Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / 8 Avqust: Cənubi Qafqazın yeni tarixinin yazıldığı gün

8 Avqust: Cənubi Qafqazın yeni tarixinin yazıldığı gün

07.08.2026 [21:00]

Sülhə aparan yol: Vaşinqton sammitindən ötən bir il 

Post-müharibə dövrünün sülh gündəliyi: Azərbaycanın yaratdığı yeni reallıq

Hər bir xalqın, dövlətin, hətta regionun tarixində elə anlar var ki, yaddaşlara həkk olur, gələcək yüzillilklər üçün yeni bir səhifə açır. 2025-ci ilin 8 avqust tarixi məhz belə bir gündür. Fasilələrlə 200 ildən artıq davam etmiş bir münaqişənin, bir qarşıdurmanın əbədi sülhə, əbədi sabitliyə keçid etməsi istiqamətində vacib bir gün…

Uzun illər müharibə, qarşıdurma və qarşılıqlı etimadsızlıqla xatırlanan Cənubi Qafqaz artıq yeni geosiyasi reallıqların formalaşdığı, əməkdaşlıq və inkişaf imkanlarının ön plana çıxdığı bir məkan kimi diqqət çəkir. Bir vaxtlar səngərlərin və dağıntıların simvoluna çevrilən bölgə bu gün sülh, sabitlik və inteqrasiya ideyalarının müzakirə olunduğu yeni dövrə qədəm qoyur.

Otuz ilə yaxın müddətdə Ermənistanın Azərbaycana qarşı həyata keçirdiyi işğal siyasəti Cənubi Qafqazın inkişafına ən böyük maneələrdən biri oldu. Azərbaycan torpaqlarının uzun illər işğal altında saxlanılması, yüz minlərlə insanın doğma yurdlarından didərgin salınması, şəhər və kəndlərin dağıdılması regionda etimad mühitini tamamilə məhv etdi – bunun müqabilində isə münaqişənin beynəlxalq hüquq normaları çərçivəsində həllinə yönəlmiş uzunmüddətli danışıqlar nəticəsiz qaldı, beynəlxalq vasitəçilik mexanizmləri status-kvonun qorunmasından o yana keçə bilmədi.

Amma vəziyyət dəyişdi – məhz Azərbaycan bu vəziyyəti dəyişdi. 2020-ci ildə baş vermiş 44 günlük Vətən müharibəsi bu ədalətsizliyə son qoyaraq beynəlxalq hüququn və tarixi ədalətin bərpasını təmin etdi. Azərbaycan öz ərazi bütövlüyünü və suverenliyini bərpa etməklə regionda tamamilə yeni geosiyasi reallıq yaratdı. Müharibədə qalib gələn tərəf olmasına baxmayaraq, rəsmi Bakı revanşizm yolunu seçmədi. Əksinə, Prezident İlham Əliyevin irəli sürdüyü sülh gündəliyi Azərbaycanın gələcəyə baxışının əsasını təşkil etdi. Rəsmi Bakı dəfələrlə bəyan etdi ki, məqsəd yeni qarşıdurma yaratmaq deyil, Cənubi Qafqazı uzunmüddətli sabitlik, təhlükəsizlik və əməkdaşlıq məkanına çevirməkdir.

Məhz bu yanaşma regionun gələcəyinə hesablanmış yeni siyasi proseslərin əsasını qoydu. Kommunikasiyaların açılması, iqtisadi inteqrasiyanın genişlənməsi, qarşılıqlı etimadın formalaşdırılması və sülh sazişinin imzalanması istiqamətində atılan addımlar Azərbaycanın təşəbbüskar mövqeyinin göstəricisi kimi ön plana çıxdı. Bu siyasətin məntiqi davamı kimi 2025-ci il avqustun 8-də Vaşinqtonda keçirilən üçtərəfli sammit Azərbaycanın sülh strategiyasının beynəlxalq səviyyədə real təsdiqi oldu. Bir il əvvəl baş tutmuş həmin görüş yalnız Azərbaycan-Ermənistan münasibətlərində yeni mərhələnin başlanğıcı deyil, həm də Cənubi Qafqazın davamlı sülh, iqtisadi əməkdaşlıq və qarşılıqlı etimada əsaslanan gələcəyinin mümkünlüyünü nümayiş etdirən mühüm siyasi hadisə kimi tarixə düşdü. Regionun gələcək inkişaf trayektoriyasını müəyyənləşdirən bu sammit göstərdi ki, Azərbaycanın irəli sürdüyü sülh gündəliyi artıq təkcə milli prioritet deyil, həm də beynəlxalq ictimaiyyət tərəfindən dəstəklənən strateji baxışa çevrilməkdədir.

Vaşinqton sammiti: Sülh prosesinin beynəlxalq təsdiqi

8 avqust 2025-ci il tarixi yeni bir mərhələnin başlanğıcı idi. Vaşinqtonda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Amerika Birləşmiş Ştatlarının Prezidenti Donald Tramp və Ermənistan Respublikasının Baş naziri Nikol Paşinyanla görüşü çərçivəsində Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov və Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan “Azərbaycan Respublikası və Ermənistan Respublikası arasında sülhün və dövlətlərarası münasibətlərin təsis edilməsinə dair Saziş” layihəsini parafladılar. Bununla yanaşı, xarici işlər nazirləri ATƏT-in fəaliyyətdə olan sədrinə birgə müraciəti (ATƏT-in Minsk Prosesinin, ATƏT-in fəaliyyətdə olan sədrinin Minsk konfransının müzakirəsində olan münaqişə üzrə şəxsi nümayəndəsi və Yüksək Səviyyəli Planlaşdırma Qrupunun bağlanması barədə) imzaladılar.

Bu bir tarixi mərhələnin başa çatması idi. Azərbaycan son 5 ildə ilk dəfə idi ki, münaqişə nəticəsində torpaqlarını itirməmişdi, suverenliyini və ərazi  bvtövlüyünü təmin etmişdi. Yeni tarixi mərhələnin müəllifi də Azərbaycan idi – sülhün müəllifi olduğu kimi. Bakının 2020-2025-ci il aralığında səsləndirdiyi mesajlar, gördüyü işlər, yaratdığı reallıqlar bunu tam təsdiqləyirdi. Nəhayət, Vaşinqtonda Bakının sülh gündəliyi təsdiqləndi – ən yüksək beynəlxalq səviyyədə…

Bu prosesdə ABŞ-ın, xüsusilə Prezident Donald Trampın rolu ayrıca vurğulanmalıdır. Hakimiyyətə qayıdışından sonra ötən dövr ərzində Tramp administrasiyası Azərbaycanla münasibətlərə xüsusi önəm verərək Cənubi Qafqazda Bakı tərəfindən formalaşdırılan yeni siyasi reallıqları açıq şəkildə dəstəklədi. Bu yanaşma ABŞ-ın regionda sabitliyə, təhlükəsizliyə və praqmatik əməkdaşlığa verdiyi önəmin göstəricisi kimi dəyərləndirilir. Trampın yanaşması klassik vasitəçilik modelindən fərqlənirdi. Burada əsas prinsip süni balans axtarışı deyildi - beynəlxalq hüquq çərçivəsində formalaşmış yeni vəziyyətin qəbul edilməsi və onu yeni imkanlara çevirmə istəyi idi. ABŞ-ın Azərbaycanın liderliyi ilə yaranmış regional düzəni dəstəkləməsi sülh prosesinə əlavə legitimlik qazandırırdı.

Minsk Qrupunun tarixə qovuşması: Köhnə mərhələnin rəsmi sonu

Vaşinqton görüşünün ən mühüm məqamlarından biri isə illərlə "Qarabağ münaqişəsi"nin həlli istiqamətində vasitəçilik missiyası daşıyan, amma bu missiyanı yerinə yetirməyən ATƏT-in Minsk Qrupunun ləğvinin reallaşması istiqamətində ilk addımın atılması oldu. Vurğulandığı kimi, Vaşinqtonda imzalanan müvafiq sənədlə Azərbaycan və Ermənistan ATƏT-in sədrliyinə birgə müraciət etdi – daha sonra ATƏT Nazirlər Şurasının 2025-ci il sentyabrın 1-də qəbul edilmiş qərarına uyğun olaraq 2025-ci il noyabrın 30-da saat 23:59-da Minsk Prosesi və onun əlaqədar strukturlarının bağlanması yekunlaşdırıldı. Bu barədə ATƏT xüsusi bəyanat qəbul etdi. Bildirildi ki, bütün zəruri inzibati prosedurların başa çatdırılması bağlanma prosesinin başa çatması deməkdir.

Vurğulandığı kimi, ATƏT-in Minsk Qrupunun fəaliyyətinin və strukturlarının tam şəkildə ləğv olunması Azərbaycanın 30 ildən artıq davam edən siyasi və diplomatik mübarizəsinin məntiqi yekunu kimi dəyərləndirilməlidir. Bu addım yalnız bir institutun formal olaraq fəaliyyətini dayandırması deyildi -  eyni zamanda regionda yaranmış yeni reallıqların beynəlxalq səviyyədə növbəti təsdiqi mənasını verirdi. Minsk Qrupu uzun müddət ərzində münaqişənin həlli üçün mandat daşımış, lakin faktiki olaraq nəticə əldə etməmişdi. Azərbaycanın 2020-ci il qələbəsi, daha sonra isə suverenliyinin tam bərpası bu strukturun artıq gərəksiz  olduğunu bir daha oratya qoymuşdu. Beləliklə, ATƏT-in rəsmi qərarı həmin geosiyasi reallığın hüquqi-siyasi təsdiqi kimi xarakterizə olundu. Bu həm də onu göstərdi ki,  Cənubi Qafqazda sülh və təhlükəsizlik modelini artıq Azərbaycanın qətiyyəti müəyyən edir - beləliklə, təməli Vaşinqtonda qoyulan Minsk Qrupunun ləğvi prosesi Azərbaycanın diplomatik qələbəsinin növbəti mərhələsi olmaqla yanaşı, beynəlxalq institutların da yeni şərtlərə uyğunlaşmasının vacibliyini ortaya qoydu.

Zəngəzur (TRİPP) dəhlizi: İqtisadi nizamın strateji xətti

2025-ci il avqustun 8-də Vaşinqtondja imzalanan üçtərəfli Birgə Bəyannamə isə iqtisadi-ticari nizama yeni bir yön, yeni bir istiqamət qazandırdı. Birgə Bəyannamədə deyilirdi: "Biz, Azərbaycan Respublikasının Prezidenti və Ermənistan Respublikasının Baş naziri 8 avqust 2025-ci il tarixində Amerika Birləşmiş Ştatlarının Vaşinqton şəhərində görüşərək aşağıdakıları bəyan edirik:

1. Biz və Amerika Birləşmiş Ştatlarının Prezidenti Donald Tramp “Azərbaycan Respublikası və Ermənistan Respublikası arasında sülhün və dövlətlərarası münasibətlərin təsis olunması haqqında Saziş”in razılaşdırılmış mətninin tərəflərin xarici işlər nazirləri tərəfindən paraflanmasına şahidlik etdik. Bu kontekstdə, biz Sazişin imzalanması və yekun olaraq ratifikasiyası üçün əlavə tədbirlərin görülməsinin davam etdirilməsinə ehtiyac olduğunu qəbul etdik və ölkələrimiz arasında sülhün təmin edilməsi və gücləndirilməsinin vacibliyini vurğuladıq;

2. Biz, həmçinin Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının (ATƏT) Minsk Prosesi və onunla əlaqəli strukturlarının bağlanmasına dair Azərbaycan Respublikasının xarici işlər naziri və Ermənistan Respublikasının xarici işlər naziri tərəfindən ATƏT-ə birgə müraciətin imzalanmasına şahidlik etdik. Biz ATƏT-in bütün iştirakçı dövlətlərini bu qərarı qəbul etməyə çağırırıq;

3. Biz regionda və onun qonşuluğunda dövlətlərin suverenliyi, ərazi bütövlüyü və yurisdiksiyasına hörmət əsasında sülhün, sabitliyin və rifahın təşviqi üçün iki ölkə arasında ölkədaxili, ikitərəfli və beynəlxalq nəqliyyatın təmini məqsədilə kommunikasiyaların açılmasının əhəmiyyətini bir daha təsdiq etdik. Bu səylər Azərbaycan Respublikasının əsas hissəsi və onun Naxçıvan Muxtar Respublikası arasında maneəsiz bağlantını və Ermənistan Respublikası üçün beynəlxalq və ölkədaxili bağlantılar üzrə qarşılıqlı faydaları ehtiva edir;

4. Ermənistan Respublikası Ermənistan Respublikasının ərazisində “Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutu” (TRIPP) bağlantı layihəsi üçün çərçivənin müəyyən edilməsi məqsədilə Amerika Birləşmiş Ştatları və qarşılıqlı müəyyən edilmiş üçüncü tərəflər ilə əməkdaşlıq edəcəkdir. Biz bu məqsədə ən qısa zamanda nail olmaq üçün xoş niyyətlə səy göstərməyə dair qətiyyətimizi təsdiq edirik;

5. Biz BMT Nizamnaməsi və 1991-ci il Almatı Bəyannaməsinə uyğun olaraq, keçmiş münaqişənin əsiri olmayan parlaq gələcək yoluna qədəm qoyulmasına olan ehtiyacı qəbul edirik. Dərin insan iztirablarına səbəb olmuş münaqişədən sonra nəhayət ki, beynəlxalq sərhədlərin toxunulmazlığı və ərazi əldə olunması üçün güc tətbiq etmənin yolverilməzliyi əsasında dövlətlərimizin qonşuluq münasibətlərinin qurulmasına başlaması üçün şərtlər yaradılmışdır. Yenidən təftiş mövzusu olmayan və heç bir zaman olmayacaq bu reallıq dövlətlərimiz arasında düşmənçilik səhifəsinin bağlanmasına yol açır. Biz indi və gələcəkdə hər hansı bir qisas cəhdini qətiyyətlə rədd edir və istisna edirik;

6. Biz bu Zirvə görüşünün regionda qarşılıqlı hörmət və sülhün irəlilədilməsi üçün möhkəm təməl təşkil edəcəyinə əminliyimizi ifadə edirik;

7. Biz bu vacib Zirvə görüşünə ev sahibliyi çərçivəsində səmimi qonaqpərvərliyə və Azərbaycan Respublikası ilə Ermənistan Respublikası arasında ikitərəfli əlaqələrin normallaşdırılmasının irəlilədilməsinə vacib töhfələrinə görə Amerika Birləşmiş Ştatlarının Prezidenti Donald Trampa dərin minnətdarlığımızı ifadə edirik".

Bu Bəyavnnamədə əks olunan müddəalar göstərirdli ki, yeni reallıqlar fonunda Cənubi Qafqaz artıq qapalı geosiyasi məkan deyil, Şərqlə Qərbi, Şimalla Cənubu birləşdirən strateji körpü kimi çıxış edəcək. Bu Bəyannamə Azərbaycanın təşəbbüskarı olduğu nəqliyyat və enerji layihələrinin, regionun iqtisadi xəritəsinin yenidən formalaşdırması, ölkəmizin rolununun əsas aparıcı qüvvə kimi möhkəmləndirilməsinin məntiqi təsdiqi idi. Bu kontekstdə Zəngəzur dəhlizi (TRİPP) ideyası təkcə regional layihə kimi deyil, qlobal əhəmiyyət daşıyan meqalayihə kimi ortaya çıxdı. Vaşinqtonda siyasi təsdiqini əldə edən Zəngəzur dəhlizi (TRİPP) təşəbbüsü yeni dövrdə Cənubi Qafqaz üçün tamamilə fərqli inkişaf perspektivləri vəd edir. Bu layihə regionun tranzit imkanlarını genişləndirir, iqtisadi inteqrasiyanı sürətləndirir və uzunmüddətli sabitliyin əsas dayaqlarından birinə çevrilir. Azərbaycanın yaratdığı yeni reallıqlar isə bir daha göstərir ki, ölkəmizin apardığı siyasət yalnız milli maraqlara deyil, bütövlükdə regionun inkişafına xidmət edir.

Zəngəzur dəhlizinin (TRİPP) reallaşması birinci növbədə mühüm geocoğrafi situasiya yaratdı. Yeni iqtisadi nizamda Şərq-Qərb tranzitini birləşdirəcək dəhliz digər region ölkələri üçün də mühüm əhəmiyyət kəsb edəcək. Çünki dəhlizin Şimal-Cənub xətti ilə perpendikulyar şəkildə kəsişməsi ikinci xətt üzərində olan dövlətlərin də maraq dairəsini buraya istiqamətləndirir. Başqa sözlə, dəhliz ətraf dövlətlərin də iqtisadi maraqlarına cavab verən amil kimi çıxış edir. Eyni zamanda, Zəngəzur dəhlizi (TRİPP) təhlükəsiz marşurut sayılır. İnfrastruktur baxımından da Zəngəzur dəhilizi (TRİPP) olduqca əlverişlidir. Zəngəzur dəhlizinin (TRİPP) ən mühüm üstünlüklərindən biri isə Avropa ilə Asiyanı birləşdirməklə yanaşı, Yaxın Şərq regionuna da yaxınlığıdır. Türkiyə vasitəsilə təkcə Avropaya deyil, eləcə də Yaxın Şərqə çıxış imkanı qazanacaq layihə tərəfdaşları bu üstünlükdən də yararlanmış olacaqlar.

Paralel olaraq bu dəhliz Ermənistanın yeni inkişaf mərhələsinə qədəm qoymasını şərtləndircək. Qeyd edək ki, Zəngəzur dəhlizinin (TRİPP) açılması Ermənistan üçün həm siyasi, həm də iqtisadi dividendlər vəd edir. Belə ki, Zəngəzur dəhlizi Ermənistanın regional ticarət yollarına çıxışını bərpa etməyə və daha böyük iqtisadi məkana inteqrasiya etməyə imkan verəcək. Dəhliz vasitəsilə Ermənistan daha böyük xarici bazarlara çıxış imkanı qazanacaq.

Yeni geosiyasi konsepsiyanın başlanğıcı…

Vaşinqton sammitindən ötən bir il göstərdi ki, 8 avqust 2025-ci il yalnız diplomatik təqvimdə növbəti görüş deyildi. Həmin tarix Cənubi Qafqazın gələcək inkişaf modelini müəyyənləşdirən yeni geosiyasi konsepsiyanın başlanğıcı oldu. İlk dəfə olaraq regionun gündəliyi münaqişənin idarə olunması deyil, sülhün möhkəmləndirilməsi, iqtisadi inteqrasiyanın genişləndirilməsi və qarşılıqlı faydalı əməkdaşlığın qurulması üzərində formalaşdı. Bu prosesin əsas müəllifi isə hərbi qələbəsini siyasi və diplomatik nəticəyə çevirə bilən Azərbaycan oldu.

Ötən bir il ərzində formalaşan reallıq bir daha təsdiqlədi ki, dayanıqlı sülh yalnız beynəlxalq hüquqa, dövlətlərin suverenliyinə və qarşılıqlı öhdəliklərə əsaslandıqda uzunömürlü ola bilər. Azərbaycanın təşəbbüsü ilə irəli sürülən sülh gündəliyi, kommunikasiya xətlərinin açılması, yeni nəqliyyat marşrutlarının yaradılması və regional əməkdaşlıq perspektivləri Cənubi Qafqazın uzun illər davam edən geosiyasi parçalanmasına alternativ inkişaf modeli təqdim etdi.

Bu gün regionun gələcəyi artıq qarşıdurma ilə deyil, əməkdaşlıq potensialı ilə qiymətləndirilir. Vaşinqtonda əsası qoyulan siyasi iradənin ardıcıl şəkildə həyata keçirilməsi Cənubi Qafqazı Avrasiya məkanının mühüm logistika, enerji və ticarət mərkəzlərindən birinə çevirə bilər. Bütün bunlar göstərir ki, 8 avqust 2025-ci ildə başlanan proses təkcə iki ölkə arasında münasibətlərin normallaşması deyil, həm də regionun gələcək onilliklər üçün inkişaf istiqamətini müəyyən edən strateji dönüş nöqtəsidir. Tarix isə bu günü Cənubi Qafqazda yeni geosiyasi dövrün və davamlı sülh mərhələsinin başlanğıcı kimi xatırlayacaq.

Pərviz SADAYOĞLU

Paylaş:
Baxılıb: 109 dəfə

Xəbər lenti

Hamısına bax

Gündəm

3-cü işğal...

07 Avqust 11:40  

Analitik

Analitik

Ədəbiyyat

Arxiv
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30 31