu. Sovet əsgərləri almanları daban-dabana qovmağa davam edirdi. 28 iyun 1944-cü ildə Vitebsk vilayətinin Toloçin şəhərindən 35 kilometr cənub-qərbdə yerləşən Krupki kəndi yaxınlığında Baş çavuş Rəhimov minaatanla irəliləyərək düşmənin üç atəş mövqeyini və 10-a yaxın alman əsgərini dəqiq atəşlə məhv etmişdir Onun bu töhvəsi SSRİ ordusunun Bubr çayını uğurla keçməsinə zəmin yaratdı. 83-cü Qvardiya Atıcı Diviziyasının 25/n nömrəli 3 avqust 1944-cü il tarixli əmri ilə Baş çavuş Rəhimov III dərəcələri “Şöhrət” ordeninə layiq görüldü. 

25 yanvar 1945-ci ildə Biberstvalden (Şərqi Prussiya) kəndi uğrunda döyüş zamanı Baş çavuş Rəhimov minaatan heyətinin işini məharətlə təşkil etdi. Minaatan heyəti düşmənin iri pulemyotunu məhv etdi və düşmənin qərargah maşınını sıradan çıxardı. 27 yanvarda tüfəng bölüyünün irəliləməsini atəşlə dəstəkləyərkən Rəhimov yenidən bir iri pulemyotu və altı alman əsgərini məhv etdi. Rəhimovun minaatan heyətinin etdikləri tüfəngçilərin irəliləməsini və onlara verilən döyüş tapşırığının uğurla yerinə yetirilməsini təmin edirdi. Bu döyüşlərdə göstərdiyi qəhramanlığa görə o, “Qırmızı Ulduz” ordeni ilə təltif edildi. 1945-ci il aprelin əvvəllərində Köniqsberq (indiki Kaliningrad) şəhərinə hücum zamanı o, İrəliləyən tüfəngçiləri minaatan atəşi ilə məharətlə dəstəklədi. 8-9 apreldə Köniqsberq ətrafındakı Rozenavu şəhəri uğrunda döyüş zamanı o, düşmənin iki pulemyot mövqeyini və 10-a qədər düşmən əsgərini minaatan atəşi ilə məhv etdi. 9 apreldə o, Pregel çayından (Köniqsberq yaxınlığında) tüfəng bölmələrinin keçməsi üçün atəş mühafizəsi təmin etdi və pulemyot məntəqəsini məhv etdikdən sonra II dərəcəli “Şöhrət” ordeninə namizəd göstərildi.

Köniqsberqin ələ keçirilməsindən və Samland yarımadasında alman qruplaşmasının ləğv edilməsindən sonra məğlub olan düşmən bölmələrinin bəziləri təslim olmaq istəmədən Friş-Nerunqa keçdi. 25 aprel 1945-ci ildə qərbdən Friş-Nerunqa desant çıxarmaq üçün 83-cü Qvardiya Atıcı Diviziyasının bölmələrindən birləşmiş hava-desant dəstəsi yaradıldı. Rəhimovun minaatan heyəti də bu qüvvənin tərkibində idi. Əməliyyat zamanı qvardiyaçılar körpü başlığını ələ keçirdilər və düşməni geri çəkilməyə məcbur etdilər, lakin tezliklə geri çəkilən alman qoşunlarının sütunlarının davamlı hücumlarını dəf etməyə məcbur oldular. Desant qüvvələri sahildən kəsildi və ayrı-ayrı qruplara bölündü. Bu döyüşlərdə Rəhimov 35-dən çox almanb əsgərini öldürdü. 26 aprel saat 10:00-a qədər qvardiyaçılar Şərq Desant Dəstəsinin bölmələri ilə əlaqə quraraq düşmənin geri çəkilməsini maneə törətdilər. Friş-Nerunqda düşmən qrupunu məhv etmək üçün döyüş tapşırığını uğurla yerinə yetirdiyinə və bu zaman göstərdiyi cəsarət və qəhrəmanlığa görə “Qırmızı Bayraq” ordeni ilə təltif edildi. 11-ci Qvardiya Ordusunun 16 may 1945-ci il tarixli (№ 154/n) əmri ilə baş çavuş Rəhim Cəfər oğlu Rəhimov II dərəcəli “Şöhrət” ordeni ilə təltif edildi. O, 1945-ci ildə tərxis edilərək öz məmləkətinə qayıtdı. Müharibədən otuz il sonra cəbhə mükafatlarında yol verilmiş səhv nəhayət düzəldildi. SSRİ Ali Soveti Rəyasət Heyətinin 7 may 1974-cü il tarixli Fərmanı ilə 12 fevral 1944-cü il tarixli 3-cü dərəcəli Şöhrət ordeni ilə təltif edilmə əmri ləğv edilərək Rəhim Rəhimov 1-ci dərəcəli Şöhrət ordeni ilə təltif edildi. Beləlikllə də o, Şöhrət ordeninin tam kavaleri oldu. Bundan başqa 1985-ci ilin mart ayının 11-də 1-ci dərəcəli “Vətən Müharibəsi” ordeninə layiq görüldü.

1945-ci ilin dekabr ayının 25-də ordu sıralarında geri dönərək öz doğma kəndində müəllim işləməyə davam edən Rəhimov  pedaqoji fəaliyyətlə məşğul olduğu dövrdə həmişə layiqincə çalışmış və dövrünün qabaqcıl müəllimlərindən olmuşdur. Azərbaycan Maarif Nazirliyi Rəhim Rəhimovun əməyini qabaqcıl müəllim kimi qiymətləndirərək onu 1976-cı ildə qabaqcıl “Xalq Maarifi” döş nişanı ilə təltif etmiş, Naxçıvan Maarif Nazirliyi tərəfindən isə 4 dəfə təşəkkürə layiq görülmüşdür. 1985-ci ildə təqaüdə çıxaraq ömrünü doğulub boya-başa çatdığı Təzəkənd kəndində keçirmişdir. Rəhim Rəhimov müharibədən qayıtdıqdan sonra Zəhra Rəhimova ilə ailə həyatı qurmuş, bu evlilikdən isə 6 qız, 3 oğlan övladı (Oğlanlarından biri gənc yaşında vəfat edib) dünyaya gəlmişdir. Üç şöhrət ordeninə layiq görülən Rəhimov 2005-ci ilin avqust ayında vəfat etmiş və Kəngərli rayon Təzəkənd kəndində dəfn olunmuşdur. 

Bu gün, Böyük Vətən Müharibəsinin 81-ci qələbə ildönümündə Rəhim Rəhimovun xatirəsi bizə yalnız keçmişi xatırlatmır, həm də gələcəyə işıq salır. Onun kimi igidlərin sayəsində qazanılmış Qələbəni qorumaq, onların adlarını unutmamaq və gənc nəsillərə layiqincə çatdırmaq hər birimizin borcudur. Rəhim Rəhimov kimi qəhrəmanlar ölmür, əksinə onlar xatirələrdə, medallarda, ailə əfsanələrində və Vətən sevgisində əbədi yaşayırlar.

Rafiq TƏHMƏZ
“Şərq qapısı” qəzetinin müxbiri

Paylaş:
Baxılıb: 46 dəfə

Xəbər lenti

Hamısına bax

YAP xəbərləri

Sosial

YAP xəbərləri

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31