Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / AMEA rəyasət heyətinin növbəti iclası keçirilib

AMEA rəyasət heyətinin növbəti iclası keçirilib

16.01.2014 [14:45]

Yanvarın 15-də Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) rəyasət heyətinin növbəti iclası keçirilib.
AzərTAc xəbər verir ki, AMEA-nın prezidenti, akademik Akif Əlizadə iclasın gündəliyi ilə bağlı məlumat verib.
İclasda akademiyanın Nizami adına Ədəbiyyat İnstitutunun elmi işlər üzrə direktor müavini, AMEA-nın müxbir üzvü Teymur Kərimli “Nizami Gəncəvi yaradıcılığında azərbaycançılıq” mövzusunda məruzə edib. Məruzədə böyük şair və mütəfəkkir Nizami Gəncəvini öz doğma Vətəni və etnosu ilə bağlayan məsələlər ədibin yaradıcılığı əsasında sistemli şəkildə təqdim edilib.
Bildirilib ki, bəşər tarixində bir çox sənətkarların müəyyən obyektiv və subyektiv səbəblər üzündən öz doğma dilində deyil, həmin regionda işlək olan dildə yazması faktına tez-tez təsadüf etmək olar. Bu səbəbdən yalnız fars dilində yazdığına görə Nizamini və orta əsr Azərbaycan poeziya məktəbinin digər nümayəndələrini İran və ya fars şairi adlandırmaq qətiyyən reallığa uyğun deyil.
T.Kərimli Nizami Gəncəvinin Azərbaycan şairi olduğunu sübut edən bir sıra arqumentlərin olduğunu xüsusilə vurğulayıb.
Diqqətə çatdırılıb ki, həm şairin özü, həm də ondan sonra Nizami Gəncəvi haqqında yazmış bütün orta əsr qaynaqları görkəmli ədibin 1141-ci ildə Azərbaycanın qədim mədəniyyət mərkəzlərindən və XII əsrdə Azərbaycan Atabəylər dövlətinin paytaxtlarından biri olmuş Gəncə şəhərində doğulduğunu və ömrü boyu Azərbaycanda yaşayıb yaratdığını birmənalı şəkildə təsdiq edir.
Natiq, həmçinin Nizami Gəncəvinin yubileylərinin dövlət səviyyəsində keçirilməsindən söhbət açıb, Gəncədə Beynəlxalq Nizami Mərkəzinin təşkil edilməsini, Romada şairin möhtəşəm abidəsinin açılışını, Oksford Universitetində təşkil edilmiş Nizami adına Azərbaycan və Qafqazşünaslıq Elmi Mərkəzinin yaradılmasını və bir çox başqa tədbirləri dünya şərqşünaslığında Nizaminin bir İran şairi kimi tanınması stereotiplərini dağıtmaq yolunda mühüm işlər kimi dəyərləndirib.
Sonra məruzə ətrafında geniş fikir mübadiləsi aparılıb.
İclasda AMEA-nın müxbir üzvü Rasim Əliquliyev “Wikipedia”da Azərbaycan həqiqətlərinin, milli-mənəvi dəyərlərin təsbit olunması, qorunması və inkişafında alimlərin vəzifələri haqqında” təqdimatla çıxış edərək virtual ensiklopediyanın internetdə uğurla reallaşdırılan və milli maraqların təmini baxımından mühüm əhəmiyyət kəsb edən nəhəng layihələrdən olduğunu bildirib.
R.Əliquliyev wiki-mühitdə xalqımıza qarşı real və potensial təhlükə mənbəyi olan istifadəçilərin sosial şəbəkələrinin fəaliyyətinə toxunaraq burada Azərbaycan həqiqətlərinin təhrif olunduğunu, ölkəmizə qarşı genişmiqyaslı informasiya müharibəsinin aparıldığını söyləyib.
Natiq qeyd edib ki, “Wikipedia”da Azərbaycan xalqının milli-mədəni dəyərləri, tarixi həqiqətləri, görkəmli şəxsiyyətləri haqqında doğru məlumatlar yetərincə deyil. Bu səbəbdən alim və mütəxəssislərimiz bu layihəyə cəlb olunmalı, Azərbaycan haqqında obyektiv, operativ, dolğun informasiyanın, audio-video materialların ensiklopediyaya daxil edilməsi istiqamətində mühüm işlər aparılmalıdır. Azərbaycanın dünyada daha geniş tanıdılması və təbliği istiqamətində bu resursun böyük potensial imkanlara malik olduğunu söyləyən alim ölkəmizin “Wikipedia”da lazımi səviyyədə təmsil olunmadığını təəssüflə qeyd edərək, bu resursda ölkəmizlə bağlı elmi materialların, məqalə və digər məlumatların yetərli sayda olmadığını bildirib.
Məruzəçi Azərbaycanın milli maraqlarının qorunması ilə bağlı AMEA-nın qarşısında mühüm vəzifələrin olduğunu qeyd edib. İclasın qərarı ilə A.İ.Qarayev adına Fiziologiya İnstitutunun rəhbərliyində dəyişiklik edilib. AMEA-nın müxbir üzvü Telman Ağayev institutun direktoru vəzifəsindən azad olunub. Fevralın 1-dən etibarən bu vəzifənin icrası institutun elmi işlər üzrə direktor müavini, biologiya üzrə fəlsəfə doktoru Afiq Qazıyevə həvalə edilib.

Paylaş:
Baxılıb: 893 dəfə

Xəbər lenti

Hamısına bax

YAP xəbərləri

Xəbər lenti

Gündəm

Sosial

MEDİA

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31